Məhkəmə qərarları › İş №2-1(112)-3264/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3264/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3264/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, ev 196, mənzil 171; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi, Hüquq və kadrlar sektorunun böyük məsləhətçi-hüquqşünas) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına 3-cü şəxs - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1257 №-li Sərəncamına müvafiq olaraq vəzifə maaşının orta hesabla 40 faizi həcmində artırılması və yaranmış fərqin 2014cü il 01 sentyabr tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında cavabdehin adının “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı” kimi oxunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üzrə verilmiş 2012-ci il 23 aprel tarixli 885ş/h №-li əmrə əsasən xx.xx.2012-ci il tarixdə Qaradağ RPİ-nin istintaq şöbəsinin müstəntiqi vəzifəsindən azad edilərək xidmətdə olmanın son yaş həddinə çatdığına görə daxili işlər orqanlarından tərxis olunmuşam, mənə əmək pensiyası təyin olunmuşdur. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1257 №-li Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılması qərara alınmış, Sərəncam 2019-cu il sentyabrın 01-dən qüvvəyə minmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı “pensiya məbləğinin hesablanması haqqında” xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubdan göründüyü kimi, Dövlət Başçısı xx.xx.2019-cu il tarixli 1257 №-li Sərəncamı verməzdən əvvəl vəzifə maaşı 353,0 manat, təminat xərcliyi (pul təminatı) isə 912,05 manat müəyyən edilmişdir. Cavabdehdən daxil olmuş xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubdan göründüyü kimi 01 sentyabr 2019-cu il tarixdən vəzifə maaşı 451,00 manat, xüsusi rütbəyə görə maaşı 150,0 manat, fasiləsiz xidmət illərinə görə haqq 300,50 manat, məharət dərəcəsinə görə əlavə 157,85 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat hesablanmaqla təminat xərcliyi (pul təminatı) 1123,35 manat təşkil etmişdir. Beləliklə, aylıq pul təminatı Dövlət Başçısının Sərəncamında göstərildiyi kimi vəzifə maaşının orta hesabla 40 faizi həcmində deyil, 27,7 faizi həcmində artırılmışdır. 07 yanvar 2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, təyin olunmuş əmək pensiyasının (aylıq pul təminatının) Dövlət Başçısının 2019-cu il 18 iyun tarixli 1257 №-li Sərəncamına müvafiq olaraq vəzifə maaşının 40 faizi həcmində artırılaraq yenidən hesablanmasını, yəni 353,0 manat məbləğində vəzifə maaşının 40 faiz artımının onların göstərdiyi kimi 451,0 manat deyil, 494,0 manat təşkil etdiyini və bu vəzifə maaşından pul təminatının hesablanmasını, yaranmış fərqin 2019-cu il 01 sentyabr tarixdən ödənilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli cavab məktubu ilə nəzərinə çatdırılmışdır ki, pensiyanın yenidən hesablanması barədə xahişi təmin oluna bilməz, DİN-dən daxil olmuş məlumat vərəqəsində vəzifə maaşı 451,0 manat, xüsusi rütbəyə görə maaşı 150,0 manat, fasiləsiz xidmət illərinə görə haqq 300,50 manat, məharət dərəcəsinə görə əlavə 157,85 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla aylıq pul təminatı 1123,35 manat hesablanmışdır. Cavabdeh orqan pensiyanın düzgün hesablanaraq Dövlət Başçısının Sərəncamında göstərildiyi kimi vəzifə maaşının 40 faizi həcmində artırılmasını təmin etmək istəmir, rədd cavabını əsaslandıra bilmədiyindən DİN-dən daxil olmuş məlumatı bəhanə edərək həmin məlumat vərəqəsinə istinad edir. Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin hüquqi əsası olan, Dövlət Başçısı tərəfindən təsdiq edilmiş Əsasnaməsinin 8.4-cü bəndinə əsasən Fond öz səlahiyyəti daxilində əmək pensiyaları sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirmək vəzifəsi və 10.4-cü bəndinə görə əmək pensiyalarının təyin edilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək vəzifəsi daşıyır. Bu nəzarət o deməkdir ki, DSMF çalışmalıdır ki, heç kim müəyyən olunmuş həddən çox və ona çatası həddən az məbləğdə pensiya almasın, belə hallar DSMF-yə məlum olduqda qanunsuzluğu aradan qaldırsın. Bunun üçün DSMF-yə lazımi səlahiyyət verilmiş və şərait yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanına əsasən 2007-ci il 01 yanvar tarixdən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyalar Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5ci maddəsinə görə təminat xərcliyi (pul təminatı)— hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərəalınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Xüsusi Şərtlərlə Təyinat İdarəsi, DSMF-nin xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyalarını həyata keçirən struktur qurumu olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1257 №-li Sərəncamına müvafiq olaraq pensiyanın vəzifə maaşının orta hesabla 40 faizi həcmində artırılmasını təmin etməyə borcludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 06 sentyabr tarixli 387 saylı qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri barədə ştat cədvəli Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məxfi sənədlərlə iş sektoru” tərəfindən İdarəyə daxil olmuş, həmin cədvəlin Vİ hissəsində qeyd edilmiş vəzifə maaşına uyğun olaraq (vəzifə maaşı 451,00 manat) hesablanaraq ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanıınunıın 22.4 maddəsinə əsasən “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubla bildirmişdir: “Ərizənizə baxaraq bildiririk ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş 762 nömrəli məlumat vərəqəsinə əsasən İdarə tərəfindən sizə 6 iyun 2012-ci il tarixində 40 il 11 ay 18 gün xidmət müddətinə üçün yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin məlumat vərəqəsinə əsasən vəzifə maaşınız 265,00 manat, rütbə maaşınız 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəniz- 197,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəniz-92,75 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 749,25 manat təşkil etmişdir. Əmək pensiyanız təminat xərcliyinizin 100 faizi (749,25 manat) miqdarında müəyyən edilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 avqust tarixli 3085 nömrəli Sərəncamına uyğun olaraq sonuncu xidmət keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 292,00 manat artırılması ilə əlaqədar, rütbə maaşınız 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəniz-211,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəniz-102,20 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 799.20 manat təşkil etmişdir. Əmək pensiyanız təminat xərcliyinizin 100 faizi (799,20 manat) miqdarında müəyyən edilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 1706 nömrəli Sərəncamına uyğun olaraq sonuncu xidmət keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 321,00 manat artırılması ilə əlaqədar, rütbə maaşınız 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəniz-225,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəniz-112,35 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64.00 manat olmaqla cəmi təminat xərcliyiniz 852,85 manat təşkil etmişdir.1 mart 2018-ci il tarixinədək təminat xərcliyinizin 100 faizi (852,85 manat) miqdarında pensiya qanunvericiliyə uyğun olaraq hesablanaraq ödənilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-cı il 6 mart tarixli 3761 nömrəli Sərəncamına uyğun olaraq sonuncu xidmət keçdiyiniz vəzifə üzrə vəzifə maaşınızın 353,00 manata artırılması ilə əlaqədar, rütbə maaşınız 130,00 manat, -xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəniz-241,50 manat, -məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəniz-123,55 manat -ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 912,05 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan hərbi qulluqçuların əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. Həmin maddəyə uyğun olaraq, pensiyanız aşağıdakı kimi hesablanaraq ödənilir: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (20 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (20x2) təminat xərcliyinin 40 faizi; -natamam ildəki iş stajı aylarının sayına (11 ay) mütənasib olaraq təminat xərcliyinin 1,84 faizi; Əmək pensiyanızın müəyyən edilməsi üçün təminat xərcliyinə tətbiq olunan cəmi faiz dərəcəsi 96,84 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (852,85 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (912,05 manat) arasındakı fərq məbləğinin (59,20 manat) 96,84 faizi-57,33 manat pensiyanızın (852,85 manat) üzərinə əlavə olunmaqla 910.18 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür.” İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubla bildirmişdir: “Ərizənizə baxaraq bildiririk ki, Azərbaycan Respublikası Daxili Nazirliyi tərəfindən təqdim olunmuş 22 iyun 2012-ci il tarixli 762 nömrəli məlumat vərəqəsinə əsasən sizə 6 iyun 2012-ci il tarixində İdarə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla sizə 1 sentyabr 2019cu il tarixindən xidmət etdiyiniz orqan tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 451,00 manat, rütbə maaşınız 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavəniz-300,50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəniz-157,85 manat və ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyiniz 1123,35 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci və 20.15-ci maddələrinin tələblərinə uyğun olaraq 52 il 2 ay 14 gün xidmət müddətinə görə təminat xərcliyinizin 100 faiz miqdarında əmək pensiyası (1123,35 manat) müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür.” Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqularını pozmur. Belə ki, iş materiallarından aşağıdakılar müəyyən edilir: İddiaçıya əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə xx.xx.2012-ci il tarixli 762 nömrəli məlumat vərəqəsi göndərmiş və həmin məlumat vərəqəsinə əsasən iddiaçının iş stajı və xidmət illəri 40 il 11 ay 18 gün, xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 265.00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə -197.50 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə -92,75 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 749.25 manat göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən İdarə tərəfindən iddiaçıya yaşa görə pensiya təyin edilmiş və pensiyası hüququnun yarandığı xx.xx.2012-ci il tarixindən hesablanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2019-cu il tarixli Qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 910.18 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli Qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 1123.35 manat təşkil etmişdir. Hazırkı iddia tələbindən göründüyü kimi iddiaçı təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1257 №-li Sərəncamına müvafiq olaraq vəzifə maaşının orta hesabla 40 faizi həcmində artırılması və yaranmış fərqin 2014-cü il 01 sentyabr tarixdən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” 18 iyun 2019cu il tarixli 1257 nömrəli Sərəncamının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılsın. Bu Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir. (4-cü bənd) Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli 1257 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının 40 faiz deyil, orta hesabla 40 faiz artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1257 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 387 nömrəli xx.xx.2019-cu il tarixli Qərar qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 387 nömrəli xx.xx.2019-cu il tarixli Qərarı ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhərinin rayonlarının, Abşeron rayonunun polis idarə, şöbə, bölmələrinin və xətt polis orqanlarının əməliyyat müvəkkili, müstəntiq, təhqiqatçı, insoektor, inspektor-kriminalist, mühəndis, polis sahə inspektorunun aylıq vəzifə maaşı 451 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə xx.xx.2012-ci il tarixli 762 nömrəli məlumat vərəqəsində iddiaçının vəzifəsi “Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi” göstərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli Qərarı ilə iddiaçının pensiyası yenidən hesablanması zamanı təminat xərcliyində dəyişiklər edilərək vəzifə maaşı 451.00 manat göstərilmiş və yenidən hesablanmış pensiya məbləği 1123.35 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının təminat xərcliyində Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1257 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 387 nömrəli xx.xx.2019-cu il tarixli Qərarına uyğun olaraq dəyişikliklər edilərək pensiyası yenidən hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbinin əsaslandırdığı 1257 nömrəli Sərəncam xx.xx.2019-cu il tarixdən qüvvəyə mindiyindən, həmin Sərəncamda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması nəzərdə tutulduğundan və iddiaçının vəzifə maaşı qeyd edilən əlavə nəzərə alınmaqla artırılaraq, onun pensiyası yenidən hesablanıb ödənildiyindən hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) təyin olunmuş əmək pensiyasının yenidən hesablanaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1257 №-li Sərəncamına müvafiq olaraq vəzifə maaşının orta hesabla 40 faizi həcmində artırılması və yaranmış fərqin 2014-cü il 01 sentyabr tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar