Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3255/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi və vəkili X1 (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 23 aprel 2004-cü il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 23 aprel 2004-cü il tarixində təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq yenidən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin orta aylıq əmək haqqına uyğun müəyyən edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 27 avqust 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı 01 dekabr 1986-cı il tarixdən N.Nərimanov adına X4 İdarəsində işə qəbul olunmuş və 15 yanvar 1997-ci il tarixinədək X3 və Avtomatika sexində təmirçi çilingər peşəsində, 15 yanvar 1997-ci il tarixdən 08 fevral 2005-ci il tarixinədək həmin idarədə neft və qaz çıxarma üzrə 3-cü, 4-cü və 5-ci dərəcəli operator vəzifələrində işləmişdir. Göctərilən işlərdə çalışdığı üçün ona 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq 23 aprel 2004-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin aylıq pensiya haqqı məbləğində sonrakı artımlar nəzərə alınmamış, sözügedən Qanunun tələblərinə əməl olunmamışdır. Belə ki, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 89-cu maddəsinə əsasən pensiyaların məbləği respublikada orta aylıq əmək haqqının yüksəlməsi ilə əlaqədar olaraq müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qanunvericilikdə müəyyən edilmiş qaydada artırılır. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı vaxtdan, yəni ona pensiya təyin edildikdən sonrakı dövrdə çalışdığı peşələrdə çalışan işçilərin orta aylıq əmək haqlarındakı artımlar barədə məlumat əldə edilməsi məqsədilə “Azneft” İB-nə müraciətinə cavab olaraq verilmiş arayışda sonuncu illər üzrə artımlar öz əksini tapmışdır. Həmin arayışa əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrdə çalışan işçilərin, yəni neft və qaz hasilatı üzrə operatorların orta aylıq əmək haqqı 2015-ci ildə 1007.56 manat, 2016-cı ildə 1073,54 manat, 2017-ci ildə 1111,46 manat, 2018-ci ildə isə 1210,33 manat təşkil etmişdir. Ona 23 aprel 2004-cü il tarixdə təyin edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləği “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 100%-i miqdarında müəyyən edilmişdir. Hazırda aylıq pensiya haqqının məbləği sonrakı artımlar da nəzərə alınmaqla 485 manat təşkil edir. Bu isə sözügedən Qanunun tələblərinə uyğun deyildir. Bu səbəbdən də onun aylıq pensiya haqqının yenidən hesablanaraq müəyyən edilməsinə zərurət yaranmışdır. Göstərilənləri nəzərə alaraq ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunu ilə 23 aprel 2004-cü il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının aylıq məbləğinin həmin Qanunun tələblərinə uyğun olaraq yenidən hesablanaraq müəyyən edilməsi barədə müraciətinə cavab verilməmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı iddia edir ki, ona 23 aprel 2004-cü il tarixində aylıq əmək haqqının 100 faizi əsas götürülməklə “Vətəndaşların pensiya təminat haqqında” Qanunun 13-cü maddəsinin (a) bəndinə əsasən pensiya təyin edilmişdir. Hesab edir ki, pensiya “Vətəndaşların pensiya təminat haqqında” Qanunun 89-cu maddəsinə əsasən yenidən hesablanmalıdır. İddiaçıya pensiyanın 17 mart 2005-ci il tarixdə təyin edilməsi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 89-cu maddəsinin qüvvədə olması nəticəsini doğurmur. Belə ki, 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunla “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədən düşmüşdür. Keçən dövr ərzində dövlətin sosial təminat siyasətində dəyişiklik edilib və bu qanunvericilikdə də öz əksini tapmışdır. Bir sözlə artıq “Əmək pensiyaları haqqında” Qanun və onun gətirdiyi pensiyanın sosial sığorta haqları əsasında hesablanması və ödənilməsi sistemi qüvvədədir. “Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Əmək pensiyalarının hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun Vİİ fəsli ilə müəyyən edilir. Həmin fəsildə 01 yanvar 2006-cı ildən keçən müddət ərzində müxtəlif dəyişiklik və əlavələr edilmiş olsa da, fəslin özünün mövcudluğu onu deməyə əsas verir ki, 01 yanvar 2006-cı il tarixinədək təyin edilmiş pensiyaların artıq əvvəlki qanunvericiliyə uyğun olaraq yenidən hesablanması istisna edilir. Göründüyü kimi iddiaçının qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 89-cu maddəsinə istinad edərək orta aylıq əmək haqqı əsas götürülməklə pensiyasının yenidən hesablanmasını tələb etməsi qanuni və əsaslı deyildir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması dövründə məhkəmə sorğusuna əsasən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus pensiya işi tədqiq edilmişdir. Həmin pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən verilmiş pensiyaçının uçot vərəqindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işinə əlavə edilmiş pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, iddiaçıya təyin edilmiş pensiyanın məbləği 382,37 manat məbləğində hesablanmışdır. Həmin pensiya işinə əlavə edilmiş pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin xx.xx.2016-cı il tarixli sərəncamından görünür ki, iddiaçıya təyin edilmiş pensiyanın məbləği 408,80 manat məbləğində hesablanmışdır. İşin hallarından görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2004-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə ömürlük əmək pensiyası təyin edilmiş, pensiyasının aylıq məbləği “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq orta aylıq əmək haqqının 100 faizi məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinin tələblərinə olaraq yenidən hesablanmasını tələb edir. İddiaçı hazırki tələbinə uyğun olaraq ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinə cavab verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə ərizəyə cavab verilməməsini faktiki olaraq imtina kimi qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının pensiyasının qüvvədən düşmüş qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanmasından imtina eidlməsi əsaslı olmuşdur. Belə ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilsə də, lakin həmin Qanun mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüşdür və xx.xx.2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Hazırda Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qüvvədən düşmüş həmin Qanunun 89-cu maddəsinə əsasən pensiyaların məbləği respublikada orta aylıq əmək haqqının yüksəlməsi ilə əlaqədar olaraq müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qanunvericilikdə müəyyən edilmiş qaydada artırılması göstərilsə də, lakin həmin qanunun qüvvəsini itirdiyindən, hazırki dövr üzrə qüvvədə olmayan qanunun müddəalarının tətbiq edilməklə, əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, əmək pensiyasının yenidən hesablanması qaydası hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “Əmək pensiyasının yenidən hesablanması” adlı Vİİ fəsli ilə tənzimlənir. Hazırda qüvvədə olan qanunvericilik üzrə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının əvvəlki qanunvericiliyə uyğun olaraq yenidən hesablanması qaydalarını tənzimləyən müddəa yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 yanvar 2019-cu il tarixədək qüvvədə olmuş 28-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi göstərilsə də, lakin həmin maddə 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilən vaxt qüvvədə olsa da, xx.xx.2006-cı il tarixdən qüvvədən düşdüyündən, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən 01 yanvar 2006-cı il tarixədək təyin edilmiş əmək pensiyasının əvvəlki qanunvericiliyə uyğun olaraq yenidən hesablanması müəyyən edilmədiyindən, həmçinin hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçının pensiyası sonrakı artımlar da nəzərə alınmaqla hesablandığından, onun qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 89-cu maddəsinin tələblərinə istinad edərək orta aylıq əmək haqqı əsas götürülməklə pensiyasının yenidən hesablanması tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia rədd edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3255/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3255/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver