Məhkəmə qərarları › İş №2-1(112)-3258/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3258/2023

31.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3258/2023 31.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 yanvar 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmiş, lakin sosial müavinətin ödənişi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır, iddiaçı sosial müavinətin bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial müavinətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ildən 57 yaşında 3 uşaqlı ana və işləmədiyinə görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona 73 manat müavinət təyin edilmişdir. Sonradan müavinətin məbləği 130 manat olmuşdur. 2021-ci ilin noyabr ayına qədər həmin məbləğdə müavinət almışdır. Həmin tarixdə səbəbsiz olaraq ona verilən müavinət dayandırılmışdır. 2022-ci ilin mart ayında DOST xidmətinə müraciət etmişdir. Ona bildirilmişdir ki, adında 2018-ci ilin 4-cü ayından VÖEN aktiv olduğuna görə ona verilən müavinət dayandırılmışdır. O, bununla əlaqədar Vergi İdarəsinə müraciət etmiş və rəsmi sənəd əldə etmişdir ki, həmin VÖEN təyin olunan müddətdən indiyə qədər aktiv olsa da, fəaliyyətsiz olmuşdur. Müraciəti əsasında VÖEN dayandırılmışdır. Bu barədə xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun məktubunda ona ödənilən pulun geri qaytarılmasını ondan tələb edirlər. Cavabdehin etirazı: İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iş materiallarına əsasən, İddiaçı xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Daha sonra xidməti yoxlama zamanı İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu və nəticədə sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq yaşa görə sosial müavinətin təyin edildiyi aşkar edilmişdir. Bu səbəbdən İddiaçı təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4527,35 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. İddiaçının aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbi ilə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu faktına dəlalət edir. Bu fakt isə həmin müavinətin təyin olunmasını istisna edir. Digər tərəfdən İddiaçı iddia ərizəsində yuxarıda qeyd olunan tarixlərdə adına VÖEN aktiv olsa da, fəaliyyətinin olmadığını bildirmişdir. Vətəndaşların vergi bəyannamələri üzrə dövriyyə məbləğinin olmaması və vətəndaşların bəyannamə təqdim etməməsi səbəbindən dövriyyə məbləğinin müəyyən edilə bilməməsi ilə bağlı arayışlarla əlaqədar bildirilir ki, adlarında VÖEN-i olan vətəndaşlara müvafiq növ sosial müavinət təyin edilərkən yalnız VÖEN-nin statusunun “aktiv” və ya “passiv” olması əsas götürülür. Digər tərəfdən Azərbaycan Respublikası Prezidenti tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2020-ci il tarixdən etibarən sözügedən Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsindən “vergi uçotunun ləğv edilməsi” haqqında rəsmi arayış təqdim etməyinə baxmayaraq qadınların yaşa görə müavinət hüququ xx.xx.2022-ci il tarixdən 63 yaş müəyyən edildiyindən və iddiaçı beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmiş, lakin sosial müavinətin ödənişi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır (təqdim edilmiş müavinət işində bu barədə qərar mövcud deyil), sosial müavinətin bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir, imtina onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsaən iddiaçıya xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4527,35 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. … “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2020-ci il tarixədək qüvvədə olan): Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: ... 4.0.1.2. yaşa görə müavinət. ... Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə. … 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət - ömürlük; … 10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi qaydası “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir. 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır. 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh müavinətin dayandırılması məsələsini həll edərkən həm “Sosial müavinətlər haqqında” Qanunun müavinətin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2ci maddəsinə istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə müavinətin ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi müavinətin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsi) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Müavinət təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə bir daha vurğulayır ki, iddiaçıya müavinətin təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla dayandırıla bilər. Bu baxımdan cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli inzibati akt olan müavinətin təyin edilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız ödənişi dayandırdıqdan sonra iddiaçının müraciətinə cavab olaraq məktubla məlumat verməklə kifayətlənməsi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Həmin qərar hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödənilən sosial ödənişin dayandırılmasından ibarət hərəkəti qanunsuzdur. Buna görə də həmin ödəniş dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin edilmiş yaşa görə sosial müavinətin ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar