Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3246/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçıların nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə (üçüncü şəxs Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 (bundan sonra – İddiaçılar) ərizə ilə cavabdeh Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onların ünvan 1 ünvanı üzrə qeydiyyata alınmasını xahiş etmişlər.
2. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olduğu üçün onların sözügedən ünvana yaşayış yeri üzrə qeydiyyata alınması mümkün hesab olunmur. Qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etmələri tövsiyə olunmuşdur.
3. Bundan sonra iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 2 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
4. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs (bundan sonra - üçüncü şəxs) qismində məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin əsaslandırması
5. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 2 Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 18 noyabr 1992-ci il tarixli 572/11 nömrəli sərəncamı ilə İddiaçı2 həyat yoldaşı X4 anası X2 verilmişdir. Mənzil verilən anda İddiaçı2 X10 ilə ailə qurmuş və həmin mənzilə köçüb birgə yaşamışlar. X10 və onun anası X3 vəfat etmişlər. Otuz ildən yuxarı həmin mənzildə yaşamalarına baxmayaraq bu günə kimi həmin ünvana pasport qeydiyyatına alınmamışlar. 1992-ci ildən həmin mənzildə yaşamaqları 130 saylı MKİS tərəfindən tərtib olunmuş aktla və arayışla təsdiq olunur. Yaşadıqları ev Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı mənzil anlayışına aiddir.
6. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
8. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi
10. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
11. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
12. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
14. Hazırkı iddia iddiaçıların mübahisəli ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
15. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
16. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər.
17. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.
18. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.
19. İddiaçılar hazırda qeydiyyata alınma ilə bağlı müraciət etdikləri mənzilə dair yuxarıda istinad olunan sənədlərdən hər hansı birini təqdim etməmişlər.
20. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli 391 nömrəli məktubundan görünür ki, ünvan 2 Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Tabelikdə olan 130 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət ərazisində yerləşən Mərdəkan qəsəbəsi, R. Qasımov küçəsi, ev 3, mənzil 5 ünvanı ilə bağlı 130 saylı MKİS tərəfindən verilən məlumata əsasən, İddiaçı2 və onun qızı İddiaçı1 1992-ci il tarixindən pasport qeydiyyatı olmadan Mərdəkan qəsəbəsi, R. Qasımov küçəsi, 3 saylı evin 5-ci mənzilində qeydiyyatsız yaşayırlar.
21. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
22. Göründüyü kimi, iddiaçıların qeydiyyata alınmasını xahiş etdiyi əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, iddiaçıların həmin əmlaka dair hər hansı bir hüququnun olması iş materialları ilə öz təsdiqini tapmamışdır.
23. İddiaçıların tələbin əsası kimi istinad etdikləri Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 572/11 saylı sərəncamına gəldikdə, həmin sərəncamdan görünür ki, Mərdəkan qəsəbəsi, köhnə Bolşevik küçəsi, 3 nömrəli evin, sahəsi 25,0 kv.m olan, 2 otaqlı, 5 nömrəli mənzilinin vətəndaş X1 ailəsini mənzil növbəsində və əvvəlki ünvanda pasport qeydiyyatında saxlamaqla onun oğlanları Əsgərov Şirəli və Əsgərov Nəbiyə müvəqqəti yaşayış sahəsi kimi verilməsi qərara alınmışdır.
24. İşdə olan nikahın bağlanmması haqqında xx.xx.1998-ci il tarixli 338433 nömrəli şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 arasında nikah bağlanmış, nikahdan sonra ərə “Əsgərov”, arvada “Əsgərova” soyadı verilmişdir.
25. Göründüyü kimi, mübahisəli mənzil X5 deyil, Əsgərov Şirəli və Əsgərov Nəbiyə müvəqqəti yaşayış sahəsi kimi verilmişdir.
26. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
27. Qeyd olunan normalardan görünür ki, iddiaçıların istinad etdiyi sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan qanunvericilik yaşayış sahəsinə köçüb icarədarla ümumi təsərrüfat aparan digər şəxslərin həmin yaşayış sahəsindən orada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etməsini təsbit etmişdir.
28. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçıların mübahisəli yaşayış sahəsinə köçməsi, orada icarədarla ümumi təsərrüfat aparıb-aparmamasının, nəticədə isə həmin mənzilə istifadə hüququ əldə edib-etməməsinin müəyyən edilməsi inzibati deyil, mülki mühakimə icraatının araşdırma predmetinə aiddir. Çünki iddiaçıların mübahisəli mənzilə hüquqlarının olması ilə bağlı hazırkı tələbin faktiki əsasını mülki mübahisə təşkil edir. Buna görə də istinad edilən halların hazırkı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edilməsi mümkünsüzdür.
29. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddiaçılar yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birinə malik deyillər.
30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.
31. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan məhz göstərilən normaya əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilməsinin zəruri olduğunu bildirməklə müraciətin təmin olunmasından imtina etmişdir.
32. Məhkəmə yuxarıda istinad olunan normalara əsasən bu imtinanı qanuna uyğun hesab edir və belə nəticəyə gəlir ki, iddiaçılar qeydə alınmasını tələb etdikləri evə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməməklə aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiklərindən iddia tələbi təmin olunmamalıdır.
33. O da qeyd edilməlidir ki, iddiaçılar onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin mənzil ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçıların “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova