Məhkəmə qərarları › İş №2-1(112)-3255/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3255/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3255/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında və nikah haqqında akt qeydlərində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında və nikah haqqında akt qeydlərində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 yanvar 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1976-cı il tarixli, 19 nömrəli doğum haqında akt qeydinin ata bəndində soyadın “Əbilov”dan “Ədilov”a, ata bəndində atasının adının “Qeybala”dan “Qayıbalı”ya, xx.xx.1958-ci il tarixli, 29 nömrəli nikah haqqında akt qeydinin kişi bəndində adın “Həsən Bala”dan “Həsənbala”ya, kişi bəndində atasının adı “Qanı Balı” dan “Qayıbalı”ya düzəliş edilməsi üçün cavabdeh Qaradağ rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayonu Qobustan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 19 nömrəli doğum haqında akt qeydinin ata bəndində soyadın “Əbilov”dan “Ədilov”a, ata bəndində atasının adının “Qeybala”dan “Qayıbalı”ya, Qaradağ rayonu Qobustan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 29 nömrəli nikah haqqında akt qeydinin kişi bəndində adın “Həsən Bala”dan “Həsənbala”ya, kişi bəndində atasının adı “Qanı Balı” dan “Qayıbalı”ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində doğulmuşdur. Doğum haqqında şəhadətnamənin təkrarının alınması ilə əlaqədar olaraq Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə müraciət etsə də, bildirmişlər ki, doğum haqqında akt qeydində babasının adı və atasının səhv yazılıb. O, doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə əlaqədar olaraq Qaradağ rayon qeydiyyat şöbəsinə müraciət etsə də, ona atasının doğum haqqında akt qeydi tapılmadığı üçün qeydiyyat şöbəsi düzəliş etməkdən imtina etdiyini bildirmişdir. Atasının doğum haqqında akt qeydinin istənilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialı və Hacıqabul rayon Dövlət Arxivinə sorğu ünvanlansa da, doğum haqqında akt qeydinin aşkar edilməməsi ilə bağlı cavab məktubu gəlmişdir. Atasının Qaradağ rayon qeydiyyat şöbəsində tərtib edilmiş xx.xx.2008-ci il tarixli 35 nömrəli ölüm haqqında akt qeydində soyadı “Ədilov”, adı “Həsənbala”, atasının adı “Qayıbalı” qeyd edilmişdir. Atasına məxsus Qaradağ rayonu Qobustan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli 29 nömrəli nikah haqqında akt qeydində adı “Həsən Bala”, soyadı “Ədilov”, atasının adı “Qanı Balı” qeyd edilmişdir. İddiaçıya məxsus olan Qaradağ rayonu Qobustan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli 19 nömrəli doğum haqqında akt qeydinin ata bəndində soyadı “Əbilov”, adı “Həsənbala”, atasının adı “Qeybala” yazılmışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, vətəndaşın şöbəyə təqdim etdiyi sənədləri nəzərdən keçirilərkən ərizəçinin Qaradağ rayon Qobustan icra nümayəndəliyi tərəfindən xx.xx.1976-cı il tarixdə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında soyadı “Abilov”, ata adı “Qeybala”, eləcə də ərizəçinin valideynlərinin xx.xx.1958-ci ildə tərtib edilmiş 29 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında soyadı “Adilov”, ata adı “Qanı Balı” yazıldığı halda, ərizəçinin atasının Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci ildə tərtib edilmiş 35 saylı ölüm haqqında akt qeydində soyadının “Ədilov”, ata adının “Qayıbalı” göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, ərizəçinin atasının doğumu haqqında akt qeydinin istənilməsi barədə Hacıqabul rayon Dövlət Arxivinə sorğu göndərilmişdir, lakin doğumu haqqında məlumat aşkar edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçının Qaradağ rayon Qobustan icra nümayəndəliyi tərəfindən xx.xx.1976-cı il tarixdə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında soyadı “Abilov”, ata adı “Qeybala”, onun valideynlərinin xx.xx.1958-ci ildə tərtib edilmiş 29 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında soyadı “Adilov”, ata adı “Qanı Balı”, onun atasının Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci ildə tərtib edilmiş 35 saylı ölüm haqqında akt qeydində soyadı “Ədilov”, ata adının “Qayıbalı” qeyd edilmişdir. İddiaçı Qaradağ rayonu Qobustan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 19 nömrəli doğum haqında akt qeydinin ata bəndində soyadın “Ədilov”a, ata bəndində atasının adının “Qayıbalı”ya, Qaradağ rayonu Qobustan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 29 nömrəli nikah haqqında akt qeydinin kişi bəndində adın “Həsənbala”ya, kişi bəndində atasının adının “Qayıbalı”ya dəyişdirilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”:

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının atasının adı “Həsənbala”, soyadı “Ədilov”, ata adı “Qayıbalı” olduğu halda, iddiaçının xx.xx.1976-cı il tarixdə tərtib edilmiş 19 saylı doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında soyadı “Abilov”, ata adı “Qeybala”, onun valideynlərinin xx.xx.1958-ci ildə tərtib edilmiş 29 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında soyadı “Adilov”, ata adı “Qanı Balı” qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçının şəxsiyyət vəsiqəsində ata adı “Həsənbala”, onun atasının Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci ildə tərtib edilmiş 35 saylı ölüm haqqında akt qeydində adı “Həsənbala”, soyadı “Ədilov”, ata adı “Qayıbalı” qeyd edilmişdir. Bundan başqa xx.xx.1976-cı il tarixli, 19 nömrəli doğum haqında akt qeydində uşağın və anasının soyadı “Ədilov” (“Adilov”), eyni zamanda uşağın ata adı “Həsənbala” qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya və onun atasına məxsus sənədlərin hər birində uyğunsuzluqlar vardır. Bu da onu göstərir ki, sənədlərdə texniki səhvlərə yol verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya aid doğum haqqında və valideynlərinə aid nikah haqqında akt qeydlərində ata adının (soyad, ad, ata adının) başqa formada yazılması SSRİ dövründə rus dilinin istifadə edilməsi, dövlət orqanlarında rusdilli şəxslərin işləməsi və yazıda kiril əlifbasından istifadə edilməsi ilə bağlı olmuşdur ki, bu da, öz növbəsində, iddiaçının təqsiri kimi şərh oluna bilməz. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alındıqda, iddiaçının ata adı (soyad, ad, ata adı) barədə məlumatların şəxsiyyət vəsiqəsi və digər sənədlərədn fərqli olaraq qeyd edilməsi doğum haqqında və nikah haqqında akt qeydlərinin dəyişdirilməsi üçün əsas kimi qəbul edilməlidir. Belə ki, həmin sənədləri tədqiq etdikdə aydın olur ki, akt qeydlərindəki mübahisə predmeti olan məlumatlar texniki səhv olaraq qeyd edilmişdir. Başqa sözlə, doğum haqqında və nikah haqqında akt qeydlərinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdeh inzibati orqanın iddiaçının “doğum haqqında və nikah haqqında akt qeydlərində dəyişiklik edilməsi” barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin еdilməli, Qaradağ rayonu Qobustan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 19 nömrəli doğum haqında akt qeydində səhvlər düzəldilərək ata bəndində soyadın “Ədilov”a, ata bəndində atasının adının “Qayıbalı”ya, Qaradağ rayonu Qobustan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 29 nömrəli nikah haqqında akt qeydində səhvlər düzəldilərək kişi bəndində adın “Həsənbala”ya, kişi bəndində atasının adının “Qayıbalı”ya dəyişidirilməsi öhdəliyi Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Qaradağ rayonu Qobustan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 19 nömrəli doğum haqında akt qeydində səhvlər düzəldilərək ata bəndində soyadın “Ədilov”a, ata bəndində atasının adının “Qayıbalı”ya, Qaradağ rayonu Qobustan icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1958-ci il tarixli, 29 nömrəli nikah haqqında akt qeydində səhvlər düzəldilərək kişi bəndində adın “Həsənbala”ya, kişi bəndində atasının adının “Qayıbalı”ya dəyişidirilməsi öhdəliyi Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar