Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3259/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə (Nəsimi rayon xidmət nümayəndəliyinə) qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə (Nəsimi rayon xidmət nümayəndəliyinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan 12 il 7 ay 25 gün sosial sığorta stajını və xx.xx.2017-cı il tarixdə birinci dərəcə əlillik təyin edilməsini nəzərə alaraq xx.xx.2017-ci il tarixdən ona əlilliyə görə əmək pensiyanın təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 izahatında bildirdi ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İddiaçı müxtəlif psixiatrik xəstəliklərdən əziyyət çəkir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/17 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə onun iddia tələbi təmin olunmuş, ona birinci dərəcə əlillik təyin olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-132/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixdən “Dəqiqiləşdirilməmiş, kəskin və ötüb keçən psixotik pozuntu. Davranış pozulmaqla uzun müddətli (iki ildən çox) təzahür edən psixotik hallar. İntihar cəhdləri ilə. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, NSD qarışıq tipli” diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Ona xx.xx.2017-ci il tarixdən birinci dərəcə əlilliyə görə sosial müavinət ödənilir. Lakin iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməlidir. İddiaçı əlilliyi ilə əlaqədar xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan onun ərizəsini təmin etməmiş, “xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işləmiş olduğu “Sizo” kiçik müəssisəsində işlədiyi dövr ərzində almış olduğu əmək haqqı cədvəli təqdim etdikdən sonra həmin müəssisədə qarşılıqlı üzləşmə aparmış sosial ayırmalar ödənmiş olduğu halda əmək pensiyası hüququna baxılacaqdır" cavabı ilə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən qanunsuz olaraq imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Cavabdehin bu cür mövqedən çıxış etməsi tamamilə qanunaziddir. Belə ki, iddiaçının adına xx xxxx 1986-cı il tarixdə doldurulmuş İT-İ № ******* saylı əmək kitabçasına əsasən onun xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 12 il 7 ay 25 gün əmək stajı vardır. İddiaçının işlədiyi dövrlər əmək kitabçasında öz təsdiqini tapmışdır. Qeyd edilən 12 il 7 ay 25 gün müddət iddiaçının sığorta stajına hesablanmalı və ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Əmək pensiyaları sahəsində yaranan hüquq münasibətləri xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olduğuna və 50 yaşı olduğuna, ona xx.xx.2017-cı il tarixdə 1-ci qrup əlillik təyin olunduğuna, əmək kitabçasına görə 12 il 7 ay 25 gün sığorta stajı olduğuna görə Qanunun 12.1-ci maddəsinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün ona 11 il 6 ay sığorta stajı lazımdır. 50 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 35 yaş x 4 ay = 140 ay : 12 ay = 11 il 6 ay. İddiaçının xx.xx.2017-ci il tarixə 12 il 7 ay 25 gün sığorta stajı vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işləmiş olduğu “SİZO" kiçik elmi istehsalat müəssisəsində işlədiyi dövr ərzində almış olduğu əmək haqqı cədvəli təqdim edildikdən sonra həmin müəssisədə qarşılıqlı üzləşmə aparılıb sosial ayırmalar ödənmiş olduğu halda əmək pensiyası hüququna baxılması mümkün hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Qanunun 11-ci maddəsinə əsasən, aparılmış hesablama nəticəsində iddiaçının hüququnun yarandığını iddia etdiyi dövrdə tələb olunan sosial sığorta stajı 11 il 6 aydır (50 yaş -15 yaş əmək qabiliyyətli olmayan yaş dövrü = 35il) x 4 ay = 140 ay/12 = 11 il 6 ay). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Eyni zamanda iddiaçı iddia ərizəsində “SİZO” elmi istehsalat kiçik müəssisəsində çalışdığını qeyd etmiş olsa da, məhkəməyə təqdim etdiyi əmək kitabçasının 42, 46 və 48-ci səhifələrində düzəliş aparıldığı cavabdeh tərəfdən şübhə doğurmuş və dəqiqləşməyə ehtiyac olduğu müəyyən edilmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il qərarının 3.2-ci bəndinə görə, müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən aparılmadığından, həmin orqanın möhür və imza ilə təsdiq edilmədiyindən həmin iş illərinin sığorta stajına daxil edilməsi qanun ilə yolverilməzdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il qərarının 3.6-ci bəndinə görə, əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “....” nömrəli qeyd etibarsızdır”. Beləliklə də, “SİZO” elmi istehsalat kiçik müəssisəsindəki iddia etdiyi iş dövrü iddiaçının sosial sığorta stajı kimi hesablana bilməz və ona əmək pensiyasının təyin edilməsinə yol vermir. Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçıya məxsus AZE serialı ******** nömrəi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********0 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işləmiş olduğunuz “Sizo" kiçik müəssisəsində işlədiyiniz dövr ərzində almış olduğunuz əmək haqqı cədvəli təqdim etdikdən sonra həmin müəssisədə qarşılıqlı üzləşmə aparıb sosial ayırmalar ödənmiş olduğu halda əmək pensiyası hüququnuza baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik, diaqnoz – Dəqiqiləşdirilməmiş, kəskin və ötüb keçən psixotik pozuntu, davranış pozulmaqla uzun müddətli (iki ildən çox) təzahür edən psixotik hallar, intihar cəhdləri ilə vegetativ sinir sisteminin somatoform disfunksiyası, NSD qarışıq tipli (forma 88 № 2756003AADHT). İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/17 saylı xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı iddia tələbi təmin edilərək, İddiaçı birinci dərəcə əlilliyin təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-132/18 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/17 saylı xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, “Sizo” çoxsahəli elmi istehsalat kiçik müəssisəsi xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli 5/1460 saylı məktubdan görünür ki, sorğuda qeyd olunan “SİZO" Elmi İstehsalat kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********892600 saylı məktubdan görünür ki, “SİZO” çoxsahəli elmi istehsalat kiçik müəssisəsi xx.xx.1993-cü ildə 2594 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda bildirilmişdir ki, müəssisənin işçiləri barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarilxi 05/3634-14 saylı məktubundan görünür ki, “Sizo” elmi istehsalat kiçik müəssisəsi barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrində aşkar edilməmişdir. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək Dənizkənarı üzümçülük sovxozu üzrə sovxozun maldarlıq fermasında müvəqqəti olaraq sanitar, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Siyəzən rayon rabitə qovşağında telefonçu, xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək «Azenerjitikinti» Trestində fəhlə, xx.xx.1994-cu ildən xx.xx.2000-ci ilədək «SİZO» elmi istehsalat kiçik müəssisəsində köməkçi, xx.xx.2000-ci ildən xx.xx.2004-cü ilədək həmin müəssisədə ərzaq dükanında satıcı vəzifələrində işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası; 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur; 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. (Həmin maddənin xx.xx.2017-ci il tarixədək olan redaksiyası: 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının: 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər; 4.3.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir: 4.3.2. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir; 4.3.3. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi» Qaydalarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1967-ci ildə doğulmuşdur. İddiaçıya xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının xx.xx.2004-cü ilədək 12 il 7 ay 25 gün iş stajı vardır. İddiaçı ona əlilliyin təyin olunduğu tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işləmiş olduğu “Sizo" kiçik müəssisəsində işlədiyi dövr ərzində almış olduğu əmək haqqı cədvəli təqdim etdikdən sonra həmin müəssisədə qarşılıqlı üzləşmə aparıb sosial ayırmalar ödənmiş olduğu halda əmək pensiyası hüququna baxılacağını bildirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Digər iş dövrü isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iş stajı, o cümlədən xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Sizo" elmi istehsalat kiçik müəssisəsində işlədiyi dövr əmək kitabçasında öz əksini tapmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “SİZO” çoxsahəli elmi istehsalat kiçik müəssisəsi xx.xx.1993-cü ildə 2594 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının göstərilən iş dövrləri, o cümlədən xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək “Sizo" elmi istehsalat kiçik müəssisəsində işlədiyi dövr sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, cavabdeh iddiaçının əmək kitabçasının 42, 46 və 48-ci səhifələrində düzəliş aparıldığı üçün şübhə doğurduğunu qeyd etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, cavabdeh əmək kitabçasının 48-ci səhifəsində düzəlişin nədən ibarət olmasını göstərməmişdir. Əmək kitabçasının 42-ci səhifəsində 01 nömrəli və 46-cı səhifəsində 08 nömrəli qeydlərdə eyni tarixlər qeydin əsası olan əmrin nömrəsi və tarixi qrafasında da yazılmışdır, onlarda isə düzəliş aparılmamışdır. 46-cı səhifəndə 07 nömrəli qeydində düzəlişin aparılması bildirilən rəqəm isə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajının müddətinə təsir etmir. Göründüyü kimi, əmək kitabçasında düzəlişin aparılması cavabdeh tərəfindən vurğulanan qeydlər iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün zəruri olan iş yeri, vəzifə və iş stajlarının müddətinə hər hansı formada mənfi təsir göstərmir. Ona görə də cavabdehin bu dəlillərini məhkəmə əsassız hesab edir. Göründüyü kimi, iddiaçıya xx.xx.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdə isə iddiaçının 50 yaşı olmuşdur. İddiaçının yaşı və əmək qabiliyyətli yaş dövrü nəzərə alınmaqla (50 yaş - 15 yaş = 35 yaş x 4 ay = 140 ay : 12 ay = 11 il 6 ay) iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 11 il 6 ay sığorta stajı tələb olunur. İddiaçının isə xx.xx.2004-cü ilədək 12 il 7 ay 25 gün iş stajı vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əlilliyə görə əmək pensiyasının təyin edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən birinci dərəcə əlilliyə görə sosial müavinətin təyin edilmiş olması pensiya təyin edilməsinə mane ola bilməz, iddiaçıya təyin edilmiş və ödənilmiş müavinət məbləğinin pensiya hesablanarkən nəzərə alınması mümkündür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qeyd edilən normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia fərqin birdəfəlik ödənilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon xidmət nümayəndəliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3259/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3259/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver