Məhkəmə qərarları › İş №2-1(112)-3270/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3270/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3270/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı, İddiaçının vəkili Rəhimli Ədalət Böyükxan oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi məbləğinin azaldılması» barədə iddiası üzrə işə məhkəmənin binasın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 17.434,52 manat vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin vergi məbləğinin azaldılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə heç bir hüquqi əsas olmadan şəxsi hesab vərəqəsində 17.434.52 manat vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə əlaqədar hər hansı qərar və yaxud inzibati akt olmadığı üçün, eyni zamanda vergi orqanının hərəkəti əsassız və qanuna zidd olduğu üçün ləğv olunmalııdır. Belə ki, Vergi Məcəlləsinin 83-cü maddəsində vergi orqanı tərəfindən vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata, ödəmələr haqqında məlumata və vergi yoxlaması materiallarına əsasən vergilərin hesablanması hüququ tanınmışdır. Hesablanmış vergi məbləğinin hansı qanunvericilik normasına uyğun olaraq həyata keçirilməsi əsaslandırılmamışdır. Əgər kameral yoxlama nəticəsində hesablanıbsa vergilərin hesablanması barədə qərar olmadığından kameral yoxlanılan bəyannamənin növü, hesabat dövrünü özündə əks etdirən və Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilməlidir. Lakin belə bir qərar mövcud deyil. Əgər səyyar vergi yoxlaması nəticəsində hesablanıbsa yoxlama aktı və məsuliyyətə cəlb etmə barədə qərar olmalı olduğu halda həmin qərar mövcud olmamışdır. Digər tərəfdən Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Lakin vergi məbləğinin hesablanması barədə vergi ödəyicisinə hər hansı rəsmi məlumat verilmədən şəxsi hesab vərəqəsində vergi məbləğinin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Odur ki, göstərilənləri qeyd edərək 17.434,52 manat vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən qeyd edilən vergi məbləğinin azaldılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X3 üzərinə qoyulması məhkəmədən xahiş olunmuşdur. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, hazırkı iddia tələbi iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilmişdir. Belə ki, vergi orqanı tərəfindən 2014-cü ilin gəlir vergisi üzrə iddiaçıya 17434,52 manat məbləğinin hesablanmasına əsas olmuş “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********368800 nömrəli qərar məhkəmə qərarları ilə qanuni hesab edilmişdir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2351/15 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçının “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********368800 nömrəli qərarın ləğv edilməsinə dair iddiası təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)- 283/16 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilmiş və iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)-1649/17 nömrəli qərarı ilə təmin edilməmiş və apelyasiya məhkəməsinin iş üzrə qərarı qüvvədə saxlanılmışdır. Məhkəmə qərarı qanuni qüvvəsini almış və qanuna müvafiq qaydada icra olunmuşdur. Mübahisənin mahiyyəti ilə bağlı nümayəndə qeyd etmişdir ki, uçot baza məlumatlarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində ümumi dövriyyə 2014-cü il üzrə 87172,59 manat göstərilmiş və 2014-cü il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Müəyyən edilən kənarlaşmalar barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müəyyən edilmiş kənarlaşmalar barədə əsaslandırılmış izahat təqdim edilmədiyin-dən gəlir vergisi bəyannaməsi üzrə 2014-cü il üçün 17434,52 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergilər barədə vergi ödəyicisinə xx.xx.2015-ci il tarixli **********368800 nömrəli vergilərin hesablanması barədə qərar göndərilmişdir. İddiaçının əvvəlki tələbinə məhkəmədə baxılan dövrdə onun tərəfindən xx.xx.2017-ci il tarixdə vergi orqanına 2014-cü ilin cari (0 manat məbləgində) “Gəlir vergisi bəyannaməsi” təqdim edilmişdir. Sözügedən 17434,52 manat məbləğin azalmasına əsas vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə olmuş, vergi orqanı tərəfindən heç bir azalma aparılmamışdır. Qeyd olunan dövr məhkəmədə mübahisələndirildiyi üçün və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından həmin dövr üzrə vergi orqanı tərəfindən onun şəxsi hesab vərəqəsində yenidən hesablama aparılmamışdır. Buna görə də “Vergilərin hesablanması barədə xx.xx.2016-cı il tarixli **********368800 nömrəli qərar ləğv edilməmiş və qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)-1649/17 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə qərarına əsasən vergi ödəyicisinin şəxsi hesab vərəqəsində onun tərəfindən azalma verilmiş 2014-cü il üzrə 17434,52 manat məbləğində gəlir vergisi şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanı bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Həmin Məcəllənin 24.01-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd etdiklərinin nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı şəhər Vergilər Departamenti tərəfindən verilmiş fiziki şəxsin sahib-kar--lıq uçotu haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci ildən fərdi sahib-kar kimi uçota alınmış və ona ********** saylı VÖEN verilmişdir. -Nərimanov RPİ tərəfindən xx.xx.2010-cu ildə verilmiş AZE 0******* saylı şəx-siy-yət vəsiqəsindən müəyyən olunur ki, İddiaçı Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 40, mənzil 43 ünvanda qeydiyyatdadır. -Bakı Vergilər Departamentinin «Vergilərin hesablanması barədə» xx xxxx 2015-ci il tarixli **********487200 nömrəli qərarından müəyyən olunur ki, hə-min qərar əsasında bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən İddiaçı 2013-cü il üçün 17423,47 manat gəlir vergisi hesablanmış, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçıya gəlir vergi-si-ni təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesab-lanmışdır. -İddiaçıya məxsus şəxsi hesab vərəqəsinin çıxarışından müəyyən olunur ki, vergi ödəyicisi İddiaçı xx.xx.2018-ci il tarixə ödəmə tarixi xx.xx.2015-ci il üzrə fiziki şəxsin gəlir vergisi 17434,52 manat hesablanmışdır. iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2351/2015 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı vergilərin hesablanması barədə xx.xx.2015-ci il tarixli **********363300 və **********368800 saylı qərarlarının ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-283/2016 saylı xx xxxx 2016-cı il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2351/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı qərarların ləğv edilməsi barədə iddiası təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1073/16 saylı xx xxxxxxxx 2016-cı il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-283/2016 saylı xx xxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonradan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 283/2016 saylı xx xxxx 2016-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə Bakı Apelyasiya Məhkəməsində baxılmış və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 283/2016 saylı xx xxxx 2017-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2- 1(102)-1649/17 saylı xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-283/2016 saylı xx xxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddianın mümkün sayılmaması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4247 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı “vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən vergi məbləğinin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1180/19 saylı xx xxx 2019-ci il tarixli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4247 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2- 1(102)-2650/19 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1180/19 saylı xx xxx 2019-ci il tarixli qərardadı ləğv edilərək iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-166/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4247 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı “vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən vergi məbləğinin azaldılması tələbinə dair” inzibati iş sonrakı prosesual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati orqanlar təkcə inzibati akt formasında deyil (1.1-ci maddə), həm də faktiki xarakterli fəaliyyətin həyata keçirilməsi formasında (1.2-ci maddə) da hərəkət edirlər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanuna əsasən inzibati orqanların publik hüquq sahəsindəki idarəetmə fəaliyyətinin həyata keçirilməsi əsasən iki formada təzahür edir – inzibati akt qəbul edilməsi və faktiki xarakterli fəaliyyət (hərəkətlər). Məhkəmənin hüquqi mövqeyinə görə faktiki xarakterli hərəkətlərin inzibati aktlardan fərqləndirilməsi üçün ən effektiv üsul “istisna yolu”dur. Belə ki, inzibati orqanın publik hüquq sahəsindəki inzibati akta aid edilə bilməyən bütün digər fəaliyyəti faktiki xarakterli hərəkət kimi qəbul edilməlidir. Faktiki xarakterli hərəkətlər özünü ya hər hansı bir inzibati aktın yaxud normativ-hüquqi aktın icrası kimi, ya da heç bir hüquqi akta əsaslanmadan, birbaşa törədilən hərəkətlər kimi göstərə bilər. İnzibati aktda həlledici olan iradə ifadəsinin mövcudluğudur, çünki hüquqi aktlar mütləq iradə ifadəsini əks etdirirlər. Faktiki xarakterli hərəkətlərdə isə hərəkətin iradi və ya qeyri-iradi törədilməsindən asılı olmayaraq ona hüquqi dəyər verən hərəkətin özüdür. Məhkəmə qeyd etmişdir ki, hüquqi qiymətləndirmə zamanı hərəkətin inzibati hüquqi mənada faktiki xarakterli hərəkət kimi qəbul edilməsi üçün inzibati orqanın həmin fəaliyyətinin məhz publik hüquq sahəsində həyata keçirilməsi vacibdir. Faktiki xarakterli hərəkət həmçinin mülki hüquq sahəsində də həyata keçirilə bilər, amma bu hərəkət “İnzibati icraat haqqında” Qanunun anlamında faktiki xarakterli hərəkətlərlə qarışdırılmamalıdır. Bu zaman, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il 04 nömrəli qərarı). Daha sonra məhkəmə vurgulamışdır ki, inzibati aktlar bir qayda olaraq hüquqi vəziyyətdə dəyişiklik etmək qabiliyyətinə malik olduqları halda, faktiki xarakterli hərəkətlər daha çox maddi nəticə əldə etməyə yönəlir. Başqa sözlə, inzibati orqan faktiki xarakterli hərəkətlərlə yeni faktiki vəziyyət yaratmağa və ya mövcud faktiki vəziyyəti dəyişdirməyə çalışır və bu hərəkətləri həyata keçirməkdə əsas məqsəd faktiki nəticə əldə etməkdir. Məhz bu cür faktiki hərəkətlərin (onların yaratdığı faktiki nəticələrin) fiziki və ya hüquqi şəxslərə münasibətdə təsirləri olur. Faktiki xarakterli hərəkətlər həmçinin hüquqi nəticələr doğururlar. Bəzən hüquqi nəticənin baş verməsi üçün hərəkətin edilib bitməsi və maddi nəticənin yaranması tələb olunur. Bəzən isə hərəkətsizlik də, yəni, xarici aləmdə maddi nəticənin olmaması da hüquqi nəticəyə səbəb ola bilər. İnzibati aktlar kimi, faktiki xarakterli hərəkətlər də qanunun tələblərinə uyğun olmalıdır, əks hal, qanunçuluq prinsipinə zidd hərəkət kimi qiymətləndirilir. Faktiki xarakterli hərəkətlərin qanunsuz hesab edilməsi üçün müxtəlif səbəblər ola bilər, məsələn, inzibati orqanın hərəkəti həyata keçirmək üçün səlahiyyətinin olmaması, orqanın hərəkəti edərkən səlahiyyətinin çərçivələrinə riayət etməməsi, hərəkətin qanunun məqsədlərinə zidd olması və s. Qanunvericilikdə inzibati akta qarşı olduğu kimi, faktiki xarakterli hərəkətlərə qarşı da hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı nəzərdə tutulmuşdur. Formalhüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmasa da, hesab olunur ki, belə bir hərəkət inzibati akt olsa (hipotetik baxımdan) və qanunsuz olsa, onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılar. Müvafiq olaraq faktiki xarakterli hərəkətlərin yoxlanılması və qiymətləndirilməsi bəzi özəl xüsusiyyətlər nəzərə alınmaqla inzibati aktın yoxlanılması qaydasına uyğun aparılmalıdır. Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. Bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” 2016-cı il 30 dekabr tarixli, 474-VQ saylı Azərbaycan Respublikasının Qanununda da şəxsi hesab vərəqəsi anlayışından istifadə olunmuş, vergi ödəyicilərinin vergi orqanlarındakı şəxsi hesab vərəqələrində 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarının vergi orqanları tərəfindən silinməli olması qərara alınmışdır. Bu qaydada tənzimləmənin özü də bir daha təsdiq edir ki, şəxsi hesab vərəqəsi vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədi dəyərinə malikdir. Bu qaydada bir uçot sənədinin aparılması vergi idarəçiliyinin təşkili baxımından zəruri olmaqla yanaşı, həm də vergi orqanları ilə vergi ödəyiciləri arasındakı münasibətlərdə açıqlığı, şəffaflığı və hüquqi müəyyənliyi təmin etməyə xidmət edir. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Müvafiq olaraq belə inzibati aktlar mövcud deyillərsə, həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Çünki vergilərin hesablanması əməliyyatı bu halda, qanunvericiliyin ziddinə olaraq hüquqi əsasa söykənməyən əməliyyatlar olmuşlar. Bunun əksinə olaraq, əgər “dürüstləşmə” adı altında həyata keçirilən şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda, həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Belə halların mövcudluğundan o halda söz edilə bilər ki, həyata keçirilən əməliyyat hər hansı qanunun və ya inzibati aktın icrasını təmin etməyə yönəlmiş olsun. Bu halın xüsusiyyəti ondan ibarətdir ki, qanunun və ya inzibati aktın icrasının həyata keçirilməsi faktiki xarakterli hərəkətlərin edilməsini tələb edir. Həmin faktiki xarakterli hərəkətlər qanunun və ya inzibati aktın tələb etdiyi məzmunda həyata keçirilməyibsə (məsələn, silinməli olan faizlərin məbləği düzgün silinməyibsə və s.) inzibati orqan tərəfindən faktiki xarakterli hərəkətin düzgün həyata keçirilməməsi vəziyyəti yaranmış olur. Bu halda isə inzibati orqanın əsas vəzifəsi qanunu və ya inzibati aktı onun məzmununa uyğun həyata keçirmək olduğundan, o, bunun üçün düzgün icranı təmin etməyə yönəlmiş əlavə faktiki xarakterli hərəkətlər etməlidir. Belə faktiki xarakterli hərəkətləri etmək üçün isə inzibati aktın qəbul edilməsinə ehtiyac yoxdur. Çünki qanunun və ya inzibati aktın icrası ilə bağlı ilkin olaraq icranın təmin edilməsinə dair ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmadığından, düzgün icranı təmin etmək üçün əlavə inzibati aktın qəbulu da müvafiq olaraq tələb olunmamalıdır. “Dürüstləşmə” əməliyyatının aparılmasının hüquqi əsasına gəldikdə, qeyd olunmalıdır ki, belə adda əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, vergi orqanlarının vergilərin və digər məcburi ödənişlərin ödənilməsini təmin etməyə yönəlmiş hərəkətlərinin bitkin siyahısını qanunvericilikdə təsbit etmək obyektiv səbəblərə görə həmişə mümkün olmaya bilər. Yuxarıda da qeyd edildiyi kimi ictimai münasibətlərin inkişafı və dəyişkənliyi nöqteyi-nəzərindən, şəxs-dövlət münasibətləri müstəvisində baş verəcək bütün halların öncədən görülməsinin və tənzimlənməsinin mümkünsüz olması səbəbindən, yeni ortaya çıxmış bir vəziyyətdə inzibati orqanların hərəkət qaydalarının müəyyən edilməsi həmin inzibati orqanların səlahiyyətindədir ki, bu zaman onların «hərəkət zolağını» hüquqi dövlətin ümumi prinsipləri müəyyən edir. Bu mənada, vergi orqanı tərəfindən həyata keçirilən bu əməliyyata qiymət verilərkən onun qanunvericilikdə birbaşa təsbit edilib-edilməmiş olmasından daha çox, həmin əməliyyatın mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Məhkəmə bu mövqeyinə uyğun olaraq hesab edir ki, vergi orqanının “dürüstləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. Odur ki, iddiaçının əvvəllər mübahisələndirdiyi “Vergilərin hesablanması barədə” xx.xx.2016-cı il tarixli **********368800 nömrəli qərarı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2351/15 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə ləgv edildikdən sonra vergi ödəyicisinin şəxsi hesab vərəqəsində onun tərəfindən azalma verilmiş, həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)- 283/16 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə təmin edilərək iddia tələbi rədd edilmiş, daha sonra isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)-1649/17 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra cavabdeh tərəfindən 2014-cü il üzrə 17434,52 manat məbləğində gəlir vergisi şəxsi hesab vərəqəsində bərpa edilmişdir. Yəni həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil. İşin halına görə məhkəmə aktının icrası üçün faktiki xarakterli hərəkətlər edilməsi tələb olunduğundan cavabdeh onun düzgün icrasının təmin edilməsi üçün inzibati akt qəbul etmədən şəxsi hesab vərəqəsində əməliyyat aparmışdır. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin ləğv edilməsini tələb etsə də, bu tələbin əsasları inzibati məhkəmə icraatı qaydasında həm formal-hüquqi, həm də maddi-hüquqi baxımdan yoxlanılaraq məhkəmə iddiaçının dəlillərinin əsassız oldugu qənayətinə gəlir. Belə olan halda, məhkəmə iddiaçının şəxsi hesab vərəqəsinə 17.434,52 manat vergi borcunun bərpa olunması ilə bağlı cavabdehin hərəkətlərini əsaslı sayır. Odur ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.5-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 17.434,52 manat vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin vergi məbləğinin azaldılması tələbinə dair iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 17.434,52 manat vergi öhdəliyinin ləğv edilməsi və şəxsi hesab vərəqəsindən həmin vergi məbləğinin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sadrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar