Məhkəmə qərarları › İş №2-1(112)-3266/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3266/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3266/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********5598 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin “Vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********2999 nömrəli qərarına əsasən Cəmiyyətdə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə anbara baxış keçirilmiş və nəticədə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 590570.34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aparılmış yoxlama nəticəsində hesablanmış rəqəmlər qanunvericiliyə əsaslanmadan aparılmış və həmin yoxlamanın nəticəsi, yəni qərar ləğv edilməlidir. Bundan başqa vergi xidməti tərəfindən gömrükdən keçməmiş malların satışı qeyd edilmişdir. Hüquqi şəxs tərəfindən həm gömrükdən keçmiş malların həm də yerli şirkətlərdən alınmış malların satışı həyata keçirilmişdir. Gömrükdən idxal edilən malların kodu ilə vergi sistemində axtarış verilən zaman həmin kod əsasında mal aşkar edilmir. Belə ki, gömrük və vergi xidmətində eyni malın müxtəlif kodları olur. Göründüyü kimi vergi xidməti tərəfindən obyektiv araşdırma aparılmadan əsassız artıq vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********075800 nömrəli məktubu ilə cəmiyyətin elektron qutusuna göndərilmiş, elektron qutuda xx.xx.2023-cü il tarixdə saat 23:44:34-də oxunmuşdur. Vergi ödəyicisinin uçot məlumatlarına əsasən, iddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı və operativ vergi nəzarəti tədbiri keçirilən tarixə aktiv 5 obyekti olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi kimi qeydiyyata alınarkən əsas fəaliyyət növü kimi meşə materiallarının, tikinti materiallarının və sanitar-texniki avadanlıqların topdan satışı qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə dəyişiklik ərizəsi təqdim edərək əsas fəaliyyət növünü poladdan, misdən, alüminiumdan və s. izolə edilmiş naqil, kabel istehsalı kimi qeyd etmişdir. Cavabdehin mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər üzrə qanunvericiliyin pozulması barədə kifayət qədər əsası olması halı vergi ödəyicisinin fəaliyyətində vergidən yayınma hallarının olmasını ehtimal etməyə əsas vermiş, fəaliyyəti geniş şəkildə təhlil edilmiş və operativ vergi nəzarətinin keçirilməsi üçün əsaslar müəyyən edilmişdir. İddiaçının fəaliyyətinin istehsal fəaliyyəti olması, iqtisadi göstəriciləri və obyektlərinin anbar tipli olması həmin vergi ödəyicisinin fəaliyyətinin yalnız topdan qaydada elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlardan ibarət olmasını zəruri edir. Keçirilən operativ vergi nəzarəti tədbiri zamanı iddiaçının sahibliyində 382 592,42 manat məbləğində mal qalığının olduğu, elektron qaimə-faktura təqdim edilməli olduğu halda 5 905 703,51 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaiməfaktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilərək xx.xx.2023-cü il tarixli, DVX seriyalı, 001876 nömrəli akt tərtib edilmiş, iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən aktın bir nüsxəsi qəbul edilmiş, lakin onun tərəfindən imzalanmamışdır. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********5598 nömrəli qərarı ilə iddiaçıya 590 570,35 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda qeyd etmişdir ki, “...Qeyd edilən obyektlərdən başqa digər yerdə obyektimiz, anbarımız, saxlancda olan malımız yoxdur. Qeyd olunan obyektlərdə olan mallar bizə məxsusdur. Həmçinin, **********6991 və **********6993 GB nömrəli mallarımız gömrük ərazisindədir. İddiaçı MMCnin iş vaxtı həftənin 5 günü olmaqla saat 10:00-dan 17:00-dəkdir. Malların üzərinə 5% ticarət əlavəsi qoymaqla satış həyata keçirilir.” Maliyyə sanksiyasının tətbiq edilməsi əsasları ilə bağlı bildirilir ki, 2021-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə kimi vergi ödəyicisi tərəfindən 2 932 555.59 manat dəyərində mal idxal olunmuş, alış aktları ilə alınmış malların dəyəri 1 459 821,13 manat , e-qaimə ilə alınmış malların dəyəri 6 906 994.33 manat və e-qaimə əsasında təqdim edilmiş malların dəyəri isə 6 457 784,09 manat təşkil etmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı iddiaçıya məxsus təsərrüfat subyektlərində ümumilikdə 382 592,42 manat dəyərində mal aşkar olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə malların üzərinə 5% ticarət əlavəsi tətbiq etməklə satışı həyata keçirilməsi barədə arayış təqdim edilmişdir. İddiaçıya məxsus təsərrüfat subyektlərində əskik gələn malların maya dəyəri 4 766 508.07 (2 932 555.59+1 459 821.13+6 906 994.33 -6 457 784.09 (-5%)-382 592.42) manat təşkil etmişdir və həmin mallara 5 faiz ticarət əlavəsi və 18 faiz əlavə dəyər vergisi (4 766 508.07*1.05*1.18) tətbiq etməklə e-qaimə təqdim edilmədən 5 905 703,51 manata satıldığına görə VM-nin 58.13cü maddəsinə əsasən 590 570.34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsinin izahatında qeyd edilir ki, “Elektron qaimə-fakturalar əsasında sistemdə görünən aldığımız malların mədaxili zamanı mühasibatlıq səhvi olmuşdur. Miqdar və məbləğ səhvi olduğundan əlavə mal qalığı yaranmışdır. xx.xx.2023-cü il tarixdə elektron qaimə-fakturalarda miqdar və məbləğ səhvi aşkarlanmışdır. Bu səbəbdən geri qaytarılma və ləğv qaiməsi təqdim edilmişdir.” İddiaçının qeyd etdiyi lakin sənədlə sübut edə bilmədiyi mühasibatlıq səhvi tərəfə heç bir üstünlük gətirməməlidir. Operativ vergi nəzarəti başlayan vaxt həmin səhvin aşkar edilərək aradan qaldırılmasına cəhd edilməsi, əlbəttə, şübhə yaradan məqam hesab edilməlidir, belə ki, səhvlik olduğunu iddia etdikləri elektron qaimə-fakturalar əsasında malların alışı OVN keçirilməsindən xeyli müddət əvvəl həyata keçirilmişdir. İddiaçının qeyd etdiyi mühasibatlıq səhvinə düzəliş etməsi üçün xeyli müddət vaxtı olmuşdur. Halbuki, burada heç bir mühasibatlıq və ya digər maliyyə əməliyyatları səhvindən söhbət gedə bilməz. Həmçinin, iddiaçının nümayəndəsi qeyd edilən yanlışlığın nədən ibarət olduğunu açıqlaya bilməmişdir. Yuxarıda da qeyd olunduğu kimi, operativ vergi nəzarəti həyata keçirilmiş obyektindən, yəni təsərrüfat subyektindən malların elektron qaimə-faktura olmadan təqdim edilməsi əməliyyatlarının həyata keçirilməsi faktı məsuliyyət qərarının qəbul edilməsinə əsas olmuşdur, belə ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi ilə göstərilən halda satışın elektron qaimə-faktura təqdim edilmədən həyata keçirilməsi qadağan olunmuşdur. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus xx.xx.2019-cu il tarixli, ********** nömrəli VÖEN-dən görünür ki, iddiaçı həmin VÖEN-ə əsasən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5598 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 590570,35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2023-cü il tarixədək 590570,35 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” **********2999 nömrəli qərarından görünür ki, iddiaçıya məxsus olan obyektdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faklura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2023-cü il il tarixdən xx.xx.2023-cü il tarixədək operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 26 iyul 2023-cü il tarixli çıxarışa əsasən plandankənar yoxlamanın təyin edilməsi üçün əsas vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli tələbnamədə müvafiq sənədlərin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı, 001876 saylı, xx.xx.2023-cü il tarixli aktın nəticə hissəsində göstərilmişdir ki, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinin sahibliyində 382 592,42 manat məbləğində mal qalığının olduğu, elektron qaimə-faktura təqdim edilməli olduğu halda 5 905 703.51 manat dəyərində malların Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərinin pozularaq elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyiciləri olan şəxslərə təqdim edildiyi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi X2 xx.xx.2023-cü il tarixli cavabdehə verdiyi izahatında göstərilmişdir ki, elektron qaimələr əsasında sistemdə görünən aldıqları malların mədaxili zamanı mühasibatlıq səhvi olmuşdur, miqdar və məbləğ səhvi olduğundan əlavə mal qalığı yaranmışdır. xx.xx.2023-cü il tarixdən sonra 3 311 688 97 manat dəyərində olan qaimələrin ləğv edilməsinə miqdar və məbləğ səhvinin aşkarlandığını, bu səbəbdən geri qaytarma və ləğv qaimələrinin təqdim edildiyini bildirmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********5598 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmiş, işdən görünür ki, qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 16.1-ci maddəsinə əsasən 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 16.1.4-3. bu Məcəllənin 14-2.2-ci maddəsində nəzərdə tutulan arayışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətdə vergi orqanına təqdim etmək vergi orqanının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 16.1.11-6-cı maddəsinə əsasən ödəniş xidməti təchizatçıları tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi; dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi; notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi; lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi istisna olmaqla digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək də vergi ödəyicilərinin vəzifəsidir. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi vergi ödəyiciləri təqdim etdikləri mal, iş və xidmətlərə görə elektron qaimələr təqdim etməli və ya həmin mal, iş və xidmətlər alış aktları ilə realizə olunmalıdır. Vergi Məcəlləsində göstərilmişdir ki, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. lisenziya tələb olunan fəaliyyət növləri ilə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.6-1. qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi;[349] 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;[350] 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. bu Məcəllənin 50-2.1-ci və 194.1-ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi (50.1). Cavabdeh tərəfindən müəyyən edilmişdir ki, 2021-ci ilin əvvəlindən yoxlama keçirilən dövrə qədər iddiaçı tərəfindən 2 932 555,59 manat dəyərində mal idxal olunmuş, alış aktları ilə alınmış malların dəyəri 1 459 821,13 manat , e-qaimə ilə alınmış malların dəyəri 6 906 994,33 manat olmuşdur. Beləliklə iddiaçı həmin dövrdə cəmi, 11 299 371,05 manat dəyərində mal əldə etmişdir. İddiaçı tərəfindən elektron qaimə əsasında təqdim edilmiş malların dəyəri isə 6 457 784,09 manat təşkil etmişdir. Beləliklə iddiaçı tərəfindən elektron qaimə əsasında təqdim edilmiş malların dəyəri onun ümumilikdə əldə etdiyi malların dəyərindən çıxılmaqla, iddiaçının mal qalığının dəyəri 6 906 994 manat olmalı idi. Cavabdeh tərəfindən keçirilmiş operativ vergi nəzarətinin tədbiri zamanı iddiaçıya məxsus təsərrüfat subyektlərində ümumilikdə 382 592,42 manat dəyərində mal aşkar olunmuşdur. Beləliklə iddiaçının elektron qaimə əsasında təqdim edilmiş malların dəyəri üzərinə 5 faiz ticarət əlavəsi əlavə edilməklə, həmçinin anbarda qalan malların dəyəri əldə edilmiş mallardan çıxılmaqla 5 905 703,51 manat dəyərində mal qalığı əskik olmuş, həmin malların realizə edilməsi ilə bağlı elektron qaimələr təqdim edilməmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilmişdir ki, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli qərarla 590570,35 manat maliyyə sanksiyası hesablanmışdır. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar əsaslı və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar