Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3256/2023 03.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçılar İddiaçı və X1 iştirakı iştirakı ilə iddiaçılar İddiaçı, X1, X6 və X5 cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı «iddiaçıların və onların yetkinlik yaşına çatmayan övladlarının yaşayış yeri üzrə qeydiyyata alınması» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov RPİ-yə qarşı «iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1986-cı ildə Bərdə rayonunda doğulmuşdur, hazırda ailəlidir. Arvadı 1985-ci il təvəllüdlü X2r, övladları 2010-cu il təvəllüdlü X11 və 2015-ci il təvəllüdlü X7r. İddiaçı ailə üzvləri ilə birlikdə atasınln yaşadığı ünvan 1 ünvanına qeydiyyat alınması ilə bağlı cavabdeh Bakı şəhəri Nərimanov RPİ-yə müraciət etmişdir. Lakin həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaması səbəbindən cavabdeh məsələnin həllindən imtina etmişdir. Məhkəməyə müraciət olunması məqsədəmüvafiq sayılmışdır. Göstərilənlərə əsaslanaraq, iddiaçının ailə üzvləri ilə birlikdə həmin ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Nərimanov RPİ-nin İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəməyə ünvanlanmış iddia ilə bağlı yazılı münasibətində – 6 dekabr 2022-ci il tarixli məktubunda bildirilir ki, vətəndaş İddiaçı qeydiyyata alınma barədə ərizəsi RPİ-yə daxil olmuşdur. RPİ-nin müvafiq məktubu ilə ərizəçiyə bildirilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddısinə əsasən yaşadığı evin müvafiq sənədini təqdim etmək tələb olunur. Əks təqdirdə, qeydiyyata alınma RPİ tərəfindən mümkün deyil və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət olunması məqsədəmüvafiqdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 25-ci maddəsinə görə inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: fiziki və ya hüquqi şəxslər, dövlət orqanları və ya bələdiyyələr. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmənin 9 yanvar 2023-cü il tarixli qərardadı ilə X3, X11 və X8 inzibati məhkəmə icraatına iddiaçı kimi cəlb olumuşlar. İPM-in 26.3-cü maddəsinə görə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. MPM-in 49.4-cü maddəsinə görə on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. MPM-in 72.1-ci maddəsinə görə fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı və X3 gəlmişlər, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. O, qeyd etdi ki, ünvan 1 ünvanında 2004-cü ildən onun atası, anası və qardaşı qeydiyyatda olmaqla yaşayırıar. İddiaçıların başqa yaşayış yeri yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon MKTB 30 saylı MKİS-in 21 iyul 2022-ci il tarixli arayışından görünür ki, X12, X9 və X10 2004-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında görünür ki, X12, X9 və X10 ünvan 1 ünvanına İddiaçı, X1, X6 və X5 qeydiyyat alınmasına notarial qaydada təsdiqlənmiş razılıq ərizələri imzalamışlar. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İddiaçı ünvanlanmış 13 oktyabr 2022-ci il tarixli məktubunda qeyd olunur ki, RPİ-yə daxil olmuş ərizəyə baxılmışdır, Sizlərin Nərimanov rayonunda yerləşən mənzilə qeydiyyata alınmağınız üçün «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddısinə əsasən yaşadığınız evin müvafiq sənədi təqdim edilməlidir. Əks təqdirdə, qeydiyyata alınma RPİ tərəfindən mümkün deyil. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət olunması məqsədəmüvafiqdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli 30 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçılar İddiaçı, X1 ünvan 1 ünvanındakı evə dair mülkiyyət hüquqları qeydə alınmasa da, həmin ünvanda digər şəxslər – iddiaçıların yaxın ailə üzvləri qeydiyyatdadırlar. Belə olan halda cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatının aparıldığı ünvana iddiaçıların da (bu ünvanda daimi olaraq uzun müddət yaşamasına baxmayaraq) qeydiyyatının aparılmasından yalnız həmin evə dair hüquqmüəyyənedici sənədin mövcud olmaması əsası ilə imtina edə bilməzdi, başqa sözlə desək, cavabdehin göstərdiyi dəlil hazırki vəziyyətdə yeganə imtina əsası kimi çıxış edə bilməzdi. Həmçinin nəzərə alınmalıdır ki, evdə qeydiyyatda olan digər şəxslər – X12, X9 və X10 (iddiaçıların ailə üzvləri) sözügedən ünvana iddiaçıların qeydiyyata alınmasına yazılı razılıq ərizəsi vermişdir. Qeyd olunmalıdır ki, iddiaçılar X11 və X8 yetinkilik yaşına çatmamışlar və digər iddiaçılar onların valideynləridir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Belə olan halda, məhkəmə işin faktiki hallarına yuxarıda sadalanan qanunvericilik aktlarını tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların yaşadıqları ünvana qeydiyyata alınması zəruri olduğundan (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti mövcud deyil) və onların ünvan 1 ünvanından başqa yaşayış yeri olmadığından, habelə həmin ünvanda digər fiziki şəxslər qeydiyyata alındığından və iddiaçıların ünvana qeydiyyatına razı olduqlarından, iddiaçıların yaşadıqları ünvana qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh Bakı şəhəri Nərimanov RPİ-nin imtinası «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2, 17-ci maddəsinin tələbləri ilə uzlaşmır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçılar İddiaçı, X1, X6 və X5 ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov RPİnin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı, X1, X6 və X5 ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3256/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3256/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver