Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3264/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra mətndə Bakı şəhəri LGBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş 02.03.2020-ci il tarixli **********922400 saylı və 02.10.2020-ci il tarixli **********806900 saylı qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən 02.03.2020-ci il tarixdə **********922400 saylı qərar qəbul olunmuşdur və həmin qərara əsasən ona 1.509,12 manat vergi borcu hesablanmışdır. Həmin qərar əsasında cavabdeh tərəfindən 02.10.2020-ci il tarixli **********806900 saylı tələbin icraya yönəldilməsi haqqında qərar qəbul olunmuşdur. 02.03.2020-ci il tarixli **********922400 saylı və 02.10.2020-ci il tarixli **********806900 saylı tələbin icraya yönəldilməsi haqqında qərarı o, almamışdır və həmin qərarların mövcudluğundan o, 11.12.2020-ci il tarixdə xəbər tutumuşdur. Belə ki, 26.03.2020-ci il tarixdən fəaliyyətini rəsmi qaydada dayandırdığından, həmin vaxtdan əvvəlki mühasiblə o, uzun müddət əlaqə yarada bilməmişdir. Sonradan bildirdiyinə görə, ölkə hüdudlarından kənara getdiyindən pandemiya ilə əlaqədar Azərbaycan Respublikasına qayıda bilməmişdir. Asan imza mühasibdə olduğu üçün asan imzadan uzun müddət istifadə etməmişdir, bununla yanaşı vergi ödəyicisinə aid olan VÖENİ və digər kodları bilməmişdir. İcarə ilə bağlı bütün ödənişlərlə, pul köçürmələri, vergi hesabatları, ödənişləri ilə mühasib məşğul olmuşdur. Mühasibləri tərəfinən vergi məsələləri ilə bağlı hesabatların verilməsindən, yazışmaların aparılmasından onun məlumatı olmamışdır. Belə ki, 26.03.2020-ci il tarixdən etibarən hazırki vaxtadək hər hansı bir fəaliyyəti olmamışdır, icarəyə götürdüyü obyektə görə obyekt sahibinə hazırki vaxtadək icarə haqqı ödəməmişdir. 2019-cu ilin sonlarından başlayaraq COVİD-19-la bağlı Pandemiya dövrünün sürməsi ilə əlaqədar ölkə üzrə tətbiq edilmiş qadağalara görə, o cümlədən iaşə obyektlərinin, restoranların, çay evlərinin, kafelərin və .s fəaliyyətinin bağlanmasına görə faəliyyətini dayandırmışdır. Bundan irəli gələrək vergi sahəsində ona aid məsələlərlə maraqlanmamışdır və mühasibi də həmin ərəfədə ona bildirmişdir ki, vergi sahəsinə hər hansı bir narahatçılıq və problem yoxdur. Onun fəaliyyəti Xətai rayonu ərazisində yerləşən “MÜTƏKKƏ” çay evi ilə bağlı olub. Elektron poçtunda hər hansı yazışmalardan, məlumatlardan onun xəbəri olmamışdır. O, 2018-ci il fevral ayından etibarən ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin ona məlum olmuşdur ki, vergi orqanında onun qeydiyyat ünvanı ünvan 2 ünvanda yaşamır və həmin ünvanla onun heç bir əlaqəsi yoxdur. Bu səbəbdən Vergi Orqanlarından ona göndərilən hər hansı sənəd və məktubdan məlumatı olmamışdır. 02.10.2020-ci il tarixli **********806900 saylı və 02.03.2020-ci il tarixli **********922400 saylı qərar onun iştirakı və xəbəri olmadan qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 21.01.2021-ci il tarixdə məhkəməyə Bakı şəhəri LGBİ-nin yazılı vəsatəti daxil olmuşdur. Vəsatətdə göstərilmişdir ki, iddiaçı mübahisələndirilən qərarlar barədə kifayət qədər məlumatlı olmasına baxmayaraq Azərbaycan Respublikası İnzibati Prosessual və Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Belə ki, iddiaçı 17.01.2017-ci il tarixdə vergi orqanına “Elektron sənəd mübadiləsi haqqında” ərizə ilə müraciət edərək ona istifadəçi kodu, şifrə və parol verilməsini xahiş etmişdir. Həmin ərizəyə əsasən iddiaçı ilə “Sənədlərin elektron formada mübadiləsinə dair müqavilə” bağlanmışdır. Müqavilənin 2.1.1-ci bəndində vergi orqanı ilə vergi ödəyicisi arasında aparılan yazışmaların elektron şəkildə keçrilməsini, o cümlədən; vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin elektron şəkildə göndərilməsini; müqavilənin 2.7-ci bəndində isə vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlərin ona verilmiş sayılması nəzərdə tutulmuşdur. Həmçinin sözügedən müqavilənin 4.1.7-ci maddəsinin şərtlərinə əsasən vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq tanış olmaq lazımi tədbirlər görmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmiş və həmin müqavilə ləğv edilməmişdir. Belə ki, həmin müqavilənin müddəti başa çatdıqdan sonra 3 gün ərzində tərəflərdən heç biri müqavilədən imtina və yaxud üzadılması barədə müraciəti olmamışdır. Müqavilənin tələblərinə əsasən 02.03.2020-ci il tarixli **********22400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 02.10.2020-ci il tarixli **********806900 saylı “Tələbin icraya yönəldilməsi haqqında” qərarların iddiaçının elektron qovluğuna göndərilməsi təmin edilmiş və həmin qərarlar 26.03.2020-ci il və 07.10.2020-ci il tarixlərdə onun tərəfindən oxunmuşdur. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunması və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin, Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinin tələblərinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: elektron üsulla elektron kabinetinə göndərildikdə-elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinin tələbi baxımından inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati aktın yalnız maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda ləğv edilir. Beləliklə iddiaçı hal-hazırda mübahisə predmetini təşkil edən, cavabdeh tərəfindən qəbul edilən 02.03.2020-ci il tarixli **********922400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” və 02.10.2020-ci il tarixli **********7806900 saylı “Tələbin icraya yönəldilməsi haqqında” qərarlar 26.03.2020-ci il və 07.10.2020-ci il tarixlərdə oxunmuş, lakin həmin qərarın mübahisələndirilməsi üçün 30 günlük iddia müddəti ötürülmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Qeyd olunanlara əasən iddiaçı X1 iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş (İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş ünvan 1 ünvanına göndərilmiş məhkəmə bildirişləri poçtun “Bu mənzildə yaşayış yoxdur” qeydi ilə məhkəməyə geri qaytarılmışdır”) iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Bakı şəhəri LGBİ-nin nümayəndəsi X4 vəsatətə uyğun izahat verərək, vəsatətdə qeyd olunanların nəzərə alınmaqla, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, Bakı şəhəri LGBİ tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********922400 № li 02.03.2020-ci il tarixli qərar qəbul edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, Bakı şəhəri LGBİ tərəfindən mübahisələndirilən 02.03.2020-ci il tarixli qərar 02.03.2020-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və həmin qərar iddiaçı tərəfindən 26.03.2020-ci il tarixdə oxunmuşdur. Bakı şəhəri LGBİ tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” 02.10.2020-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı tərəfindən 1.289,49 manat əsas, 219.63 manat faiz, 0,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 1.509,12 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericlikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Bakı şəhəri LGBİ-nin 02.03.2020-ci il tarixli **********922400 nömrəli qərarının 02.10.2020-ci il tarixdən icraya yönəldilməsi, tələbin icraya yöndəldilməsi haqqında 02.10.2020-ci il tarixdə verilmiş və həmin tarixdən qüvvəyə minmiş qərarın surətinin İddiaçı göndərilməsi qərara alınmış və qərardan bu qərarın alındığı vaxtdan 3 ay müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı vergi orqanına və ya 30 gün müddətində məhkəməyə şikayət verilməsi hüququ izah olunmuşdur. Bakı şəhəri LGBİ tərəfindən mübahisələndirilən 02.10.2020-ci il tarixli qərar 02.10.2020-ci il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və həmin qərar iddiaçı tərəfindən 07.10.2020-ci il tarixdə oxunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən isə iddia müddəti ötürüldükdən sonra, yəni mübahisələndirilən iddiaçı tərəfindən 26.03.2020-ci il tarixdə oxunmuş 02.03.2020-ci il tarixli və 07.10.2020-ci il tarixdə oxunmuş 02.10.2020-ci il tarixli qərar qərarların ona təqdim olunduğu müddətdən, müvafiq olaraq 8 (səkkiz) və 2 (iki) aydan çox vaxt keçdikdən sonra, yəni 17.12.2020-ci il tarixdə məhkəməyə müraciət olunaraq (qeyd olunan tarixdə iddia ərizəsi məhkəməyə göndərilməsi üçün poçta təqdim olunmuşdur), iddia müddəti ötürülmüş, bununla da iddiaçı həmin qərarları mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev