Məhkəmə qərarları › İş №2-1(112)-3272/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3272/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3272/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən 251 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə İddiaçı adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin 251 saylı mənzilinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə 2010-cu ildə Bakı şəhərində mənzil almaq qərarına gələrək "xxxx" Mənzil-Tikinti Kooperativinin rəhbərliyinə müraciət etmişdir. Bununla bağlı olaraq cəmiyyətin rəhbərliyi ilə onun arasında 25 oktyabr 2010-cu il tarixdə 159 saylı müqavilə bağlanılmışdır. Müqavilənin şərtinə əsasən MTK Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanda inşa edəcək yaşayış binasında 4cü blok, 4-cü mərtəbədə yerləşən 251 saylı mənzili tikib ona təhvil verməyi, o da müqavilənin şərtlərinə uyğun olaraq mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bağlanmış müqavilənin şərtinə görə qarşılıqlı razılaşma yolu ilə mənzilin dəyərini ödədikdən sonra Şirkət öhdəsinə götürdüyü mənzil ona təhvil vermiş, o da mənzilin dəyərini tam şəkildə ödəmişdir. O, 26 oktyabr 2010-cu il tarixdə kooperativə pay haqqını tam ödəyərək həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Bundan sonra o, istifadə və sahiblik hüququ əldə etdiyi həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizə və təqdim olunan sənədlərə baxılaraq 17.07.2020-ci il tarixli **********01 saylı cavab məktubu ilə ərizənin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. O, mənzilin dəyərin tam ödəmişdir, bu səbəbdən də həmin mənzilə mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi yaşayış binasının istismarına icazə sənədləri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Bundan əlavə, Suraxanı rayonu, "xxxx" yaşayış massivində yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillər və qeyri-yaşayış sahələrinin üzərinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 nömrəli, 09.01.2015-ci il tarixli icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Bu səbəbdən də iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İcraçı "xxxx" MTK ilə Payçı İddiaçı arasında imzalanmış 159 nömrəli 25.10.2010-cu il tarixli müqavilənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirildi) görünür ki, İcraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ”V” yaşayış massivində, MTK-nın təsisçiləri və Payçılarin vəsaiti hesabına inşa edilən yaşayış binasında 251 saylı mənzil təklif edir (1.2-ci bənd). Həmin müqavilənin 2.1-ci bəndinə əsasən “İcraçı” qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4 giriş 4 mərtəbə 251 saylı mənzili “Payçı”ya təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzil 1 otaqdan ibarətdir, ümumi sahəsi 51,4 kv.m-dir, ümumi dəyəri 15420 manat təşkil edir. Müqavilənin 2.4-cü bəndə əsasən “Payçı” mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" MTK-nın 159 saylı 25.10.2010-cu il tarixli maliyyə arayışının notarila qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M yaşayış binası "xxxx"MTK-nin təsisçilərinin və “Payçı”larin vəsaiti hesabına inşa edilir. Bu binanın 4 giriş, 4 mərtəbə, ümumi sahəsi 51,4 kv.m olan 1 otaqlı, 251 saylı mənzilin ümumi pay dəyərindən 7710 (yeddi min yeddi yüz on) manat məbləği “Payçı” İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın 361 saylı 26.10.2010-cu il tarixli maliyyə arayışının notarila qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M yaşayış binası "xxxx"MTK-nin təsisçilərinin və “Payçı” larin vəsaiti hesabına inşa edilir. Bu binanın 4 giriş, 4 mərtəbə, ümumi sahəsi 51,4 kv.m olan 1 otaqlı, 251 saylı mənzilin ümumi pay dəyərindən 7710 (yeddi min yeddi yüz on) manat məbləği “Payçı” İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 17.07.2020-ci il tarixli, **********01 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Suraxanı rayonu, "xxxx" yaşayış massivində yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən 251 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı poçt vasitəsilə daxil olmuş ********** nömrəli, 25.06.2020-ci il tarixli ərizənizə və sənədlərin surətinə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Bundan əlavə, Suraxanı rayonu, "xxxx" yaşayış massivində yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillər və qeyri-yaşayış sahələrinin üzərinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 287/2015 nömrəli, 09.01.2015-ci il tarixli icra vərəqəsinə əsasən həbs qoyulub. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.07.2021-ci il tarixli, **********85 saylı məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M ünvanında yerləşən binada 5 ədəd mənzil qeydə alınmışdır. Həmin mənzillərə dair müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İcraçı "xxxx" MTK ilə Payçı İddiaçı arasında imzalanmış 159 nömrəli 25.10.2010-cu il tarixli müqaviləyə əsasən İcraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ”V” yaşayış massivində İcraçı yaşayış binasını inşa etməyi və bu binanın 4 giriş 4 mərtəbə 251 saylı mənzili “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 15420 manat təşkil edir və "xxxx" MTK-nın 159 saylı 25.10.2010-cu il tarixli və 361 saylı 26.10.2010-cu il tarixli maliyyə arayışlarına əsasən iddiaçı tərəfindən mənzilin dəyəri olan 15420 manat tam şəkildə ödənilmişdir, onun həmin müqavilə üzrə borcu qalmamışdır. İddiaçı həmin mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir. Göründüyü kimi, iddiaçı mənzilin dəyərini tam ödəmişdir, onun həmin mənzilə görə MTK-ya borcu yoxdur. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 14.07.2021-ci il tarixli məktubdan görünür ki, qeyd olunan ünvanda bir neçə mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, sadalanan qanunvericilik normalarının tələblərinə əsasən iddiaçı pay haqqını tam ödədiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin, 251 saylı mənzilinə mülkiyyət hüququ əldə etdiyindən, onun həmin daşınmaz əmlaka mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarış verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin 251 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar