Məhkəmə qərarları › İş №2-1(112)-3269/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3269/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3269/2025 10.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayır. Həmin mənzil barəsində onunla icarə müqaviləsi də bağlanılmışdır. Cavabdeh heç bir əsaslı səbəb göstərmədən mənzil mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 saylı evin, 59 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 197 saylı sərəncamı xx.xx.2024-cü il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 26 iyul 2024-cü il tarixli, 197 nömrəli sərəncamı ilə Nəsimi rayonu, Alı Mustafayev küçəsi 3 №-li evin 1 otaqlı yaşayış sahəsi 16,7 kv.m olan 59 nömrəli mənzilinin icarə müqaviləsi İddiaçı ilə bağlanmış və o, həmin mənzilin icarədarı hesab edilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 24 iyul 2024-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. 33 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında hal-hazırda İddiaçı yaşayır. Vətəndaş İddiaçı xx.xx.2009-cu il tarixdən əvvəl yaşayır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. İşin faktiki hallarından, o cümlədən cavabdehin imtina məktbundan göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 197 saylı sərəncamının xx.xx.2024-cü il tarixə aid olmasını göstərmişdir. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir. Məhkəmə isə hesab edir ki, iddiaçının adına mənzil icarə müqaviləsinin bağlanılması barədə sərəncamın xx.xx.2024-cü il tarixdə, yəni 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlak xx.xx.2024-cü il tarixli sərəncam əsasında iddiaçıya ayrılsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır. Adıçəkilən sərəncamdan, eləcə də məhkəməyə təqdim edilmiş arayışdan da göründüyü kimi iddiaçı 1994-cü ildən etibarən həmin mənzildə yaşamaqdadır. Göründüyü kimi iddiaçı adıçəkilən tarixdən əvvəl, daha dəqiq desək 1994-cü ildən etibarən mənzildə faktiki olaraq yaşamış, eyni zamanda da rəsmi olaraq yaşayış yeri qeydiyyata alınmış, bu halı təsdiq edən sənədlər yerli icra hakimiyyəti orqanına təqdim edilmiş, bununla da balanssaxlayıcı olan inzibati orqan tərəfindən iddiaçının 2009-cu il oktyabr ayının 1-dən əvvəl yaşadığı mənzilə hüquqları tanınmış, iddiaçının mənzilin icarəçisi hesab olunması məqbul hesab edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, mövcud inzibati praktikaya əsasən şəxsin uzun illər yaşayış sahəsində yaşaması ona yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması imkanını vermir. Nəzərə alınmalıdır ki, hazırki mübahisədə iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasının əsası təkcə onun qeydiyyatı ilə bağlı olmamışdır, əksinə onun mənzilinin icarəçisi olmasını təsdiq edən sərəncamın olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, sərəncamın mövcudluğu balansaxlayıcı tərəfindən iddiaçının mübahisəli yaşayış sahəsinə münasibətdə hüquqlarının yarandığını təsdiq edən göstəricidir ki, bu zaman balansaxlayıcı məhz iddiaçının yaşayış sahəsinə 2009-cu il oktyabr 1-dən əvvəl yaşaması faktını nəzərə alaraq bu qənaətə gəlmişdir. Başqa sözlə desək, yerli icra hakimiyyəti orqanı iddiaçının uzun müddət olaraq yaşayış sahəsində yaşamasını nəzərə alaraq iddiaçını mənzilin icarəçisi qismində qəbul etmiş və onunla icarə müqaviləsinin bağlanılmasında iradə ifadəsinə nümayiş etdirmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır Göründüyü kimi balansaxlayıcı tərəfindən mənzil icarə müqaviləsinin bağlanılmasına dair sərəncam mülkiyyət hüququnun qeydiyyata alınma əsaslarından biri kimi çıxış edir. Məhkəmə əlavə olaraq onu da bildirir ki, mənzilə dair G.Əliyevanın adına orderin mövcudluğuda hazırki vəziyyətdə iddianın təminini istisna etmir. Belə ki, məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, sözügedən mənzil ilk olaraq G.Əliyevaya ayrılmış, daha sonra o, həmin mənzilə qeydiyyata düşmədiyindən və faktiki olaraq həmin mənzildə iddiaçı 1994-cü ildən yaşamağa başladığından, onun mənzilə dair kirayə müqaviləsi bağlanmışdır. Hazırda mənzilin iddiaçıya ayrılmasına dair sərəncam və onun əsasında bağlanmış kirayə müqaviləsi ləğv edilmədiyindən, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hal-hazırda öz hüquqi qüvvəsini saxladığında, hazırki iddianı istisna edən hal mövcud olmamışdır. Beləliklə, cavabdehin etirazda əsaslandırdığı iddia tələbinin təminini istisna edən hal barədə faktiki şərt sübut edilə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin mənzilə münasibətdə texniki pasportun verilməsi də təmin olunmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 nömrəli evin 1 otaqlı yaşayış sahəsi 16,7 kv.m olan 59 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar