Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3249/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu X2 qarşı “yolun açılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə Bələdiyyəsinin 07 oktyabr 2004-cü il tarixli 1206/1 saylı Sərəncamı əsasında fərdi ev tikintisi üçün alqı-satqı edilmiş cizgi-plan əsasında naturada yeri təyin olunmuş, torpaq sahəsinə gedən, C.Cabbarlı küçəsinə paralel ümumi istifadə təyinatlı dalan yolunun tikilməsi (açılması) və təşkili öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Binəqədi qəsəbə sakini İddiaçı Binəqədi qəsəbə Bələdiyyəsinin 07 oktyabr 2004-cü il tarixli 1206/1 saylı Sərəncamı əsasında fərdi ev tikmək üçün 6 sot ölçüdə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsinə paralel dalan yolunda Binəqədi qəsəbə Bələdiyyəsinin təsdiq etdiyi cizgi-planda göstərilən koordinatlarda yerləşir. Binəqədi qəsəbə Bələdiyyəsinin sərəncam və cizgisi əsasında torpaq sahəsinə gedən dalan döngəsi və müəyyən olunmuş gediş-gəliş yolu, yaşayış massivində yaşayan sakinlərə heç bir maneə yaratmamaqla, onların da mənafeyinə uyğundur. Belə ki, həmin dalan keçid yolu Binəqədi qəsəbə ərazisinə daxil olan, kənd yaşayış evlərinin sakinlərinin köhnə vaxtlardan istifadəsinə aid olan yoldur. Bu keçid yolunun abadlaşdırılması, tikilməsi, dalanın müəyyən edilməsi barədə Binəqədi İcra Nümayəndəliyinə, X2 müraciətlərinə bu dalanın abadlaşdırılacağı, qurulacağı ilə bağlı tədbir görüləcəyi şifahi cavablandırılsa da, lakin reallıqda həllini tapmamışdır. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Belə ki, onun ailəsinə torpaq sahəsinə gediş-gəliş dalanı Bələdiyyənin təsdiq etdiyi cizgi-planlarda, ümumi istifadə gediş-gəliş yolu kimi göstərilir və həmin dalandan nəqliyyatın, piyadaların gediş-gəlişi üçün təhlükəsizlik şəraitin yaradılması, dalanın abadlaşdırılması, ad və ünvan verilməsinin təşkili yerli icra hakimiyyəti orqanlarının və Bələdiyyənin üzərinə düşən vəzifələrə daxildir. Həmin dalan onunla yanaşı digər qonşular və sakinlər tərəfindən də istifadə edilən ümumi istifadə yoludur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsi təmin olunacağı halda qərarın icra ediləcəyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 120611 nömrəli, 07 oktyabr 2004-cü il tarixli vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında Sərəncamından görünür ki, Bakı şəhər sakini İddiaçı ərizə ilə X2 müraciət edərək boş torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19-cu maddəsinin 4-cü bəndini, 33-cü maddəsinin 3-cü bəndini, “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini əsas tutaraq, Binəqədi rayon İcra Hakimiyyətinin razılığına əsasən Binəqədi qəsəbə bələdiyyəsinin Nizamnaməsinə uyğun olaraq, vətəndaşın ehtiyacı olduğu nəzərə alınmış, onun rəsmi müraciətinin qanunla müəyyən olunmuş qaydada təmin edilməsi mümkün sayılmışdır. Qeyd edilənləri və Binəqədi qəsəbə bələdiyyəsinin 3 sentyabr 2004cü il tarixli 82 saylı ümumi iclasın qərarını əsas tutaraq Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 600 kv. metr boş torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasına dair sərəncam verilmişdir. Həmin sərəncama əlavə edilmiş cizgidən görünür ki, iddiaçıya ayrılması nəzərdə tutulan əraziyə Cəfər Cabbarlı küçəsindən yol nəzərdə tutulmuşdur. İddiaçı həmin torpaq sahəsinə gediş gəliş dalanının daxili vəsait hesabına tikilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının bu müraciətini cavablandırmamışdır. Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 03 may 2023-cü il tarixli məktubunda isə qeyd olunmuşdur ki, İddiaçı sahiblik və istifadəsinə Binəqədi qəsəbə İnzibati ərazisində ev tikintisi təyinatlı 600 kv.metr torpaq sahəsinin ayrılması barədə xx.xx.2004-cü il tarixli 1206/1 saylı Qərarı torpaq sahəsinin cizgi planı alqı-satqı aktı, ödəniş qəbzi mövcuddur. Qeyd olunan sahə yaşayış mövcud olan ərazidə dalan yolunda yaşayış massivində yerləşir. Həmin ərazidə evlərə və bu torpaq sahəsinə dalan, gediş-gəliş yolu nəzərdə tutulub. Kanalizasiya çəkilişləri ilə bağlı yolun İddiaçı həyət sahəsinə gedən hissəsində gediş-gəliş yararsız vəziyyətə düşmüşdür. Odur ki, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən dalan yollarının yenidən qurulması ilə bağlı inzibati ərazi – inkişaf planlarının həyata keçirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, birincisi, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndinə görə eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, cavabdeh sərəncamla iddiaçının mülkiyyətinə müvafiq torpaq sahəsini ayırmış, bundan sonra tərəflər arasında alqı-satqı müqaviləsi baş tutmuşdur. İddiaçı hazırda həmin müqavilə üzrə ayrılmış torpaq sahəsinə ona verilmiş cizgidə göstərilən yolun açılmasını xahiş edir, hansı ki, iddiaçının bu tələbi onunla cavabdeh arasında olan alqı-satqı müqaviləsindən irəli gəlir. Yəni iddiaçının ona ayrılmış torpaq sahəsinə dair zəruri gediş-gəlişin təmin edilməsindən ibarət olan bu tələb hüququ inzibati orqan kimi bələdiyyənin deyil, iddiaçıya torpaq sahəsi satan bələdiyyənin satıcı kimi hüquqi statusundan irəli gəlir. Torpaqla bağlı müqavilələrdən irəli gələn mübahisələrə isə bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İnzibati orqan kimi bələdiyənin yol çəkməsinin onun vəzifəsi olması məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən yerli sosial müdafiə proqramları bələdiyyə tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar müəyyən edir. Həmin təminatlar mütəmadi və birdəfəlik ola bilər. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, bələdiyyə yollarının tikilməsi və saxlanılması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, media subyektlərinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına gənclərin sosial hüquqi müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər. Göründüyü kimi, qanunvericiliyə əsasən bələdiyyə yollarının tikilməsi bələdiyyənin diskresion səlahiyyətinə aid edilməklə yerli sosial inkişaf proqramlarında nəzərdə tutulduğu hallarda həyata keçirilir, hansı ki, həmin proqramlar bələdiyyə iclaslarında həll edilən məsələ olmaqla bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı inzibati orqan kimi bələdiyyənin yol çəkmək vəzifəsinin olmasına istinad edərək ona qarşı hazırkı məzmunda tələb irəli sürə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3249/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3249/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver