Məhkəmə qərarları › İş №2-1(112)-3252/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3252/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3252/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 12 iyun 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin edilmiş və daha sonra azaldılmış əmək pensiyası məbləğinin əvvəlki (qanuni) səviyyəsinə, yəni əmək pensiyasının məbləğinə edilmiş əlavələr də nəzərə alınmaqla aylıq ən azı 2191,19 manat səviyyəsinə qaytarılması, iddiaçının pensiya məbləğindən pul vəsaitlərinin tutulmasının qanunsuz hesab edilməsi, iddiaçının pensiya məbləğindən tutulmuş, habelə gələcəkdə də tutulması nəzərdə tutulan pul məbləğlərinin birdəfəlik qaydada iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-11421/2023 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci ildə Ermənistan Respublikası, Basarkeçər rayonunun Zərkənd kəndində doğulmuşdur. xx.xx.1993-cü il tarixində müddətli həqiqi hərbi xidmətə çağrılmış, 1994-cü ilin iyul ayında isə Bakı Ali Hərbi Dənizçilik məktəbinə qəbul olmuşdur. 1998-ci ilin iyul ayında Bakı Ali Hərbi Dənizçilik məktəbini bitirmişdir. Elə həmin dövrdən xx.xx.2021-ci il tarixinədək 28 il 1 ay müddətində Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etmiş və polkovnik- leytenant hərbi rütbəsi ilə ordu sıralarından xəstəliyə görə tərxis olunmuşdur. Beləliklə də xx.xx.2021-ci il tarixindən etibarən hərbi xidmətini başa vuraraq pensiyaya çıxmış, sonuncu artımla əlaqədar olaraq aylıq 2.190 AZN məbləğində pensiya almışdır. Həmçinin xx.xx.2022-ci il tarixindən etibarən AR Müdafiə Nazirliyinin Tibb İdarəsində dövlət qulluqçusu (hərbi deyil, mülki xarakterli vəzifəyə) kimi işə qəbul olunmuşdur. Qeyd edilən mülki xarakterli vəzifəninin icrası zamanı da əmək haqqı ilə birlikdə pensiyasını 2023-cü ilin may ayına qədər problemsiz şəkildə almağa davam etmişdir. 2023-cü ilin iyun ayında pensiya məbləği bank hesabına köçürülməmiş və bu səbəblə də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Xüsusi rütbəlilərlə pensiya şöbəsinə yaxınlaşmış və bu halın səbəbini öyrənməyə çalışmışdır. Vətəndaşa şifahi olaraq bildirilmişdir ki, pensiyaların dayandırılma səbəbi İddiaçı dövlət qulluqçusu kimi əmək fəaliyyətini davam etdirməsi olmuşdur. Belə ki, dövlət qulluqçusu olduğu üçün əmək pensiyası 50 % miqdarında azaldılmış və indiyə qədər ona əmək pensiyasının 50 %-i miqdarında artıq ödənilmiş məbləğlər dövlət nəfmə tutulmaqdadır. Bununla razılaşmayan iddiaçı ərizə ilə cavabdehə müraciət etmiş və ona təyin edilmiş, lakin daha sonra azaldılmış əmək pensiyası məbləğini əvvəlki (qanuni) səviyyəsinə qaytarılmasına və ondan tutulmuş pul məbləğinin birdəfəlik qaydada qaytarılmasını və ümumilikdə pensiya hüququna dair pozulmuş bütün hüquqlarının bərpa və kompensasiya edilməsini tələb etmişdir. Cavabdehin 31 avqust 2023-cü il tarixli cavab məktubu ilə iddiaçının tələbi yerinə yetirilməmişdir. 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranı və habelə Azərbaycan Ordusunda qüsursuz 25 il xidmətə görə Silahlı Qüvvələr veteranı adma layiq görülmüş və habelə cavabdeh orqanın da qəbul etdiyi kimi ümumilikdə 41 il 1 ay 13 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajına sahib iddiaçının hal-hazırda hüquqları pozulmaqdadır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada iddiaçıya 13 noyabr 2021-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 41 il 1 ay 13 gün xidmət müddətinə görə təminat xərcliyinizin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzi Filial tərəfindən verilmiş sorğuya cavab olaraq iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən daxil olmuş məlumatlara əsasən xidmətdən ehtiyata buraxıldıqdan sonra 21 fevral 2022-ci il tarixindən Müdafiə Nazirliyində dövlət qulluqçusu kimi işlədiyi bildirilib. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Lakin iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işə qəbul edilməyi ilə bağlı Mərkəzi Filiala hər hansı məlumat daxil olmayıb. Qanunun 37.3.1ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4cü maddəsinə əsasən Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Buna görə də, cari ilin iyun ayında iddiaçının əmək pensiyası yenidən hesablanaraq pensiyasının (1991,99 manat) sığorta hissəsi tam (175,99 manat), qulluq stajına görə əlavə isə 50 faiz miqdarında (1991,99- 175,99=1816,00x50%=908,00 manat) olmaqla ümumilikdə 1083,99 (175,99+908,00) manat məbləğində (xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 945,07 manat olmaqla) hesablanıb. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası xx.xx.2022-ci il tarixindən yenidən hesablanaraq ona ümumilikdə 13950,81 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 13950,81 manat vəsait cari ilin iyul ayından etibarən hissə-hissə iddiaçının əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 1192,39 manat müəyyən edilib. Eyni zamanda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 23 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmişdir. Bundan sonra əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia üzrə birinci tələb (qərarın ləğv edilməsi) mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İrəli sürülmüş iddia üzrə ikinci tələb (tutulmaların qanunsuz hesab edilərək tutulmuş məbləğlərin geri qaytarılması) öhdəliyin haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli “Əmək pensiyasının təyin edilməsi haqqında” qərarın surətindən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən 1736,70 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-11421/2023 “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, dövlət qulluğuna qəbul olması ilə əlaqədar iddiaçının pensiya məbləği 2191,19 manatdan 1192,39 manata endirilmişdir. “Pensiya təyinatı” altsistemindın çıxarışdan görünür ki, iddiaçının pensiyasından bugünədək aparlmış tutulmanın məbləği 1364,976 manat olmuşdur. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. ... 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; ... 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. 37.3.5. bu qanunun 20.1.11-ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-11421/2023 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi;

2. Tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması. Məhkəmə birinci tələbə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçının hərbi qulluqçu kimi pensiyaya çıxdıqdan sonra, Müdafiə Nazirliyində dövlət qulluqçusu kimi işləməsi işin mübahisəsiz halıdır. Mübahisə predmeti inzibati aktın qəbul edilməsinin maddi hüquqi əsasını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsi təşkil edir. Həmin maddədə aydın və konkret şəkildə göstərilmişdir ki, bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (... 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə...) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd edilən qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş (hərbi qulluqçu) şəxs kimi, həmin qanunun 20.1.8-ci maddəsində (dövlət qulluqçusu) göstərilən vəzifədə çalışan iddiaçıya qulluq stajına görə əmək pensiyasına əlavələrin 50 faiz həcmində ödənilməsi qanunun 37.3.4-cü maddəsinə uyğundur. İddiaçının hərbi vəzifə üzrə deyil, mülki vəzifədə çalışması ilə bağlı dəlilləri əsassızdır. Belə ki, iddiaçı qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə, yəni hərbi vəzifədə (20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışsa ona həmin əlavənin ödənilməsi dayandırılacaqdı. Hərbi vəzifə olmadığından 50 faiz həcmində ödənilir. Məhkəmə ikinci tələbə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin tutulmaların aparılmasına dair hərəkətləri qanunsuz hesab olunduğundan onun nəticələri də aradan qaldırılmalı iddiaçıya ödənilən pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia “tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” hissəsində təmin edilməli, qalan hissə isə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia “tutulmaların qanunsuz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” hissəsində təmin edilsin. Cavabdehin İddiaçı pensiya məbləğindən tutulmalar aparması qanunsuz hesab edilsin və tutulmuş pensiya məbləği geri qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar