Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3261/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən 1200 kv.m qeyri-yaşayış sahəsinin “Ağ şəhər” layihəsi çərçivəsində söküntüsü ilə əlaqədar 360.000 (üç yüz altmış min) manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bardə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayon İcra hakimiyyəti ilə 20 aprel 2018-ci ildə “Ağ şəhər’” layihəsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti, 2210 ünvanında yerləşən, mülkiyyətində olan 1200 kv.m qeyri-yaşayış sahəsinə dair Razılaşma aktı imzalanmışdır. Həmin Razılaşma aktına görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kv.m-i üçün 20% əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alqısatqı üçün orta bazar qiyməti 300 manat (üç yüz manat) müəyyənləşdirilərək hesablanmış 1200 kv.m tikili üçün cəmi 360.000 (üç yüz altmış min) manat kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Razılaşma aktının imzalanmasından üç ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də ona hesablanmış kompensasiya ödənilməmişdir. Hesablanmış kompensasiyanın ödənilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin 14 oktyabr 2021-ci il tarixli məktubunda göstərilir ki, Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən ona məxsus olan “Orxan-10” İKF qeyri-yaşayış sahəsi “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən komissiya tərəfindən qiymətləndirilmiş və onun razılığı ilə sökülmüşdür. “Ağ şəhər” layihəsi çərçivəsində söküntü işləri mərhələli şəkildə aparıldığından yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi üçün vəsait ayrılacağı təqdirdə qeyd olunan qeyri-yaşayış sahəsi üçün hesablanmış kompensasiya məbləği onun hesabına köçürüləcəkdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 20 aprel 2018-ci il tarixli “Razılaşma Aktı”nın surətindən görünür ki, ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahəsində sökülməsi zərurəti yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.m-i üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsi 1 kvm-nin alqı-satqı orta bazar qiyməti 300 manat (üç yüz manat) müəyyənləşdirilərək mülkiyyətçilərə təklif olunmuşdur. Beləliklə, Babək prospekti 2210 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 1200 kvm qeyriyaşayış sahəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kvm-i üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kvm-nin alqı-satqı orta bazar qiyməti 300 manat (üç yüz manat) müəyyənləşdirilərək İddiaçı hesablanmış 1200 kvm tikilisi üçün cəmi alacağı təzminat 360.000 (üç yüz altmış min) manatdır; Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən və iddiaçıya məxsus olan “Orxan-10” İKF qeyri-yaşayış sahəsi “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən komissiya tərəfindən qiymətləndirilmiş və iddiaçının razılığı ilə sökülmüşdür. “Ağ şəhər” layihəsi çərçivəsində söküntü işləri mərhələli şəkildə aparıldığından yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi üçün vəsait ayrılacağı təqdirdə qeyd olunan qeyri-yaşayış sahəsi üçün hesablanmış kompensasiya məbləği iddiaçının hesabına köçürüləcəkdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 5 noyabr 2021-ci il tarixli məktubla təqdim olunmuş Xətai Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 383 №-li Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Babək prospekti 2210-cu məhəllədə “Qartal” k/m-nə məxsus sahədə cizgidə göstərilən ərazidə 0,06 ha torpaq sahəsi istehsalat sexinin açılması üçün təsərrüfat həyəti kimi “Orxan-10” İKF-nin direktoru İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır; Bakı şəhəri Cavabdeh Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən torpaq sahəsində Bakı “Ağ şəhər” layihəsinin həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin 10 iyun 2013-cü il tarixli 225 nömrəli Sərəncamı ilə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin kompensasiya ödənilməklə köçürülməsi işləri 2013cü ildən başlanılmış və hazırda da davam etməkdədir. Həmçinin Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən və İddiaçı məxsus olan "Orxan-10” İKF qeyri-yaşayış sahəsi “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən komissiya tərəfindən qiymətləndirilmiş və onun razılığı ilə sökülmüşdür. Həmin məktuba əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyətinin 225 nömrəli, xx.xx.2013-cü il tarixli Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsini təmin etsin; Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli, 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”nda Bakının təbiiiqlim, sanitar-gigiyenik və sağlamlıq şəraitinin yaxşılaşdırılmasını, həmçinin yaşıllıq sahələrinin tikinti üçün ayrılmasının qarşısının alınmasını təmin edən, Bakı şəhərinin Baş planına uyğun vahid landşaft-memarlıq planının hazırlanması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da Bakı şəhərində rayon və qəsəbədaxili yolların, istirahət parklarının yenidən qurulması və yaşıllıq sahələrinin artırılması üzrə tədbirlər nəzərdə tutulmuşdur. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan əmlak Bakı şəhərinin abadlaşdırılması məqsədilə icra edilən “Ağ şəhər” layihəsi çərçivəsində söküntüyə məruz qalmışdır. Azərbaycan Respubikasının Mülki Məcəlləsinin: 157.9-cü maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 248.1-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. 248.2-ci maddəsinə əsasən, alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. 249.2-ci maddəsinə əsasən, torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlətin hüquqları alınmamış hər hansı torpağın alınmasından imtina etdiyi hallar və torpağın alınmasından imtina hesab edilən hallar istisna olmaqla, bu hüquq qanunla müəyyən olunmuş qaydada digər şəxslərə keçə bilər. Eyni zamanda, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. İşin faktiki hallarına əsasən iddiaçının Bakı şəhərinin Xətai rayon ərazisində mülkiyyətində olan 1200 kv. metr olan qeyri-yaşayış sahəsi Bakı şəhərində “Ağ şəhər” layihəsi çərçivəsində abadlaşdırma işlərinin aparılması çərçivəsində sökülmüşdür və “Razılaşma aktı”na əsasən 360.000 manat kompensasiya hesablansa da iddiaçıya bu günə qədər həmin əmlaka görə kompensasiya ödənilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən, ümumi sahəsi 1200 kv. metr olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə İddiaçı 360.000 (üç yüz altmış min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən, ümumi sahəsi 1200 kv. metr olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə İddiaçı 360.000 (üç yüz altmış min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3261/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3261/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver