Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3262/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Hüseynova Yasəmən Mikayıl qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, bağ sahəsinə iddiaçının mərhum ərinin hüquqları qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı ŞİH Abadlaşdırma və X2 Departamentinin X3 və İstismarı Birliyi tərəfindən 6 fevral 2004-cü il tarixli 32356 saylı müqavilə ilə Xəzər rayonu, Mərdəkən qəsəbəsi ərazisindəki sahəsi 0,12 ha olan 636a nömrəli bağ iddiaçının əri Sadıx-zadə Cabar Sadulla oğlunun ailəsi ilə birlikdə istifadəsinə verilmişdir. Həmin müqavilənin 8-ci bəndində bağdan istifadə edən Sadıxzadə ailəsinin üzvləri olaraq iddiaçının, əri Cabar Sadəx-zadənin, qızları Zenfıranın, oğulları Samir və Eminin adları göstərilmişdir. Göründüyü kimi, Mərdəkən qəsəbəsi ərazisindəki sahəsi 0,12 hektar olan 636a nömrəli bağ iddiaçıya və övladlarına məxsusdur. Daha əvvəl həmin bağ Bakı Şəhər XDS İK-nın X6 ilə bağlanmış 29 mart 1950-ci il tarixli 335 nömrəli müqaviləyə əsasən iddiaçının qaynatası Sadıx-zadə Sadulla Cabar oğluna verilmişdir. 70 ildən çoxdur ki, həmin bağ Sadıx-zadə ailəsinin istifadəsindədir. Bunu yaşı çox olan bütün qonşular təsdiq edə bilərlər. Qaynatasının vəfatından sonra həmin bağdan mərhum əri Sadıx-zadə Cabar Sadulla oğlu ailəsi (iddiaçı) ilə birlikdə qanuni əsaslarla istifadə etmişdir. İddiaçı ailə qurduğu 27 iyul 1967-ci il tarixdən hər il yay aylarında həmin bağ onların ailəsinin istifadəsində olmuşdur. 50 ildən artıqdır ki, Mərdəkan qəsəbəsindəki 636a nömrəli bağdan qanuni əsaslarla ailə üzvləri ilə birlikdə istifadə etmişdir. 31 may 2004-cü il tarixdə Sadıxzadə Cabar vəfat etmiş və 636a nömrəli bağ iddiaçının və övladlarının istifadəsində qalmışdır. Göründüyü kimi, qeyd edilən bağ tam qanuni əsaslarla onlara məxsusdur. Vəfat etmiş Cabar Sadıx-zadədən qalmış miras əmlak (bağ) üzərində hüquqlarını rəsmiləşdirmək məqsədilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 50 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisi cavabdehə 10 sentyabr 2020-ci il tarixli 1447 nömrəli məktub göndərmiş və ilkin olaraq mərhum Cabar Sadəxzadənin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almalı olduğunu bildirmişdir. Bununla əlaqədar nümayəndə vasitəsilə cavabdehə müraciət etmişdir. Müraciətdən sonra 2020-ci ilin noyabr ayında cavabdehin nümayəndəsi iddiaçı ilə birlikdə bağ sahəsinə gəlmiş, müvafiq çöl-ölşmə işlərini aparmış, bu işlərin aparılması üçün ona şərait yaradılmışdır. Lakin DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi qanunsuz və əsassız olaraq Xəzər rayonu, Mərdəkən bağ massivində yerləşən sahəsi 0,12 hektar olan 636a nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin 1 dekabr 2020- ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, göstərilən bağ sahəsinə digər şəxslərin müraciəti olduğundan ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır və imtinanın əsası kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15-ci maddəsinə istinad edilmişdir. Cavabdehin 636a nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi qanunsuz və əsassız olmaqla onun hüquqlarını və qanunla qorunan maraqlarını pozur. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə, «Torpaq islahatı haqqında» AR Qanununun 9, 25-ci maddələrinə, Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7, 15.1-ci maddələrinə, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına əsaslanaraq, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 0,12 ha sahəsi olan 636a nömrəli bağ üzərində 6 fevral 2004-cü il tarixli 32356 saylı müqavilə əsasında Sadıx-zadə Cabar Sadulla oğlunun yaranmış hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 25 fevral 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. Sözügedən məsələ ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət daxil olmuş və araşdırma zamanı məlum olmuşdur ki, göstərilən bağ sahəsinin bir hissəsinə X1 müraciəti daxil olmuşdur. Bu səbəbdən də ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7, 9, 11.1, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «bağ sahəsinə dair iddiaçının mərhum ərinin adına arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi göstərilməsini xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin (Keçid müddəaları) dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə Bakı ŞİH X3 və İstismarı Birliyi ilə iddiaçının mərhum əri Sadıx-zadə Cabar Yadulla oğlu arasında bağlanmış 6 fevral 2004-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,12 ha sahəsi olan 636a saylı bağ sahəsi sonuncunun istifadəsinə verilmişdir. Sadıx-zadə Cabar Yadulla oğlu 31 may 2004-cü il tarixdə vəfat etmiş və müvafiq notariat qurumunda açılmış vərəqəlik işində hazırkı iddiaçı onun vərəsəsi kimi müəyyən edilmişdir. İddiaçı vərəsə kimi vərəsəlik şəhadətnaməsinin alınması ilə bağıə notariat orqanına təqdim edilməsi üçün bağ sahəsinə dair ərinin adına reyestrdən çıxarış verilməsi xahişi ilə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinasını onunıa əsaslandırmışdır ki, bağ sahəsi ilə bağlı İdarəyə başqa şəxsin ərizəsi daxil olmuşdur. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hazırkı tələbi inzibati orqana müraciətində göstərilənlərdən formal cəhətdən fərqlənərək “əmlakın mərhuma məxsus olması barədə arayışın verilməsi”dir. Bu fərq iddiaçının inzibati orqana müraciəti zamanı məqsədi baxımından arzuladığı sənədin adının düzgün ifadə olunmamasını nəticəsidir ki, bu da formal xəta qismində qiymətləndirilməlidir. Çünki, həmin sənədin son nəticədə notarat qurumuna təqdim edilməsi nəzərdə tutulur və mahiyyətcə “arayış”ı ehtiva edir. Məhkəmə qeyd edir ki, surəti iş materiallarına əlavə edilmiş Bakı ŞİH X3 və İstismarı Birliyi ilə Sadıx-zadə Cabar Yadulla oğlu arasında bağlanmış 6 fevral 2004-cü il tarixli 32356 saylı müqavilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,12 ha sahəsi olan 636a saylı bağ sahəsi sonuncunun qanuni istifadəsində olmasını təsdiqləyən əqddir. Sözügedən bağ sahəsinə dair həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, mötəbər sübut kimi qiymətləndirilir. Odur ki, hazırkı iddiaçının mərhum əri Saxdıx-zadə Cabar Yadulla oğlu həmin bağın qanuni istifadəçisi olmuş və onun altındakı 0,12 ha torpaq sahəsinə «Torpaq islahatı haqqında» AR Qanununun 9, 25-ci maddələrinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Cavabdehin imtinasında qeyd olunan dəlilə gəldikdə isə, hər hansı şəxsin müvafiq bağ sahəsi ilə bağlı inzibati orqana müraciəti ərizəçinin (iddiaçının) təqdim etdiyi sənədlərdəki məlumatları təkzib etmirsə, inzibati icraat üzrə qaldırılan məsələnin həllinə hər hansı maneə yarada bilməz. Bu səbəbdən də cavabdehin imtinasındakı göstərilən xüsusat formal xarakterlidir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən sahəsi 0,12 ha olan 636a nömrəli bağ sahəsinin İddiaçı mərhum əri Sadıx-zadə Cabar Yadulla oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən sahəsi 0,12 ha olan 636a nömrəli bağ sahəsinin İddiaçı mərhum əri Sadıx-zadə Cabar Yadulla oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3262/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3262/2021
23.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver