Məhkəmə qərarları › İş №2-1(112)-3245/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3245/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3245/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə qarşı “akkreditasiya sahəsinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 07 aprel 2021-ci il tarixdə cavabdehə göndərilmiş İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 7, məhəllə 3153, mənzil 10) akkreditasiya sahəsinin təsdiq edilməsi və onun öz internet səhifəsində yerləşdirilməsi vəzifəsinin qoyulması, cavabdeh tərəfindən vurulmuş ziyana görə 541.500,00 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.000 manat məbləğində xidmət haqqının və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, İddiaçı MMC 29 yanvar 2015-ci ildə ********** vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 05 aprel 2015-ci il tarixdə Cavabdehindən 3 il etibarlılıq müddəti olan akkreditasiya attestatını alaraq AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun (yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə) akkreditasiya olunmuş və attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı MMC Azərbaycanda rabitə və telekommunikasiya vasitələrinə uyğunluq sertifikatının verilməsi sahəsində Azərbaycan Respublikakasında ilk yaradılmış orqandır. Növbəti dəfə iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə cavabdehə müraciət edib təkrar 05 aprel 2018-ci il tarixdə AZ 02.0299.01.18 saylı akkreditasiya attestatını alaraq AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər” standartına uyğun akkreditasiya olunmuş və attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətini davam etdirmişdir. İddiaçının fəaliyyəti dövründə 05 aprel 2015, 05 aprel 2018 və 05 aprel 2021-ci illərdə müəssisədə cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq 4 dəfə inspeksiya nəzarəti qaydasında yoxlamalar həyata keçirilmiş və həmin yoxlamalar dövründə iddiaçının fəaliyyəti ilə bağlı heç bir nöqsan aşkar edilməmişdir. İddiaçının adına verilmiş 05 aprel 2018-ci il tarixli, AZ 02.0299.01.18 saylı akkreditasiya attestatının qüvvədə olma müddətinin 05 aprel 2021-ci il tarixində bitməsini nəzərə alaraq iddiaçı iki ay əvvəldən yəni, 15 fevral 2021-ci il tarixdə təkrar akkreditasiyanın keçirilməsi məqsədilə cavabdehə müaciət etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyul 2015-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları”nın 3.2-ci bəndində qeyd edilmiş sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Həmin Qaydaların 1.4-cü bəndində akkreditasiyanın ümumi müddətinin akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla 60 iş günündən çox olmaması müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş bütün sənədlər təqdim edilsə də, cavabdeh iddiaçıdan qərarda nəzərdə tutulmayan sənədlər tələb etmişdir. Halbuki Qaydaların 3.3-cü bəndində 3.2-ci bəndində göstərilən sənədlərdən başqa sənədlərin tələb edilməsi qadağan edilmişdir. İddiaçının cavabdehə ünvanladığı 15 fevral, 03, 05, 12, 14 mart, 07 aprel, 07 may və 03, 04, 16 iyun 2021-ci il tarixli məktublarına cavabdeh inzibati orqan 01, 18, 30 mart, 08 aprel, 05 may və 11, 29 iyun 2021-ci il tarixli cavab məktubları ilə müxtəlif bəhanələr gətirmiş, iddiaçının adına akkreditasiya attestatının verilməsini qəsdən uzatmışdır. Cavabdeh inzibati orqana iddiaçı tərəfindən sonuncu dəfə 07 aprel 2021-ci il tarixli məktubla akkreditasiya sahəsinin layihəsi təqdim edilmiş, cavabdeh iddiaçı ilə 15 aprel 2021-ci il tarixli, 426 nömrəli akkreditasiya müqaviləsi bağlamış və akkreditasiyanın keçirilməsinə görə xidmət haqqının ödənilməsi üçün hesab faktura vermişdir. İddiaçı tərəfindən 16.530 manat şişirdilmiş xidmət haqqı 16 aprel 2021-ci il tarixdə cavabdehin hesabına köçürülmüşdür. Sözügedən Qaydaların 5.1-ci bəndinə əsasən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən isə akkreditasiya attestatı, uyğunluğu qiymətləndirən qurumun təsdiq edilmiş akkreditasiya sahəsi və əsasnaməsinin nüsxələri 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma təqdim edilir və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərilir. Həmin Qaydaların qeyd olunan tələbləri cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən xidmət haqqı 16 aprel 2021-ci il tarixdə ödənildiyindən cavabdeh həmin gün akkreditasiya attestatını hazırlayıb imzalayaraq möhürlənməklə uyğunluğu qiymətləndirən qurumun, yəni iddiaçının akkreditasiya sahəsini və əsasnaməsini təsdiq edib 2 iş günü müddətində iddiaçıya təqdim etməli və ya alınmasını təsdiq edən sifarişli poçtla göndərməli idi. Lakin qeyd olunanların heç biri cavabdeh tərəfindən nəzərdə tutulan müddətdə həyata keçirilməmişdir. Cavabdeh 14 iyul 2021-ci il tarixdə iddiaçının müraciət etdiyi gündən 150 gün sonra “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə” qərar qəbul etmiş və İddiaçı MMC-nin Əsasnaməsini təsdiq edərək iddiaçının adına 14 iyul 2021-ci il tarixli, AZ 02.0567.01.21 saylı akkreditasiya attestatını rəsmiləşdirmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçı tərəfindən 07 aprel 2021-ci il tarixli məktubla təqdim edilmiş 2 nüsxə olmaqla hər biri 16 vərəqdən ibarət akkreditasiya sahəsinin layihəsini qəsdən təsdiq etməmiş və onu özünün internet saytında yerləşdirməmişdir. Sözügedən Qaydaların 2.1.3-cü bəndində göstərildiyi kimi akkreditasiya sahəsini - uyğunluğu qiymətləndirən qurumun uyğunluğunu qiymətləndirə biləcəyi malın, xidmətin, işin, prosesin, idarəetmə sisteminin və işçi heyətinin təsvirinin (adı və ya digər fərqləndirici əlaməti) və həmçinin mala, xidmətə, işə, prosesə, idarəetmə sisteminə və işçi heyətə dair tələbləri, sınaq üsullarını müəyyən edən standart, texniki reqlament və digər normativ hüquqi akta dair məlumatın əks olunduğu sənədi təsdiq etməməklə cavabdeh tərəfindən iddiaçının qanunla nəzərdə tutulan hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçı tərəfindən 15 və 20 sentyabr 2021-ci il tarixli məktublarla cavabdehə akkreditasiya sahəsinin layihəsinin təsdiq edilməsi ilə bağlı müraciətlər olunmuşdur. İddiaçının təkidlərindən sonra cavabdeh 30 sentyabr 2021-ci il tarixdə köhnə tarixlə təsdiq edilmiş akkreditasiya sahəsini özünün internet saytında yerləşdirmişdir. İddiaçı həmin akkreditasiya sahəsi ilə tanış olduqda cavabdeh tərəfindən ona təqdim edilən akkreditasiya sahəsinin layihəsinin təsdiq edilmədiyi, cavabdeh inzibati orqanın özündən hansısa sahələri artırdığı və çox sahələri isə ümumiyyətlə qeyd etmədiyi məlum olmuşdur. Bununla da cavabdeh qeyd olunan Qaydaların 1.3, 1.4, 3.3, 5.1 və 5.2. bəndləri ilə onun üzərinə qoyulmuş öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməklə həmin Qaydaların tələblərini kobud şəkildə pozmuşdur. Bundan əlavə iddiaçı Belarus Respublikasında olan laboratoriya ilə əməkdaşlıq edir, fəaliyyət göstərdiyi dövrdə həmişə həmin laboratoriya ilə əməkdaşlıq etmiş və bu, Azərbaycan Respublikasında qəbul edilmişdir. Bununla əlaqədar münasibətlər «Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatdlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş»lə tənzimlənir və həmin Saziş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 858 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə əsasən tərəflər, qüvvədə olan dövlət (milli) standartlaşdırma, ölçmələrin eyniliyinin təmini, akkreditasiya və sertifikatlaşdırma sistemlərini qarşılıqlı tanıyırlar. X9 6-cı maddəsində göstərilən orqanlarla müəyyən olunan, digər tərəfin sertifikatlaşdırma üzrə akkreditə olunmuş orqanlarını, sınaq laboratoriyalarını (mərkəzlərini), razılaşdırılmış qaydada qarşılıqlı göndərilən məhsullara onların verdikləri sertifikatları və uyğunluq nişanlarını tanıyırlar. Bunlarla yanaşı, cavabdehin hərəkətsizliyinin nəticəsi olaraq iddiaçının 6 il müddətində sifarişçilər qarşısında qazandığı işgüzar nüfuzuna ciddi zərbə vurulmuşdur. Belə ki, iddiaçının ən iri sifarişçisi olan "xxxx" MMC ilə iddiaçı arasında 23 avqust 2016-cı il tarixdə 5 il müddətinə bağlanmış telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına dair müqavilənin müddətinin başa çatdığı tarixə kimi cavabdeh orqan iddiaçının akkreditasiya sahəsini təsdiq etmədiyi üçün iddiaçı həmin sifarişçi ilə yeni müqavilə bağlaya bilməmişdir. Bununla da iddiaçı növbəti 5 ildə əldə edə biləcəyi cəmi 510.900,00 manat gəlirdən məhrum olmuşdur. Bundan əlavə cavabdehin hərəkətsizliyinin nəticəsi olaraq iddiaçı digər sifarişçilərinin də sifarişlərindən imtina etmək məcburiyyətində qalmış, bununla da 8 sifariş üzrə iddiaçı 13.600,00 manat gəlirdən məhrum olmuşdur. Eyni zamanda iddiaçı ona verilən bir neçə sifarişi icra etmək üçün başqa sertifikatlaşdırma orqanı kimi fəaliyyət göstərən "xxxx" MMC-yə yönəltmiş, nəticədə 10 sifariş üzrə cəmi 17.000,00 manat gəlirdən məhrum olmuşdur. Beləliklə də cavabdeh üzərinə qoyulmuş vəzifələri qanunla nəzərdə tutulmuş müddətdə icra etməyərək iddiaçının akkreditasiya sahəsini təsdiq etmədiyi üçün iddiaçıya 541.500,00 manat həcmində ziyan vurulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, akkreditasiyanın keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyul 2015-ci il tarixli, 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya Qaydaları”na uyğun olaraq, habelə tərəflər arasında bağlanmış 15 aprel 2021-ci il tarixli, 426 saylı akkreditasiya müqaviləsinə əsasən aparılmışdır. Belə ki, Qaydaların 3.2-ci bəndinə əsasən, tələb olunan sənəd və məlumatlar iddiaçı tərəfindən 15 fevral 2021-ci il tarixli məktubla göndərilsə də, təqdim olunan və akkreditasiya olunması istənilən akkreditasiya sahəsində göstərilən məlumatlarda forma, tərtibat baxımından uyğunsuzluq və çatışmazlıqlar müəyyən edilmişdir, məhsula dair standart, texniki reqlament və digər normativ aktlar tam göstərilməmişdir. Təqdim edilən akkreditasiya sahəsində uyğunluğu qiymətləndirilə bilinəcək mal, xidmət, iş və s. dair məlumatlar düzgün təsvir edilməmiş, həmçinin tam şəkildə göstərilməmişdir. Qaydaların 3.5-ci maddəsinə əsasən, uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya barədə müraciətinə 10 iş günündə araşdırılır. Müəyyən edilmiş çatışmazlıqlar iddiaçının diqqətinə çatdırılmış, lakin aradan qaldırılmadığında, Qaydaların elə həmin bəndinə uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərar qəbul edilmiş və bu barədə İddiaçıya məlumat verilmişdir. Daha sonra iddiaçının uyğunsuzluqların aradan qaldırılması ilə bağlı bir neçə dəfə müraciəti daxil olmuş, lakin müvafiq olaraq təkrarən düzəlişlərin natamam olduğu və çatışmazlıqların qalması ilə bağlı iddiaçıya cavab məktubları göndərilmişdir. Sonda iddiaçı müvafiq düzəlişləri etmiş və 07 aprel 2021-ci il tarixli məktubla sənədləri təqdim etmişdir. Buna uyğun olaraq cavabdeh tərəfindən müraciətə baxılma müddətinin axımının bərpa edilməsi barədə qərar qəbul edilmişdir. Müraciətə təqdim edilmiş sənədlər əsasında baxılması və uyğunluğun qiymətləndirilməsi fəaliyyəti üzrə akkreditasiya keçirilməsi üçün tərəflər arasında 15 aprel 2021-ci il tarixli, 426 nömrəli akkreditasiya müqaviləsi imzalanmış, xidmətin göstərilməsi üçün qarşılıqlı şəkildə razılaşdırılmış xidmət haqqı müəyyən edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən, akkreditasiyanın ümumi müddəti akkreditasiya barədə qərarın qəbulu da daxil olmaqla, bu Qaydaların 3.5-ci və 4.9-cu bəndlərinə uyğun olaraq təyin edilən müddətlər nəzərə alınmadan 60 iş günündən çox ola bilməz. Qaydaların 3.5-ci maddəsi müraciət edilən zaman sənədlərin araşdırılması üçün müəyyən edilmiş müddət – 10 iş günü, çatışmayan sənədlər təqdim edilmədikdə müraciətə baxılmanın müddət axımının dayandırılması qərarın müddəti - 20 iş günü, həmçinin 4.9-cu maddədə komissiya tərəfindən qiymətləndirmənin nəticəsinə dair hesabatda qeyd edilən çatışmazlıqlar və onların aradan qaldırılması üçün təyin edilmiş müddətlər 60 iş günü müddətinə daxil deyildir. Lakin iddiaçı iddia ərizəsində qanunvericiliyin bu tələbinə dair müddəasını qəsdən təhrif etmiş, həmin müəyyən edilmiş müddətə daxil olmayan müddəaları göstərməmişdir. Bundan əlavə, iddiaçının akkreditasiya tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı da uyğunsuzluqlar aşkar edilmiş, Qaydaların 4.9-cu maddəsində göstərildiyi kimi bu uyğunsuzluqlar qiymətləndirmənin nəticəsində dair komissiya tərəfindən tərtib edilmiş hesabatda qeyd edilmiş və aradan qaldırılması ilə bağlı müddət müəyyən edilmişdir. Bütün bunlar göstərir ki, cavabdehin “Uyğunluğu qiymətləndirən qurumun akkreditasiya barədə” Qərarı heç də iddia ərizəsində göstərildiyi kimi müraciətindən 150 gün sonra deyil qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmişdir. Çünki, iddiaçı müddət axımının dayandırılması, həmçinin qiymətləndirmə zamanı uyğunsuzluqların olması ilə bağlı məlumatları gizlətməyə və bundan yayınmağa çalışmışdır. Bütün bunlar bir daha sübut edir ki, iddiaçının bununla bağlı fikirləri tamamilə əsassızdır. İddiaçının qeyd etdiyi yoxlamalar aparılmamışdır. Belə ki, 2015-ci ildə Cavabdeh publik hüququ şəxsi ümumiyyətlə mövcud olmamış və cavabdeh Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli № 1234 nömrəli Fərmanı ilə yaradılmışdır. Bundan əlavə 05 aprel 2021-ci il tarixdə isə ümumiyyətlə belə bir yoxlama həyata keçirilməmişdir. İddiaçı tərəflər arasında bağlanmış müqavilənin mahiyyətini yanlış anlayır. Həmin müqavilə, eləcə də Qaydalar heç də mütləq müraciət edilən sahə ilə bağlı gözlənilən nəticənin verilməsini ehtiva etmir. Akkreditasiya orqanı tərəfindən qiymətləndirmənin başlanması və akkreditasiya komissiyasının yaradılması haqqında qərar qəbul edildikdən sonra komissiya tərəfindən uyğunluğu qiymətləndirilən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirməsini 2 mərhələdə həyata keçirir. Birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün təqdim olunmuş sənədləri təhlil edir. İkinci mərhələdə komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir. Komissiya tərəfindən qurumun yerləşdiyi yer üzrə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid bir sıra uyğunsuzluqlar aşkar edilmiş və qeydə alınmışdır. Bununla bağlı sənəd və məlumatlar iddiaçıya göndərilmiş və aradan qaldırılması istənilmişdir. Lakin iddiaçı qeyd edilən nöqsanları aradan qaldırmamışdır. Müvafiq uyğunsuzluqlar qiymətləndirmənin nəticəsinə dair hazırlanan hesabatda göstərilmişdir. Cavabdeh tərəfindən təsdiq edilən akkreditasiya sahəsi məhz akkreditasiya aparılması zamanı aşkar edilən və aradan qaldırılmayan uyğunsuzluqlar nəzərə alınmaqla təsdiq edilmişdir. İddiaçının akkreditasiya müqaviləsi bağlaması heç də təqdim etdiyi sahəsinin mütləq qaydada təsdiq edilməsini ehtiva etmir. Qiymətləndirmənin nəticəsinə müvafiq olaraq imtina barədə də qərar qəbul edilə bilərdi. İddiaçının təqdim etdiyi akkreditasiya sahəsinin həmin forma və məzmunda təsdiq edilməsinin qeyri-mümkün olması barədə digər bir hal isə həmin sahədə göstərilmiş uyğunsuzluqlar, Avropa direktivləri, texniki reqlamentlərin, xarici dövlətlərin texniki şərtlərinin göstərilməsidir. Belə ki, bununla bağlı standartlaşdırma üzrə normativ sənədlərin Azərbaycan Respublikası ərazisində tətbiqi ilə bağlı məlumatın əldə edilməsi məqsədilə “Azərbaycan Standartlaşdırma İnstitutu” X6 müvafiq olaraq 09 mart 2021-ci il tarixli və 30 sentyabr 2021-ci il tarixli məktublarla müraciət edilmişdir. Cavab olaraq göndərilən məktublarda iddiaçının da təqdim etdiyi akkreditasiya sahəsində göstərdiyi Avropa direktivlərinin, texniki reqlament, xarici dövlətlərin texnik şərtlərinin ölkə ərazisində qüvvədə olmadığı bildirilmişdir. Eyni zamanda iddiaçının təqdim etdiyi akkreditasiya sahəsinin təsdiq edilməsi üçün iddiaçının xüsusi laboratoriyası olmalıdır. Lakin iddiaçı belə bir laboratoriyaya malik deyildir. Bundan əlavə akkreditasiya attestatının qüvvədə olma müddəti 3 ildir. İddiaçının hər hansı şirkətlə müddətsiz də müqavilə bağlaya bilər. Bu heç də demək deyil ki, iddiaçı müqavilə bağladığı zaman qüvvədə olan akkreditasiya attestatına əsasən öz üzərinə götürdüyü öhdəliklərini icra etməsi üçün cavabdeh tərəfindən ona attestat verilməli və akkreditasiya sahəsi mütləq qaydada təsdiq edilməlidir. Bu, qəbuledilməzdir. Belə ki, iddiaçı ilkin olaraq akkreditasiya attestatının qüvvədə olma müddətini nəzərə almalı və buna uyğun olaraq müqavilə bağlamalı idi. Bundan əlavə iddiaçının təkrarən "xxxx" MMC ilə müqavilə bağlaya bilməməsinin səbəbi kimi cavabdeh tərəfindən təsdiq edilmiş akkreditasiya sahəsini göstərməsi heç də anlaşılan deyil. İddiaçının “akkreditasiya attestatı və mübahisəli akkreditasiya sahəsi daha əvvəl verilmiş və hazırda da verilməlidir, çünki daha əvvəl mənə verilib” düşüncəsi ilə yanaşması məntiqə sığmır. İddiaçının bununla bağlı dəymiş maddi ziyanı müqavilənin tarixi kimi göstərdiyi 5 illik müddətə hesablaması bir daha göstərir ki, iddiaçı akkreditasiya attestatının 3 illik müddətə verildiyini unutmuşdur. Bundan əlavə, müqavilənin olması, müddətinin bitməsi heç də yeni müqavilənin bağlanılacağı və ya müqavilənin məhz akkreditasiya sahəsinin iddiaçının istədiyi kimi verilməməsi səbəbindən imzalanmadığı mənasına gəlmir. Bununla bağlı hər hansı sübut da məhkəməyə təqdim edilməmişdir. Belə ki, "xxxx" MMC-nin müqavilə bağlanması ilə bağlı müraciəti və ya tərəflərin hər hansı formada yazışması və iddiaçının müqavilənin bağlana bilməməsinin izahı kimi akkreditasiya sahəsinin tam olaraq verilməməsi ilə bağlı heç bir sənəd və ya məlumatlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının bir sıra şirkətlərdən daxil olmuş 8 ədəd sifarişi icra edə bilməməsi ilə bağlı iddiası tamamilə absurddur. Sadəcə bir məsələni qeyd etmək kifayət edir ki, iddiaçıda attestatın və akkreditasiya sahəsinin ona veriləcəyi ilə bağlı əminliyin olması və sifarişləri qəbul etməsi anlaşılan deyil. İddiaçının təqdim etdiyi məlumatlardan da görünür ki, sifarişlər 16,17,19, 27, 29 aprel, 04 və 24 may aralığında daxil olmuşdur. İddiaçıya da məlumdur ki, həmin tarixlərdə cavabdeh tərəfindən uyğunluğun qiymətləndirilməsi ilə bağlı işlər həyata keçirilmiş və uyğunsuzluqları barədə qarşı tərəfə sənədlər göndərilmişdir. Həmin dövrdə iddiaçının sifarişləri hansı əsasla qəbul etməsi, sanki ona hansı akkreditasiya sahələrinin qabaqcadan veriləcəyini bilməsi təəssüratı yaradır. Məhz uyğunsuzluqları aşkar edilən sahələr üzrə akkreditasiya sahəsi ona verilməmişdir. İddiaçının qüvvədə olan akkreditasiya attestatı olmadan sifarişləri qəbul etməsi öz günahıdır. Həmin sahələrin ona verilməyə biləcəyini bildiyi halda, iddiaçı sifarişləri qəbul etməkdən ehtiyat etməmişdir. İddiaçının qeyd etdiyi kimi 10 ədəd sifarişin "xxxx" MMC-yə verilməsi ilə bağlı iddia isə ümumiyyətlə anlaşılan deyildir. İddiaçının bu tələbi sadəcə iddianın həcminin şişirdilməsi məqsədi daşıyır və heç bir hüquqi əsasa söykənmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır, VÖEN **********, qanuni təmsilçi X2r. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir, VÖEN **********. İş materiallarında olan Sifarişçi İddiaçı MMC ilə Akkreditasiya orqanı Cavabdehi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 426 nömrəli akkreditasiya müqaviləsinin surətindən görünür ki, müqavilənin 2.2.2-ci bəndinə əsasən Sifarişçi İddiaçı MMC akkreditasiya dövründə akkreditasiya tələblərinə uyğunluğuna riayət olunmasının illik qiymətləndirilməsi üçün xidmət haqqının məbləğini müəyyən edilmiş müddət ərzində tam olaraq ödəməyi, akkreditasiya dövründə akkreditasiya tələblərinə uyğunluğuna riayət olunmasının illik qiymətləndirilməsinin, şikayət olduğu halda isə plandankənar qiymətləndirmənin aparılması üçün Akkreditasiya orqanı ilə zəruri əməkdaşlıq etməyi və akkreditasiya fəaliyyətinə aid Akkreditasiya orqanı tərəfindən tələb olunan bütün sənəd və məlumatları Akkreditasiya orqanına təqdim etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5.9-cu bəndinə görə Akkreditasiya orqanı akkreditasiya barədə qərar qəbul edildikdən sonra qanunvericiliklə müəyyən edilmiş şərtlər və müddət ərzində Sifarişçinin akkredıtasiya attestatını, akkreditasiya sahəsini və əsasnaməsini təsdiqləməyi və Sifarişçiyə təqdim etməyi öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdehi tərəfindən xx.xx.2021ci il tarixli, AAM-617/11/21 saylı məktubla məhkəməyə təqdim edilmiş Cavabdehin Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə 0688-21 UQQA nömrəli, xx.xx.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının bu qərara əlavədə qeyd edilmiş istiqamətlər üzrə akkreditasiya edilməsi, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatının hazırlanması, akkreditasiya sahəsi və əsasnaməsinin təsdiq edilməsi, İddiaçı MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının akkreditasiya attestatının qüvvədə olduğu müddət ərzində onun statusunda və fəaliyyətində baş verən və akkreditasiya fəaliyyəti ilə əlaqədar olan hər hansı dəyişikliklə bağlı Azərbaycan Akkreditasiya Mərkəzinə məlumat verməsi, “AZSERTCENTER" MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanının “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının 2014cü il 30 may tarixli 965- İVQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən ildə bir dəfə akkreditasiya tələblərinə uyğunluğunun qiymətləndirilməsinin həyata keçirilməsi qərara alınmışdır (həmin qərarın surəti iddiaçı tərəfindən də məhkəməyə təqdim edilmişdir). Həmin məktuba əlavə edilmiş Cavabdehi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ 02.0567.01.21 nömrəli Akkreditasiya attestatının təsdiq edilmiş surətindən görünür ki, bu attestat Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu, 9 ünvanında fəaliyyət göstərən İddiaçı MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər" standartına uyğun akkreditasiya olunduğunu və bu attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malik olduğunu təsdiq edir. Attestat akkreditasiya sahəsi ilə birlikdə etibarlıdır. Həmin məktuba əlavə edilmiş İddiaçı MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın Cavabdehi tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli Əsasnaməsinin təsdiq edilmiş surətindən görünür ki, bu əsasnamə AZS Milli sertifikatlaşdırma sistemində İddiaçı Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın (sonradan-Sertifikatlaşdırma üzrə orqan) fəaliyyətinə şamil edilir. Sənəd sertifikatlaşdırma üzrə orqan haqqında ümumi müddəaları, onun akkreditasiya sahəsini, strukturunu, funksiyalarını, hüquqlarını, vəzifələrini, məsuliyyətini, maliyyə fəaliyyətini və sertifikatlaşdırma işlərində bilavasitə və ya dolayı ilə iştirak edən digər orqan, təşkilat və müəssisələr ilə qarşılıqlı əlaqələrini müəyyənləşdirir. Əsasnamənin 1.1-ci bəndinə əsasən yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı Milli sertifikatlaşdırma sisteminin funksional strukturudur və Azərbaycan Respublikasında keyfiyyətli məhsulların idxalında və satışında Dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. Əsasnamənin 1.3-cü bəndinə əsasən sertifikatlaşdırma üzrə orqan istehlak məhsullarının (yüngül sənaye məhsulları, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları, ağac emalı materialları, müxtəlif tip boru kəmərləri armaturları, avtomobillər, o cümlədən xüsusi təyinatlı nəqliyyat vasitələri, ehtiyat hissələri və avtomobil ləvazimatları, generatorlar, stabilizatorlar, mühərriklər, neft kimya məhsulları lilllər və qaldırıcı ınexanizmlər, tibbi təyinatlı məhsullar, tikinti materialları və avadanlıqları, butün növ və tip informasiya texnologiyaları avadanlıqları və digər akkreditasiya sahəsi ilə müəyyən edilmiş məhsullar), proseslərin, xidmətlərin öz akkreditasiya sahəsinə müvafiq olaraq, sertifikatlaşdırılmasını keçirmək məqsədi ilə AZS Milli Sertifikatlaşdırma sistemində akkreditasiya olunur. Əsasnamənin 3.1-ci bəndinə əsasən sertifikatlaşdırma üzrə orqan istehlak məhsullarının (yüngül sənaye məhsulları, məişət avadanlıqları, rabitə vasitələri telekommunikasiya avadanlıqları, elektron avadanlıqları, ağac emalı materialları, müxtəlif tip boru kəmərləri armaturları, avtomobillər, o cümlədən xüsusi təyinatlı nəqliyyat vasitələri, ehtiyat hissələri və avtomobil ləvazimatları, generatorlar, stabilizatorlar, mühərriklər, neftkimya məhsulları, liltlər və qaldırıcı mexanizmlər, tibbi təyinatlı məhsullar, tikinti materialları və avadanlıqları, bütün növ və tip informasiya texnologiyaları avadanlıqları və digər akkreditasiya sahəsi ilə müəyyən edilmiş məhsullar), proseslərin, xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir. 1.0.2-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra - akkreditasiya) - qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. 1.0.3-cü maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum - malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. 1.0.4-cü maddəsinə əsasən akkreditasiya tələbləri - akkreditasiyanın yerinə yetirilməsi üçün texniki normativ-hüquqi aktlarda müəyyən olunmuş tələblərdir. 1.0.5-ci maddəsinə əsasən akkreditasiya orqanı - akkreditasiyanı həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdur. 1.0.6-cı maddəsinə əsasən akkreditasiya attestatı - uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənəddir. 5.1-ci maddəsinə əsasən akkreditasiya, bu qanunun tələbləri nəzərə alınmaqla, akkreditasiya qaydaları əsasında aparılır. 5.2-ci maddəsinə əsasən akkreditasiya aşağıdakı mərhələləri əhatə edir: 5.2.1. uyğunluğu qiymətləndirən qurumun müraciəti; 5.2.2. uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsi; 5.2.3. akkreditasiya orqanı tərəfindən yekun qərarın qəbul edilməsi. 6.1-ci maddəsinə əsasən akkreditasiya barədə qərar qəbul edildiyi gündən 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma akkreditasiya attestatı təqdim edilir. 6.2-ci maddəsinə əsasən akkreditasiya attestatı verildiyi tarixdən 3 il müddətində etibarlıdır. 8.1-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir. 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. 8.3-cü maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində bu qanunun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır. 10.1-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət akkreditasiya orqanı tərəfindən ildə bir dəfə, habelə qurumun fəaliyyəti barədə şikayət daxil olduğu hallarda həyata keçirilir. 10.2-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). 10.3-cü maddəsinə əsasən nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 iyul tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş «Uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya Qaydaları»nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş uyğunluğun qiymətləndirilməsi fəaliyyətləri üzrə akkreditasiya qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən bu Qaydalar uyğunluğu qiymətləndirən aşağıdakı qurumlara şamil olunur: 1.2.1. sınaq laboratoriyaları; 1.2.2. malın (xidmətin, işin) sertifikatlaşdırılmasını aparan qurumlar; 1.2.3. idarəetmə sistemlərinin sertifikatlaşdırılmasını aparan qurumlar; 1.2.4. işçi heyətinin sertifikatlaşdırılmasını yerinə yetirən qurumlar; 1.2.5. inspeksiya orqanları; 1.2.6. etalon material istehsalçıları; 1.2.7. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və (və ya) xidmətlər göstərmək üçün akkreditasiyası tələb edilən qurumlar. 4.1-ci bəndinə əsasən bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulmuş sənədlər və məlumatlar uyğunluğu qiymətləndirən qurum tərəfindən təqdim olunduqda, sənədlərdə və məlumatlarda çatışmazlıqlar aşkar edilmədikdə, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən qiymətləndirilməsinə başlanılması və akkreditasiya komissiyasının (bundan sonra komissiya) yaradılması haqqında qərar qəbul edilir. 4.5-ci bəndinə əsasən komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab verməsinin qiymətləndirilməsi 2 mərhələdə həyata keçirilir. 4.6-cı bəndinə əsasən birinci mərhələdə komissiya uyğunluğu qiymətləndirən qurumun müvafiq akkreditasiya tələblərinə uyğunluğunu qiymətləndirmək üçün bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş sənədləri təhlil edir. 4.7-ci bəndinə əsasən qiymətləndirmənin ikinci mərhələsində komissiya tərəfindən uyğunluğu qiymətləndirən qurumun yerləşdiyi yerdə uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid olan müvafiq standartlarda, texniki reqlamentlərdə və digər texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş texniki tələblərə (texniki meyarlara) uyğunluğu qiymətləndirilir. 4.8-ci bəndinə əsasən akkreditasiya üçün müraciət etmiş şəxs komissiyanın fəaliyyət sahəsinə daxil olması və qiymətləndirmənin aparılması üçün zəruri şərait yaratmalıdır. 5.1-ci bəndinə əsasən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə və akkreditasiya tələblərinə uyğun olduğu halda, akkreditasiya orqanı qiymətləndirmə hesabatı əsasında 2 (iki) gün müddətində uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərar qəbul edir və akkeditasiya attestatının verilməsi üçün akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi zərurəti barədə müraciət etmiş şəxsə dərhal məlumat verir. Akkreditasiyanın həyata keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə sənəd təqdim edildiyi gün akkreditasiya attestatı hazırlanır və imzalanaraq möhürlənir, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilir. 5.3-cü bəndinə əsasən akkreditasiya attestatı verildiyi tarixdən 3 (üç) il müddətində etibarlıdır. 5.5-ci bəndinə əsasən aşağıdakı hallarda uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından imtina barədə qərar qəbul edilir: 5.5.1. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş müddətdə çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumat verilmədikdə; 5.5.2. qiymətləndirmə hesabatında nəzərdə tutulmuş çatışmazlıqların aradan qaldırılması və düzəliş tədbirlərinin icra edilməsi barədə məlumatın komissiya tərəfindən yoxlanılması zamanı bütün çatışmazlıqların aradan qaldırılmaması və düzəliş tədbirlərinin yerinə yetirilməməsi müəyyən edildikdə; 5.5.3. bu Qaydaların 4.8-ci bəndinə uyğun qiymətləndirilmənin aparılmasını təmin etmədikdə. 6.2-ci bəndinə əsasən akkreditasiya attestatının qüvvədəolma müddəti başa çatdıqda akkreditasiya attestatının etibarlılıq müddətinin uzadılması barədə uyğunluğu qiymətləndirən qurumun müraciətinə bu Qaydalara uyğun baxılır və qiymətləndirmənin müsbət nəticələri əsasında yeni akkreditasiya attestatı verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC 29 yanvar 2015-ci ildə ********** vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 05 aprel 2015ci il tarixdə akkreditasiya olunmuş və 3 il etibarlılıq müddəti olan akkreditasiya attestatını alaraq attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı növbəti dəfə təkrar 05 aprel 2018ci il tarixdə akkreditasiya attestatını alaraq attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətini davam etdirmişdir. İddiaçının adına verilmiş 05 aprel 2018-ci il tarixli akkreditasiya attestatının qüvvədə olma müddəti bitdiy üçün iddiaçı növbəti dəfə təkrar akkreditasiyanın keçirilməsi məqsədilə cavabdehə müaciət etmişdir. Bundan sonra İddiaçı MMC ilə Akkreditasiya orqanı Cavabdehi arasında akkreditasiya müqaviləsi imzalanmış, Cavabdehin Uyğunluğu qiymətləndirən qurumun akkreditasiyası barədə qərarına əsasən İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı bu qərara əlavədə qeyd edilmiş istiqamətlər üzrə akkreditasiya edilmiş, uyğunluğu qiymətləndirən qurumun akkreditasiya attestatı hazırlanaraq təqdim edilmiş, akkreditasiya sahəsi və əsasnaməsi təsdiq edilmişdir. İddiaçıya Cavabdehi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, AZ 02.0567.01.21 nömrəli Akkreditasiya attestatına əsasən bu attestat Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu, 9 ünvanında fəaliyyət göstərən İddiaçı MMC-nin Yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqlar və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanı AZS İSO/İEC 17065-2014 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılması üzrə orqanlara olan tələblər" standartına uyğun akkreditasiya olunduğunu və bu attestata əlavə olunan akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququna malik olduğunu təsdiq edir. Hazırda iddiaçı 07 aprel 2021-ci il tarixdə cavabdehə göndərilmiş İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın akkreditasiya sahəsinin təsdiq edilməsini tələb edir. Lakin məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh tərəfindən uyğunluğun qiymətləndirilməsi fəaliyyəti sahəsinə aid bir sıra uyğunsuzluqlar aşkar edilmiş və qeydə alınmış, bununla bağlı sənəd və məlumatlar iddiaçıya göndərilmiş və aradan qaldırılması istənilmişdir. Lakin iddiaçı qeyd edilən nöqsanları aradan qaldırmamışdır. Aşkar edilmiş nöqsan və uyğunsuzluqların aradan qaldırılmadığı sahələr üzrə akkreditasiya sahəsi təsdiq edilməmişdir. Göründüyü kimi, akkreditasiya sahəsinin təsdiq edilməsi ilə əlaqədar iddiaçının müraciətinə baxılarkən cavabdeh tərəfindən nöqsan və uyğunsuzluqlar aşkar edilmiş, bu barədə iddiaçıya məlumat verilsə də, nöqsan və uyğunsuzluqlar aradan qaldırılmamışdır. Cavabdeh tərəfindən təsdiq edilən akkreditasiya sahəsi məhz akkreditasiya aparılması zamanı aşkar edilən və aradan qaldırılmayan uyğunsuzluqlar nəzərə alınmaqla təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi «cavabdehin üzərinə 07 aprel 2021-ci il tarixdə cavabdehə göndərilmiş İddiaçı MMC-nin yüngül sənaye, məişət avadanlıqları, rabitə vasitələri, telekommunikasiya avadanlıqları, elektron avadanlıqları və ağac emalı materiallarının sertifikatlaşdırılması üzrə orqanın (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, ev 7, məhəllə 3153, mənzil 10) akkreditasiya sahəsinin təsdiq edilməsi və onun öz internet səhifəsində yerləşdirilməsi vəzifəsinin qoyulması» hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin «cavabdeh tərəfindən vurulmuş ziyana görə 541.500,00 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən vəkilə ödənilmiş 1.000 manat məbləğində xidmət haqqının və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona ziyanın vurulmasını təsdiq edən sübutları, ümumiyyətlə iddia tələbinin həmin hissəsi ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə də əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar