Məhkəmə qərarları › İş №2-1(112)-3251/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3251/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3251/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və pensiya kapitalının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək DSMF-də yığılan kapitalının hesablanıb verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü il yanvar ayının 10-dan etibarən təqaüdə çıxmışdır. Dövlət qulluqçusunun pensiya təyini haqqında qanunun 2-ci bəndinə əsasən məcburi dövlət sosial fonduna dövlət büdcəsindən əlavə olunan pensiya kapitalı yanvar ayından indiyə qədər hesablanmır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli əmək pensiyasının hesablanması haqqında məktubunda qeyd olunmuşdur ki, iddiaçıya 10 yanvar 2023-cü il tarixindən 799,67 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Təqdim etdiyi müvafiq arayışa əsasən əmək pensiyası məbləği cari ilin may ayından 799,67 manatdan 980,95 manata artırılıb, həmçinin xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 1456,36 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 728,18 manat hissəsi cari ilin may ayında iddiaçıya ödənilib, qalan 728,18 manat hissəsinin isə cari ilin iyun ayında pensiyasının (980,95 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsində qeyd olunmuşdur ki, icraatda olan 2-1(112)-15392/2023 nömrəli iş üzrə iddia tələbi əsassızdır və mümkün hesab edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsini rəhbər tutaraq işə dair yazılı münasibətini təqdim edir. İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək qeyd etmişdir ki, ona xx.xx.2023-cü il tarixdə təyin edilmiş dövlət qulluqçusu kimi pensiya düzgün hesablanmamış və onun pensiya kapitalı istifadə edilməmişdir. İnzibati orqan iddiaçının müraciətinə uyğun olaraq bildirmişdir ki, iddiaçıya 3-1 7-1/3-7-5839/2023 nömrəli xx.xx.2023-cü il tarixli inzibati aktia dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, cavabdeh orqan iddiaçının müraciətinə uyğun olaraq onun yaşa görə əmək pensiyasını yenidən hesablamışdır, nəticə etibarilə, iddiaçıya ünvanlanan məktub imtina məktubu deyil yenidən hesablanma barədə iddiaçıya verilən məlumatdır. Buradan da aydın olur ki, cavabdeh orqan iddiaçının hər hansı hüququnu və ya qanunla qorunan maraqlarını pozmamışdır. Əlavə olaraq bildirilir ki, iddiaçı, “pensiyanın düzgün hesablanması” barədə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və buna uyğun olaraq iddianın mümkün hesab edilməməsi barədə xx.xx.2023-cü il tarixli 2-1 (112)- 12133/2023 nömrəli qərardad qəbul edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində iddiaçının qərardaddan şikayət verməməsi, məhkəmənin qəbul etdiyi qərardaddan, eləcə də cavabdeh orqan tərəfindən ona təyin edilmiş pensiyadan razı olduğu anlamına gəlir. Beləliklə, iddiaçı iddia ərizəsində cavabdeh orqanın inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi səbəbindən onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı icraatda olan 2-1 (112)-15392/2023 nömrəli iş üzrə İddiaçı “pensiya kapitalının verilməsi” tələbinə dair iddiasının mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir.

5. İddiaçı daha sonra məhkəməyə müraciət edərək iddia tələbinin “Yasamal Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində yığılan məzuniyyət pulunun hesablanması və pensiya kapitalının hesablanaraq pensiyanın üzərinə əlavə edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.

6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Yasamal Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində yığılan məzuniyyət pulunun hesablanması və pensiya kapitalının hesablanaraq pensiyanın üzərinə əlavə edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir

7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, icraatda olan 2-1 (112)-3251 /2024 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edir. İddiaçı iddia tələbini dəqiqləşdirərək dövlət qulluqçusu kimi pensiyası hesablanarkən məzuniyyət pulunun nəzərə alınmasını xahiş etmişdir. Bildirilir ki, iddiaçıya cavabdeh orqan tərəfindən 10 yanvar 2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə onun vəzifə maaşı 730,00 manat, qulluq stajına görə əlavəsi 192,21 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 243,33 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 71,18 manat olmaqla orta aylıq əmək haqqı 1316,72 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il 2 ay 4 gün dövlət qulluğu stajına uyğun olaraq onun orta aylıq əmək haqqının (1316,72 manat) 74,50 faizi-980,95 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa, adıçəkilən şəxsin əmək pensiyası 980,95 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilir: -əmək pensiyasının sığorta hissəsi-431,31 manat; -qulluq stajına görə əmək pensiyasına əlavəsi-549,64 manat. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək pensiyası təyin edilərkən həmin tarixədək topladığı pensiya sığorta kapitalı nəzərə alınmışdır. İddiaçının pensiyası hesablanarkən aldığı məzuniyyət pulu isə nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89.1-ci maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Məcəllənin 154.1-ci maddəsinə əsasən isə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Buradan da aydın olur ki, əmək haqqının tam ödənilməsi halı işçinin qanunvericiliklə nəzərdə tutulmuş iş vaxtı ərzində öz funksional vəzifələrini tam gördükdə olur. Şəxs məzuniyyətə çıxdıqda yəni iş vaxtı natamam həyata keçirildikdə iddiaçının tam əməkhaqqı alması halı müşahidə oluna bilməz. Məcəllənin 111.1 -ci maddəsində də qeyd edildiyi kimi məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Bununla yanaşı Məcəllənin 141-ci maddəsində qeyd edilmişdir: 1. Əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosialməişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir. 2. Müvafiq icra hakimiyyəti orqanı, həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün bu maddənin birinci hissəsində nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir. Məcəllənin 175.2-ci maddəsinin ç) bəndinə əsasən müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu əməkhaqqından tutulan ödənişə daxildir. Nəticə etibarilə, iddiaçının təqdim etdiyi Yasamal rayon icra hakimiyyətinin arayışında məzuniyyət pulu qeyd edilən aylarda əməkhaqqının məbləğində həmin ay üzrə azalmalar müşahidə edilməli idi. Yuxarıda sadalanan qanunvericiliyin tələblərindən də görünür ki, iddiaçı yalnız tam iş vaxtı ərzində işlədiyi dövrün əməkhaqqısını alır, məzuniyyətə çıxdıqda isə orta əməkhaqqısına əsasən məzuniyyət pulu hesablanmalıdır. Hazırki arayışda isə əməkhaqqına dair arayışlar təqdim olunmadığından cavabdeh orqan iddiaçının məzuniyyət pulu aldığı dövrlərdə aldığı əməkhaqqını tam olaraq müəyyən edə bilmir. Buna uyğun olaraq həmin ödənişlərin məzuniyyət pulu olmadığı nəticəsinə gəlinmişdir. İddiaçının iddia tələbinin ikinci hissəsində isə qeyd edilir ki, ona pensiya təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmamışdır. İddiaçıya pensiya təyin edilərkən pensiya kapitalının nəzərə alınmadan təyin edilməsi mümkün deyildir. İddiaçı pensiyası təyin edilərkən nəyə görə pensiya kapitalının nəzərə alınmadığını nə hüquqi, nə də faktiki əsaslandırmışdır. Cavabdeh orqan isə pensiyanın hesablanma qaydasını yuxarı göstərərək iddiaçının pensiyası hesablanarkən onun pensiya kapitalının nəzərə alındığı sübut etmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfidən qəbul edilmiş əmək pensiyasının yendiən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-5839/2023 nömrəli qərarında qeyd edilmişdir ki, 377,81 manat pensiya məbləği yenidən hesablanaraq 799,67 manat olmuşdur.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfidən qəbul edilmiş əmək pensiyasının yendiən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-9282/2023 nömrəli qərarında qeyd edilmişdir ki, 799,67 manat pensiya məbləği yenidən hesablanaraq 980,95 manat olmuşdur.

10. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayışa əsasən X1 2009-2013-cü illər ərzində 2174,78 manat məzuniyyət pulu qeydə alınmışdır.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən təqdim olunan Əmək pensiyasının hesablanması haqqında məktubunda bildirilmişdir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 10 yanvar 2023-cü il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 730,00 manat, qulluq stajına görə əlavə 192,21 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 243,33 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəniz 71,18 manat olmaqla orta aylıq əmək haqqı 1316,72 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11,2-ci maddəsinə əsasən 23 il 2 ay 4 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqı (1316,72 manat) 74,50 faizi-980,95 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Bundan başqa, əmək pensiyası 980,95 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilir: -əmək pensiyasının sığorta hissəsi-431,31 manat; -qulluq stajına görə əmək pensiyasına əlavə-549,64 manat. Əlavə olaraq bildirilir ki, iddiaçıya əmək pensiyası təyin edilərkən həmin tarixədək topladığı pensiya sığorta kapitalı nəzərə alınıb.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xidməti məktubdan görünür ki, İddiaçı Mərkəzi Filial tərəfindən 10 yanvar 2023-cü il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə onun vəzifə maaşı 730,00 manat, qulluq stajına görə əlavəsi 192,21 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 243,33 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi: 71,18 manat olmaqla orta aylıq əmək haqqı 1316,72 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 23 il 2 ay 4 gün dövlət qulluğu stajına uyğun olaraq onun orta aylıq əmək haqqının (1316,72 manat) 74,50 faizi- 980,95 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa adı çəkilən şəxsin əmək pensiyası 980,95 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilir: əmək pensiyasının sığorta hissəsi-431,31 manat; -qulluq stajına görə əmək pensiyasına əlavəsi-549,64 manat. Əlavə olaraq bildirilir ki, İddiaçı əmək pensiyası təyin edilərkən həmin tarixədək topladığı pensiya sığorta kapitalı nəzərə alınıb.

13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 10 yanvar 2023-cü il tarixindən 799,67 manat məbləğində sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin təqdim etdiyi müvafiq arayışa əsasən əmək pensiyasının məbləği 2023-cü ilin may ayından 799,67 manatdan 980,95 manata artırılıb, həmçinin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 1456,36 manat pul vəsait hesablanıb. Həmin vəsaitin 728,18 manat hissəsi 2023-cü ilin ilin may ayında ona ödənilib, qalan 728,18 manat hissəsinin isə həmin ilin iyun ayında adıçəkilən şəxsin pensiyasının (980,95 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edlməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

16. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

17. İddia tələbi Yasamal Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində hesablanan məzuniyyət pulunun nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması hissəsində mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Məhkəmə qeyd edir ki, mübahisə Yasamal Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində hesablanmış məzuniyyət pulu nəzərə alınaraq pensiyanın yenidən hesablanması ilə bağlıdır.

19. Cavabdeh qurumun etirazında bildirilmişdir ki, iddiaçının pensiyası hesablanarkən aldığı məzuniyyət pulu nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89.1-ci maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Məcəllənin 154.1-ci maddəsinə əsasən isə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Buradan da aydın olur ki, əməkhaqqının tam ödənilməsi halı işçinin qanunvericiliklə nəzərdə tutulmuş iş vaxtı ərzində öz funksional vəzifələrini tam gördükdə olur. Şəxs məzuniyyətə çıxdıqda yəni iş vaxtı natamam həyata keçirildikdə iddiaçının tam əməkhaqqı alması halı müşahidə oluna bilməz.

20. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

21. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir.

25. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən, həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydaların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.

26. “Sosial sığorta haqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində (Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri) sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanır. 21 oktyabr 2005-ci il tarixli 1029-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1082) ilə 15ci maddənin mətni yeni redaksiyada verilmişdir. Həmin maddəyə əsasən, məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan gəlir növləri istisna olunmaqla (yəni həmin maddədə sadalanan) əmək ödənişinin və gəlirlərin bütün digər növləri üzrə hesablanır.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı”nda əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əmək haqqı nəzərə alınan ödənc hesab edilmişdir.

28. Beləliklə, qeyd edilən normaların təhlilinə əsasən məhkəmə müəyyən edir ki, məzuniyyət pulu “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi istisna olunmayan gəlirdir. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün arayışa əsasən X1 2009-2013-cü illər ərzində 2174,78 manat məzuniyyət pulu ödənilmiş və həmin məbləğ əmək haqqısının tərkib hissəsi kimi nəzərə alınmışdır. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə uyğun olaraq dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınmalıdır.

29. Məhkəmə qeyd edir ki, iddiaçıya işəgötürən tərəfindən məzuniyyət pulu kimi ödənilmiş 2174,78 manat əmək haqqının tərkib hissəsi olsa da, əmək pensiyasının hesablanması zamanı cavabdeh tərəfindən nəzərə alınmamışdır.

30. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi Yasamal Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində ödənilmiş məzuniyyət pulu nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddiaçı iddia tələbi “2009-2013-cü illərdə Yasamal Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi müddət ərzində ödənilmiş məzuniyyət pulu nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” hissəsində təmin edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar