Məhkəmə qərarları › İş №2-1(112)-3248/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3248/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3248/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək İddiaçı, 28 sentyabr 2013-cü il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 28 sentyabr 2019-cu il tarixdən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması, təkrarən həmin maddəyə əsasən 28 sentyabr 2021 və 10 yanvar 2023-cü il tarixindən əlavələri hesablanaraq ötən bütün dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan, 28 sentyabr 2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 28 sentyabr 2019-cu il tarixdən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması, təkrarən həmin maddəyə əsasən 28 sentyabr 2021 və 10 yanvar 2023-cü il tarixindən əlavələrin hesablanaraq ötən bütün dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, və 28 sentyabr 2019-cu il tarixdən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması, təkrarən həmin maddəyə əsasən 28 sentyabr 2021 və 10 yanvar 2023-cü il tarixindən əlavələrin hesablanaraq ötən bütün dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 27 avqust 2024-cü il tarixli, 3-17-1/2-S-204315/2024 saylı məktubu ilə xahişimi yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmaq istəmişdir ki, “refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan refrijerator seksiyasının mexaniki vəzifəsinə uyğun deyil”. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Cavabdehin imtina məktubunu (izləmə nömrəsi- SS906256998AZ) 02 sentyabr 2024-cü il tarixində poçt vasitəsilə almış və bu fakt konvertin üzərində poçt şöbəsinin möhürü ilə təsdiq edilir. İddiaçı orta təhsilini başa vurduqdan sonra X1 Satış Bölməsində 24 nömrəli mağazada kiçik satıcı işinə qəbul edilmiş, 30 oktyabr 1975-ci ildə hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad edilmiş, 05 noyabr 1975-14 noyabr 1977-ci ildə həqiqi hərbi xidmətdə olmuş, 08 fevral 1978-ci ildə Bakıbaştikintinin ağac Emalı Kombinatına obyektlərin mühafizəsi üzrə bölmə komandiri vəzifəsinə işə qəbul edilmiş, 13 oktyabr 1978-ci ildə işdən çıxmış, 24 oktyabr 1978-ci ildə N.Nərimanov adına NQÇİ-də qazmaçı köməkçisi vəzifəsinə işə qəbul edilmiş və 03 oktyabr 1979-cu ildə işdən çıxmış, 15 oktyabr 1979-cu ildə Azərbaycan Dəmir Yollarının X3 Deposunda refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmiş, 21 iyul 1980-cı ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmiş, 06 avqust 1984-cü ildə dizel avadanlıqlarının cari təmiri üzrə təmirçi çilingər vəzifəsinə keçirilmiş, 11 sentyabr 1984-cü il tarixində refrijerator qatarının rəisi vəzifəsinə keçirilmiş, 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmış, 25 sentyabr 1992-ci ildə refrijerator seksiya mexaniki keçirilmiş, 04 dekabr 1992-ci ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmiş, 13 noyabr 1995-ci ildə refrijerator seksiya mexaniki keçirilmiş, 04 iyun 1996-cı ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmiş, 09 aprel 2001-ci ildə refrijerator seksiya mexaniki keçirilmiş, 04 mart 2002-ci ildə işdən çıxmış, 15 yanvar 2004-cü ildə X11 Vaqon Deposunda şümşad və diyircəkli yastıqların təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 04 yanvar 2005-ci ildə refrijerator seksiya mexaniki keçirilmiş, 05 iyun 2006-cı ildə refrijerator seksiyasının rəhbər mexaniki keçirilmiş,14 fevral 2018-ci ildə işdən çıxmış,14 fevral 2018-ci ildə X13 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmiş, 28 sentyabr 2018-ci ildə Azərbaycan Dəmir Yollan Ekspress MMC-nin X13 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmiş, 03 oktyabr 2019-cu ildə X13 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə keçirilmiş, 10 yanvar 2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsinin əsasında əmək fəaliyyəti dövründə 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. 01 yanvar 2006-cı ilə qədər ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qəran ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsiilə eynilik təşkil edir. Cavabdehin inzibati qərarı aşağıdakılara görə qanunsuzdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyası 33-19 nömrəli 22 oktyabr 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyndə 20 noyabr 1997-ci il tarixində qeydiyyata alınmış və qeydiyyat nömrəsi 70 olan Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif- İxtisas Sorğu kitabçasında (hissə 56-1) (sonradan-Kitabça) giriş hissədə deyilir: Vahid Tarif-ixtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq dəmiryolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir və onun tətbiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlarda məcburi xarakter daşıyır. Hər hansı bir sahə uçun spesifik xarakter daşımayan digər fəhlə peşələri və işləri üzrə tarif-ixtisas xüsusiyyətləri VTİSK-nın "Bütün sahələr uçun ümumi olan fəhlə peşələri" hissəsinə (VTİSK-l) daxil edilmişdir. VTİSK-nın "Bütün sahələr üçün ümumi olan fəhlə peşələri və işləri" bölməsinin "Ümumi müddəalar"inda qeyd edilir ki, Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təşkilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uyğun olaraq müəyyənləşdirilir. Bu mənada, X6 X4 Yolu Nəqliyyat üzrə Şurasının “X5, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası arasında refrijerator hərəkət tərkiblərinin beynəlxalq daşımalarda istismar Təlimatı”nın (sonradan- Təlimat) 3.1-ci maddəsində deyilir: Ümumi müddəalar – 3.7.7. Seksiyalara.... bir qayda olaraq, iki mexanikdən ibarət olan briqada tərəfindən xidmət edilir, hansı ki, onlardan birinin üzərinə (sonradan mətndə - seksiyanın işinə məsul olan mexanik adlanacaq) depo seksiyanın işinə və texnoloji və istehsalat intizamının təmin edilməsinə rəhbərlik etmək öhdəliyini qoyur. Yenə də Təlimatda: 3.2.3. Seksiyanın işinə məsul olan mexanik, seksiyanın istismarı, həmçinin tez xarab olan yüklərin keyfiyyətsiz daşınması hallarında ortaya çıxan məsələlərin həllində təhkim olunduğu deponun nümayəndəsidir. 3.2.4.Seksiyanın işinə məsul olan mexanik borcludur: seksiyanın xidmət edilməsi işlərinə rəhbərliyi həyata keçirməyə; depo tərəfindən verilmiş növbətçilik qrafikinin yerinə yetirilməsinin təmin edilməsinə; texniki sənədləşmənin dəqiq aparılmasını təmin etmək və nəzarət etməyə; ehtiyat hissələrin, materialların, yanacağın, sürtgülərin və xladonun sərfiyyat uçotunu aparmağa; seksiyanın avadanlığının təmirinin və texniki xidmətinin vaxtıvaxtında keçirilməsinə; seksiyanın təchizatı üçün tədbirlər görməyə, stansiya növbətçisini (manevr dispetçerini) seksiyanın təchizat və təmirdən sonra göndərilməyə hazır olması barədə vaxtında informasiya verməyə, stansiya işçilərindən vaqonların boşaldıqdan sonra yük bölmələrinin təmizlənməsini tələb etməyə, keyfiyyətsiz təmizlənmə zamanı stansiya rəisinə tədbirlər görməsi üçün yazılı məruzə etməyə, 432-5 nömrəli „baytar-Sanitar işlənməsi Təlimatı”na uyğun yuyulmasını tələb etməyə (briqada bu zaman yuyulmaya görə məsuliyyət daşımır. Seksiyanın işi barədə telefon və teleqrafla yolların müvafiq şöbələrini və idarələrini, eləcə də, yolların xətti müəssisələrini və təhkim olduğu deponu məlumatlandırmağa; seksiyanın planı təmir növlərinə vaxtında göndərilməsin tədbirlər görmək; Vaqonların və onların avadanlıqlarının təmirdən təhvil alınmasında iştirak etməyə və təmir işlərinin keyfiyyətli həyata keçirilməsini tələb etməyə; təhkim olduğu deponun rəhbərliyini briqadanın dəyişdirilməsi barədə seksiyanın yerləşdiyi konkret məntəqəni və tarixi göstərməklə məlumatlandırmağa. Həmin Təlimatın 3.2.5 və 3.2.6-cı bəndlərində növbətçi mexanikin vəzifələri sadalanır. Yuxanda 3.1.1-ci bəndd qeyd edildiyi kimi, seksiyada iki mexanik olur. Bu onu təsdiq edir ki, mexaniklər eyni işi yerinə yetirirlər və onların hər biri - istər sadəcə mexanik, istərsə də üzərinə briqadaya rəhbərlik funksiyaları qoyulmuş diyər mexanik növbətçilik əsasında seksiyanın xidməti (istismarı) ilə bağlı eyni vəzifə funksiyalarını yerinə yetirirlər. Hər iki mexanik qrafik əsasında (sutkanın saat bölgüsünə əsasən) növbətçi mexanik olur.

3. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin 28 mart 2024-cü il tarixli 13-1/2-S-983/1-42/2024 nömrəli sizə dair arayışında xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2001ci il, xx.xx.2006-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunub. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifəyə aid deyil. Buna görə də, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 9 gün (xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2019-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçı X.X9 müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətə baxılaraq İddiaçı xx.xx.2024-cü il tarixli 3-17-1/2-J-204325/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı X.X7 təqdim etdiyi "xxxx" QSC-nin 28 mart 2024-cü il tarixli 13-1/2-S-983/1-42/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1995-ci il, xx.xx.1996-xx.xx.2001-ci il, xx.xx.2006-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifəyə aid deyildir. Buna görə də, onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 9 gün (xx.xx.1979- xx.xx.1980-cı il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.2001- xx.xx.2002-ci il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2019-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmənin sorğusuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı ADY-nin Ələt liman stansiyasında xx.xx.1979-cu il tarixindən xx.xx.1980-ci il tarixinədək, X11 vaqon deposunda xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 25-ci (kod: 23001000—23598) abzaslarında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. İddiaçı X11 və Şərq vaqon depolarında xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki və X13 xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifələri isə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə güzəştli iş stajı 29 il 10 ay 23 gün təşkil edir. Bununla yanaşı, İddiaçı ADY-də işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçı ADY-də əmək fəaliyyətinə dair sənədlərin surəti məhkəməyə təqdim edilir.

6. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

7. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

9. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

14. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

15. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir.

16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

17. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

20. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

21. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

22. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

23. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

26. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.

27. Əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

28. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).

29. xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi - yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

30. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi - yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);

31. 10.03.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

33. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır, lakin bununla belə normanın geriyə tətbiqinin mümkünlüyü də nəzərdən keçirilməlidir.

34. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən: -Konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl mövcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: -fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; -hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən... ...Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür.

IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

35. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1974-cü il tarixdə başlamış, xx.xx.1975-xx.xx.1977-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur.

36. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajı bağlı mübahisə yoxdur.

37. Cavabdeh iddiaçının güzəştli iş stajının 7 il 9 gün mövcud olduğunu əsas gətirmişdir. Belə ki, cavabdeh tərəfindən "xxxx" QSC-nin güzəştli arayışlarına əsasən xx.xx.1979xx.xx.1980-cı il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.2001xx.xx.2002-ci il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2019-xx.xx.2022-ci il, xx.xx.2022xx.xx.2023-cü il tarixlərdə güzəştli əmək şəraitində işlədiyi 7 il 9 gün müddəti güzəştli iş stajına daxil edilmiş, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1996xx.xx.2001-ci il, xx.xx.2006-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2019-cu il tarixlərdə işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir.

38. İddiaçının mübahisələndirilən iş stajına münasibətdə məhkəmə qeyd edir: - 10 oktyabr 1974-cü il tarixli əmək kitabçasından görünür ki, iddiaçı X11 və Şərq vaqon depolarında 01 yanvar 1991-ci il tarixindən 25 sentyabr 1992-ci il tarixədək, 04 dekabr 1992-ci il tarixindən 13 noyabr 1995-ci il tarixinədək, 04 iyun 1996-cı il tarixindən 09 aprel 2001-ci il tarixinədək, 05 iyun 2006-cı il tarixindən 28 sentyabr 2018-ci il tarixinədək və 18 oktyabr 2018-ci il tarixindən 03 oktyabr 2019-cu il tarixinədək refrijerator seksiyaların rəhbər mexaniki işləmişdir. X13 xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifəsində işləmişdir.

39. Cavabdeh tərəfindən isə iddiaçının həmin illərdə işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifənin işəgötünənin arayışında istinad olunan Siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə aid olmamasını əsas gətirmişdir.

40. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh izibati orqan iddiaçının çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsini, eyni zamanda refrijerator seksiyaların böyük mexaniki vəzifəsini güzəştli peşə hesab etməsinə baxmayaraq, refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsini güzəştli pensiya hüququ verən peşələrin siyahısına aid etməməkdə haqlı olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.

41. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

42. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs - "xxxx" QSC tərəfindən təqdim edilən vəzifə təlimatlarından bəlli olur ki, iddiaçının X13 xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifəsi - Refrijerator seksiyalarına texniki xidmət göstərmək və istismarına dair göstərişləri yerinə yetirmək; Briqadaya rəhbərlik etmək, seksiyalara xidmət vaxtı əmək intizamının yerinə yetirilməsini tələb etmək; Briqada üzvlərinin təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək; Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin etmək; Vaqonların düzgün və bərabər istifadəsinə nəzarət etmək; Yüklənmə vaxtı vaqonların işıqlanmasını təmin etmək; Yüklər vaqonlara yükləndikdən sonra, həmin yük üçün zəruri temperaturun müəyyənləşdirilməsini təmin etmək, temperaturuna riayət etməklə daşınmasını və yüklər yolda olduğu müddət ərzində və son təhvil stansiyasına çatdırılanadək yol boyunca nəzarətdə saxlamaq; Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb etmək; Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb etmək; Yanacaqdan normaya uyğun istifadəsini və qənaətini təmin etmək;Texniki sənədləri səliqəli saxlamaq, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istismar olunması hesabatını aparmaq; Refrijerator seksiyasının vaxtında təchizat olunmasını təmin etmək; Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmin etmək, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürmək; Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət etmək, yükün sonra daşınması haqqında xüsusi komissiya tələb etmək, teleqramın surətini dəmir yolunun yük daşıma xidmətinə göndərmək, Əmək və istehsalat intizamı pozulduqda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq etmək, ehtiyac olduqda mexaniki əvəz etmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.

43. "xxxx" QSC tərəfindən verilən refrijerator seksiyaların rəhbər mexanikinin vəzifə borcundan görünür ki, iddiaçının X11 və Şərq vaqon depolarında xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifələrində - başlıca vəzifə öhdəliyi işə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirmək, briqadaya rəhbərlik etmək, briqada üzvlərinə təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək, xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasnı təmin etmək, vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət etmək, yükləmə vaxtı vaqonların işıqlanmasını təmin etmək, Yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin etmək, ref. seksiyanın vaxtında təchizat olunmasını təmin etmək, vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir etmək, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürmək, avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə növbəti stansiyaya teleqramla müraciət edb (tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb etmək, ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin etmək, depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak etmək, lazım olduqda mexaniki əvəz etmək və s.dən ibarət olmuşdur.

44. İddiaçının həmin vəzifələrdə başlıca xidməti “vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir etmək, ref. seksiyanın vaxtında təchizat olunmasını təmin etmək, seksiyalara texniki xidmət göstərmək, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək, yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin etmək, xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasnı təmin etmək, lazım olduqda mexaniki əvəz etmək - vaqonların boşaldıb təmizlənməsində iştirak, lazımi temperaturu saxlamaq, yanacağın qədərin ölçmək və s.” olduğu müəyyən olunur.

45. Göründüyü kimi, iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri refrijerator seksiyaların mexaniki və refrijerator seksiyaların böyük mexaniki vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən ona bərabər tutularaq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.

46. Belə ki, iddiaçının xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1996- xx.xx.2001, xx.xx.2006-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2019-cu illəri əhatə edən dövrlərdə "xxxx" QSC - X11 və Şərq vaqon depolarında işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi - 2 №-li Siyahının XXVİİİ. Nəqliyyat bölməsindəki 23001000 şifrəli “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində şifrə 23001000—23598 ilə göstərilmiş “erefrijerator qatarların (seksiyaların) mexanikləri” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “21. Nəqliyyat” bölməsinin “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.

47. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə (xx.xx.2006-cı ilədək olan dövr nəzərdə tutulur) güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi onun əmək kitabçası, işəgötürən müəssisə - "xxxx" QSC-nin arayışı, müvafiq əmrlər ilə təsdiqlənir.

48. Nəticə etibarı ilə iddiaçının ən azı 25 il ümumi stajı, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992xx.xx.1995, xx.xx.1996-xx.xx.2001-ci tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 12 il 6 ay güzəştli iş stajı mövcuddur.

49. Məhkəmə cavabehin imtinasını əsassız hesab edərək qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

50. Məhkəmə nəzərə alır ki, iddiaçının güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandığından ona güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinin şərtləri ödənilməlidir.

51. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və 57 yaşının tamam olduğu 28 sentyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

52. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

53. Nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2013-cü il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə pensiya təyin edilməsi üçün müraciət etmişdir.

54. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmişdir). Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir (30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir).

55. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

57. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar