Məhkəmə qərarları › İş №2-1(112)-3259/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3259/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3259/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X23 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X8 və X9 işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X8, X9 və X5 işə cəlb edilməklə X3, X4 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3259/2021 saylı, 01.04.2021-ci il tarixli qərardadı ilə iş üzrə X5 3-cü şəxslər sırasından çıxarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən 4 saylı mənzili 28 fevarl 2013-cü il tarixdə alğı-satqı və ipoteka müqaviləsi əsasında ilkin olaraq 45000 (qırx beş min) manat ödəyərək həmin ev üzərində mülkiyyət hüququ əldə etmiş və həmin hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirilərək 19 mart 2013-cü il tarixdə çıxarış almışdır. Sözügedən evi alğı-satqı edərkən əvvəlki mülkiyyətçi X10 ilə razılaşmışlar ki, qeydiyyatda olan şəxslər 30 (otuz) gün müddətində qeydiyyatdan çıxacaq. Bu barədə yaşayış sahəsinin alğı-satqı və ipoteka müqaviləsinin 2.2.4-cü bəndində də qeyd edilmişdir. Lakin, həmin müddətdən yeddi ildən artıq bir müddət keçməsinə baxmayaraq, cavabdehlər həmin evdən qeydiyyatdan çıxmayıblar. Hal-hazırda həmin evin mülkiyyətçisi kimi orada öz ailəsi ilə yaşayır və orada qeydiyyatdadırlar. Cavabdehlərin həmin evdə qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını pozur. Çünki, cavabdehlər ona həmin evi razılaşdırılmış məbləğə satmış və həmin ev üzərində mülkiyyət hüququ ona keçmişdir. Bu günə kimi onlarla heç bir əlaqə saxlaya bilmir və onların harada yaşamaları barədə onda məlumat yoxdur. Qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılmaları üçün aidiyyatı üzrə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin işə 05.11.2020-ci il tarixdə baxılaraq qərardad qəbul edilmişdir. Həmin qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin 1-ci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli qərarına istinad edilir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva edir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Həmin qərarda qeyd olunur ki, mülkiyyətçi yaşayış sahəsinə əmlak hüququları mövcud olmayan, faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması inzibati orqan tərəfindən həyata keçirilməlidir. Bundan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinə sözgedən şəxslərin qeydiyyatdan çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə 09.12.2020-ci il tarixdə cavab verilmiş və cavab məktubunda üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etmək hüququ bildirilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə 16.03.2021-ci il tarixli, 091-14957-1221 nömrəli məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən məhkəməyə təqdim edilmiş 4-Ə-223 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, 19 avqust 1992-ci il tarixli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 23 fevral 2013-cü il tarixli arayışa əsasən X10, 3 otaqlı, ümumi sahəsi 61.3 kv.m olan, ünvan 2 ünvanında, 5 mərtəbəli binanın, 2-ci mərtəbəsində yerləşən 4 nömrəli mənzili 100.CL.280213.00002/a saylı, 28 fevral 2013-cü il tarixli alğı-satqı və ipoteka müqaviləsi ilə alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermişdir. Sözügedən alğı-satqı və ipoteka müqaviləsi bağlanan zaman 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş, notariat işinə əlavə edilmiş 22 nömrəli arayışdan müəyyən edilmişdir ki, həmin ünvanda X10, X9, X8 və X6 yaşayış yeri üzrə daimi qeydiyyatda olmuşlar. Bundan başqa, X9, X8 və X6 notarial qaydada təsdiq olunmuş razılıq ərizələri verərək, alğı-satqı və ipoteka müqaviləsinin predmeti olan mənzilin satılmasına və ipoteka qoyulmasına razılıqlarını bildirmiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutuduqları mənzili könüllü boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, 19.03.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 0138 nömrəli, 26.11.2020-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı, X12, X18, X13, X11, keçmiş sakinlər X8, X9 və 2004-cü il təvəllüdlü X5 yaşayış yeri üzrə daimi qeydiyyatdadırlar. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 4a ünvanında yerləşən 4 saylı mənzili 28 fevral 2013-cü il tarixli, 100.CL.280213.00002/a saylı alğı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır. Sözügedən mənzil alğı-satqı və ipoteka müqaviləsinin predmeti olan zaman, 2 saylı Xüqsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş arayışa əsasən mənzildə daimi qeydiyyatda X8, X9 və X6 olmuşlar. Həmin şəxslər notarial qaydada təsdiq olunmuş razılıq ərizələri verərək, alğı-satqı və ipoteka müqaviləsinin predmeti olan mənzilin satılmasına və ipoteka qoyulmasına razılıqlarını bildirmiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutuduqları mənzili könüllü boşaltmağı və həmin ünvandan qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. Hazırda sözügedən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, 19.03.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olmasına, həmin şəxslərin qeyd edilən mənzildə yaşamamalarına baxmayaraq, 3-cü şəxslər və 3-cü şəxs X3 2004-cü il təvəllüdlü qızı X5 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam etməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə 3-cü şəxslərin və 3-cü şəxs X3 2004-cü il təvəllüdlü qızı X2 mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, həmin şəxslərin mübahisəli ünvanda yaşamaması, onların mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmasına əsas verdiyindən, bu hal isə hazırda mülkiyyətçinin hüquqlarını məhdudlaşdırdığından, eləcə də, 3-cü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmədiyi işin halları ilə müəyyən edildiyindən, iddiaçı iş üzrə 3-cü şəxslərin mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Göründüyü kimi, hazırki iş üzrə 3-cü şəxslər X8, X4 və X3 2004-cü il təvəllüdlü X2 mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. X3, onun 2004-cü il təvəllüdlü qızı X2 və X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar