Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3245/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı Firmasının nümayəndəsi (direktoru) X1, Üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Xidməti) qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 25 sentyabr 2023-cü il tarixli məktubunun qanunsuz hesab edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti 118a ünvanında yerləşən qeyri-yaşayış binası və həmin binanın altında olan torpaq sahəsi üzərində İddiaçı Firmasının mülkiyyət hüquqlarını qeydə almaq və bu barədə müvafiq Çıxarış vermək öhdəliyini icra etmək vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin göstərilməsi formal xəta hesab olunmuş və cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi nəzərə alınmışdır.
3. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 118a ünvanda yerləşən qeyri-yaşayış binasının altındakı 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 14 dekabr 1999-cu il tarixli 1189 nömrəli Sərəncamı ilə İddiaçı Firmasına Nərimanov rayonu, X9 prospekti, 866 saylı məhəllədə məişət və qonaq evinin inşa lahiyələşdirilməsi və tikintisi üçün 0,11 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən Sərəncam əsasında torpaq sahəsinə dair İddiaçı Firmasına Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Bakı şəhər Torpaq Şöbəsi ilə Dövlət Yerquruluşu Layihə İnstitutu ilə birgə hazırlanmış JN-483 nömrəli 00700003 kodlu 05 aprel 2000-ci il tarixli “torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktı verilmişdir. İddiaçı Firması ona ayrılmış həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 4236,9 kv.m olan ofis, məişət və qonaq evi inşa etmişdir. İnşa edilmiş tikiliyə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən “mülkiyyət hüququ haqqında” xx.xx.2003-cü il tarixli 000891 nömrəli Şəhadətnamə verilmişdir. İddiaçı Firması qanuni sahibliyində olan torpaq sahəsi və üzərində inşa edilmiş tikili üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi özünün xx.xx.2023-cü il tarixli bildirişlə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmiş, imtinanı belə əsaslandırmağa çalışmışdır ki, guya JN-483 nömrəli 00700003 kodlu 05 aprel 2000-ci il tarixli “torpaqdan daimi istifadə hüququna dair” Dövlət Aktı barədə arxivdə məlumat aşkar edilməmişdir. İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinin qeyd edilən imtinasını qanunsuz hesab etdiyinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Çağrı mərkəzinə müraciət etmişdir. Müraciətə baxan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi özünün 25 sentyabr 2023-cü il tarixli məktubu ilə 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtinasına oxşar məzmunlu cavab məktubu verərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı Firmasının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 25 sentyabr 2023cü il tarixli məktubunun qanunsuz hesab edilməsi və Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti 118a ünvanında yerləşən qeyri-yaşayış binası və həmin binanın altında olan torpaq sahəsi üzərində İddiaçı Firmasının mülkiyyət hüquqlarını qeydə almaq və bu barədə müvafiq çıxarış vermək öhdəliyini icra etmək vəzifəsinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********58 saylı xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, təqdim edilən ləğv olunmuş X5 Komitəsi tərəfindən verilmiş JN-483 (kod ********) nömrəli şəhadətnamənin ilkin torpaqayırma sənədlərinin və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisinin göndərilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, JN-483 (kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” barədə arxivdə məlumat aşkar edilməmişdir. Həmçinin göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı qeyri-yaşayış binasında təqdim olunmuş sənədlərdə əksini tapmayan 1 ədəd qapı oyuğu açılmış və bəzi mərtəbələrdə arakəsmələrdə dəyişikliklər aparılmışdır və bununla əlaqədar hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Həmin Qanunun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, təqdim edilən ləğv olunmuş X5 Komitəsi tərəfindən verilmiş JN-483 (kod ********) nömrəli şəhadətnamənin ilkin torpaqayırma sənədlərinin və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisinin göndərilməsi ilə bağlı aidiyyəti üzrə sorğu göndərilmiş, sorğuya cavab olaraq bildirilmişdir ki, JN-483 (kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” barədə arxivdə məlumat aşkar edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı qeyri-yaşayış binasında təqdim olunmuş sənədlərdə əksini tapmayan 1 ədəd qapı oyuğu açıldığı, bəzi mərtəbələrdə arakəsmələrdə dəyişikliklər aparıldığı məlum olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı firmasına məxsus qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli ərizəniz “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Təqdim edilən sənədlər toplusunda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-483 (kod ********) nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı” barədə 1 saylı Bakı Ərazi İdarəsinin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı qeyri-yaşayış binasında təqdim olunmuş sənədlərdə əksini tapmayan 1 ədəd qapı oyuğunun açıldığı, bəzi mərtəbələrdə arakəsmələrdə dəyişikliklər aparıldığı məlum olmuşdur. Bu barədə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 20958/2023 nömrəli məktubla məlumat verilmişdir.
8. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 1187 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində İddiaçı firmasına qeyri-yaşayış binasının tikintisi üçün ayrılmış 0.11 ha torpaq sahəsinə dair istifadə hüququ müvafiq qaydada dövlət qeydiyyatına (Dövlət aktı) alındığından, aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyinizi məqsədəmüvafiq hesab edilir.
9. Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 1187 nömrəli “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncama əsasən İddiaçı Firmasının xx.xx.1999-cu il tarixli, 02 saylı və “Qorqud” X2 xx.xx.1999-cu il tarixli, 186/27 saylı məktubları nəzərə alınaraq İddiaçı Firmasına Nərimanov rayonu, X9 prospekti, 866 saylı məhəllədə məişət və qonaq evinin layihələşdirilməsi və tikintisi üçün 0,11 hektar torpaq sahəsi ayrılmışdır.
10. “Torpaqların daimi istifadə hüququna dair” JN-483 00700003 nömrəli xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1999-cu il 14 dekabr tarixli 1187 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 0,11 hektar torpaq sahəsi ofis, qonaq və məişət evinin tikintisi üçün İddiaçı Firmasına verilmişdir.
11. Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən İddiaçı Firması Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 118a ünvanında yerləşən ofis, məişət və qonaq evi (ümumi sahəsi – 4236,9 kv.m) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən ofis, məişət və qonaq evi İddiaçı Firmasının xüsusi mülkiyyətidir.
12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Xidməti İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “25 sentyabr 2023-cü il tarixli məktubunun qanunsuz hesab edilməsi və hüquqları qeydə alınaraq çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı tərəfindən özəlləşdirilməsi tələb olunan torpaq sahəsi dövlət əmlakıdır.
II. İddianın növü və mümkünlüyü
15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
21. X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
23. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
25. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
27. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Firması Bakı şəhəri, Nərimanov rayonu, X9 prospekti, 118a ünvanda yerləşən qeyri-yaşayış binasının altındakı 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir.
28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların üç kateqoriyası müəyyən edilib: dövlət, bəldiyyə, xüsusi.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
30. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
31. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 1187 nömrəli “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncama əsasən İddiaçı Firmasının xx.xx.1999cu il tarixli, 02 saylı və “Qorqud” X2 xx.xx.1999-cu il tarixli, 186/27 saylı məktubları nəzərə alınaraq İddiaçı Firmasına Nərimanov rayonu, X9 prospekti, 866 saylı məhəllədə məişət və qonaq evinin layihələşdirilməsi və tikintisi üçün 0,11 hektar torpaq sahəsi ayrılmışdır. - “Torpaqların daimi istifadə hüququna dair” JN-483 00700003 nömrəli xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 1999-cu il 14 dekabr tarixli 1187 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd daxilində 0,11 hektar torpaq sahəsi ofis, qonaq və məişət evinin tikintisi üçün İddiaçı Firmasına verilmişdir. Odur ki, iddia tələbinin predmeti olan torpaq sahəsi dövlət mülkiyyəti olmaqla İddiaçı Firmasının daimi istifadəsinə (mülkiyyətinə deyil) verilmişdir. - Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən İddiaçı Firması Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 118a ünvanında yerləşən ofis, məişət və qonaq evi (ümumi sahəsi – 4236,9 kv.m) Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən ofis, məişət və qonaq evi İddiaçı Firmasının xüsusi mülkiyyətidir. Odur ki, iddia tələbinin predmeti olan torpaq sahəsi üzərində yerləşən əmlak (ofis, məişət və qonaq evi) xüsusi mülkiyyət kimi müəyyən olunmuşdur.
32. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 118a ünvanında yerləşən daşınmaz əmlak (ümumi sahəsi 4236,9 kv.m olan ofis, məişət və qonaq evi) məhz dövlət əmlakı kimi İddiaçı Firmasının adına özəlləşdirilmişdir.
33. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamədən: 1.Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.
10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.
12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətiçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir... (sənədlərin siyahısı sadalanır)
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə” təsdiq edilmişdir.
35. Odur ki, məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahəsi olduğundan satınalma obyektidir və iddiaçı torpaq sahəsini almaq məqsədilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir. 36.Məhkəmə nəzərə alır ki, iddiaçıya torpaq sahəsinin satın alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə və ya torpaq sahəsindən istifadə hüququna dair çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının direktoru isə istifadə hüququna dair çıxarışın verilməsi tələbi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edəcəyini bildirmişdir. Nəticədə iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsi məqsədilə məhkəmə iclası təxirə salınmışdır. Buna baxmayaraq iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi üzərində istifadə hüququna dair çıxarışın verilməsi tələbi ilə cavabdeh orqana müraciət edilməmiş və iddia tələbi “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması” kimi dəqiqləşdirilmişdir.
37. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən iddiaçının qeyd edilən tikililərə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” yoxdur.
38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva