Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3253/2023 13.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinə qarşı «əmək müqaviləsinin altsistemdən çıxarılması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X3 Xidmətinə qarşı «əmək müqaviləsinin altsistemdən çıxarılması» tələbini irəli sürərək iddia ərizısi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı cavabdeh X4rşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(007)-2688/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Beləliklə də, X7 (VÖEN **********) ilə İddiaçı arasında bağlanmış xxxxxxx00100 saylı əmək müqaviləsinə xitam verilmişdir. Lakin həmin qətnamədə əmək müqaviləsi bildirişinə xitam verilməsi ilə bağlı öhdəlik qoyulmadığından, icrası təmin edilməmişdir. Ona görə də əmək müqaviləsi bildirişi Xidmətin mərkəzləşdirilmiş elektron sisteminin altsistemində qalmışdır. Bu isə, iddiaçının başqa yerdə işləməsinə, yeni əmək müqaviləsi bağlamasına məhdudiyyətlər yaradır. Altsistemdə həmin əmək müqaviləsi ləğv edilmədiyindən, yeni müqavilə əsasında iddiaçını işə qəbul etmirlər. İddiaçının bununla bağlı cavabdeh AR ƏƏSMN yanında X3 Xidmətinə müraciətinə imtina cavabı verilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, İPM-in 8.1.2, 73.1, 73.2-ci maddələrinə əsaslanaq, məhkəmə qətnaməsi ilə xitam verilmiş xxxxxxx00100 saylı əmək müqaviləsinin mərkəzləşdirilmiş elektron sistemin altsistemindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, işəgötürən X7 ilə aralarıda xitam verilməmiş əmək müqaviləsi mövcuddur. Əmək münasibətlərindən irəli gələn tələblər fərdi əmək mübahisəsi olduğu və bu mübahisə mülki xarakter daşıdığı halda iddiaçı qeyd olunan mübahisə ilə bağlı inzibati məhkəməyə müraciət etmiş, bununla da məhkəmə aidiyyəti normaları pozulmuşdur. AR Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» AR Qanununun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. AR Mülki Prosessual Məcəlləsinin 24.2ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında göstərilir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçı eyni iddia tələbi ilə bağlı ümumi məhkəməyə müraciət etmiş və iddia ərizəsində əmək müqaviləsinə xitam verilməsi tələbini göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə əmək müqaviləsinə xitam vermişdir. Hazırda isə, eyni iddiaçı eyni əmək müqaviləsi ilə bağlı fərqli hallar irəli sürmüş və bildirdiyinə görə işəgötürən tərəfindən hüquqlarının pozulması ilə bağlı məsələni aidiyyət qaydalarını pozaraq inzibati məhkəmədə araşdırılmasını xahiş etmişdir. Belə olan halda, qeyd olunan mübahisənin araşdırılması və eyni əmək müqaviləsinə fəqli qiymət verilməsi məqsədəmüvafiq hesab edilə bilməz. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2(007)-2688/2020 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh X7 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bildirişin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçı ilə İddiaçı ilə cavabdeh X7 arasında olan əmək müqaviləsinə hüquqi qiymət verilmiş və həmin müqaviləyə xitam verilmişdir. Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələb Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. AR Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı qərarı ilə təsdiq edilmiş «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə əsaslnaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə görə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələri sırasına aiddir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsinə görə aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: (1-1.1) fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; (1-1.2) fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; (1-1.3) fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; (1-1.4) Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; (1-1.5) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ına görə: - (3.2-ci bənd) Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir; - (3.4-cü bənd) Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik inzibati məhkəmə icraatında əmək mübahisələrinə (dövlət qulluğu sahəsi istisna olmaqla), o cümlədən əmək müqaviləsinə xitam verilməsi məsələsi ilə bağlı mübahisələrə baxılmasını nəzərdə tutmur. İddiaçı hazırda mahiyyətcə “əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi” tələbini irəli sürür və o, qarşıya qoyduğu məqsədinə çatmaq baxmından həmin tələblə hazırkı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, işəgötürənə qarşı mülki məhkəmə icraatı qaydasında müvafiq tələblə çıxış edə bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti haqqında» Əsasnamənin 3.1.3-2-ci bəndinə görə X3 Xidmətinin vəzifələri sırasına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda işçinin elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul etmək, bununla bağlı işçinin müraciəti əsasında əmək kitabçasında müvafiq qeydlər aparmaq daxildir. Məhkəmə vurğulayır ki, iddiaçı ilə işəgötürən fiziki şəxs arasında bağlanmış əmək müqabiləsinə məhkəmə qətnaməsi ilə xitam verilsə də, hazırkı işin xüsusatları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində sadalanan hallarla uzlaşmadığndan, iddiaçının qaldırdığı məsələ cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin səlahiyyətlərinə aid edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3253/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3253/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver