Məhkəmə qərarları › İş №2-1(112)-3245/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3245/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3245/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun zərərli iş şəraitində işləməyi ilə bağlı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun zərərli iş şəraitində işləməyi ilə bağlı güzəştli şərtlərlə yaşa görə 57 yaşdan əmək pensiyasının təyin edilməsinin cavabdehin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 noyabr 1980-ci ildən əmək fəaliyyətinə başlamışdır. 1978-1980-ci illərdə hərbi xidmətdə olmuşdur. xxxxndə 01 iyul 1999-cu ildən 13 dekabr 1999-cu ilədək tunel fəhləsi, 05.08.2002-ci ildən 07.11.2007-ci ilədək tunel fəhləsi, 07.11.2007-ci ildən 14.08.2014-cü ilədək elektrik çilingəri peşəsində çalımışdır. 14.08.2014-cü ildən 01.06.2016-cı il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Tunel qurğuları xidmətində elektrik çilingəri, 01.06.2016-cı il tarixdən süni qurğular təmirçisi peşəsinə keçirilmişdir. 11.07.2019-cu il tarixdə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizəsinə cavabdeh tərəfindən imtina edilmiş və verilmiş cavabda tunel fəhləsi və işlədiyi süni qurğular təmirçisi peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"da nəzərdə tutulmadığı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi, sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 33439 manat təşkil etməsi göstərilmişdir. Bu tamamilə əsassızdır. Belə ki, ona məxsus əmək kitabçasından da görünmuşdur ki, onun zərərli sahədə işlədiyi müddət 12 il 6 aydan çoxdur, həmçinin ümumi iş stajı da 25 ildən artıqdır. Həmçinin "xxxx" QSC tərəfindən verilmiş güzəştli arayışda zərərli iş şəraitində əmək stajının 14 il 03 ay təşkil etməsi və yaşa görə güzəştli təqaüdə çıxmaq hüququna malik olmağı göstərilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində (a) fəhlələr: betonçular; bənnalar; -rəngsazlar; -məhlul nasoslarının maşinistləri; -astarlama materialını buza qoymaq üçün soyuducu qurğularının maşinistləri; -hidroaqreqatların quraşdırıcıları; ventilyasiya qurğularının motorçuları; -mərmərdən üzçəkənlər; -lövhələrdən üzçəkənlər; pardaqlayıcı üzçəkənlər; -dülgərlər; -tikinti çilingərləri; -suvaqçılar; -avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər); -yarımstansiyaların xidməti üzrə elektrik montyorları; -avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan 01.07.1999-07.11.2007-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası “xxxx” QSC-də işlədiyi tunel fəhləsi və 01.06.2016-cı il tarixindən bugünədək işlədiyi süni qurğular təmirçisi peşələri yuxarıda göstərilən siyahıda nəzərdə tutulmamışdır. Eyni zamanda 07.11.2007-14.08.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə onun işlədiyi elektrik çilingəri peşəsi sözügedən siyahıda qeyd edilən peşəyə uyğun deyil. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33439,90 manat təşkil edir. Qeyd olunanlara əsasən iddiaçının iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Kolanı kəndində doğulmuşdur. - İddiaçı məxsus QZ 043276 №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 23.10.1978-ci ildən 20.10.1980-cı ilə qədər (1 il 11 ay 28 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən və “xxxx” QSC tərəfindən tərtib edilmiş sığortaolunanın ümumi iş stajı barədə məlumatdan görünür ki, İddiaçı 01.09.1977ci ildən 17.07.1978-ci ilə qədər 32 №-li Texniki Peşə məktəbində oxumuş (10 ay 17 gün), 24.11.1980-cı ildən 01.09.1983-cü ilə qədər Naxçıvan rayonlar arası Nəqliyyat Müəssisəsində fəhlə (2 il 9 ay 8 gün), 17.10.1983-cü ildən 23.09.1984-cü ilə qədər Şahbuz rayon Textəminat Birliyində çilingər (11 ay 7 gün), 05.10.1984-cü ildən 28.04.1988-ci ilə qədər Şahbuz rayon XXİİ Partiya Qurultayı adına sovxozunda komitə katibi (3 il 6 ay 24 gün), 01.07.1999-cu ildən 13.12.1999-cu ilə qədər xxxxndə tüneldə yalnız gecə işi olmaqla tunel fəhləsi (5 ay 13 gün), 05.08.2002-ci ildən 14.08.2014-cü ilə qədər tüneldə yalnız gecə işi olmaqla 2-ci, 3-cü və 4-cü dərəcəli tunel fəhləsi (12 il 0 ay 10 gün), 14.08.2014-cu ildən 01.06.2016-cı ilədək “xxxx” QSC-də tüneldə yalnız gecə işi olmaqla 33 saylı tunel sahəsinin 1-ci briqadasında 4-cü dərəcəli elektrik çilingəri (1 il 9 ay 18 gün), 01.06.2016-cı ildən 11.07.2019-cu ilədək “xxxx” QSC-də tüneldə yalnız gecə işi olmaqla 4cü dərəcəli süni qurğular və yol baxıcısı (3 il 1 ay 11 gün), 23.11.2019-cu ildən 13.03.2020-ci ilədək (3 ay 21 gün) “Azpetrol” LTB-də satış üzrə menecer vəzifəsində işləmişdir. - “xxxx” QSC-nin A/284 №-li, 22.06.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı xxxxndə 01.07.1999-cu ildən 13.12.1999-cu ilədək tunel fəhləsi, 05.08.2002-ci ildən 07.11.2007-ci ilədək tunel fəhləsi, 07.11.2007-ci ildən 14.08.2014-cü ilədək elektrik çilingəri peşəsində çalışmışdır. 14.08.2014-cü ildən 01.06.2016-cı ilədək “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Tunel qurğuları xidmətində elektrik çilingəri, 01.06.2016-cı ildən süni qurğular təmirçisi peşəsində işləyir, (xüsusi zərərli şəraitdə, yeraltı qurğularda, yalnız gecə növbəsində) zərərli iş şəraitində əmək stajı 14 il 03 ay təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 29-cu bəndinə əsasən əmək stajına və yaşına görə güzəştli təqaüdə çıxmaq hüququna malikdir. - Naxçıvan MR Şahbuz rayon Dövlət Arxivinin 86/08 saylı, 24.02.2006-cı il tarixli arayışından görünür ki, İddiaçı 1988-ci ilin iyun ayından 1994-cü ilin dekabr ayına kimi Şahbuz rayon Gömür kənd icra nümayəndəsi işləyərək əmək haqqı almışdır (6 il 4 ay 19 gün). - Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 02/180 saylı, 29.12.2020-ci il tarixli məktuba əlavə edilmiş Şahbuz rayonu Gömür kənd DS-nin XX çağırış yeddinci sessiyasının 7 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı 13.06.1988-ci ildə Şahbuz rayon Gömür kənd XDS İcraiyyə Komitəsinin sədri təyin edilmişdir. - Naxçıvan MR Şahbuz rayon Dövlət Arxivinin 86/09 saylı, 24.02.2006-cı il tarixli arayışından görünür ki, İddiaçı 1995-ci ilin noyabr ayından 1996-cı ilin iyul ayına qədər Şahbuz rayon İcra Hakimiyyətində işləyərək əmək haqqı almışdır (7 ay 17 gün). - Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 02/180 saylı, 29.12.2020-ci il tarixli məktuba əlavə edilmiş Şahbuz rayon İcra Hakimiyyətinin 128 №-li, 15.11.1995-ci il tarixli sərəncamından görünür ki, Azadov X2 rayon İcra aparatında humanitar məsələlər üzrə şöbədə məsləhətçi təyin edilmişdir. - “xxxx” QSC tərəfindən məhkəməyə ünvanlanmış 40N-10/3-05 №-li, 07.01.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 05.08.2002-ci il tarixindən 11.07.2019-cu il tarixinədək xxxxnin Tunel qurğuları xidmətində tunel fəhləsi, stansiya və tunel avadanlıqlarının təmiri və qulluğu üzrə elektrik çilingəri, süni qurğular və yol baxıcısı peşələrində çalışmışdır (tuneldə yalnız gecə işi, xüsusilə zərərli əmək şəraitində). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında" 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarının 21. Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndinə müvafiq olaraq İddiaçı xüsusilə zərərli əmək şəraitində işlədiyi peşələr üzrə əmək stajı 10 il 05 ay 11 gün təşkil edir. Müəssisədə zərərli istehsalat sahəsində çalışdığı peşələrin təhlükəlilik dərəcəsini nəzərə alaraq İddiaçı tarif (vəzifə) maaşına xüsusilə zərərli ış şəraitinə görə 24%, gecə saatlarına görə 40% miqdarında əlavə ödəniş olunurdu. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən xxxx və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx" QSC yaradılmışdır. - “xxxx” QSC tərəfindən məhkəməyə ünvanlanmış 40N-10/3-230 №-li, 18.02.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı metropolitendə olan əmək fəaliyyəti haqqında daha ətraflı ağaşıdakılar qeyd olunur: 01.07.1989-cu ildə İİ dərəcəli tunel fəhləsi peşəsinə qəbul olunmuşdur, iş şəraiti - tuneldə daim gecə işi. Xüsusilə ağır və zərərli iş şəraiti; 13.12.1999-cü ildə öz xahişi ilə işdən azad edilmişdir; 05.08.2002-ci il tarixdə İİ dərəcəli tunel fəhləsi peşəsinə qəbul olunmuşdur iş şəraiti - tuneldə daim gecə işi. Xüsusilə ağır və zərərli iş şəraiti; 01.03.2003-cü ildə İİİ dərəcə verilmiş, iş şəraiti - tuneldə daim gecə işi. Xüsusilə ağır və zərərli iş şəraiti; 01.10.2013-cü ildə İV dərəcə verilmiş, iş şəraiti - tuneldə daim gecə işi. Xüsusilə ağır və zərərli iş şəraiti; 01.11.2007-ci ildə İV dərəcə ilə stansiya və tunel avadanlıqlarının təmiri və qulluğu üzrə elektrik çilingəri peşəsinə keçirilmiş, iş şəraiti - tuneldə daim gecə işi. Xüsusilə ağır və zərərli iş şəraiti; 01.06.2016-cı ildə İV dərəcə ilə süni qurğular və yol baxıcısı peşəsinə keçirilmiş, iş şəraiti - tuneldə daim gecə işi. Xüsusilə ağır və zərərli iş şəraiti; 11.07.2019-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. Eyni zamanda aşağıdakı cədvəldə qeyd olunan peşələrin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi haqqında" 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı və bundan əvvəl qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” 21.06.1993-cü il tarixli 320 saylı qərarına müvafiq olaraq hansı peşə kodu altında rəsmiləşdirilməsini əks etdirməklə müqayisəli şəkildə göstərilmişdir: Tunel fəhləsi peşəsi - 21.5 Metropolitenlər (23.01.2007-ci il tarixli 12 nömrəli Qərar), ******* a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr (21.06.1993-cü il tarixli 320 nömrəli Qərar); Stansiya və tunel avadanlıqlarının təmiri və qulluğu üzrə elektrik çilingəri peşəsi - 29 Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizat, bərpası və təmiri. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər, a) avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) (23.01.2007-ci il tarixli 12 nömrəli Qərar), ******* a - 19931 avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) (21.06.1993-cü il tarixli 320 nömrəli Qərar); Süni qurğular və yol baxıcısı peşəsi - 21.5 Metropolitenlər (23.01.2007-ci il tarixli 12 nömrəli Qərar), 2300200a a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr (21.06.1993-cü il tarixli 320 nömrəli Qərar). - Cavabdehin iddiaçının 06.07.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 07.08.2020-ci il tarixli, **********0 №-li məktubdan görünür ki, idarəyə təqdim etdiyi sənədlərdə qeyd olunan 01.07.1999-07.11.2007-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası “xxxx” QSC-də işlədiyi tunel fəhləsi və 01.06.2016-cı il tarixindən bugünədək işlədiyi süni qurğular təmirçisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. Eyni zamanda 07.11.2007- 14.08.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə işlədiyi elektrik çilingəri peşəsi sözügedən siyahıda qeyd edilən peşəyə uyğun deyil. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33439,90 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya 01.07.2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin tələblərinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 01.07.2017-ci ilə qədər 57 yaşının tamam olması;

2. İddiaçının 01.07.2017-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.07.2017-ci ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı 01.06.2017-ci ildə 57 yaşı tamam olmuşdur, 01.07.2017-ci ilə qədər isə hərbi xidmət və təhsil dövrü də daxil olmaqla 32 il 6 ay 13 gün ümumi iş stajı mövcuddur. İddiaçı İddiaçı 01.07.2017-ci ilə qədər olan güzəştli iş stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, şəxsi güzəştli şərtlə pensiya hüquqi verən işdə çalışmasına dair işəgötürən tərəfindən arayış verilir. İddiaçının işlədiyi “xxxx” QSC tərəfindən verilmiş arayışa əsasən iddiaçının həmin müəssisədə işlədiyi tunel fəhləsi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında" 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.5-ci bəndində nəzərdə tutulmuş yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinə, stansiya və tunel avadanlıqlarının təmiri və qulluğu üzrə elektrik çilingəri peşəsi həmin Siyahının 29-cü bəndinin metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər üzrə “a” yarımbəndində nəzərdə tutulmuş avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri peşəsinə uyğun olmaqla 14 il 3 ay 10 gündür. Göründüyü kimi hər üç hal iddiaçıya münasibətdə mövcud olduğundan cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 01.06.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı qeyd edir ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 01.06.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 01.06.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar