Məhkəmə qərarları › İş №2-1(112)-3247/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3247/2020

08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3247/2020 08.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı, “X7” zavodunda işləyir), cavabdehin nümayəndəsi Xanməmmədli İlahə Arzu qızının (Zəngilan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı Xəlil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində Abdullayeva Səidə Akif qızı və Abdullayev Elçin Akif oğlu göstərilməklə “mülkiyyətində olan evə torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Xəlil oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2-nin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının ½ payda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin evə torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi paylı mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli,seriya RX № ******* saylı çıxarışa əsasən Bakı şəhəri,Xəzər rayonu,Şüvəlan qəsəbəsi,Sabir küçəsi,dalan 1, döngə 1, ev 12 iddiaçının ½ pay hüququ əsasında mülkiyyətindədir.Həmin çıxarışda evin ayrı-ayrılıqda digər ¼ hissəsinin payçıları isə 3-cü şəxslər X4 və X3r.Lakin qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair payçıların mülkiyyət hüquqları yuxarıda qeyd edilən paylara uyğun qeydiyyata alınmamışdır.Bununla bağlı iddiaçı cavabdehə xx.xx.2019-cu il tarixində rəsmi qaydada ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ½ (ikidə bir) payına iddiaçının,ayrı ayrılıqda digər ¼ (dörddə bir) paylarına isə X1 və X2 paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarış verilməsini xahiş etmişdir.Lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iddiаçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi İ.Xanməmmədli iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı bütün payçıların razılıq ərizələri təqdim edilməlidir.Həmin ərizələr olmadığı halda paylı mülkiyyət olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması mümkün deyildir. Cavabdehin nümayəndəsi çıxışının sonunda iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi, Sabir küçəsi, dalan 1, döngə 1, ev 12 paylı mülkiyyətdədir, hüquq sahibləri kimi İddiaçı Xəlil oğlu ½ hissə, Abdullayev Elçin Akif oğlu 1/4 hissə, Abdullayeva Səidə Akif qızı ¼ hissə göstərilmişlər, evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir və evin mülkiyyətçilərinin istifadəsindədir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixi məktubuna əsasən iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə aid dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ərizəsinin təmin edilməsindən imtina edilmişdir, imtinann əsası kimi həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı bütün payçıların razılıq ərizələrinin təqdim edilməməsi, inventarlaşdırma işlərinin aparılmasına iddiaçı tərəfindən şərait yaradılmaması göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissədə paylı mülkiyyətçisidir, həmin fərdi yaşayış evinin qalan hissəsi, ¼ hissədə Abdullayev Elçin Akif oğlunun və 1/4 hissədə Abdullayeva Səidə Akif qızının mülkiyyətindədir.İddiaçı cavabdehə müraciət edərək qeyd edilən fərdi yaşayış evinin yerləşdyi torpaq sahəsinin üzərində ½ hissədə onun mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9–cu maddəsinə əsasən həqiqətən də vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsiə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir...Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 214.4-cü maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr, onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin üzərindəki ev iddiaçı ilə yanaşı üçüncü şəxslərin də paylı mülkiyyətindədir və qanunvericilik həmin şəxslərin də qeyd edilən evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması imkanını nəzərdə tutur. Belə olan halda paylı mülkiyyətdə olan əmlaka sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında mümkün olduğu üçün ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin digər mülkiyyətçilərinin razılığı olmadığı halda həmin evin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının ½ payda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin evə torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi paylı mülkiyyət hüququna dair çıxarışın verilməsi tələbi əsassızdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, İddiaçı Xəlil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2-nin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının ½ payda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin evə torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi paylı mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsaslı olmadığı üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci,34-cü, 68-ci,69-cu, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı Xəlil oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2-nin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının ½ payda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin evə torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi paylı mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar