Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-326/2025 29.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh vergi orqanının 2022-ci il mənfəət dövrü üzrə xx.xx.2023-cü il tarixli, **********540200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndə-vəkilinin sonuncu ərizəsi nəzərə alınaraq, məhkəmə iclasının qərardadı ilə iddia tələbi cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-964522 nömrəli qərarının ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2022-ci il Mənfəət dövrü üzrə 05 iyul 2023-cü il tarixli **********540200 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə kameral vergi yoxlaması nəticəsində müəssisəyə əsassız olaraq 81296,95 manat əlavə vergi məbləği hesablamışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi aşağıdakılar qeyd edilmişdir: Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində göstərilmiş 28798,5 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmış, tərəfinizdən təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir. Tərəfinizdən 2022-ci il ərzində aparılmış idxal əməliyyatı üzrə malların statistik dəyəri ilə faktiki (invoys) dəyəri arasında 734908,4 manat kənarlaşma yaranmışdır və təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində 377686,2 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzlq məktublarına aşağıdakı kimi cavablar təqdim edilmişdir: Tərəfimizdən təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur" sütunundakı göstəricilərin cəmi olan 4.226.971,29 manat məbləğ tərəfimizdən idxal edilmiş malların invoys dəyəridir. Belə ki, malların maya dəyəri Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir ki, yəni mallar anbara daxil olunanadək çəkilən real xərclər əsasında hesablanır. Tərəfimizdən də mallar anbara invoys dəyəri və onlara gömrükdə çəkilən xərclər əlavə olunaraq daxil edilmişdir. Uyğunsuzluq məktubunuzda vergi orqanının məlumat bazasına əsasən 4.579.906,04 manat məbləğ göstərilərək 352.934,75 manat qədər fərq çıxarılmışdır. 4.579.906,04 manat məbləğ tərəfimizdən idxal olunmuş malların gömrük dəyəridir (Statistik dəyər). Lakin çoxsaylı göstərişlərinizə istinad edərək idxal olunmuş malların maya dəyərini invoys dəyəri ilə müəyyən etmişik. Mənfi məzənnə fərqini əks etdirən bank hesabından çıxarışı qoşmada Sizə təqdim edirik. Xahiş edirik nəzərə alasınız. Məktubunuzun 2-ci bəndinə cavab olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixli **********802300 saylı Mənfəət vergisi - 2022-ci il Elektron kameral üçün uyğunsuzluq məktubunda da bu məzmunda uyğunsuzluq göndərilmişdir və “Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş, elektron-qaimə fakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən fərqli olduğu üçün kənarlaşma yarandığı” bildirilmişdir.” xx.xx.2023-cü il tarixli **********025300 saylı uyğunsuzluğa cavab məktubunda ətraflı şəkildə izahat təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Bunlarla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Əlavə olaraq bildirilir ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Qeyd olunanlar qanunvericiliyə uyğun olaraq Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi ilə tənzimlənir. - Məktubunuzun 3-cü bəndinə cavab olaraq bildiririk ki, müəssisə tərəfində təqdim edilən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.9 Gələcək dövrün xərcləri bölməsi dövrün əvvəlinə qalıq sətrinin göstəricisi müəssisə tərəfindən qeyri rezidetlərdən “X3”, “"Ras- Les”, “X4”, “X2” idxal ediləcək mallar üzrə ödənilən avans məbləğlərə əsasən formalaşmışdır. xx.xx.2022-ci il tarixinədən avans ödənilmiş “X3”, “"Ras-Les”, “X4”, “X2” müəssisələrindən 2022-ci il ərzində ödənişin müqabilində 480 087,1 manat məbləğində mallar idxal edilmişdir. Bu səbəbdən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.9 Gələcək dövrün xərcləri bölməsində dövr ərzində təqdim edilmişdir sətrində 480 087,1 manat məbləğ əks etdirilmişdir. Müəssisənin mühasibat uçotu düzgünlüyü baxımından ödənilən avans məbləğlər gələcək dövrün xərcləri kimi qeydiyyat alınmış, avansın müqabilində qeyri rezidentdən mal idxal edildiyi tarixdən müvafiq mühasibatlıq yazılışı ilə idxal edilən malın invoys dəyəri ilə ödənilən məbləğ əvəzləşdirilmişdir. Təsdiqedici sənədləri Sizə təqdim edirik. 4-cü bənddə göstərilənlərlə əlaqədar bildiririk ki, müəssisə tərəfindən təqdim edilən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində qeyd olunan "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" sətrində idxal olunan mallar əks edilmişdir. İdxal edilmiş malların dəyəri uyğunsuzluq məktubunun 2-ci bəndində geniş şəkildə izahat verilmişdir. Əlavə olaraq bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyvənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.” Lakin vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət edilmişdir. Lakin müraciət cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. İddiaçı hesab edir ki, qərarlar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-faktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində qeyd olunan "Əsas vəsaitlərin dəyəri" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğindən "Kapitallaşma üçün aktivlər" sətrinin "Təqdim edilmişdir", "Silinmişdir", "Ləğv edilmişdir" məbləğlərinin cəmi çıxılmaqla və "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğinin toplanması nəticəsində yaranan məbləğ nəzərə alınmaqla 377686,2 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində göstərilmiş 28798,5 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********169300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış yazılı izahat və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 81.296,95 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********540200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Əlavə olaraq bildirilir ki, vergi ödəyicisinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli, **********317200 və **********881300 nömrəli müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və vergi ödəyicisinin mənfi məzənnə fərqi barədə izahları nəzərə alınmaqla nəticəsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği qismən azaldılaraq 80581,69 manat vergi məbləği qüvvədə saxlanılaraq bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********117600 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçının xx.xx.2022-xx.xx.2022-ci illər ərzində əldə etdiyi e-qaimə fakturaların cəmi məbləği 367828 manat, yük gömrük bəyannaməsi üzrə idxalı 3852187,681 manat, 2022-ci ilin əvvəlinə mal qalığı 322,033 manat olmuşdur. Göründüyü kimi iddiaçının təqdim etdiyi bəyannamə üzrə 377686,2 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc məbləği müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı tərəf məhkəməyə iddia ərizəsinə əlavə təqdim etmişdir. Əlavədə qeyd edilmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********540200 nömrəli qərar ləğv edilərək, xx.xx.2023-cü il tarixdə **********4117600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar çıxarılmışdır. Bu qərarda təqdim edilmiş bəyannamə hesabat üzrə tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 86.341,37 manat göstərilmişdir. Lakin müəssisə tərəfindən vergi orqanına təqdim edilən bəyannaməyə əsasən, 5.044,42 manat vergi hesablanmışdır.Bu da qərarın əsassız olduğunu əsaslandıran hallardan biridir. Verginin azaldılmış məbləği və ya sığorta haqqı olaraq 5760 manat göstərilmişdir. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində isə **********881300 nömrəli müraciətə əsasən çıxarıldığı göstərilmişdir. Bütün bunlar və müəssisənin məhkəməyə təqdim edilən sənədlərlə müəssisənin mənfəət vergisini düzgün hesablamasını sübut edir. İddiaçının nümayəndəsi və vəlkili elektron məhkəmə sistemi vasitəsilə xx.xx.2025-ci il tarixdə vəsatət ünvanlayaraq qeyd etmişdir ki, cavabdeh 04 iyul 2025-ci il tarixində etiraza əlavə təqdim edilərək, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Müvafiq etiraza əlavənin 3 və 4-cü səhifəsində cavabdeh qurum iddiaçının mənfəət vergisi bəyannaməsinə görə ümumi gəlirdən çıxılan xərclərinin 3.938.923,80 manat olmalı olduğunu qeyd etmişdir. Həmçinin YGB-lər üzrə idxal barədə aşağıdakı məlumatları qeyd etmişdir. Müvafiq etiraza əlavənin 3 və 4-cü səhifələrində cavabdeh qurum tərəfindən iddiaçının mənfəət vergisi bəyannaməsinə əsasən ümumi gəlirdən çıxılan xərclərin 3.938.923,80 manat təşkil etməli olduğu qeyd edilmişdir. Həmçinin, YGB-lər üzrə idxal əməliyyatlarına dair aşağıdakı məlumatlar təqdim edilmişdir: “Gömrük dəyəri və faktiki dəyər arasındakı fərqə münasibətdə qeyd edirik ki, "xxxx" MMCnin 2022-ci il yük gömrük bəyannamələri üzrə idxalı 3.852.187,68 manat olmasına baxmayaraq, 1 nömrəli əlavədə “Mallar” sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda 4.226.971,29 manat qeyd edilmişdir. Nəticədə 374.783,61 manat kənarlaşma yaranmışdır. 2022-ci il üzrə əldə edilmiş 367.828,02 manat dəyərində elektron qaimə-fakturaların tərkibində isə mal alışı müəyyən edilməmiş, elektron qaimə-fakturalar xidmət alışı ilə bağlı olmuşdur. Buna münasibətdə bildiririk ki, gömrük dəyəri barədə vergi orqanının məlumatlarının əsassız olduğunu təsdiq edən sənədlər Dövlət Gömrük Komitəsinin elektron xidmətlər portalından çıxarılaraq iş materiallarına əlavə olunmuşdur. Beləliklə, gömrük dəyəri cavabdehin qeyd etdiyi kimi 3.852.187,68 manat deyil, əslində 4.579.905,89 manat təşkil etmişdir. Qeyd olunanlarla əlaqədar olaraq tərəfimizdən müvafiq təsdiqedici sübutlar məhkəməyə təqdim edildiyi kimi, cavabdeh vergi orqanı da etirazında irəli sürdüyü məlumatların əsaslandırmasını əlaqədar təsdiqedici sənədləri təqdim etməklə əsaslandırmalı idi. Lakin bunu təqdim etməmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi etirazlara uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli sonuncu qərarından görünür ki, İddiaçı MMC-yə 2022-ci il üzrə 73957,33 manat əlavə mənfəət vergisi hesablanmışdır. -2022-ci ilin cari mənfəət vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC tərəfindən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 4.370.269,15 manat gəlir (200.1), çıxılmalardan sonra ümumi gəlir 4.341.831,63 manat (220.), 3.904.938,67 manat malın dəyəri (221.4), 4.316.608,52 manat cəmi xərclər (236.), 25.222,11 manat vergi tutma məqsədləri üçün mənfəət (237.), ödənilməli mənfəət vergisinin 5044,42 manat (247.) olduğu bəyan edilmişdir. -İddiaçı MMC tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə 1 nömrəli əlavədən görünür ki, əlavənin 1.3.2-ci (Mallar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 4.226.971,29 manat, 1.3-cü (Ehtiyatlar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 4.226.971,29 manat göstərilmişdir Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı MMC-nin 2022-ci il üzrə mənfəət vergisinin məbləği nə qədər təşkil edir?
2. İddiaçı MMC-nin 2022-ci il üzrə xərci və gəliri nə qədər müəyyən edilir?
3. İddiaçı MMC-nin 2022-ci il üzrə mənfəət vergisinin hesablanması üçün əsas olmuş xərc sənədləri hansı ilkin sənədlərlə öz əksini tapır? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/4504 nömrəli ekspert rəyinin nəticə qoyulmuş suallara cavab olaraq qeyd edilmişdir ki, təqdim olunmuş sənədlər (yük gömrük bəyannamələri, e-qaimə fakturalar, bank çıxarışları, bəyannamələr və s.) əsasında İddiaçı MMC-nin 2022-ci il üzrə xərcinin 4.316.608,52 manat, gəlirinin 4.341.830,63 manat, mənfəət vergisinin isə 5.044,42 manat məbləğində olması müəyyən olunur. Cavabdeh vergi orqanı tərəfindən ekspert rəyinə dair verilmiş mülahizədə rəylə razılaşmayaraq aşağıdakıları qeyd etmişdir: “Əvvəla, bildiririk ki, iddiaçının xx.xx.2022xx.xx.2022-ci illər ərzində əldə etdiyi e-qaimə fakturaların cəmi məbləği 367828 manat, yük gömrük bəyannaməsi üzrə idxalı 3.852.187,681 manat, 2022-ci ilin əvvəlinə mal qalığı 322,033 manat olmuşdur. Göründüyü kimi iddiaçının təqdim etdiyi bəyannamə üzrə 377686,2 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc məbləği müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir...Qeyd olunanlara əsasən cavabdeh hesab edir ki, xx.xx.2025-ci il tarixli 9/4504 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməməlidir.” Beləliklə, hazırkı iddia tələbi üzrə iddiaçının tələbi cavabdeh vergi orqanının 2022-ci il üzrə 73957,33 manat əlavə mənfəət vergisi hesablanmasına dair qərarının ləğv edilməsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə görə malların idxalı – gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 162.1-ci maddəsinə görə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.12-ci maddəsinə görə gömrük dəyəri – malların «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəridir. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. «Gömrük tarifi haqqında» AR Qanununun 1.1.5-ci maddəsinə görə malların gömrük dəyəri – advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 31 oktyabr 2014-cü il tarixli 100/143 saylı sərəncamı ilə təsdiq edilmiş «Gömrük bəyannamələrinin doldurilması qaydasının Metodikası»nın müddəalarına görə bəyannamələrin 45-ci – “gömrük dəyəri” qrafasında bəyan olunan malların gömrük dəyəri milli valyuta ilə göstərilir, 46-cı – “statistik dəyər” qrafasında bəyan olunan malların statistik dəyəri ABŞ dolları ilə göstərilir. Göründüyü kimi, qanunvericilik normaları Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı malların fakrura dəyəri ilə gömrük dəyərini bir-birindən fərqləndirir. İdxal olunan malların fakrura dəyəri sövdələşmə şərtinə uyğun olaraq ödəniş (o cümlədən müqavilə şərtinə uyğun olaraq) qiymətini, gömrük dəyəri isə, «Gömrük tarifi haqqında» AR Qanununun müddəalarında nəzərdə tutulmuş kriteriyalar üzrə gömrük ödənişinin alınması məqsədi ilə müəyyənləşdirimiş dəyəridir və müvafiq xərcləri də əhatə edir. İdxal olunan malların “statistik dəyəri” isə, onların dəyərinin ABŞ dolları ilə göstəricisidir. Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Odur ki, vergi məqsədləri baxımından mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın alışı üçün çəkilmiş faktiki xərc olmalıdır. Hazırkı işdə iddiaçı tərəfindən idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərq səbəbindən cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilmişdir. Hansı ki, işin məhkəmə araşdırması ilə göstərilən xüsusat öz təsdiqini tapmışdır. Belə ki, mübahisə üzrə cavabdeh inzibati orqanın dəlili ondan ibarətdir ki, iddiaçı "Lesnik” MMC-nin mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 2022-ci il üzrə idxal edilmiş malların statistik dəyəri (4.267.769,70 manat manat) ilə faktura (invoys) dəyəri (3.897.983,08 manat) arasında sənədlərlə təsdiq edilməyən 369.786,62 manat məbləğində gəlirdən çıxılan xərclər müəyyən edilmiş, bu da xərclərin şişirdilməsi kim qiymətləndirilmiş, nəticədə son olaraq iddiaçıya 73957,33 manat əlavə vergi məbləği hesablanmışdır. İşin mübahisəli məqamı ilə bağlı cavabdeh vergi orqanına sorğu edilərək araşdırılan 2022-ci il üzrə müəyyən edilmiş sənədlərlə təsdiq edilməyən məbləğin tərkibi və müəyyən edilməsi əsasları barədə izah verilməsi tələb edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən etiraza əlavə şəklində təqdim edilmiş yazılı məlumatda göstərilmişdir ki, "xxxx" MMC-nin malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərinin araşdırılması zamanı 1 nömrəli əlavədə “Mallar” sətrinin hesabat dövrünün əvvəlinə qalıq sütunu üzrə 0,0 manat + yük gömrük bəyannamələri üzrə idxalı 3.852.187,68 manat + əldə etdiyi elektron qaimə-fakturalara əsasən alışı 367.828,02 manat - 1 nömrəli əlavədə “Mallar” sətrinin hesabat dövrünün sonuna qalıq sütunu üzrə 322.032,62 manat = 3.897.983,08 manat xərc bəyan edilə biləcəyi halda, ödəyici bəyannamənin “Malın dəyəri” (221.4-cü), "İcarə haqqı hüquqi şəxslər üzrə" (221.5.1.1-ci), “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), Ödənilmiş sığorta haqları (230.2-ci) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği üzrə 4.267.769,70 manat xərc bəyan etdiyi üçün 4.267.769,70 – 3.897.983,08 = 369.786,62 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir (cari və kameral vergi yoxlamasına dair bəyannamələr iş materiallarına əlavə edilmişdir). Təsdiqini tapmayan xərclər üzrə kənarlaşmanın müəyyən edilməsi, yuxarıda qeyd edilən formada ümumi xərclərin qarşılıqlı üzləşdirilməsi yolu ilə müəyyən edilir. 80.581,69 manat vergi məbləğinin hesablanma qaydası barədə bildirilir ki, "xxxx" MMC-nin çıxılmalardan sonra ümumi gəliri 4.341.830,63 manat, ümumi gəlirdən çıxılan xərcləri isə 3.938.923,80 manat, vergitutma məqsədləri üçün mənfəət 4 341 830,63 - 3 938 923,80 = 402 906,83 manat, məfəət vergisi 402 906,83 * 20% = 80 581,37 manat təşkil edir. Gömrük dəyəri və faktiki dəyər arasındakı fərqə münasibətdə qeyd edirik ki, "xxxx" MMC-nin 2022-ci il yük gömrük bəyannamələri üzrə idxalı 3.852.187,68 manat olmasına baxmayaraq, 1 nömrəli əlavədə “Mallar” sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda 4.226.971,29 manat qeyd edilmişdir. Nəticədə 374.783,61 manat kənarlaşma yaranmışdır. 2022-ci il üzrə əldə edilmiş 367.828,02 manat dəyərində elektron qaimə-fakturaların tərkibində isə mal alışı müəyyən edilməmiş, elektron qaimə-fakturalar xidmət alışı ilə bağlı olmuşdur. Hazırkı iş üzrə iddiaçı invoys dəyərindən daha artıq məbləğin malın alışı zamanı ödənildiyini təsdiq edən sübutları təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddiaçının müvafiq dövr üzrə vergi bəyannaməsində malların idxal əməliyyatı üzrə YGB-lərində əks olunan “statistik dəyəri”nə istinadən dövriyyə və vergi məbləğləri göstərməsi vergi qanunvericiliyini tələblərinin pozulması, o cümlədən vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Oxşar mübahisələr üzrə qəbul edilmiş AR Ali Məhkəməsinin 2-1(102)-890/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-1(102)-3142/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarında da analoji hüquqi mövqe ifadə edilmişdir. Məhkəmə təqdim edilmiş ekspert rəyinə münasibətdə qeyd edir ki, ekspert rəyində hər hansı tədqiqatın aparılması əks etdirilmədən sadəcə iddia ərizəsində və cavabdehin etirazında göstərilən dəlillər qeyd edilmiş və sonda vergi ödəyicisinin 2022-ci il üzrə mənfəət vergisi hesablanmasında kənarlaşmanın müəyyən edilməməsi barədə hüquqi nəticəyə gəlinmişdir. Ekspert vergi ödəyicisinin bəyannamə məlumatlarını təsdiqləməsinə baxmayaraq bu nəticəyə hansı hesablamalar və sənədlər əsasında gəldiyini qeyd etməmiş, hər hansı araşdırma aparıldığı görünmür. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə görə, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrindəndir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, məhkəmə ekspertinin (ekspertlərinin) rəyində tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunmalıdır. Bu baxımdan, məhkəmə hazırkı iş üzrə alınmış xx.xx.2025-ci il tarixli, 9/4504 nömrəli ekspert rəyi ilə razılaşmır və qeyd olunan ekspert rəyini mötəbər sübut kimi qəbul etmir. Məhkəmə iddiaçının xx.xx.2025-ci il tarixdə təqdim etdiyi vəsatətdə cavabdeh vergi orqanının vəzifəli şəxsləri barədə xüsusi qərardad qəbul edilməsi üçün əsaslar müəyyən etmir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər hansı tutarlı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətnin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dar iddiası iddiası əsassız olduğuna görə təmin edilməməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov