Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3271/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «şəxsi hesabın bərpa edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «şəxsi hesabın bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində bildirir ki, o, 2006 – 2008-ci illərdə “xxxx” mətbəəsində, 2009 və 2010-cu illərdə isə “xxxx” MMC-də işləmişdir. Bütün bu dövrlər üçün DSMF-yə hesabatlar təqdim olunsa da, ona (iddiaçıya) məxsus fərdi şəxsi hesabatda heç bir məlumat əks olunmamışdır. İddiaçı həmin məsələ ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin həmin qurumdan məsələni həll etmək əvəzinə, günahkar onu çıxarmaqla imtina etmişlər. Göstərilənlərə əsaslanaraq, onun şəxsi hesabının bərpa edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahsələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində aşağıdakılar bildirilir: - İddiaçı iddia ərizəsində 2006 – 2008-ci illərdə “xxxx” mətbəəsində, 2009 – 2010-cu illərdə “xxxx” MMC-də işlədiyini qeyd etmişdir, işlədiyi dövrlər üçün DSMF-yə hesabatlar təqdim olunsa da, ona məxsus şəxsi hesabda heç bir məlumat əks olunmamışdır. Bu səbəbdən də iddiaçı şəxsi hesabın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının müraciətinə DSMF-nin Fərdi uçota nəzarət və sosial sığorta departamentində baxılmışdır. Müraciətlə bağlı araşdırma zamanı məlum olmuşdur ki, sığortaedənlər “xxxx” mətbəəsi ASC tərəfindən 2006 – 2007-ci illər, “xxxx” MMC tərəfindən isə 2009 – 2010-cu illərə dair “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar (Forma B1)” təqdim edilmiş və təqdim edilmiş hesabatlara əsasən hesablanmış məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Lakin qeyd olunan dövrlərə aid “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) vaxtında və dürüst təqdim edilmədiyi üçün həmin illər üzrə vətəndaş İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda yuxarıda qeyd edilən dövrlərə aid “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməsi üçün “Elektron hökumət portalı”nda (e - gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsində sığortaedənlər “xxxx” mətbəəsi ASC-yə və “xxxx” MMC-yə müvafiq funksionallıq verilmişdir. Həmin müəssisələrə funksionallıq verildiyi üçün asan imza və ya elektron imza vasitəsilə müəssisələr, yəni sığortaedənlər tərəfindən “X4”da (e - gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi elektron xidmətlər bölməsinə daxil olub qeyd olunan dövrlərə aid “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilməlidir. Bütün bu proseslər həyata keçirildikdən sonra İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında öz əksini tapacaqdır. Buradan belə nəticə çıxarmaq olar ki, «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikasının Qanununun 9cu maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konsitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 2006 – 2008-ci illərdə “xxxx” mətbəəsində, 2009 və 2010-cu illərdə isə “xxxx” MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Həmin dövrlər üzrə DSMF-yə hesabatlar təqdim olunmuş hesabatlarda onun müvafiq ödəmələri öz əksini tapmışdır. Lakin ona məxsus şəxsi hesabatda heç bir məlumat əks olunmamışdır. İddiaçı həmin məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etmişdir. Lakin cavabdeh tərəf məsələnin müsbət həllindən imtia etmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı aşağıdakı qanunvericlik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə fərdi uçot – Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Həmin Qanunun 4.1-ci maddəsinə görə dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır. Həmin Qanunun 5.1-ci maddəsinə görə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı hər bir sığortaolunan şəxsə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açır. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən sığortaolunanın fərdi şəxsi hesabında olan məlumatlar onun əmək fəaliyyəti müddətində müntəzəm olaraq dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəqiqləşdirilməlidir. Həmin Qanunun 10.2-ci maddəsinə görə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifələri aşağıdakılardır: - (10.2.1) İşəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; - (10.2.2) sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək; - (10.2.4) bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar vermək və səlahiyyətləri daxilində müvafiq normativ aktlar qəbul etmək. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci və 1.2-ci bəndlərinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir, Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 2.1.5-ci bəndinə görə məcburi dövlət sosial sığorta iştirakçılarının uçota alınmasını və uçotdan çıxarılmasını, sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını, fərdi uçotun aparılmasını və ona nəzarəti təmin etmək DSMF-nin fəaliyyət istiqamətlərinə daxildir. Nizamnamənin 3.1.4-cü bəndinə görə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirmək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında məcburi dövlət sosial sığortası sahəsində sığortaedənlərin və sığortaedənlərin məlumatları əsasında sığortaolunanların uçotunu aparmaq, habelə sığortaolunana dövlət sosial sığorta nömrəsi əsasında fərdi şəxsi hesab açmaq DSMF-nin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əssən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göründüyü kimi, iddiaçının qaldırdığı məsələnin həlli hazırkı cavabdeh DSMF-nin səlahiyyətləri daxilindədir. Lakin iddiaçının müraciəti üzrə bütün hallar araşdırılmadan, sığortaedənin müvafiq məlumatları dürüst təqdim etmədiyi əsas gətirilərərək məsələnin həllindən cavabdeh DSMF tərəfindən imtina olunmuşdur. Məhkəmənin hüquqi mövqeyi belədir ki, iddiaçının müraciəti üzrə cavabdehin hərəkətləri formal mülahizələrə söykənən hal qismində qiymətləndirilməli və iddiaçının müvafiq illərdə fərdi şəxsi hesabına ödəmələrlə bağlı təqdim olunan sənədlər qiymətləndirilməklə onun şəxsi hesabının bərpası məsələsinə işin bütün halları araşdırılaraq yenidən baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı fərdi şəxsi hesabının bərpası məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı fərdi şəxsi hesabının bərpası məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3271/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3271/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver