Məhkəmə qərarları › İş №2-1(112)-3262/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3262/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3262/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı “tibbi təminat hüququnun tanınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ehtiyatda olan hərbi qulluqçu kimi ehtiyata buraxılmış zabitlərin hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququnun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildən 2018-ci ilədək Azərbaycan Ordusunda xidmət etmiş və 2018-ci ilin iyul ayının 23-də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusuna görə) polkovnik-leytenant rütbəsindən ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 20 təqvim ilindən çox hərbi xidmət illəri olduğuna görə pensiya alır. Halhazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatındadır. Müharibə və Silahlı qüvvələr veteranıdır. Hərbi Hospitala müayinə üçün müraciət etmişdir. Lakin ona bildirmişlər ki, ona müayinə pulludur. Bundan sonra Hərbi Hospitala 2021-ci ilin avqust ayının 23-də və sentyabr ayının 30-da SS700014247AZ nömrəli məkubla rəsmi müraciət etmişdir ki, onun Hospitalda müayinə və müalicə hüququ olub-olmaması barədə məlumat versinlər. Lakın Müdafiə Nazirliyinin Tibb Baş İdarəsindən bir cavab ala bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı 1 avqust 1992-ci il tarixdə hərbi xidmətə çağırılaraq 23 may 2018-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən öz arzusu ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə uyğun olaraq ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsində və “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsində göstərilən təminatlar ona şamil olunmur. Belə ki, İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsində göstərilən təminatlara uyğun olaraq Azərbaycan Ordusundan tərxis olunduğu təqdirdə onun hərbi tibbi müəssisələrdə tibbi təminat, müalicə, müayinə, sanatoriya-kurort müalicəsi və istirahət hüququ olardı. Qeyd edilənlərə əsasən İddiaçı iddiasının təmin olunmaması tələbi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilsə də məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27.11.2021-ci il tarixli, 1/4553 nömrəli məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin 23.05.2018-ci il tarixli, 0399 nömrəli əmrindən çıxarışa əsasən polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Xidmət müddəti təqvimlə 25 il 09 ay, ümumi 47 il 01 ay. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanlanmış 21.09.2021-ci il tarixli, 5/1054 nömrəli və 19.10.2021-ci il tarixli, 5/1642 nömrəli məktublarında bildirilmişdir ki, ehtiyatda olan hərbi qulluqçuların və ailə üzvlərinin hərbi müalicə müəssisələrində müayinə, müalicə, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququnun olmasına dair ərizənizə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb İdarəsində baxılmışdır. Məlumat uçün bildirilir ki, Azərbaycan Ordusunun müalicə müəssisələri hal-hazırda həqiqi hərbi xidmətdə olanların, müayinə və müalicəsini həyata keçirir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 13-cü maddəsində və “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 148-ci maddəsində göstərilmişdir ki, yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş baş və ali rütbəli zabitlərin, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının) vəfat etmiş baş və ali rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibbi müəssisələrdə tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Bundan əlavə “Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində ödənişli (pullu) tibbi xidmət göstərilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Müdafiə nazirinin 01 aprel 2019-cu il tarixli 5 nömrəli qərarına əsasən hərbi qulluqçuların ailə üzvləri (həyat yoldaşı, 18 yaşınadək uşaqları) qidalanma, dərman preparatları və məsrəf əmlak xərcləri istisna olmaqla ödənişsiz tibbi xidmət hüququna malikdirlər. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı 01.08.1992-23.05.2018-ci illərdə hərbi xidmətdə olmuş və hazırda ehtiyata buraxılmışdır. İddiaçı özünün və ailə üzvlərinin hərbi tibbi müəssisələrində, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququnun tanınması barədə inzibati məhkəmə icraatında iddia qaldırmışdır. Cavabdehin mövqeyinə görə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 148-ci maddəsi ilə nəzərdə tutulmuş tibbi təminatların şamil edilə biləcəyi şəxs statusunda deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İddiaçının cavabdehdən ödənişsiz tibbi təminat hüququnun olmasının müəyyən edilməsi barədə iddiası qeyd edilən müəyyən etmə haqqında iddia növünə uyğundur. İddia mahiyyəti üzrə əsassızdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 13-cü maddəsinin: -1-ci bəndinə görə hərbi qulluqçular sanitar-gigiyena, epidemiyaya qarşı, müalicəprofilaktik tədbirlər görülməsi, səhhətə daim nəzarət edilməsi, hərbi tibb müəssisələrində hər növ tibbi yardım göstərilməsi hüququna malikdirlər. -3-cü bəndinə görə hərbi qulluqçuların xidmət yerində hərbi tibb müəssisələri olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət büdcəsi hesabına tibbi yardım göstərilir. -4-cü bəndinə əsasən hərbi qulluqçuların ailə üzvlərinin tibbi təminatı başqa vətəndaşlarla ümumi əsaslarda həyata keçirilir. Mülki tibb müəssisələrində tibbi yardım almaq mümkün olmadıqda onlar hərbi qulluqçularla yanaşı hərbi tibb müəssisələrində tibbi yardımın bütün növləri ilə təmin edilirlər. -5-ci bəndinə əsasən hərbi qulluqçular və onların ailə üzvləri (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi hüququna, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təmin olunmaq hüququna malikdirlər. -6-cı bəndinə görə yaşına, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış, 20 il və daha çox xidmət etmiş böyük və yüksək rütbəli zabitlərin, habelə elə bu qədər xidmət etmiş və xəstəliklərə görə buraxılmış başqa zabitlərin, gizirlər və miçmanların, habelə onların ailə üzvlərinin (arvadının, 16 yaşınadək uşaqlarının), vəfat etmiş böyük və yüksək rütbəli zabitlərin arvadlarının, bu şəxslərin sırasından olub ailə başçısını itirməyə görə pensiya alan pensiyaçıların hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -8-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər. -13-cü bəndinə əsasən «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş. -148-ci bəndinə əasən hərbi qulluqçular sanitariya-gigiyena, epidemiyalara qarşı müalicə-profilaktik tədbirlərlə, səhhətinə daimi nəzarətlə, tibbi bölmələrdə, hərbi hissələrdə və müəssisələrdə göstərilən bütün növ tibbi yardımlarla həyata keçirilən tibbi təminat hüququna malikdirlər, tibbi müayinənin nəticələrinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sanatoriya və istirahət evlərində təşkil edilmiş istirahətdən, sanatoriya-kurort müalicəsindən istifadə edirlər. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlər heyətindən olan şəxslər, habelə bu qədər xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər, həmçinin onların ailə üzvləri (arvadı, əri, 16 yaşınadək olan uşaqları) və vəfat etmiş baş və ali zabit heyətinin ailə üzvləri üçün hərbi tibb müəssisələrində, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılır. Göründüyü kimi hərbi qanunvericilik tibbi təminatın verildiyi ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısını konkret olaraq müəyyən etmişdir: -azı 20 il xidmət etmiş yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlər heyətindən olan hərbi qulluqçu; -azı 20 il xidmət etmiş və xəstəliyinə görə tərxis edilmiş digər zabitlər. Hazırkı iş üzrə iddiaçı ehtiyata buraxılarkən polkovnik-leytenant olduğundan baş zabit heyətinə aid olmuş hərbi qulluqçu olmaqla, eyni zamanda 20 ildən çox hərbi xidmət keçmiş olsa da ehtiyata yuxarıda qeyd edildiyi kimi yaşına, səhhətinə, xəstəliyinə, ştatların ixtisarına görə deyil, öz arzusu ilə buraxılmışdır. Bundan başqa, iddiaçı öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılarkən hərbi xidmətdə olmanın son yaş həddinə də çatmamışdır. Belə olan halda iddiaçı yuxarıda qeyd olunan ödənişsiz tibbi xidmət alacaq şəxslərin dairəsinə aid hesab olunmur və onun (ailə üzvlərinin) hərbi tibbi müəssisələrdə, tibbi təminat və sanatoriya-kurort müalicəsi almaq hüququ saxlanılmır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə qarşı “tibbi təminat hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar