Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3260/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 26.09.1975-ci il tarixdən 26.01.1977-ci il tarixədək V.İ.Lenin adına X14 Birliyində, 01.04.1977-ci il tarixdən 08.06.1992-ci il tarixədək X2, 07.1992-ci il tarixdən 07.1997-ci il tarixədək “Şəki Toxucu’’ ASC-də və 01.02.1997-ci il tarixdən 06.09.2002-ci il tarixədək "xxxx" ASC-də işləməsi ilə bağlı əmək stajını təsdiq edən İT-İ ******* nömrəli 16 dekabr 1975-ci il tarixli əmək kitabçası üzrə həmin illər nəzərə alınmaqla, ona pensiya hüququnun yarandığı gündən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 22.04.2020-ci il tarixdən (61 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı xx.xx.1958-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. İddiaçı 26.09.1975-ci il tarixdən 26.01.1977-ci ilə tarixədək V.İ.Lenin adına X14 Birliyində davelçi şagirdi, davelçi usta, davelçi işləmiş, 01.04.1977-ci il tarixdən 08.06.1992-ci il tarixədək X2 keyfiyyət nəzarətçisi, texnik-texnoloq, sap təmizləyən işləmiş, 07.1992-ci il tarixdən 07.1997-ci il tarixədək "xxxx" ASC-də tikişçi və sap təmizləyici işləmiş, 01.02.1997-ci il tarixdən 06.09.2002-ci il tarixədək "xxxx" ASC-də tabelçi vəzifəsində işləmişdir. İddiaçının ümumi əmək stajı 27 il 01 ay 12 gündür. İddiaçı 25.09.2020-ci il tarixdə cavabdehə müraciət edərək ona yaşa görə pensiyanın təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh 27.11.2020-ci tarixli məktubu ilə pensiya təyin edilməsindən qanunsuz imtina etmişdir. İddiaçının əmək kitabçasından görünür ki, ümumi əmək stajı 27 il 01 ay 12 gündür. Cavabdeh həmin stajın yalnız 2 il 01 ayını qanuni hesab edərək iddiaçının 01.04.1977-ci il tarixdən 01.07.1997-ci il tarixədək işləmiş olduğu X2 və 01.08.1997-ci il tarixdən 06.09.2002-ci il tarixədək "xxxx" ASC-dəki sənədlərin X7 filialına təhvil verilməməsinə və müəssisənin hüquqi ünvanının aşkar edilməsinin mümkün olmamasına görə bu dövrlərin sığorta stajına əlavə edilməməsini əsas götürür. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçının 26.09.1975-ci il tarixdən 26.01.1977-ci ilə tarixədək V.İ.Lenin adına X14 Birliyində davelçi şagirdi, davelçi usta, davelçi işləməsi əmək kitabçası ilə öz təsdiqini tapır. X7 filialının 743 nömrəli 20.06.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı 1992-ci ilin iyul ayından 1997-ci ilin avqust ayınadək X17 müəsissəsində işləmişdir. Cavabdeh isə hesab edir ki, sənədlər arxivə təhvil verilməmişdir. Halbuki arxiv arayışı ilə bu, təsdiq olunur. Bu fakt cavabdehin səthi araşdırma aparmasını təsdiq edir. Eyni zamanda sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Cavabdeh iddiaçının qeyd edilən iş dövrünün qarşılıqlı yoxlanılmasının mümkün olmadığını göstərsə də, hansı səbəbdən bu nəticəyə gəlməsini də əsaslandırmamışdır. Halbuki, iş dövrünün qarşılıqlı yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı göstərilən iş yerlərində çalışmışdır. İddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur, əmək kitabçasının həmin dövrə aid məlumatları cavabdeh tərəfindən mübahisə edilsə də, cavabdeh müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh eyni zamanda iş yerlərinin ünvanlarının aşkar edilməməsini əsas gətirir. X10 Xidmətinin rəsmi saytında olan axtarış bazasında "Azərkəndtikinti” ASC-nin hüquqi ünvanı və rəhbərinin adı mövcuddur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində 25 ildən artıq sosial sığorta stajının olduğunu və 26.09.1975-ci il tarixdən 26.01.1977-ci il tarixədək V.İ.Lenin adına X14 Birliyində, 01.04.1977-ci il tarixdən 08.06.1992-ci il tarixədək X2, 07.1992-ci il tarixdən 07.1997-ci il tarixədək "xxxx" ASC-də və 01.02.1997-ci il tarixdən 06.09.2002-ci il tarixədək "xxxx" ASC-də işləməsi ilə bağlı həmin illər nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (DSMF-na məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Vətəndaşın təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 2 il 1 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda əmək kitabçasında qeyd olunmuş 01.04.1977-ci ildən 01.07.1997-ci ilədək işləmiş olduğu “X8”nda və 01.08.1997-ci ildən 06.09.2002-ci ilədək "xxxx" ASC-nin 96 nömrəli SMD-nin sənədləri X7 filialına təhvil verilmədiyindən, həmçinin müəssisənin hüquqi ünvanını aşkar etmək mümkün olmadığına görə həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. İlk növbədə, iddiaçının 01.04.1977-ci ildən 08.06.1992-ci ilədək X2 və 01,02.1997-ci ildən 06.09.2002-ci ilədək "xxxx" ASC-də işləməsi 16.12.1975-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd edilsə də, cavabdeh orqanın 08.10.2020-ci il tarixli sorğusuna X7 Filialı tərəfindən 148 nömrəli 30.10.2020-ci il tarixli cavab məktubuna əsasən X3 və "xxxx" ASC-nin 96 nömrəli SMD-nin sənədləri X7 filialına təhvil verilməmişdir. İddiaçının sözügedən müəssisələrdə işləməsinin əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, bununla bağlı arxiv arayışları, əməkhaqqı cədvəlləri, işə daxilolma və işdən azad edilmə əmrlərinin aşkar edilməməsi əmək kitabçasındakı qeydlərin doğruluğunu şübhə altına alır. Eyni zamanda bu müəssisələrin hüquqi ünvanları da müəyyən edilə bilməmişdir. Bundan əlavə iddiaçı 07.1992-ci ildən 07.1997-ci ilə qədər "xxxx" ASC-də işlədiyini iddia edir. Lakin əmək kitabçasında iddiaçının işə girdiyi və işdən çıxdığı günlər qeyd olunmamışdır. Əmək kitabçasının tərtibi ilə bağlı qaydalara riayət edilməmiş, iddiaçının işdən çıxarılmasının əsası, işə daxilolma və işdən azad edilmə əmrləri göstərilməmişdir. Eyni zamanda əmrlərin tarixləri və nömrələri yerinə əsas olaraq arxiv arayışı qeyd edilmişdir. Eyni zamanda X7 filialı tərəfindən iddiaçının “Ümid İcarə müəssisəsi”ndə işləməsi ilə bağlı arxiv arayışı mövcuddur. İddiaçı həmin müəssisədə işlədiyi dövrdə müəssisənin adı “Ümud İcarə müəssisəsi” olmuş, daha sonra "xxxx" ASC kimi adlandırılmışdır. Lakin əmək kitabçasındakı qeydə "xxxx" ASC-nin möhürü vurulmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 27.11.2020-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN" Xidmət Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi Sizin ümumi iş stajınız 2 il 1 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Bildiririk ki, 16.12.1975-ci il tarixli, № ******* nömrəli əmək kitabçanızda qeyd olunmuş 01.04.1977-ci ildən 01.07.1997-ci ilədək işləmiş olduğunuz “X6"nda və 01.08.1997-ci ildən 06.09.2002-ci ilədək “Azərkəndtikinti" ATSCnin 96 nömrəli SMD-nin sənədləri X7 filialına təhvil verilmədiyindən, həmçinin müəssisənin hüququ ünvanını aşkar etmək mümkün olmadığına görə həmin dövrlərin sığorta stajınıza əlavə olunması mümkün hesab olunmur. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalınız qeydə alınmamışdır. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (2 il 1 ay) sığorta kapitalınız 1544,38 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, pensiya kapitalınızın məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə - 144 aya bölünməsi ilə alınan məbləğ "Əmək pensiyaları haqqında" Qanunun 6-1ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq Sizə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvainətin təyin edilməsi üçün müvafiq xidmət nümayəndəliyinə müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (27255,62 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X7 Filialının 11 iyun 2021-cu il tarixli 132 saylı arxiv arayışından görünür ki, X17 müəssisəsinin işçi və qulluqçularının zəhmət haqqı cədvəllərinə və şəxsi hesab kitablarına əsasən İddiaçı müəssisədə tikişçi, sap təmizləyici işləyən zaman 1992-ci ilin iyul-dekabr aylarında, 1993-cü ilin yanvar-dekabr aylarında, 1994-cü ilin yanvar-dekabr aylarında, 1995-ci ilin yanvar, fevral, aprel-dekabr aylarında, 1996-cı ilin mart, iyun-sentyabr aylarında, 1997-ci ilin may, iyun və iyul aylarında əmək haqqı hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22.06.2021-ci il tarixli məktubdan görünür ki, 22.06.2021-ci il tarixə uçot məlumatlarında müraciətdə göstərilmiş “X8" adlı vergi ödəyicisinin uçotda olması barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" ASC-nin (VÖEN: **********) fəaliyyəti hazırda dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X7 Filialının 07 oktyabr 2021-cu il tarixli 288 saylı arxiv arayışından görünür ki, V.İ.Lenin adına Şəki X4 və 3 nömrəli filialının işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri X15 filialına təhvil verilməmişdir. Şəki 4 №li filialın işçi və qulluqçularının əmr kitabına əsasən 26 sentyabr 1975-ci il 119 №li əmrin 4 §da İddiaçı İsvəndiyar qızı toxucu sexinə davelçi şagird qəbul edilməsi qeyd edilmişdir (Əsas: fond 325, s 2, s.v 40, v 40). Şəki 4 №li filialın işçi və qulluqçularının əmr kitabına əsasən 11 mart 1976-cı il 35 №li əmrin 2 §da Davelçi İddiaçı 3 №li filiala davelçi keçirilməsi qeyd edilmişdir (Əsas: fond 325, s 2, s.v 41, v 43). Şəki 4 №li filialın işçi və qulluqçularının Əmək haqqı kitabına əsasən İddiaçı filialda işləyən zaman 1975-ci ildə sentyabr-dekabr aylarında, 1976-cı ildə isə yanvar, fevral aylarında əmək haqqısı qeyd edilmilşdir (Əsas: fond 42, v 13 s.v 46, v 9). İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 20.09.2021-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" X5 tikiş istehsalat müəssisəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 23.09.1997-ci il tarixli, 777 nömrəli sərəncamı ilə “X13” və ləğv edilmiş "xxxx" X5 "xxxx" Şirkətinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 21.04.1999-cu il tarixli, 234 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətləri yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçiləri dəyişmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən “X13” və "xxxx" Açıq Səhmdar Cəmiyyətləri müstəqil təsərrüfat subyektləri olmaqla, cəmiyyətlərin maliyyə-təsərrüfat fəaliyyətindən irəli gələn məsələlər müəssisələr tərəfindən sərbəst şəkildə həyata keçirilir. Bu baxımdan, İddiaçı əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müvafiq məlumatların əldə edilməsi məqsədilə aidiyyəti üzrə “X13” və "xxxx" Açıq Səhmdar Cəmiyyətlərinə müraciət edilməsi məsədəuyğundur. İş materiallarında olan Şəki "xxxx" ASC-nin 25.09.2021-ci il tarixli 04 saylı arayışından görünür ki, Hüseynova (İsmayılova) Nərgiz İsfəndiyar qızı həqiqətən (V.İ.Lenin adına X11 Birliyinin 3 nömrəli filialına) indiki X12 ASC-nin burucu sexinə 11 mart 1976-cı il tarixdə 25 nömrəli əmrin 2-ci paraqrafı ilə ipək açan vəzifəsinə qəbul edilmişdir, 01 fevral 1977-ci ilin 11 nömrəli əmrin 4-cü paraqrafı ilə ərizəsinə əsasən işdən azad olmuşdur. O, işlədiyi müddət ərzində 1976-cı ildə mart-dekbar aylarında - cəmi 601,30 (rubl), 1977-ci ildə yanvar və fevral ayında - cəmi 83,87 (rubl), yekun 785,29 (yeddi yüz səksən beş rubl 29 qəpik) əmək haqqı almışdır. İş materiallarında olan “X13” ATSC-nin 28.08.2021-ci il tarixli 09 saylı arayışından görünür ki, İddiaçı həqiqətən X3 01.04.1977-ci il tarixli 62 №-li əmri ilə qalanteriya sexinə keyfiyyət nəzarətçisi vəzifəsinə qəbul edilmiş, 04.05.1987-ci il tarixdən həmin vəzifədə çalışmışdır. O, 04.05.1987-ci il tarixdən həmin kombinatın Dəsmal sexinə texnik-texnoloq vəzifəsinə keçirilmiş və 01.07.1987-ci ilə qədər həmin vəzifədə çalışmışdır. H.İ.Hüseynova 01.07.1987-ci il tarixli 93 №-li əmrlə Dəsmal sexinin tikiş sahəsinə sap təmizləyən vəzifəsinə keçirilmiş və 01.06.1992-ci il tarixdə həmin işdə çalışmışdır. Qeyd: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23 sentyabr 1997-ci il tarixli 777 №-li sərəncamı ilə X8 X13 Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış 18.10.2021ci il tarixli 19 saylı məktubdan görünür ki, Şəki X4 3 və 4 nömrəli fıliallarınin (əmək kitabçasından göründüyü kimi) işçilərin işə qəbulu və işdən azad olmalarım özləri əmrləşdiriblər. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 21.04.1999-cu il tarixli 234 nömrəli sərəncamı ilə "xxxx" Açıq səhmdar cəmiyyəti yaradılmışdır. Həmin sərəncamdan əvvəl 4 nömrəli filial Dövlət Əmlak Komitəsinin 22.09.1997-ci il tarixli 754 nömrəli sərəncamı ilə kiçik müəssisə kimi özəlləşdirilmişdir. Dövlət Əmlak Komitəsinin 21.04.1999-cu il tarixli 234 nömrəli sərəncamın 5 saylı əlavəsinə əsasən "xxxx" ASC-nin nizamnamə kapitalına daxil edilməyərək 3 nömrəli filial ayrıca səhmdar cəmiyyəti kimi özəlləşməyə verilmişdir. Bundan başqa keçmiş Şəki X4 nəzdində olan filialların sənədləri özlərində saxlanılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 22.09.2021-ci il tarixli 18 saylı məktubundan görünür ki, V.İ.Lenin adına Şəki ipək kombinatı fəaliyyətinə 1931-ci ildə başlamışdır. 1975ci ildə şəhərdə fəaliyyət göstərən ayrı-ayrı baramaaçan və toxucu trikotaj fabriklərinin kombinatla birləşdirilməsi nəticəsində keçmiş Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin 12.03.1975-ci il tarixli 69 №-li əmri ilə V.İ.Lenin adına Şəki ipək kombinatının adı dəyişilərək V.İ.Lenin adına X14 birliyi olmuşdur. "xxxx" Azərbaycan Dövlət Konserninin 27.09.1991-ci il tarixli 308 saylı əmrinə əsasən V.İ.Lenin adına Şəki X4 adı dəyişilərək "xxxx" şirkəti olmuşdur. Dövlət Əmlak Komitəsinin 21.04.1999-cu il tarixli 234 saylı sərəncamına əsasən Şəki "xxxx" şirkətinin bazasında hüquqi varisi olaraq "xxxx" X16 Cəmiyyəti yaradılmışdır. 12 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı haqqında 0606-Ş7-783 saylı Qeydiyyat Nömrəsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Bütün dəyişikliklər müəssisənin möhür və künc ştampında öz əksini tapmışdır. İş materiallarında olan “X12” ASC-nin 25.09.2021-ci il tarixli 03 saylı məktubundan görünür ki, X18 MMC-nin (keçmiş V.İ.Lenin ad. X4) tabeliyində olmuş 3 №-li filialı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 12 may 2004-cü il tarixli 123 saylı Sərəncamı ilə “X12” ASC adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki Ərazi Şöbəsinin 20.09.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23.09.1997-ci il tarixli, 177 nömrəli sərəncamı ilə keçmiş "xxxx" Dövlət Konserni, X9 Müəssisəsinin bazasında “X13” ASC yaradılmış, səhmdar cəmiyyətinin səhmləri tam satılaraq 100% özəlləşdirilmiş və dövlət müəssisəsinin təşkilatı-hüquqi forması dəyişilərək özəl mülkiyyətə çevrilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08.09.2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 23.09.1997-ci il tarixli, 777 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Konserninin tabeliyində olmuş X9 müəssisəsinin bazasında “X13” açıq səhmdar cəmiyyəti yaradılmış və 06.08.2013-cü il tarixində səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 26.09.1975-ci ildə V.İ.Lenin adına Şəki X4 4 №-li filialı üzrə Kəlağayı toxuyan sexə davelçi şagirdi qəbul edilmiş, 16.12.1975-ci ildə davel işini öyrəndiyindən şagirdlikdən davelçi usta keçirilmiş, 11.03.1976-cı ildə V.İ.Lenin adına Şəki X4 3 №-li filialına öz ərizəsinə əsasən davelçi keçirilmiş, 01.02.1977-ci ildə öz ərizəsinə əsasən ipək açan vəzifəsindən azad edilmiş, 01.04.1977-ci ildə X1enteriya sexinə keyfiyyət nəzarətçisi vəzifəsinə qəbul edlmiş, 04.05.1987-ci ildə dəsmal sexinə texnik-texnoloq vəzifəsinə keçirilmiş, 01.07.1987-ci ildə dəsmal sexinin tikiş sahəsinə sap-təmizləyən işinə keçirilmiş, 01.06.1992-ci ildə dəsmal sexinin icarəyə verilməsi iə əlaqədar köçürmə yolu ilə həmin sahəyə işə keçirilmiş, 07.1992-ci ildən 07.1997-ci ilədək arxiv idarəsinin 20.06.2019-cu il tarixli 743 nömrəli arayışına əsasən “Ümid” icarə müəssisəsi ("xxxx" ASC-də) tikişçi, sap təmizləyici işləmiş, 01.08.1997-ci ildə həmin tarixdən "xxxx" 96 nömrəli SMD-nə tabelçi qəbul edilmiş, 06.09.2002-ci ildə ərizəsinə əsasən işdən azadı edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2019 - 30.06.2020, qadınlar üzrə pensiya yaşı 61 il 6 ay. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçı 26.09.1975-ci ildə V.İ.Lenin adına Şəki X4 4 №-li filialı üzrə Kəlağayı toxuyan sexə davelçi şagirdi qəbul edilmiş, 16.12.1975-ci ildə davelçi usta keçirilmiş, 11.03.1976-cı ildə V.İ.Lenin adına Şəki X4 3 №-li filialına davelçi keçirilmiş, 01.02.1977-ci ildə öz ərizəsinə əsasən vəzifəsindən azad edilmiş, 01.04.1977-ci ildə X1enteriya sexinə keyfiyyət nəzarətçisi vəzifəsinə qəbul edilmiş, 04.05.1987-ci ildə dəsmal sexinə texnik-texnoloq vəzifəsinə keçirilmiş, 01.07.1987-ci ildə dəsmal sexinin tikiş sahəsinə sap-təmizləyən işinə keçirilmiş, 01.06.1992-ci ildə dəsmal sexinin icarəyə verilməsi iə əlaqədar köçürmə yolu ilə həmin sahəyə işə keçirilmiş, 07.1992-ci ildən 07.1997-ci ilədək “Ümid” icarə müəssisəsində ("xxxx" ASC-də) tikişçi, sap təmizləyici işləmiş, 01.08.1997-ci ildə "xxxx" 96 nömrəli SMDnə tabelçi qəbul edilmiş, 06.09.2002-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı “Ümid” icarə müəssisəsində ("xxxx" ASC-də) işləyərkən (07.1992-07.1997) ona 1992-ci ilin iyul-dekabr aylarında, 1993-cü ilin yanvar-dekabr aylarında, 1994-cü ilin yanvar-dekabr aylarında, 1995-ci ilin yanvar, fevral, aprel-dekabr aylarında, 1996-cı ilin mart, iyunsentyabr aylarında, 1997-ci ilin may, iyun və iyul aylarında, cəmi 49 ay əmək haqqı hesablanmışdır. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçı cəmi 25 il 08 ay 13 gün sığorta stajına malikdir. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 61 yaş 6 ayının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh iddiaçının 01.04.1977-ci ildən 01.07.1997-ci ilədək işlədiyi “X6"nda və 01.08.1997-ci ildən 06.09.2002-ci ilədək “Azərkəndtikinti" ATSC-nin 96 nömrəli SMD-nin sənədləri X7 filialına təhvil verilmədiyini, həmçinin müəssisənin hüququ ünvanını aşkar etməyin mümkün olmadığını qeyd etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22.06.2021-ci il tarixli məktubda "xxxx" ASC-nin (VÖEN: **********) mövcud olması müəyyən edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 20.09.2021-ci il tarixli məktuba əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" X5 tikiş istehsalat müəssisəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 23.09.1997-ci il tarixli, 777 nömrəli sərəncamı ilə “X13” ASC və ləğv edilmiş "xxxx" X5 "xxxx" Şirkətinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin 21.04.1999-cu il tarixli, 234 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətləri yaradılmışdır. “X13” ATSC-nin 28.08.2021-ci il tarixli 09 saylı arayışına əsasən İddiaçı həqiqətən X3 01.04.1977-ci il tarixli 62 №-li əmri ilə qalanteriya sexinə keyfiyyət nəzarətçisi vəzifəsinə qəbul edilmiş, 04.05.1987-ci il tarixədək həmin vəzifədə çalışmış, 04.05.1987-ci il tarixdən həmin kombinatın Dəsmal sexinə texnik-texnoloq vəzifəsinə keçirilmiş və 01.07.1987-ci ilə qədər həmin vəzifədə çalışmış, 01.07.1987-ci il tarixdə Dəsmal sexinin tikiş sahəsinə sap təmizləyən vəzifəsinə keçirilmiş və 01.06.1992-ci il tarixdə həmin işdə çalışmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23 sentyabr 1997-ci il tarixli 777 №-li sərəncamı ilə X8 X13 Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. "xxxx" ASC-nin 22.09.2021-ci il tarixli 18 saylı məktubuna əsasən keçmiş Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin 12.03.1975-ci il tarixli 69 №-li əmri ilə V.İ.Lenin adına Şəki ipək kombinatının adı dəyişilərək V.İ.Lenin adına X14 birliyi olmuş, "xxxx" Azərbaycan Dövlət Konserninin 27.09.1991-ci il tarixli 308 saylı əmrinə əsasən V.İ.Lenin adına Şəki X4 adı dəyişilərək "xxxx" şirkəti olmuş, Dövlət Əmlak Komitəsinin 21.04.1999-cu il tarixli 234 saylı sərəncamına əsasən Şəki "xxxx" şirkətinin bazasında hüquqi varisi olaraq "xxxx" X16 Cəmiyyəti yaradılmış, 12 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı haqqında 0606-Ş7-783 saylı Qeydiyyat Nömrəsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X7 Filialının 11 iyun 2021cu il tarixli 132 saylı arxiv arayışına əsasən X17 müəssisəsinin işçi və qulluqçularının zəhmət haqqı cədvəllərinə və şəxsi hesab kitablarına əsasən İddiaçı müəssisədə tikişçi, sap təmizləyici işləyən zaman 1992-ci ilin iyul-dekabr aylarında, 1993-cü ilin yanvardekabr aylarında, 1994-cü ilin yanvar-dekabr aylarında, 1995-ci ilin yanvar, fevral, apreldekabr aylarında, 1996-cı ilin mart, iyun-sentyabr aylarında, 1997-ci ilin may, iyun və iyul aylarında əmək haqqı hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sənədlərin X7 filialına təhvil verilməməsini, həmçinin müəssisənin hüquqi ünvanının aşkar edilməsinin mümkün olmadığını qeyd etməklə cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassızdır, bu hallar imtina üçün əsas sayıla bilməz. Eyni zamanda iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı qeyd olunan tarixlərdə həmin iş yeri və vəzifələrdə işləmişdir. İddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iddiaçıya məxsus əmək kitabçasından və digər iş materiallarından görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 61 yaşı 6 ayı 22.04.2020-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 22.04.2020-ci il tarixdən (61 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3260/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3260/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver