Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3260/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus qeyri-yaşayış binasına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Daşınmaz əmlakın Dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2806 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən 0.08926 ha torpaq sahəsində inşa edilmiş 2 (iki) mərtəbəli qeyri-yaşayış binası (mansarda əlavə olunmaqla) üzərində yenidənqurulmuş vəziyyətdə (artıq torpaq sahəsində inşa olunmuş tikililər istisna omaqla) İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan Bakı şəhəri İnqilab İsmayılov küçəsi 8 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binası yararsız hala düşdüyü üçün, yeni qeyri - yaşayış binası inşa edilməsi məqsədilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən xx.xx.2011-ci il tarixdə 05 saylı sərəncam verilmişdir. Həmin qeyri - yaşayış binasının yenidən quraşdırılması barədə eskiz layihə Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2344 saylı, xx.xx.2010-cu il tarixli məktubu ilə razılaşdırılmışdır. Eləcə də qeyri-yaşayış binasının yenidən quraşdırılması üçün qanunla müəyyən edilən bütün tədbirləri görüb, yeni qeyriyaşayış binasını yenidən quraşdırmışdır. Yenidən quraşdırılan qeyri-yaşayış binasının quraşdırıldığı 0,0806 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdehin istinad etdiyi xx.xx.2022-ci il tarixli məktubunda göstərdiyi qeyri-yaşayış binasının bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda inşa edilməsi göstərilməsi düzgün qeyd olunmamışdır. Yuxarıda göstərilən qeyri-yaşayış binası 2012-ci il tarixdə yenidən quraşdırılmış və tərəfindən istifadə olunur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, iddiaçı ********** daxil olma nömrəli, xx.xx.2022-ci il il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyri-yaşayış binasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Həmçinin təqdim edilən tikintiyə icazə sənədi müvafiq icra hakimiyyəti crqanı tərəfindən verilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasının bir hissəsi sənəd üzrə torpaq sahəsindən kənarda inşa edilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən göstərilən qeyri-yaşayış binasına yerli baxış zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş layihədə 1-ci “3" saylı yerləşkənin konfiquriyası bir qədər fərqlidir. “8” saylı yerləşkə isə mərtəbədə ayrı tikili olmaqla layihədəki ölçüdən böyük inşa olunmuşdur. Layihədə dam sahəsi kimi göstərilən sahədə mansard mərtəbəsi inşa olunmuşdur. Həmçinin bir mərtəbəli tikililər inşa olunmuş, həmin tikililərdən biri tamamilə, digərinin bir hissəsi əlavə torpaq sahəsində yerləşir. Əlavə torpaq sahəsinin 127 kv. metr hissəsi 242 saylı uşaq bağçasının ərazisi ilə üst-üstə düşür. Belə ki, artıq torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, texniki pasportun baş planında göstərilən bəzi perimetrik ölçülərlə faktiki vəziyyət arasında fərq mövcuddur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təqdim olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış sahəsi üzərində yenidənqurulmuş vəziyyətdə xüsusi mülkiyyət hüquqularının qeydə alınması ilə bağlı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malikdir. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə doğulmuş İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə tərtib olunmuş 11/912 inventar nömrəli (Reyestr № **********16-06301) qeyriyaşayış binasına dair texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki: - ünvan 4 ünvanda yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə ümumi sahəsi 0,08926 ha, faktiki sahəsi 0,08926 ha, yaşıllıq sahəsi 0.0015, açıq torpaq sahəsi 0.01938, ümumi tikinti altı sahə 0.06838 ha qeyd olunmuşdur. - Qeyri-yaşayış binası haqqında məlumatda qeyri yaşayış binasının ümumi sahəsi 536,0 kv. metr, əsas sahəsi 472,8 kv. metr qeyd olunmuşdur. Eyni zamanda tikili və qurğuların xarakteristikaları qrafasında - xidməti binanın tikinti altı sahəsi 612,2 kv. metr, həcmi 2278,0 kv. metr; anbar binasının tikinti altı sahəsi 5,0 kv. metr, həcmi 11,0 kv. metr, yeraltı anbar tikinti altı sahəsi 60,8 kv. metr, daş hazarın tikinti altı sahəsi 5,1 kv. metr, metal çəpərin tikinti altı sahəsi 0.7 kv. metr göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* №li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus 0.08926 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 536 kv. metr olan qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi il Daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2806 nömrəli vərəqində İddiaçı adına qeydə alınmışdır. 2010-cu ildə Bakı şəhəri “Cahan” firması (Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən verilmiş Lisenziya № 015187 qeydiyyat nömrəsi LA-06- 006 xx.xx.2006-cı il) tərəfindən Bakı şəhəri Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 8 saylı yaşayış binasının yanında yerləşən ərazidə İddiaçı məxsus ofis və ticarət binasına dair tərtib olunmuş Eskiz Layihəsindən görünür ki, qeyd olunan Layihə xx.xx.2010-cu ildə (xx/xx/2344 № ilə) Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının “Xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilməsi haqqında” 05 №-li xx.xx.2011-ci il tarixli sərəncamından çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/2344 saylı, xx.xx.2010cu il tarixli məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq İddiaçı məxsus Bakı şəhəri, İ.İsmayılov küçəsi, 8 saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış binasının yenidən qurulmasına icazə verilməsi qərara alınmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş “Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, qeyri-yaşayış sahəsi layihəyə əsasən (2 mərtəbəli zirzəmili) 2124,4 kv. metr, faktiki (2 mərtəbəli zirzəmili) 2146 kv. metr, ümumi torpaq sahəsi (hüquqmüəyyənedici sənədlər üzrə) 892,6 kv. metr, faktiki 1169,4 kv. metr (276,8 kv. metr artıq) təşkil edir. Torpaq sahəsinin sərhədlərinin bir hissəsi şərti, bir hissəsi metal tor hasar, bir hissəsi isə mövcud tikilinin ərazisinin divarlarıdır. Texniki pasportda göstərilən “B” tikilisi sökülmüş “A” tikilisinin isə sahəsi genişləndirilmiş, üzərində ikinci mərtəbə inşa olunmuşdur. Aparılmış dəyişikliklər təqdim olunan layihədə öz əksini tapmışdır. Layihədə 1-ci mərtəbədə “3” saylı yerləşkənin konfiqurasiyası bir qədər fərqlidir. “8” saylı yerləşkən isə ayrı tikili olmaqla layihədəki ölçülərdən böyük inşa olunmuşdur. Layihədə dam sahəsi kimi göstərilən hissədə Süm.=103.6 kv.m mansart mərtəbəsi inşa olunub. Ərazidə əlavə olaraq Süm.t.a=50.0 kv. metr bir mərtəbəli tikililər inşa olunub ki, həmin tikililərdən biri tamamilə, digərinin bir hissəsi artıq torpaq sahəsinin üzərində yerləşir. Bundan başqa layihədə göstərilən tikilin də St.a=17.0 kv. metr hissəsi texniki pasportda göstərilən sərhədlərdən kənarda yerləşir. Texniki pasportun baş planında göstərilən bəzi perimetrik ölçülərlə faktiki ölçülər arasında fərq mövcuddur. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********08 №li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən qeyriyaşayış binası üzərində cari dəyişikliklər nəzərə alınmaqla hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Qeyri-yaşayış binasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasının bir hissəsi sənəd üzrə torpaq sahəsindən kənarda inşa edilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə əsasən müvafiq olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair- çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). 11.1 -ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: - 3.0.20-ci maddəsinə əsasən tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. - 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. “Əsasnamə”nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Beləliklə iş materiallarından da göründüyü kimi mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən iddiaçıya həmin torpaq sahəsində qeyri-yaşayış obyektinin yenidən qurulmasına icazə verilmişdir. İddiaçının qeyd olunan torpaq sahəsində yenidən qurulmuş qeyri - yaşayış sahəsinin layihəsi müvafiq orqanlar tərəfindən razılaşdırılmışdır. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq cari dəyişikliklər nəzərə alınmaqla yenidən qurulmuş daşınmaz əmlaka (qeyri-yaşayış sahəsi) dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina bildirişində qeyd olunan dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hallar hazırki iddianın təmin olunmaması üçün əsas hesab oluna bilməz. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir və cavabdeh inzibati orqan tərəfindən iddiaçının bu barədə müraciətindən imtina olunarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Daşınmaz əmlakın Dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2806 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən 0.08926 ha torpaq sahəsində inşa edilmiş 2 (iki) mərtəbəli qeyri-yaşayış binası (mansarda əlavə olunmaqla) üzərində yenidənqurulmuş vəziyyətdə (artıq torpaq sahəsində inşa olunmuş tikililər istisna omaqla) İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Daşınmaz əmlakın Dövlət reyestrində 30 nömrəli reyestr kitabının 2806 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış ünvan 2 ünvanında yerləşən 0.08926 ha torpaq sahəsində inşa edilmiş 2 (iki) mərtəbəli qeyri-yaşayış binası (mansarda əlavə olunmaqla) üzərində yenidənqurulmuş vəziyyətdə (artıq torpaq sahəsində inşa olunmuş tikililər istisna omaqla) İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3260/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3260/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver