Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3255/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ukrayna Respublikası "Rauf Ablyazov" adına Şərqi Avropa Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirməyinə dair 06 iyun 2022-ci il tarixli, В 22 № 035129 saylı diplom, 06 iyun 2022-ci il tarixli, 108415 saylı diploma əlavə üzrə bakalavr dərəcəsi barədə diplomun Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmasını məcbur edən qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ukrayna Respublikası "Rauf Ablyazov" adına Şərqi Avropa Universitetinin qiyabi şöbəsinin bakalavr pilləsinin hüquq fakültəsini bitirmişdir. Bu barədə iddiaçıya Ukrayna Respublikası "Rauf Ablyazov" adına Şərqi Avropa Universiteti tərəfindən bakalavr tədris proqramını bitirməyimə dair 06 iyun 2022-ci il tarixli, В 22 № 035129 saylı diplom, 06 iyun 2022-ci il tarixli, 108415 saylı diploma əlavə verilmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq həmin diplomun tanınması ilə əlaqədar olaraq ərizə ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçının diplomun tanınması ilə əlaqədar müraciətinə baxılmış və N A00013533 nömrəli qərarla diplomun tanınmasından imtina edilmişdir. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 3 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş, əsas kimi sərhəd xidmətinin məlumatı qeyd edilmişdir. İddiaçı qeyd edir ki, 10 oktyabr 2016-cı il tarixdə, S-217 nömrəli əmrlə Gürcüstan Respublikası, Tbilisi şəhəri, "Avropa Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr tədris proqramına qəbul olunmuşdur. 06 mart 2018-ci il tarixdən isə N S-120 nömrəli əmrlə başqa təhsil müəssisəsinə, yəni Ukrayna Respublikası, "Rauf Ablyazov" adına X8 və İdarəetmə Universitetinə qiyabi şöbəsinə qəbul olunmuşdur. COVİD-19 virusu ilə əlaqədar və Ukrayna Prezidentinin xx.xx.2022-ci il tarixli, 64\2022 saylı fərmanına əsasən müharibə şəraiti ilə əlaqədar olaraq 2020-2022-ci illər üzrə tədris və yekun attestasiya distant formada keçirilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçının diplomunun tanınması ilə əlaqədar müraciətindən imtina olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması Qaydaları"nın 3.10.1ci bəndinə istinad edilmişdir. İddiaçı qeyd edir ki, atası X1 Federasiyasının vətəndaşı olmaqla Bryansk şəhəri, Bryansk vilayəti, Sovet rayonunda yaşayır. İddiaçı Ukraynaya təhsil müddətində gedərkən ilk olaraq atasını görməyə gedib oradan da Ukraynaya getmişdir. Yəni, tələb olunduğu müddətdə təhsil sessiyasında iştirak etmişdir. Halbuki, həmin qaydalarda qeyd olunur ki, həmin qaydaların 3.10.1-ci bəndində qeyd edilir ki, bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda kvalifikasiyanın tanınmasından imtina edilir. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2.müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). 4.2.Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olubolmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. İddiaçı qeyd edir ki, iddiaçının diplomununun tanınmasından əsassız imtina edilmişdir. Buna görə də, hesab edir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi iddiaçının diplomununun tanımamasının heç bir hüquqi əsası yoxdur.
3. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 14 iyul 2023-cü il tarixli, NA00013533 nömrəli “Xarici Dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır.
4. Cavabdeh qurum tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd olunmuşdur ki, iddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə iddiaçıya məxsus elektron ünvan vasitəsi ilə müraciət etmişdir. Cavabdeh iddiaçının elektron müraciətinə baxaıaq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən xx.xx.2023-cü il tarixində iddiaçıya müvafiq sənədin verilməsindən imtina aktını iddiaçının elektron ünvanına yerləşdirilmişdir. Cavabdeh hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Azərbaycan Respublikasının “Vətəndaşların müraciəti haqqında” Qanunun 3.0.12-ci maddəsinə əsasasən elektron müraciət- müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət; Həmin qanunun 6.7-ci maddəsinə əsasən “Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir”. Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən “Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir”. Həmin qanunun 28.1 -ci maddəsinə əsasən “Elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir”. Qanunun 28.2-ci maddəsinə əsasən “Elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir”. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanun 62.2-ci maddəsinə əsasən “Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının “İnzibati Prossesual Məcəllə”sinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldıra bilər. inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. Beləliklə iddiaçı inzibati orqanın xx.xx.2023-cü il tarixili qərarından inzibati orqana qarşı ən gec xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia tələbi qaldırıla bilərdi. Lakin iddiaçı sözügedən iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdeh Təhsildə X2rşı X12 adına Şərqi Avropa Universiteti tərəfindən verilmiş “Hüquqşünaslıq” (bakalavr/qiyabi) üzrə aldığı ali təhsilə dair kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbinin mümkün hesab edilməməsi xahiş edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü qiyabi təhsilalma forması üzrə dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə elektron ərizə sistemi vasitəsilə xx.xx.2023 cü il tarixində Agentliyinə müraciət etmişdir. Cavabdeh ərizəçinin tanınma haqqında müraciətinə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin qüvvədə olan tanınmaya dair tələblərlə uyğunsuzluğunu müəyyən etmiş və xx.xx.2023-cü il tarixində iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Cavabdeh qeyd edir ki, iş üzrə inzibati icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydalar) uyğun olaraq aparılmışdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Ölkə ərazisində müvafiq sahəni tənzimləyən əsas qanunaltı normativ aktlardan biri olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması üzrə tətbiq olunan Qaydaların 4.1.4-cü yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında əks olunmuşdur. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraat zamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığı illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: 2017-2018 - gedilməyib 2018-2019 - gedilməyib 2019-2020 - Diplom əlavəsinə əsasən tədris müddətinə daxil deyil 2020-2021- Diplom əlavəsinə əsasən tədris müddətinə daxil deyil 2021-2022 - gedilməyib. Aparılan icraat zamanı məlum olmuşdur ki, iddiaçı qiyabi təhsilalma forması üzrə mövcud olan normativ tədris müddətlərinə ümumiyyətlə ali təhsil aldığı ölkədə olmamışdır. İddiaçının məhkəmə icraatı zamanı təqdim etdiyi pandemiya dövrünün başlaması ilə bağlı sənədlə bağlı bildirilir ki, Azərbaycan Respublikasında və dünyanın digər ölkələrində olduğu kimi Ukrayna da bu dövr 2020-ci ilin martından etibarən nəzərə alınır, təqdim olunan sənəd də bu faktı təsdiqləyir. Lakin iddiaçı əvvəlki 2 tədris ili üzrə də ümumiyyətlə ali təhsil aldığı xarici ölkədə olmamış, habelə onun təqdim etdiyi diplom əlavəsinə əsasən pandemiya dövrünün də başladığı tarixi əhatə edən 2019-2021-ci illər onun tədris müddətinə daxil deyildir. Həmçinin iddiaçının Ukraynada müharibə vəziyyətini 2021-2022-ci ildəki tədris ili üzrə həmin ölkəyə getməməsi səbəbi kimi göstərməsi anlaşılan deyil. Çünki qeyd olunmuş münaqişənin aktiv fazası iddiaçınında təqdim etdiyi sənədin tarixi və dünya ictimaiyyətinə məlum olduğu kimi 2022-ci ilin fevralı idi. Məhkəmədən nəzərə alması xahiş edilir ki, iddiaçı 2021-ci ilin sentyabrından 2022-ci ilin fevralına qədər də Ukraynaya tədris prosesində iştirak üçün getməmişdir. Cavabdeh qeyd edir ki, iddiaçının onlayn qaydada təhsilalma barədə vurğurladığı məsələ ilə əlaqədar bildirilir ki, Qaydalarda tədrisin qeyri-ənənəvi metodlarla əldə oluna biləcək hissəsi üzrə çərçivə müəyyən edilmiş, 4.1.5-ci yarımbəndə əsasən ümumi tədris müddətinin ən az üçdə ikisi həcmində dərslərdə ənənəvi qaydada iştirak normativ hüquqi aktda tanınmaya dair tələblər arasında qeyd olunmuşdur. Hazırkı iş üzrə bildirilir ki, iddiaçı təhsil aldığı xarici ölkədə olmamaqla bərabər, dərslərdə iştirak etmədən tədris yükünü necə yerinə yetirdiyinə dair cavabdeh orqana və ya məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda Qaydaların 1.3-cü bəndinə əsasən Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda əks olunmuş diskresion səlahiyyətin mövcudluğuna əsasdır. Yekun olaraq qeyd edilir ki, cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı “İnzibati icraat haqqında” Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Cavabdeh hesab edir ki, qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq, habelə, iddia tələbi həm həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün üçün rədd edilməlidir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etiraza əlavədə qeyd edilmişdir ki, qeyd olunmuş məhkəmə işi üzrə xx.xx.2024-ci il tarixində keçirilmiş hazırlıq iclasında məhkəmə tərəfindən cavabdeh quruma iddiaçının transkriptində əks olunmuş akademik məzuniyyət dövrü ilə bağlı əks olunmuş fasilə və onun 2016-2017-ci illərdə Gürcüstan Avropa Universitetində aldığı təhsillə bağlı sorğu göndərilməsi təklif olunmuş, proses bununla əlaqədar təxirə salınmışdır. Agentlik tərəfindən təqdim olunan sənədlər və işin ümumi halları üzrə aparılmış araşdırmanın nəticəsinə əsasən İddiaçı X12 adına Şərqi Avropa Universiteti tərəfindən ona təqdim olunan diplom əlavəsinin 6.1.2-ci yarımbəndində əks olunan tədris müddətlərinə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər tədris prosesinin dayandırıldığı müəyyən olunmuşdur. Cavabdeh qurum tərəfindən ali təhsil müəssisəsinə göndərilmiş sorğuya cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli 112 nömrəli məktubda bu fakt təkrar təsdiqini tapmışdır. Nəticə etibarilə, ali təhsil müəssisəsindən verilən sənədlərdə Ukraynada 11 mart 2020ci il tarixindən etibarən dərslərin pandemiyaya görə onlayn rejimdə keçirildiyi dövrdə (2021-ci ilin 31 avqustuna qədər) ümumiyyətlə aktiv olaraq tədris prosesində iştirak etmədiyi, təhsilin dondurulduğu görünür. İddiaçının 2016-2017, 2017-2018-ci illərdə Gürcüstan Avropa Universitetində tədris prosesində iştirak etdiyinə dair arayış üzrə araşdırma aparılmışdır. Aparılan icraat zamanı İddiaçı həmin müəssisədə təhsil aldığı dövrdə müəssisənin yerləşdiyi ölkədə olma müddətləri aşağıdakı kimi müəyyən olunmuşdur: 2016/2017 - 16 gün, 2017/2018 - 4 gün Gürcüstanda əyani təhsilalma formasında alınmış tədris üzrə vətəndaşın tədris prosesində iştirak üçün həmin ölkəyə keçidləri də ümumiyyətlə azlıq təşkil etməkdədir. Məhkəmədən nəzərə alınması xahiş edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilindəvə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalan”nın 3.2.2-ci bəndinə əsasən bakalavr təhsili üzrə ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Aparılan araşdırma bir daha sübut etmişdir ki, iddiaçı Gürcüstanda təhsil aldığı dövrdə əyani forma üzrə (qiyabi mövcud deyil) tədris prosesində tələblərə uyğun olaraq iştirak etməmiş, Ukraynadakı müəssisəyə köçürüldükdən sonra qiyabi təhsilalma forması üzrə isə ümumiyyətlə tədrisdə faktiki cəlb olunmamışdır. Təkrarən qeyd edilir ki, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il intervalında iddiaçının akademik məzuniyyətdə olduğu nəzərə alınaraq, bu zaman kəsiyinə təsadüf edən onlayn təhsil barədə əmr ona şamil olunmur və həmin dövrdə dərslərdə onlayn iştirak Məhkəmə tərəfindən tədris prosesində iştirak kimi nəzərə alınmamalıdır. İddiaçı inzibati icraat zamanı onun diplom əlavəsi sənədinə baxış keçirilərkən məlum olur ki, 6.2.2-ci yarımbəndə əsasən Azərbaycan Respublikasında əldə etdiyi əczaçılıq üzrə orta ixtisas diplomu əsasında Ukraynada Hüquqşünaslıq üzrə tədrisin 3-cü kursuna qəbul olmuşdur. Əlavə izaha ehtiyacı olan məsələdir ki, xarici dövlətin ali təhsil müəssisəsi tamamilə ayrı iki fərqli sahə üzrə hansı keçilmiş fənləri ödənilmiş qəbul edərək, iddiaçını Əczaçılıq üzrə orta ixtisas diplomu əsasında Hüquqşünaslıq ixtisası üzrə ali təhsilin iki tam tədris ilindən azad etmişdir. İddiaçı Təhsildə X2rşı X12 adına Şərqi Avropa Universiteti tərəfindən “Hüquqşünaslıq” (bakalavr/qiyabi) üzrə aldığı kvalifıkasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə məhkəmə iş şifahi iclasa təyin olunması və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
7. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş mülahizə məktubunda qeyd edilmişdir ki, qeyd olunmuş məhkəmə işi üzrə xx.xx.2024-ci il tarixində keçirilmiş hazırlıq iclasında iddiaçının nümayəndəsi tərəfindən qeyd olunmuş məsələlərlə bağlı iclasda vurğulanan nüanslara əlavə olaraq aparılmış araşdırma nəticəsində məlumatların məhkəməyə təqdim edilməsinə zərurət yaranmışdır:
1. İddiaçının nümayəndəsi məhkəmə çıxışları zamanı qeyd etmişdir ki, İddiaçı Rauf Ablyazov adına Şərqi Avropa Universitetinin Gürcüstanda yerləşən filialında təhsil almışdır. Lakin aparılan araşdırma zamanı ali təhsil müəssisəsinin Gürcüstanda filialının mövcud olmadığı müəyyən olunmuşdur. (Bununla bağlı, Gürcüstanın tanınma mərkəzinin əvvəlki dövrlərdə sorğulara cavab kimi göndərdiyi məlumat əlavədə təqdim olunur)
2. İclas zamanı Rauf Ablyazov adına Şərqi Avropa Universitetindən daxil olmuş məlumatda müəssisənin adının dəyişməsi barədə məlumatın, iddiaçının əvvəlki illərdə Gürcüstan filialında təhsil alması kimi təfsiri ilə bağlı ali təhsil müəssisəsinin öz saytından qurumun öz adını dəyişdiyinə dair rəsmi məlumat əlavədə sizə təqdim olunur. (Həmçinin məlumatın yoxlanılması üçün elektron keçid qeyd olunur: https://suem.edu.ua/en/ourhistory)
3. İddiaçının Gürcüstanda təqdim etdiyi arayışda göstərilmiş nişanlar və müəssisənin adının hansısa filiala deyil, Gürcüstanda yerləşən Avropa Universiteti MMC-yə aid olduğunun isbatı üçün, təqdim olunan arayış və həmin müəssisənin diplomundakı nişanların müqayisəsini ehtiva edən məlumatlar əlavədə Məhkəməyə təqdim olunur.
4. İddiaçının diplom əlavəsində və təqdim olunan sorğu cavabında ümumiyyətlə onun Gürcüstanda aldığı təhsil dövrünə vurğu olunmur, əksinə İddiaçı Ukraynadakı müəssisədə birbaşa üçüncü kursa qəbul edilməsinin əsası kimi, onu X7 əldə etdiyi Əczaçılıq üzrə orta ixtisas diplomu göstərilir. Nəticə etibarilə, iddiaçının Gürcüstanda aldığı tədris dövrü Ukraynadakı dövrlə əlaqəli deyil, həmin müəssisənin filialında baş tutmamış, habelə o dövrdə əldə olunmuş tədris yükü Ukraynadakı müəssisəyə qəbul zamanı nəzərə alınmamışdır.
5. İddiaçının həm inzibati icraata həm məhkəmə icraatına təqdim etdiyi təhsil sənədlərində onun təhsilalma formasının qiyabi olması işin mübahisəsiz halını təşkil edir. Xüsusilə oxşar işlər üzrə, Ukraynada qiyabi formada təhsil almış şəxsin tədris prosesində distant yollarla iştirakı məsələsinə qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il, 2-1(102)-959/2024 nömrəli Qərarının 55-ci bəndində qeyd edir: "Məhkəmə kollegiyası xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir (bax: 2-1(102)-2229/2023 və 2-1(102)-2762/2023 №li işlər üzrə Qərarlar)”. İddiaçı Təhsildə X2rşı X12 adına Şərqi Avropa Universiteti tərəfindən “Hüquqşünaslıq” (bakalavr/qiyabi) üzrə aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
8. xx.xx.2022-ci il tarixli, B22 035129 nömrəli Bakalavr Diplomuna əsasən İddiaçı 2017-ci ildə “X8 və İdarəetmə Universiteti” Özəl Ali Təhsil Müəssisəsinə qəbul olunmuş, 2022-ci ildə Şərqi Avropa Universiteti Özəl Ali Təhsil İnstitunun tam kursunu bitirmiş və Hüquq üzrə əsas ali təhsil qazanmışdır.
9. İş materiallarına əlavə olunmuş Transkriptdə (B22 № 035129 saylı Diploma Əlavə) qeyd olunmuşdur ki, 2017-2022-ci il tarixləri arasında Ali Təhsil İnstitutu “Rauf Ablyazov” Şərqi Avropa Universitetində təhsil aldığı müddətdə Hüquqşünaslıq ixtisası üzrə müvafiq fənlər üzrə məqbullar, aralıq və yekun imtahanlar vermişdir. Təhsil forması: qiyabi təhsil rejimi Tədris müddəti: - xx.xx.2017-xx.xx.2018 - xx.xx.2018-xx.xx.2018 - xx.xx.2021-xx.xx.2022 Əvvəlki ixtisasdan kredit götürülmüş komponentlər: X7 "xxxx"
10. İş materiallarına əlavə olunmuş Gürcüstan Respublikası Avropa Universiteti MMC-nin xx.xx.2023-cü il tarixli, EU 00034423 nömrəli Arayışda qeyd olunmuşdur ki, Qarayev X6 10 oktyabr 2016-cı il tarixli, S-217 nömrəli əmri ilə Avropa Universitetinin Beynəlxalq Hüququn bakalavr tədris proqramına daxil olmuşdur. İddiaçı 06 mart 2018-ci il tarixindən (N S-120) mobillik qayda ilə başqa təhsil müəssisəsinə keçdiyinə görə onun tələbə statusu dayandırılmışdır.
11. İş materiallarına əlavə olunmuş Rauf Ablyazov adına Şərqi Avropa Universitetinin xx.xx.2023-cü il tarixli, 431im nömrəli Arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən “Hüquq” ixtisasının “bakalavr” təhsil proqramı üzrə qiyabi təhsil forması üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rauf Ablyazov adına Şərqi Avropa Universitetində (17 sentyabr 2020-ci il tarixədək universitetin adı X8 və menecment universiteti olmuşdur) təhsil almışdır. İmtahan komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ona hüquq bakalavr ixtisas dərəcəsi və B22 № 035129 seriyalı diplom verilmişdir. Diplom Universitetin rektoru Çudayeva İya tərəfindən imzalanmış və universitetin möhürü ilə təsdiq edilmişdir. Həmçinin bildirilir ki, İddiaçı mühazirə və praktiki məşğələlərdə olmuş, universitetin müəllimlərindən konsultasiyalar almış, bu da AKTS 240 kredit, 576 əlaqə saatı və 7200 tədris saatı təşkil edir. 2020-2022-ci illərdə Ukrayna Nazirlər Kabinetinin 11 mart 2020-ci il tarixli “SARS-CoV-2” koronovirusun səbəb olduğu, COVİD-19 kəskin respirator xəstəliyin Ukrayna ərazisində yayılmasının qarşısının alınması barədə" 211 saylı qətnaməsi, Ukrayna TEN xx.xx.2020-ci il tarixli “COVİD-19 koronax irusun yayılmasının qarşısının alınması üzrə tədbirlərin təşkili barədə” 406 saylı əmri, Ukrayna TEN-nin xx.xx.2020-ci il tarixli “2019/20 tədris ilinin bitməsi haqqında" 1/9-178 saylı məktubu və Ukraynada hərbi vəziyyətin davam etməsi (Ukrayna Prezidentinin xx.xx.2022-ci il tarixli 64/2022 saylı Fərmanı) ilə məqbul-imtahan sessiyasının verilməsi və yekun attestasiya distansiya rejimində keçməsi və aparılması ilə əlaqədar distansiya rejimində məqbul-imtahan sessiyasının vermiş və yekun attestasiyadan keçmişdir.
12. İş materiallarına əlavə olunmuş ******* nömrəli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Ağcabədi rayon Məhkəməsində kuryer vəzifəsində; xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək böyük mütəxəssis (operator) vəzifəsində; xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Ağdaş rayon Məhkəməsində böyük mütəxəssis (operator) vəzifəsində; xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında Ağdaş rayon Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsində; xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək vakant olan böyük məsləhətçi vəzifəsində işləmişdir.
13. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı mülahizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq diplomun tanınması ilə bağlıdır. Diplomun tanınması zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin diplomu tanınır və ya tanınmaqdan imtina edilir.
16. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. Odur ki, iddia müəyyən etmə növündə iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Məhkəmənin hazırki iş üzrə mövqeyi (vahid məhkəmə təcrübəsini müəyyən edən) Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2762/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarına uyğundur.
19. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8.bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir...
20. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
21. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
24. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Gürcüstan Respublikası Avropa Universiteti MMC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, EU 00034423 nömrəli Arayışa əsasən iddiaçı Qarayev X6 10 oktyabr 2016-cı il tarixli, S-217 nömrəli əmri ilə Avropa Universitetinin Beynəlxalq Hüququn bakalavr tədris proqramına daxil olmuş, 06 mart 2018-ci il tarixindən (N S-120) mobillik qayda ilə başqa təhsil müəssisəsinə keçdiyinə görə onun tələbə statusu dayandırılmışdır. - “Rauf Ablyazov” Şərqi Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, B22 035129 nömrəli Bakalavr Diplomuna əsasən İddiaçı 2017-ci ildə “X8 və İdarəetmə Universiteti” Özəl Ali Təhsil Müəssisəsinə qəbul olunmuş, 2022-ci ildə Şərqi Avropa Universiteti Özəl Ali Təhsil İnstitunun tam kursunu bitirmiş və Hüquq üzrə əsas ali təhsil qazanmışdır. - “Rauf Ablyazov” adına Şərqi Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 431im nömrəli Arayışında da qeyd olunmuşdur ki, İddiaçı həqiqətən “Hüquq” ixtisasının “bakalavr” təhsil proqramı üzrə qiyabi təhsil forması üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Rauf Ablyazov adına Şərqi Avropa Universitetində (17 sentyabr 2020-ci il tarixədək universitetin adı X8 və menecment universiteti olmuşdur) təhsil almışdır. İmtahan komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ona hüquq bakalavr ixtisas dərəcəsi və B22 № 035129 seriyalı diplom verilmişdir. Diplom Universitetin rektoru tərəfindən imzalanmış və universitetin möhürü ilə təsdiq edilmişdir.
25. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının Gürcüstanda aldığı tədris dövrü Ukraynadakı dövrlə əlaqəli deyil, həmin (Ukraynadakı) müəssisənin filialında baş tutmamış, habelə o dövrdə əldə olunmuş tədris yükü Ukraynadakı müəssisəyə qəbul zamanı nəzərə alınmamışdır. Belə ki, Gürcüstanda və Ukraynadakı təhsil müəssisələri birbiri ilə əlaqəli deyil və iddiaçının təhsilini bir təhsil müəssisəsindən digərinə köçürmə yolu ilə davam etdirməsi halı baş verməmişdir. İddiaçının diplom əlavəsində və təqdim olunan sorğu cavabında ümumiyyətlə onun Gürcüstanda aldığı təhsil dövrü barədə məlumat yoxdur, əksinə, İddiaçı Ukraynadakı müəssisədə birbaşa üçüncü kursa qəbul edilməsinin əsası kimi, onu X7 əldə etdiyi Əczaçılıq üzrə orta ixtisas diplomu göstərilir.
26. Məhkəmə qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdır. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.
27. Cavabdeh tərəfindən İddiaçı barəsində təqdim edilmiş sərhədkeçmə məlumatlarına əsasən iddiaçı Avropa Universiteti MMC–də təhsil aldığı müddətdə müəssisənin yerləşdiyi ölkədə (Gürcüstan Respublikasında) 2016/2017-ci tədris ili üzrə 16 gün, 2017/2018-ci tədris ili üzrə 4 gün; “Rauf Ablyazov” Şərqi Avropa Universitetində təhsil aldığı müddətdə müəssisənin yerləşdiyi ölkədə 2017-2018-ci tədris ili üzrə getməyib, 2018-2019-ci tədris ili üzrə getməyib, (2019-2020-ci tədris ili və 2020-2021-ci tədris ili Diplom əlavəsinə əsasən tədris müddətinə daxil deyil) 2021-2022-ci tədris üzrə getməyib. Halbuki, diploma əlavədən və “Rauf Ablyazov” adına Şərqi Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 431im nömrəli Arayışdan göründüyü kimi, fənlər üzrə ümumi tədris yükü 240 AKTS krediti, 576 əlaqə saatı və 7200 tədris saatı təşkil edir. Bununla da iddiaçının Ukrayna Respublikasında tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur.
28. İddiaçı iddia tələbinin əsası olaraq bildirmişdir ki, o, Rauf Ablyazov” adına Şərqi Avropa Universitetində distant təhsil almış, mütəmadi olaraq Ukrayna Respublikasına gedibgəlmək zərurəti olmamışdır, ona görə də dərs və imtahanlarda distant iştirakı diplom üzrə ixtisasın tanınması üçün yetərli hesab edilməlidir.
29. Məhkəmə ilk növbədə nəzərə alır ki, “Rauf Ablyazov” adına Şərqi Avropa Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 431im nömrəli Arayışda qeyd olunmuşdur ki, 2020-2022-ci illərdə Ukrayna Nazirlər Kabinetinin 11 mart 2020-ci il tarixli “SARS-CoV-2” koronovirusun səbəb olduğu, COVİD-19 kəskin respirator xəstəliyin Ukrayna ərazisində yayılmasının qarşısının alınması barədə" 211 saylı qətnaməsi, Ukrayna TEN xx.xx.2020-ci il tarixli “COVİD-19 koronax irusun yayılmasının qarşısının alınması üzrə tədbirlərin təşkili barədə” 406 saylı əmri, Ukrayna TEN-nin xx.xx.2020-ci il tarixli “2019/20 tədris ilinin bitməsi haqqında" 1/9-178 saylı məktubu və Ukraynada hərbi vəziyyətin davam etməsi (Ukrayna Prezidentinin xx.xx.2022-ci il tarixli 64/2022 saylı Fərmanı) ilə məqbul-imtahan sessiyasının verilməsi və yekun attestasiya distansiya rejimində keçməsi və aparılması ilə əlaqədar distansiya rejimində məqbul-imtahan sessiyasının vermiş və yekun attestasiyadan keçmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır.
30. Bununla belə məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə həlledici məqam qeyd edilən qaydada xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğunun müəyyən olunmasından asılıdır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçı halında isə sözügedən tələbə riayət olunmamışdır.
31. İddiaçı iddia tələbinin digər əsası olaraq bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023cü il tarixədək əmək müqaviləsi əsasında Ağdaş rayon Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsində; xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək vakant olan böyük məsləhətçi vəzifəsində işləmişdir.
32. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş əmək kitabçasına əsasən İddiaçı hüquqşünaslıq ixtisası üzrə məhkəmə iclasının katibi vəzifəsində xx.xx.2018-ci il tarixdən işləməyə başlamış, iddiaçıya hüquqşünaslıq ixtisası üzrə B22 035129 nömrəli Bakalavr diplomu “Rauf Ablyazov” Şərqi Avropa Universiteti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq dövr ərzində məhkəmə iclasının katibi vəzifəsində dövlət qulluğu əsasında deyil, əmək müqaviləsi əsasında işləmişdir. Odur ki, iddiaçının müvafiq vəzifədə işə qəbul edilməsi əmək müqaviləsi üzrə işəgötürən və işçinin sərbəst iradəsinə əsaslanmaqla şəxsin diplomunun tanınması üçün hüquqi əsas təşkil etmir.
33. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
34. Beləliklə, məhkəmə müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
35. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının tədris müddətində təhsil aldığı ölkənin (Ukrayna) ərazisində olmadığından diplomunun tanınmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur.
36. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
40. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva