Məhkəmə qərarları › İş №2-1(112)-3271/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3271/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3271/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi zərərli əmək fəaliyyəti ilə bağlı 57 (əlli yeddi) yaşının tamam olduğundan AZENCO ASC şirkətində işlədiyi 5 ay 9 gün müddətini təsdiq etmək üçün ona əmək pensiyasının təyin olunmasında cavabdehə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonu, Yayçı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 3 senyabr 1980-ci ildən tarixindən başlamışdır. Uzun müddətdir ki, ayrı-ayrı vəzifələrdə işləmişdir. 3 senyabr 1980-ci il tarixindən 01 yanvar 2006-ci il tarixə qədər onun xüsusi zərərli əmək fəaliyyəti ilə əlaqədar onun ümumi 25 (iyirmi beş) il iş stajı var. Bununla bağlı o Filiala müraciət etmişdir və ərizəsində qeyd etmişdir ki, ona xüsusi şərtlərlə xüsusi ilə zərərli əmək fəaliyyətinə görə 57 (əlli yeddi) yaşı tamam olduğundan pensiya təyin olunsun. Lakin cavabdeh ərizəsinin nəticəsi ilə bağlı imtina məktubu vermişdir. İmtina məktubunda cavabdeh qeyd etmişdir ki, onun ******* nömrəli əmək kitabçasında əsasən ümumi iş stajı 25 (iyirimi beş) ildən az olaraq, 24 il 8 ay 2 gün təşkil edir. Bunla bağlı o işlədiyi Azərbaycan Respublikası AZENCO ASC şirkətinə müraciət etmişdir. Onlara bildirmişdir ki, onların şirkətində işlədiyi 5 ay 9 gün iş stajı əmək kitabçasına qeyd olunmayıb. AZENCO ASC şirkətindən ona xx.xx.2021-ci il tarixdə arxiv arayışı verdilər və orada onun iş stajının 5 ay 9 gün olduğu təsdiq olunub. Bütün bu faktları nəzərə alaraq o məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı AZENCO ASC şirkətində işlədiyi 05 ay 09 günün sosial sığorta stajına daxil edilməsini və 57 yaşı tamam olduğu (xx.xx.2021) tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia tələbi rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə almmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İddiaçı tərəfindən cavabdeh quruma təqdim edilmiş 03 sentyabr 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasındakı qeydlərdən məlum olur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az, yəni 24 il 08 ay 02 gün təşkil edir (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1989-cu il və xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir Göründüyü kimi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Beləliklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün sayılmır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2014-cü il tarixli, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində doğulmuşdur. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi Naxçıvan MSSR 129 №-li kənd texniki peşə məktəbi tərəfindən verilmiş xx.xx.1980-cı il tarixli, 917 №-li attestatın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1979-cu ildə 129 №-li kənd texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1980-cı ildə həmin məktəbi traktorçu-maşınçı peşəsi üzrə bitirmişdir (1 il). - Culfa rayon Dövlət Arxivi tərəfindən iddiaçıya verilmiş 105 №-li, xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Culfa rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon Yaycı kənd 129 №-li peşə məktəbin sənədlərinə baxdıqda X4 xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilədək Yaycı 129 №-li peşə məktəbində əyani oxumuş, 917 №-li attestatla bitirmişdir. - Azərbaycan Dəmir yolu Bakı Texniki Məktəbi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 21 №-li şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1989-cu ildən xx.xx.1989cu ildə kimi texniki məktəbdə oxumuş və elektrovoz maşinisti peşəsinə yiyələnmişdir (5 ay 17 gün). - X3 məxsus НЗ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər (2 il 1 ay 23 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı Əliyev (Əlibəyli) İbrahim Bəylər oğluna məxsus xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə (1 il 8 ay 4 gün) Сulfa rayonu, M.S.Ordubadi adına üzümçülük sovxozunda 3-cü dərəcəli traktorçu vəzifəsində işləmiş, xx.xx.1982-xx.xx.1984-cü il tarixlərdə (2 il 1 ay 28 gün) Sovet ordusu sıralarında xidmət etmiş, xx.xx.1984-xx.xx.1986-ci il tarixlərdə (1 il 10 ay 1 gün) Cənub-şərq dəmiryolunun Geogi-Diş lokomotiv deposunda Eksperimental sexdə mexaniki işləri üzrə 3cü dərəcəli çilingər, elektrovoz və teplovoz maşinistinin köməkçisi, xx.xx.1986-xx.xx.1987cı il tarixlərdə (9 ay 22 gün) Rostov hidrometeoroloji stansiyada mexanik-meteoroloq şagirdi, mexanik-meteoroloq vəzifəsində, xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə (11 ay 10 gün) Azərbaycan Dəmiryolları Culfa lokomotiv deposunda teplovoz maşinisti köməkçisinin dublyoru, müstəqil teplovoz maşinisti köməkçisi vəzifəsində işləmiş, xx.xx.1989xx.xx.1989-cu il tarixlərdə (5 ay 17 gün) Azərbaycan dəmiryolları Bakı texnikumunda Elektrovoz maşinistləri kurslarını bitirmiş, xx.xx.1989-xx.xx.2006-cı il tarixlərdə (17 il 1 gün) Azərbaycan dəmiryolları Culfa lokomotiv deposunda elektrovoz maşinisti köməkçisinin dublyoru, müstəqil elektrovoz maşinisti köməkçisi, elektrovoz maşinisti köməkçisi, elekrovoz maşinisti, xx.xx.2006-xx.xx.2017-ci il tarixlərində Azərbaycan Dəmiryolları Lokomotiv deposunda elektrovoz maşinisti köməkçisi, elekrovoz maşinisti, xx.xx.2017xx.xx.2021-ci il tarixlərdə "xxxx" QSC Bakı Lokomotiv Deposunda elektrovoz maşinisti, maşınisti təlimatçısı, xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Dəmir Yolları QSC X1 İstismar Xidmətində mütəxəssis, maşinist təlimatçısı vəzifələrində işləyir. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 01-FA/242 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X4 xx.xx.1987-ci ildən (əmr №103-л, xx.xx.1987-ci il) “Azenerjisazlama” müəssisəsinin Naxçıvan sahəsinə fəhlə peşəsinə qəbul edilib, xx.xx.1987-ci ildə (Əmr №-206, xx.xx.1987-ci il) həmin müəssisənin Paylayıcı avadanlığın təmiri üzrə 2-ci dərəcəli elektrik-çilingəri peşəsinə keçirilib və xx.xx.1988-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilib. Məlumat üçün bildirirlər ki, “Azbaşenerji”-nin xx.xx.1988-ci il tarixli, 563 №-li əmrinə əsasən “Azerenerjisazlama” müəssisəsi “Azerenerjitəmirsazlama” müəssisəsinə çevirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 423 №-li, xx.xx.1996-cı il tarixli fərmanına əsasən “Azerenerji" "xxxx" Açıq Səlıimdar Cəmiyyəti adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.1999-cü il tarixli 13 №-li əmrinə əsasən “Azerenerjitəmirsazlama müəssisəsi" S.İ.Lətifov adına “Azerenerjitəmirsazlama müəssisəsi” adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən S.İ.Lətifov adına “Azerenerjitəmirsazlama müəssisəsi” ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ 032 №-li əmrinə əsasən “Azərenerjixüsusitəmirsazlama müəssisəsi" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 04.030.2005-ci il tarixli, AÜ 040 №-İi əmrinə əsasən isə "xxxx" MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilinəsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərancamına əsasən "xxxx" ASC adlandırılıb. - "xxxx" ASC tərəfindən lazımi qaydada təsdiq edilmiş X3 aid T-2 formalı şəxsi kartadan çıxarışın surətindən görünür ki, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi “Azenerjisazlama” müəssisəsinin Naxçıvan sahəsində fəhlə, 2-ci dərəcəli elektrik-çilingəri peşələrində işləmiş, xx.xx.1988-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. - "xxxx" QSC Sərnişin Daşımaları Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05 №-li güzəştli arayışdan görünür ki, İddiaçı həqiqətən “Cənub-Şərq” və "xxxx" QSC-də çilingər, maşinist-köməkçisi və elektrovoz maşinisti vəzifələrində işləmişdir. Halhazırda maşinist-təlimatçısı vəzifəsində işləyir. Onun güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə Eksperimental sexdə mexanik işiəri üzrə 3-cü dərəcə çilingər işləmişdir (4 ay 8 gün); xx.xx.1985-xx.xx.1986-cı il tarixlərdə Elektrovoz və teplovoz maşinist-köməkçisi vəzifəsində işləmişdir (1 il 5 ay 4 gün); xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə Elektrovoz və teplovoz maşinist-köməkçisı vəzifəsində işləmişdir (11 ay 9 gün); xx.xx.1989-xx.xx.1989-cu il tarixlərdə Elektrovoz və teplovoz maşinist-köməkçisı vəzifəsində işləmişdir (2 ay 20 gün); xx.xx.1989-xx.xx.2006-cı il tarixlərdə Elektrovoz maşinisti vəzifəsində işləmişdir (16 il 3 ay 10 gün); cəmi 19 il 2 ay 20 gün. Onun işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cü il tarixli 320 saylı və 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21.4-cü maddəsində “Dəmiryol nəqliyyatı” başlığı altında nəzərdə tutulmuş çilingər, maşinist-köməkçisi və maşinist bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış 154776 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçi İddiaçı "xxxx" QSC-də çalışdığı peşələrdən yalnız elektrovoz maşinisti, həmçinin elektrovoz və teplovoz maşinist köməkçiləri peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aid edilir. Belə ki, sözügedən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 7, 13, 14 və 17-ci abzaslarında, Nazirlər Kabinetinin 1993- cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda isə 28-ci bölmənin müvafiq olaraq 8, 14 və 15-ci absazlarında (kod:23001000—14241, 23001000—16878 və 23001000—16885 ) nəzərdə tutulmuşdur. Həmçinin, həmin peşələr üzrə işlərin xüsusiyyətləri təhkim edilmiş müvafiq lokomotiv (elektrovoz, teplovoz) briqadanın tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik edilməsi, onların fəaliyyətinə nəzarət olunması, qatarı idarə edərkən və manevr yerdəyişmələri həyata keçirərkən müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı hərəkətin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********2 nömrəli və xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktublardan görünür ki, 21 iyun 2021-ci il tarixində və 05 may 2022-ci il tarixində daxil olmuş ərizələrinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririlir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Mərkəzi Filiala təqdim etdiyi 3 sentyabr 1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 7 ay 22 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının ümumi iş stajının əmək kitabçasına və təqdim etdiyi sənədlərə əsasən 25 ildən az olması ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin tələblərinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”-“z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasında “Azenerjisazlama” müəssisəsinin Naxçıvan sahəsində xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi fəhlə və 2-ci dərəcəli elektrik-çilingəri peşələrində işləməsi barədə müvafiq qeydlər aparılmamışdır. Lakin iddiaçının həmin müəssisədə işləməsi işəgötürən tərəfindən təqdim edilmiş ətraflı arayışla və T-2 formalı şəxsi kartadan çıxarışla öz təsdiqini tapır. İddiaçı tərəfindən təqdim edilmiş həmin arayışın mötəbərliyi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə icraatı zamanı iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu, əmək kitabçası üzrə, həmçinin təqdim edilmiş arayışa əsasən işlədiyi müddət nəzərə alınmaqla xx.xx.2006-cı ilədək ümumi iş stajının 25 il 7 ay 5 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi elektrovoz maşinisti, həmçinin elektrovoz və teplovoz maşinist köməkçiləri peşələri iş yerinin arayışına əsasən həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’ nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulmuş 23001000-14241, 23001000-16878 və 23001000-16885 koduna, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’-nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə Siyahının 21.4-cü bəndində nəzərdə tutulmuş “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, teplovozlarda maşinist köməkçiləri, elektrovozlarda maşinist köməkçiləri” peşəsinə uyğun olmaqla xx.xx.2006-cı ilədək güzəştli iş stajı 18 il 10 ay 16 gün təşkil edir. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar