Məhkəmə qərarları › İş №2-1(112)-3262/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3262/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3262/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Səbail rayonu Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Səbail rayonu Badamdar Bələdiyyəsinin 23 iyun 2022-ci il tarixli 13/097 nömrəli qərarın ləğv edilməsi, hesablanmış əsas borc və borcun ödənişinin gecikdirilməsinə görə tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu Badamdar Bələdiyyəsinin 13/097 nömrəli 23 iyun 2022-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Bələdiyyələtin statusu haqqında” Qanun: 8-1. Yerli ödənişlər – "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyələr tərəfindən müəyyənləşdirilən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanun: 2.1. Yerli (bələdiyyə) vergi və ödənişlərə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 2.2. Bu Qanunda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir. 7.1. Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 7.2. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnamə: 3.1. Bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: -3.1.1.yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; -3.1.2.yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; -3.1.3.yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; 5.1. Bələdiyyələrin vergi xidməti orqanı yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödənilməsinə nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müvafiq yerli (bələdiyyə) vergilərə və ödənişlərə dair müəyyən edilmiş hallarda və qaydada, bu Əsasnaməyə müvafiq bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə kameral və səyyar vergi yoxlamaları aparmaqla həyata keçirir. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən aydın olur ki, yerli ödənişlərin ödənilməsinə nəzarət bələdiyyə vergi xidməti orqanlarının səlahiyyətidir, onlar həmin nəzarəti kameral və ya səyyar yoxlama aparmaqla həyata keçirirlər və yoxlamanın aparılması qaydası həm Əsasnamədə, həm də Əsasnamənin 1.2-ci maddəsinə müvafiq olaraq Vergi Məcəlləsi ilə tənzimlənir, yoxlama nəticəsində isə vergi xidməti orqanı akt tərtib etməli və bələdiyyə vergi xidməti orqanının aktına əsasən yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxara bilər və həmin qərar əsasında ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir.

196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 208.1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 208.2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. 208.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, əmlak vergisi-siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Torpaq vergisi isə birbaşa (vasitəsiz) vergi növü olub maddi nemətlərin əldə edilməsi və toplanması prosesində alınır. Əmlak və torpaq vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-in Xİİİ, XİV fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: -fiziki və ya hüquqi şəxsin ərizəsi; -inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; -inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərarın (inzibati aktın) təsdiq edilmiş surətinin, həmçinin qərarın qəbul edilməsinə əsas olan sənədlərin (inzibati-icraat materiallarının; tərəfə göndərmiş tədiyyə bildirişin; bildirişin və qərarın iddiaçıya təqdim edilməsi barədə sənədlərin təsdiq edilmiş surətinin) məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana sorğu vermişdir. Sorğuya cavab məktubunda təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, cavabdeh inzibati orqan inzibati aktı qəbul etməzdən əvvəl müvafiq olaraq tələbnamə, həmçinin də yerli (bələdiyyə) büdcəyə yerli vergilər, ödənişlər, faiz və maliyyə sanksiyası üzrə yaranmış borcların ödənilməsi barədə tədiyyə bildirişi tərtib etmiş, tədiyyə bildirişində yaranmış borcun yaranmasına əsas olan halları və əhatə etdiyi dövrü göstərmiş, həmin tədiyyə bildirişini əmlakın yerləşdiyi ünvana göndərmiş və poçt xəbərnaməsinə əsasən həmin sənəd çatdırılmışdır. Daha sonra inzibati orqan tərəfindən iddiaçının əlaqə nömrəsinə SMS xəbərdarlıq göndərilmiş və bələdiyyənin xx.xx.2022-ci il tarixli 17:00 iclasında əmlak və torpaq vergisi üzrə borcun məcburi icraya göndərilməsi məsələsinə baxılacığı barədə xəbərdarlıq edilmişdir. Son olaraq cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli iclasda həmin məsələyə baxılmış, torpaq sahəsinə və əmlaka görə yaranmış 655,68 manat məbləğində borcun İddiaçı tərəfindən Səbail rayonu Badamdar Bələdiyyəsinin büdcəsinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Mübahisələndirilən inzibati akt iddiaçının ünvanına göndərilmiş, lakin poçt xəbərnaməsinə əsasən geri qaytarılmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati icraatı düzgün aparmış, inzibati aktı qəbul etməzdən əvvəl tələbnaməni və tədiyyə bildirişini iddiaçının ünvanına göndərmiş, eyni zamanda şəxsin dinləmək hüququnun təmin edilməsi istiqamətində tədbirlər görmüşdür ki, göstərilən bu halların hər biri mübahisələndirilən inzibati aktın prosessual baxımından əsaslı qəbul edildiyini göstərir. Digər tərəfdən nəzərə alınmalıdır ki, inzibati akt təkcə prosessual deyil, həmçinin mahiyyəti üzrə də əsaslı qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Bakı şəhərində - 0,4 manat 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri ərazisində yerləşən yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu 10000 m²- dək olan torpaqlar – 0,6 manat. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a əsasən Bakı şəhərinin 12 zonası üzrə əmsallar tətbiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04 noyabr 2022-ci il tarixli **********435800 nömrəli əmri ilə təsdiq edilmiş “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait”in: Misal 5. Fiziki şəxsin Bakı şəhərinin Mərdəkan qəsəbəsində 10500 kv.metr bağ sahəsi vardır. Bağ sahəsinin 10000 kv.metrdən artıq olduğu nəzərə alınaraq torpaq vergisinin illik məbləği aşağıdakı kimi hesablanır: torpaq sahəsinin 10000 kv.metri üçün 60 manat (10000 x 0,6/100); torpaq sahəsinin 10000 kv.metrdən yuxarı olan hissəsi üçün 6 manat ((10500 - 10000) x 1,2/100); cəmi: 66 manat (60 + 6). Misal 1. Fiziki şəxsin Bakı şəhərində Azadlıq Prospekti ilə Həsən Əliyev küçəsinin kəsişdiyi yerdə yerləşən çoxmənzilli binada ümumi sahəsi 130 kvadratmetr olan yaşayış sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Qərarında həmin yer 3-cü zonaya aid edilmiş və zona əmsalı 1,3 müəyyən olunmuşdur. Qeyd olunan əmsal və yaşayış sahəsinin 30 kvadratmetrinin vergiyə cəlb olunmadığı nəzərə alınaraq fiziki şəxsə məxsus mənzilə görə əmlak vergisi aşağıdakı kimi hesablanır: (130-30) x 0,4 x 1,3 = 52 manat Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həm torpaq vergisi, həmçinin də əmlak vergisinin məbləği düzgün hesablanmışdır. İlk növbədə torpaq vergisinə münasibətdə qeyd olunmalıdır ki, tədiyyə bildirişinə görə iddiaçının tərəfindən torpaq vergisinə görə ödənilməli olan məbləğ 5,86 manat təşkil edir ki, bu məbləğ 2021-2022-ci il dövrləri əhatə edir, yəni 2 il üçün nəzərdə tutulub. Məhkəmə icraatı zamanı təqdim olunmuş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0488 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Göründüyü kimi torpaq sahəsi Bakı şəhərinin ərazisində olduğundan və ölçüsü 10000 m²- dək olduğundan, torpaq vergisinin müəyyən edilməsi zamanı götürülməli olan əmsal məhz 0,6 – dır. Hesablama əsasında müəyyən olunur ki, 488 kv.m görə bir il üçün ödənilməli torpaq vergisi 488x0,6/100=2,928 manat, iki il üçün isə torpaq vergisi 2,928x2=5,86 manat təşkil edir. Göründüyü kimi torpaq vergisi ilə bağlı məbləğ cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmışdır. Eyni zamanda Məhkəmə diqqətə çatdıırır ki, cavabdeh inzibati orqan tərəfindən əmlak vergisi də düzgün hesablanmışdır. Belə ki, inzibati orqan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”a görə 6.3-cü zonada yerləşdiyini nəzərə almış, yaşayış sahəsinin ölçüsündən 30 kv.m çıxaraq hesablamanı aparmış, bununla da bir il üçün əmlak vergisini 286,68 manat, iki il üçün isə 573,36 manat müəyyən etmişdir. Göründüyü kimi əmlak vergisi ilə bağlı məbləğ cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmışdır. Eyni zamanda Məhkəmə hesablanmış faiz borcuna münasibətdə də qeyd edir ki, cavabdeh inzibati orqan haqlı olaraq ödənilməmiş vergi borclarına görə faiz məbləği hesablamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 201.4-cü maddəsinin normasına görə dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir. Cari vergi ödəmələri bu Məcəllənin 201.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Göründüyü kimi cavabdeh inzibati orqan qüvvədə olan qanunvericiliyin müddəalarına əsaslanaraq vergilərin ödənilməməsini əsas götürmüş və əsaslı olaraq əlavə faiz məbləği hesablamışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin tələbləri əsasında iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun, həmçinin Vergi Məcəlləsinin normalarına görə əsaslı sayılır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar