Məhkəmə qərarları › İş №2-1(112)-3258/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3258/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3258/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, N.Tusi küçəsi, ev 31, mənzil 54; ixtisası: hüquqşünas; iş yeri: Bakı şəhəri 13 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Balakən rayonu, Tülü kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 57 yaşının tamam olduğu 2020-ci il aprelin 20-dən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 1963-cü il aprelin 20-də Bakı şəhərində anadan olmuşdur. 1978-ci il sentyabrın 01-də Bakı şəhəri 29 №-li X5 Ordenli orta texniki peşə məktəbinə daxil olmuş, 1981-ci il iyulun 31-də universal tornaçı peşəsi üzrə tam kursu bitirmişdir. 1981-ci il oktyabrın 19-dan 1983-cü il noyabrın 26-dək SSRİ Silahlı Qüvvələrində sıravi əsgər kimi həqiqi hərbi xidmətdə olmuş, həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra 1984-cü il yanvarın 13-dən 1984-cü il avqustun 17-dək X2 Kəmərləri İdarəsinin Mərkəzi İstehsalat Xidmət Bazasında mexaniki avadanlıqların təmiri üzrə 3-cü dərəcəli təmirçi çilingər vəzifəsində, 1984-cü il avqustun 30-dan 1986-cı il fevralın 21-dək “Bakı ayaqqabı istehsalat birliyi”nin 4 №-li sexində çəkməçi vəzifəsində işləmiş, 1986-cı il aprelin 21-dən 1989-cu il mayın 03-dək “Bakı Soyuducular Zavodu”nun alət sexində tornaçı vəzifəsində işləmiş, 1989-cu il mayın 29-dan X6 Donanma İdarəsinin Zığ Gəmi təmiri emalatxanasına 3-cü dərəcəli gəmi təmiri çilingəri ixtisası üzrə işə qəbul edilmiş, 1990-cı il mayın 11-də ona gəmi təmiri çilingəri 4-cü dərəcəsi verilmiş, hazırda da həmin təşkilatda gəmi təmiri çilingəri kimi əmək fəaliyyətini davam etdirir. İşlədiyi sahə və tutduğu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci metal emalı bölməsinin 11.6-cı bəndinin “a” yarımbəndinə əsasən, həmçinin həmin Qərar qüvvəyə minənədək qüvvədə olmuş 21 iyun 1993-cü il tarixli 320 №-li qərarına 2 №-li əlavə ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 14-cü bölməsinin (metal emalı bölməsi) 14.3-cü bəndinin “a” yarımbəndi ilə müəyyən olnmuş qaydalara əsasən əmək şəraitinə görə (kod-2150300a-18451) güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir və 2006cı il yanvarın 01-dək ümumi iş stajı 26 il 8 ay, güzəştli şərtlərlə pensiya stajı isə 17 il 2 ay təşkil edir. 2020-ci il sentyabrın 30-da yazılı ərizə müraciət edərək 57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin olunmasını cavabdehdən xahiş etmiş, lakin sonuncu Nazirlər Kabinetinin adı çəkilən Qərarı ilə müəyyən olunmuş Siyahı üzrə onun çilingər vəzifəsində işləməsi gəmi bölmələrinin daxilində avadanlıqların təmiri ilə məşğul olan çilingər vəzifəsinə uyğun olmaması əsası ilə pensiyanın təyin olunmasından əsassız olaraq imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədəkQanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 3 avqust 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989-cu il tarixindən bugünədək "xxxx" MMC-də çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan Qərarla müəyyən olunmuş Siyahı üzrə gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan çilingər vəzifəsinə uyğun deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Əmək Kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən müxtəlif müəssisə və peşələrdə işləmişdir və hal-hazırda işləyir. İş materiallarından görünür ki, iddiaçı ona 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi stajının 25 ildən çox olması mübahisə doğurmur. Araşdırılmalı hal həmin dövrün ən azı 12 il 6 ayının güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşədə işləməsi ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, işçinin əmək funksiyasını, yəni yerinə yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti işəgötürən müəyyən etdiyi üçün güzəştli arayış məhz iş yerindən tələb olunur. İş materiallarından görünür ki, "xxxx"QSC X6 Donanması tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı X6 Donanma idarəsinin Zığ Gəmi təmiri emalatxanasına (GTE) xx.xx.1989-cu ildə 3-cü dərəcəli gəmi təmiri çilingəri peşəsinə (xx.xx.1989-cu il tarixli, 78-şh nömrəli əmr) işə qəbul edilmiş, hal-hazırda 4-cü dərəcəli gəmi təmiri çilingəri peşəsində fəaliyyətini davam etdirir. Gəmi təmiri çilingəri- işlədiyi müddətdə tam iş günü ərzində, gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olmuşdur. İş materiallarından görünür ki, "xxxx"QSC X6 Donanması tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı X6 Donanmasının Zığ gəmi təmiri emalatxanasına xx.xx.1989-cu ildə 3-cü dərəcəli gəmi təmiri çilingəri peşəsinə işə qbul edilmiş, hal-hazırda 4-cü dərəcəli gəmi təmiri çilingəri peşəsində fəaliyyətni davam etdirir Qeyd edib məlum edirəm ki, Gəmi təmiri çilingəri- işlədiyi müdətdə tamiş günü ərzidnə gəmi bölmələrinin daxilində avadanlğın təmiri ilə məşğul olmuşdur. İş materiallarından görünür ki, "xxxx"QSC X6 Donanması tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Arxiv arayışında göstərilmişdir: “Verilir xx.xx.1963-cü ii təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1989-cu ildə X6 Donanama İdarəsinin Zığ Üzən Gəmi Təmiri Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli gəmi təmiri çilingəri peşəsinə (xx.xx.1989-cu il tarixli 78-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1990-cı ildə 4-cü dərəcəli gəmi təmiri çilingəri (xx.xx.1990-cı il tarixli 58-k nömrəli əmr), xx.xx.2007-ci ildə 5ci dərəcəli gəmi təmiri çilingəri peşəsində çalışmışdır. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3 maddəsi ilə (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli 314-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə 5-ci dərəcəli gəmi təmiri çilingəri peşəsinə (xx.xx.2012ci il tarixli 144-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda 4-cü dərəcəli gəmi təmiri çilingəri peşəsində çalışır. Əsas: şəxsi iş № 58. Gəmi təmiri çilingəri - işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olanlar. “Gəmi təmiri çilingəri “ güzəştli peşə olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" nın 11-ci “Metal emalı” bölməsinin 11.6 bəndinin “a” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 №-li qərarı ilə qüvvədən düşmüş 21 06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" nın 14-cü bölməsinin (Metal emalı) 14.3 bəndinin “a” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (kod.:2150300a - 18451) güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 16 il, 07 ay, 01 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X6 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X6 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “ Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.” Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda da nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi müvafiq “Siyahı”da gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan bütün adlarda olan çilingərlər (yəni, gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan sözləri “və” bağlayıcısı ilə bütün adlarda çilingərlərə də aid edilmişidir. (“və ya” sözləri ilə cümlənin bir hissəsi ayrıldığı halda müstəqil formada olacaq və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan sözləri bütün adlarda olan olan çilingərə aid edilməyəcəkdi) nəzərdə tutulmuşdur. İddiaçı isə 3 avqust 1981-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1989-cu il tarixindən bugünədək "xxxx" MMC-də çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Məhkəmənin sorğusuna verilən cavabda iddiaçının yalnız gəmi təmiri çilingəri peşəsində işlədiyi müddətdə gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olduğu qeyd edilmişdir. Yəni, verilmiş cavabdan müəyyən olunur ki, yalnız gəmi təmiri çilingəri peşəsində işlədiyi dövrdə gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olmuşdur. Odur ki, iddiaçının gəmi təmiri çilingəri peşəsində işlədiyi dövr istisna olmaqla, çilingər peşəsində işlədiyi dövr gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan çilingər hesab oluna bilməz və həmin dövr güzəştli iş stajına daxil deyildir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajına malik olsa da, xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının 57 yaşının tamam olduğu 2020-ci il aprelin 20-dən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar