Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3265/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçünçü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 98 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış satış müqaviləsinə əsasən ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci mərtəbəsinin arxa hissəsində yerləşən və 98 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi ona satılmışdır. "xxxx" MMC tərəfindən ona verilmiş maliyyə arayışı əsasında həmin qeyriyaşayış sahəsinin dəyəri tam ödədiyi və qeyri-yaşayış sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Bundan sonra qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin müraciətinə məktubla imtina cavabı verilmişdir. Hesab edir ki, imtina əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, 02.04.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək ünvan 1 ünvanda inşa edilən yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 98 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almış və cavabdeh inzibati orqan tərəfindən icra edilmişdir. X6 ərizə ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, 02.04.2018-ci il tarixli qərarını ləğv edərək onun üçüncü şəxs kimi məhkəmə iclasına cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, 09.09.2021-ci il tarixli qərardadı ilə X5in ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2035/2018 nömrəli, 02.04.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, 10 ünvanında yerləşən çoxmənzili yaşayış binasının istismara qəbul aktının İdarəyə təqdim edilməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X4 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə İddiaçı arasında bağlanmış 24.11.2017-ci il tarixli kooperativ binada qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ünvan 3də yerləşən tikilməkdə olan binada qeyri-yaşayış sahəsini alıcıya satmağa, alıcı isə həmin qeyri-yaşayış sahəsini almağa və qabaqcadan müəyyənləşdirilmiş qeyri-yaşayış sahəsinin haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən qeyri-yaşayış sahəsi 2-ci mərtəbədə arxa hissə - 98 kvm.-dir. Qeyri-yaşayış sahəsinin hər kv.m-nin qiyməti 3.000 manat təşkil edir. Qeyri-yaşayış sahəsinin dəyəri 294.000 manat təşkil edir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 24.11.2017-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən Kooperativ binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın 2-ci mərtəbəsində arxa hissədə yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 98 kvm. olan qeyri-yaşayış sahəsinin ümumi dəyəri 294.000 AZN məbləğində alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. MMC-yə borcu yoxdur. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 12.02.2018-ci il tarixli, **********87 №-li məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə İdarədə baxılmışdır. Aparılan araşdırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublıkası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ərizəyə əlavə olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublıkası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsıni təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmış tələblərə uyğun olmalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yeləşən çoxmənzilli yaşayış binası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilmişdir və həmin bina istismara qəbul edilməmişdir. İddiaçı “Avro Qrand" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən həmin binadan ümumi sahəsi 98 kv.m olan qeyri-yaşayış sahəsini 294.000 manat ödəməklə almışdır. İddiaçı həmin daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan hüquqmüəyyənedici sənədlərin olmamasını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.6-ci maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. - 109.1-ci maddəsinə əsasən kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. - 109.2-ci maddəsinə əsasən kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. - 139-1.1.6-ci maddəsinin tələblərinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlak mənzil-tikinti kooperativi tərəfindən deyil, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşdiyindən, həmin əmlakla bağlı sənədlər mənzil-tikinti kooperativi tərəfindən deyil, "xxxx" MMC tərəfindən tərtib edildiyindən, eyni zamanda qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli bina istismara qəbul edilmədiyindən, həmçinin iddiaçının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə malik olması müəyyən edilmədiyindən cavabdeh inzibati orqanın İddiaçı müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, 02.04.2018-ci il tarixli qərarı icra edilərək ünvan 4 ünvanına dair İddiaçı adına çıxarış (25.05.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 5 ünvanında sahəsi 89,7 kvm. qeyri-yaşayış sahəsi) verilmişdir. Çıxarışın verilməsinə əsas olan 2-1(81)-2035/2018 nömrəli, 02.04.2018-ci il tarixli qərar isə məhkəmənin 2-1(81)-2035/2018 nömrəli, 09.09.2021-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. - 71.2-ci maddəsinə əsasən məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. - 236-1.2-cü maddəsinə əsasən məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. - 236-1.3-cü maddəsinin tələbinə görə məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. - 236-1.4-cü maddəsinə əsasən icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. - 236-1.5-ci maddəsinə əsasən işə kassasiya, əlavə kassasiya, hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə məhkəmə icraatı qaydasında baxan məhkəmə, yeni qərar qəbul edirsə və ya iş üzrə icraata xitam verirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasında dönüş barədə məsələni həll etməli, yaxud da onu apellyasiya instansiyası məhkəməsinin həllinə verməlidir. - 236-1.6-cü maddəsinin tələbinə görə bu maddənin müddəaları ilə müəyyən edilmiş qaydalar icra edilmiş məhkəmə qərardadlarına münasibətdə müvafiq olaraq tətbiq edilir. Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı adına 25.05.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş məhkəmə qərarı ləğv edildiyindən və işə yenidən baxıldıqdan sonra iddiaçının tələbi tamamilə rədd edildiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2035/2018 nömrəli, 02.04.2018-ci il tarixli qərarının icrasına dönüş edilməli, həmin qərar əsasında İddiaçı adına verilmiş 25.05.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğv edilmiş 2-1(81)-2035/2018 nömrəli, 02.04.2018-ci il tarixli qərarının icrasına dönüş edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ləğv edilmiş 2-1(81)-2035/2018 nömrəli, 02.04.2018-ci il tarixli qərarı əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 4 ünvanına dair İddiaçı adına verilmiş 25.05.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3265/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3265/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver