Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3270/2022 05.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – mühəndis, işləmir), cavabdehin nümayəndəsi X8 (İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir),üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, “İsmayılbəyli və Partnyorları” vəkil bürosunda vəkil işləyir) iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində Dövlət Neft Şirkəti cəlb edilməklə “Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində, Əmircan-Qaraçuxur yolunun üzərində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində, Əmircan-Qaraçuxur yolunun üzərində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində, Əmircan-Qaraçuxur yolunun üzərində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 13 aprel 1992-ci il tarixli, 534 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində, Əmircan-Qaraçuxur yolunun üzərində "xxxx" MMC-yə 0,27 hektar torpaq sahəsi ayrılmışdır. 20 may 1992-ci ildə MMC-yə 91/305 saylı ayrıc aktı verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.1997-ci ildə Suraxanı rayonu, Qaraçuxur-Suraxanı yolunun üzərində yerləşən dayanacaq pavilyonun yenidən qurulmasına razılıq verilmiş və eskiz layihəsi təsdiq edilmişdir. Eskiz layihəsi X5 X3 Zonası, Suraxanı rayon Qaz İstismar İdarəsi, Suraxanı ET və Sİ-nin 10/6/4 Kvt İstismar şöbəsi, "xxxx" ASC, "xxxx" ASC-nin 9 saylı istilik sistemləri istismar sahəsi, Sabunçu telefon qovşağı, Suraxanı RİH nəzdində Layihə Smeta Bürosu, "xxxx" ASC tərəfindən razılaşdırılmış və həmin təşkilatlar eskiz layihəsinə razılıq verdiklərini möhürləri ilə təsdiq etmişlər. xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış və texniki pasport almaq məqsədi ilə sənədlər cavabdehə təqdim edildi. Lakin, cavabdehin xx.xx.2021-ci il tarixli **********92 nömrəli cavab məktubu ilə ərizənin icrasını mümkün sayılmamışdır. Cavab məktubunda qeyd olunmuşdur ki, “... istismara icazə sənədi və ya qəbul aktı, o cümlədən torpaq sahəsinə dair icarə müqaviləsi əlavə edilməmişdir...”. 13 aprel 1992-ci il tarixli, 534 saylı sərəncamı ilə "xxxx" MMC-yə 0,27 hektar torpaq sahəsi istifadəsinə verilmiş və həmin tarixdən MMC-nin istifadəsindədir. Torpağın ayrılmasına dair ayrıc aktı mövcuddur və İdarəyə təqdim edilmişdir. Cavabdehin məktubunda qeyd edilir ki, “Bundan əlavə təqdim olunan ayrıc aktında pozuntu aşkar olunmuşdur. Həmçinin göstərdiyiniz torpaq sahəsinin döngə nöqtələrinə görə sərhədlərin təqdim olunan ayrıc aktındakı sahənin konfiqurasiyasından tamamilə fərqli olduğu, mövcud tikilinin təqdim edilən layihəyə uyğun olmadığı, 6 metr məsafəsindən 110 kilovatlıq yüksəkgərginlikli elektrik xəttinin keçdiyi, eləcə də qaz və su xəttinin mühafizə zolağında, Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyi müəyyən edilmişdir...”. Eskiz layihəsinin icrası üçün X5 X3 Zonası, Suraxanı rayon Qaz İstismar İdarəsi, Suraxanı ET və Sİ-nin 10/6/4 Kvt İstismar şöbəsi, "xxxx" SC, "xxxx" ASC-nin 9 saylı istilik sistemləri istismar sahəsi, Sabunçu telefon qovşağı, Suraxanı RİH nəzdində Layihə Smeta Bürosu, "xxxx" ASC tərəfindən razılaşdırılmış və həmin təşkilatlar eskiz layihəsinə razılıq verdiklərini möhürləri ilə təsdiq etmişlər. Ayrıc aktında hər hansı pozuntu mövcud deyildir. Mövcud tikililər layihəyə uyğundur və heç bir əlavə və dəyişiklik, yaxud layihədən kənara çıxma yoxdur. Torpaq sahəsinin konfiqurasiyasında hər hansı dəyişiklik edilməmişdir. İddiaçının müraciəti torpaq sahəsi üzərində mövcud olan daşınmaz əmlakına dövlət reyestrindən çıxarışın verilməsi haqda olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq gələcəkdə torpaq sahəsinin özəlləşdirmək hüququnun olduğundan xəbərdardırlar. İddiaçı hesab edir ki, cavabdehin ünvanlandığı daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi əsassızdır və sadəcə formal xarakter daşıyır və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətdədirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin səndlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. Həmin Qanunun maddələrin heç birində cavabdehin imtinası üçün əsas olan maddə yoxdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında cаvаbdеh bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində, Əmircan- Qaraçuxur yolunun üzərində yerləşən qeyri-yaşayış binasının "xxxx" şirkəti təsisçi X4 tərəfindən özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Bundan əlavə, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə uyğun sənədlər və torpaq sahəsinə dair icarə müqaviləsi təqdim edilməmişdir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı təqdim edilən layihəyə uyğun tikilinin mövcud olmadığı, ərazinin yüksək gərginlikli elekrtik şəbəkəsinin və qaz xəttinin mühafizə zolağında, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərində yerləşdiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin direktoru X1 xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş sorğunun nəticəsinə əsasən "xxxx" MMC-nin direktoru X2 məxsus qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binası 12 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli, 4-Ə-3-454 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında X6 adına özgəninkiləşdirilmişdir. Aparılmış yerli baxış nəticəsində müəyyən olunmuşdur ki, ayrıc aktında göstərilən tikili hazırda həmin yerdə yerləşən sonradan dəyişiklik aparılmış tikilidir (tikintialtı sahəsi 174.4 kv.m). Həmçinin, ayrıc aktında torpaq sahəsinin ölçüsü 0.27 ha qeyd olunsa da, faktiki 0.19 ha təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********87 saylı xx.xx.2021-ci il tarixli və **********450 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə AZE19205714 nömrəli şəxsiyyət vəsiqəsinin, Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ********** nömrəli şəhadətnamənin, Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən çıxarışının, nizamnamənin, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1992-ci il tarixli, 534 nömrəli sərəncamın, 544 nömrəli, 10 avqust 1997-ci il tarixli İcarəyə verilmiş müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin, xx.xx.1997-ci il tarixli, 563 nömrəli sərəncamın, pavilyonun-ticarət mərkəzinin rekonstruksiyanın eskiz layihəsinin, torpaq sahəsi üzrə eksplikasiyanın və torpaq sahəsinin cizgisinin, xx.xx.2001-ci il tarixli işçi layihənin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 mart 2022-ci il tarixli, **********66 nömrəli məktubunun, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1997-ci il tarixli, 18/03-138 nömrəli və xx.xx.1998-ci il tarixli, 18/04-541 nömrəli məktublarının, 20 may 1992-ci il tarixli, 91/325 nömrəli aktın, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin --.02.2000-ci il tarixli, 01-12/83 nömrəli məktubunun, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 398 nömrəli, xx.xx.1998-ci il tarixli, 960 nömrəli və xx.xx.1998-ci il tarixli, 1516 nömrəli məktublarının, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********92 nömrəli və xx.xx.2021-ci il tarixli, **********90 nömrəli məktublarının, xx.xx.2021-ci il tarixli ərizənin, 14 aprel 2004-cü il tarixli, 34 nömrəli qeyri yaşayış binasının texniki məlumatlarının, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 11 mart 1998-ci il tarixli, 290 nömrəli sərəncamının, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin qərarının, “Azad Sahibkarlıq XXİ əsr” firmasının xx.xx.1998-ci il tarixli, 4 nömrəli məktubunun, "xxxx" MMC-nin xx.xx.2009-cu il tarixli məktubunun, "xxxx" ASC-nin 30 dekabr 2009-cu il tarixli, 4/02-5828 nömrəli məktubunun, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********87 nömrəli məktubunun surətləri təqdim etmişdir. “Torpaq sahəsinin ayrılması barədə” Bakı şəhər İcra Hakimiyyətinin başçısının 13 aprel 1992-ci il tarixli 534 saylı sərəncamından çıxarışına əsasən, Beynəlxalq Yanacaq və Enerji Assosiasiyasının Bakı filialı "xxxx" firmasının xahişi və "xxxx" NQÇİ-nin razılığı nəzərə alınaraq firmanın faktiki istifadə etdiyi Suraxanı rayonu, Serebrovski qəsəbəsi, Mədən küçəsində yerləşən keçmiş 5 nömrəli kompressor stansiyası ərazisi müvəqqəti olaraq, torpaq sahəsinin əsas təyinatı üzrə işlənməsinə qədər "xxxx" firmasına ayrılması qərara alınmışdır. 20 may 1992-ci il tarixli, 91/325 saylı aktdan görünür ki, xx.xx.1992-ci il tarixli, 534 nömrəli və xx.xx.1998-ci il tarixli, 290 nömrəli sərəncamlarına əsasən Serebrovski qəsəbəsində yerləşən "xxxx" firmasının 0,27 ha sahəsinin instrumental təriqilə ölçüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoyulmuşdur. "xxxx" şirkətinin prezidentinə ünvanlanmış Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1997-ci il tarixli, 18/03-138 saylı məktubu ilə Suraxanı rayonu, Qaraçuxur-Suraxanı yolunun üstündəki dayanacaq pavilyonun yenidən qurulmasına və ətraf ərazinin abadlaşdırılmasına Memarlıq və Şəhərsalma Baş İdarəsi etiraz etmədiyini bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********92 saylı məktubuna əsasən bildirilmişdir ki, qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, istismara qəbul aktı, həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Yuxarıda qeyd olunan sənədlərdən istismara icazə sənədi və ya qəbul aktı, o cümlədən torpaq sahəsinə dair icarə müqaviləsi əlavə edilməmişdir. Bundan əlavə təqdim olunan ayrıc aktında pozuntu aşkar olunmuşdur. Həmçinin torpaq sahəsinin döngə nöqtələrinə görə sərhədlərin təqdim olunan ayrıc aktındakı sahənin konfiqurasiyasından tamamilə fərqli olduğu, mövcud tikilinin təqdim edilən layihəyə uyğun olmadığı, 6 metr məsafəsindən 110 kilovatlıq yüksəkgərginlikli elektrik xəttinin keçdiyi, eləcə də qaz və su xəttinin mühafizə zolağında, Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının müraciətləri və onlara hazırlanmış cavab məktublarının təsdiq olunmuş surətləri təqdim olunmuşdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə “İnəkotex” şirkəti arasında bağlanmış 11 avqust 1997-ci il tarixli, 54 nömrəli “İcarəyə verilmiş müəssisəsinin (obyektin) alqı-satqı müqaviləsi” üzrə alınmış əmlakın tam dəyəri, yəni 34 836 900 köhnə Azərbaycan manatı tam olaraq ödənilmişdir. Həmin məktubu ilə birlikdə müqavilənin və şəhadətnamənin təsdiq olunmuş surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “X13 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi xx.xx.2022-ci il tarixli məktubuna əsasən bildirmişdir ki, ünvan 3 ünvanında qeyri-yaşayış obyektinin altında olan 0.270 ha torpaq sahəsi (39 T 413945.20 m E; 4471869.39 m N, 39 T 413994.48 m E; 4471855.82 m N, 39 T 413935.74 m E; 4471838.83 m N, 39 T 413987.14 m E; 4471818.85 m N) "X13 Kompani S.A” şirkətinin kontrakt sahəsinin hüdudlarından kənarda yerləşir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.(152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 13 aprel 1992-ci il tarixli 534 saylı sərəncamı ilə "xxxx" firmasına "xxxx" NQÇİ (Dövlət Neft Şirkətinin strukturuna daxil olan qurumunun) razılığı ilə Suraxanı rayonu, Serebrovski qəsəbəsi, Mədən küçəsində yerləşən keçmiş 5 nömrəli kompressor stansiyasının ərazisi kompressor və elektromexanik avadanlığının təmiri üzrə sexin təşkili üçün müvəqqəti, torpaq sahəsinin əsas təyinatı üzrə işlənməsinə qədər verilmişdir. İddiaçıya sexin təşkil edilməsi üçün müvəqqəti verilmiş torpaq sahəsi sənaye torpağı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan torpaq sahəsidir. Bu hal iddiaçının hüquqların dövlət qeydiyyatı alınması üçün əsas kimi istinad etdiyi Bakı şəhər İcra Hakimiyyətinin başçısının 13 aprel 1992-ci il tarixli 534 saylı sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:... dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; Həmin Məcəllənin 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Beləlklə iddiaçıya avadanlığın təmiri üzrə sexin təşkili üçün müvəqqəti istifadəsinə verilmiş torpaq sahəsi dövlət obyekti yerləşən torpaqdır. Həmin torpaq sahəsinin iddiaçının istifadəsinə və ya icarəsinə verilməsinə dair müqavilə mövcud deyil. Məhkəmə iddiaçı tərəfindən təqdim etdiyi sənədlərdə uyğunsuzluqların olmasını da qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün əsas kimi istinad etdiyi sərəncamda torpaq sahəsinin kompressor və elektromexanik avadanlığının təmiri üzrə sexin təşkili üçün verildiyi halda, iddiaçının təqdim etdiyi sənədlərdə: Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1997-ci il tarixli, 18/03-138 saylı məktubunda və layihədə bu obyektin dayanacaq pavilyonu olması göstərilmişdir. Halbuki iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısının 13 aprel 1992-ci il tarixli 534 saylı sərəncamının 47.5-ci bəndinə əsasən, iddiaçının üzərinə binanın pasportunu aldıqdan və memarlıq və şəhərsalma baş idarəsi ilə texniki və işçi layihəsini razılaşdırdıqdan sonra ərazidən təyinatı üzrə istifadə etmək və obyektin tikintisinə davam etmək vəzifəsi qoyulmuşdur. Lakin iddiaçı kompressor və elektromexanik avadanlığının təmiri üzrə sexin tikinti pasportu və texniki və işçi layihələri təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə araşdırılması ilə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Cavabdeh haqlı olaraq iddia tələbində göstərilmiş daşınmaz əmlakının mülkiyyət hüququ ilə iddiaçının adına dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində, Əmircan-Qaraçuxur yolunun üzərində yerləşən iddiaçıya məxsus olan qeyriyaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Mədən küçəsində, Əmircan-Qaraçuxur yolunun üzərində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3270/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3270/2022
05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver