Məhkəmə qərarları › İş №2-1(112)-3274/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3274/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3274/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

İddianın əsaslandırılması:

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 001924 saylı şəhadətnaməyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsi, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 45 saylı Sərəncamına uyğun olaraq yolun genişləndirilməsi məqsədi ilə sökülmüş və bir az arxaya çəkilərək təsdiq olunmuş layihə əsasında yenidən inşa edilmişdir. İnşaat işləri qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. İnşaat işləri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi tərəfindən Texniki rəy və İstismara hazırlıq Aktı verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Uzun müddət şəxsi işləri ilə əlaqədar qeyd olunan qeyri-yaşayış sahəsi üzərində hüququların dövlət qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək imkanı olmadı. xx.xx.2023-cü il tarixli ərizə ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliklə müəyyən olunmuş, tələb olunan sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmiş, ancaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq mənə cavab verməmişdir.

Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etirazı):

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı qeyri-yaşayış binasının söküldüyü və yerində yeni qeyri yaşayış binasının inşa olunduğu aşkar olunmuşdur. Sökülmüş qeyri-yaşayış binasının qeydiyyatının ləğvi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən ərizə təqdim olunmalıdır. Yeni inşa edilmiş qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci və 8.0.10.1-ci maddələrinə uyğun sənədlər təqdim edilməmişdir. Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölməsinə müraciət edilməsi məqsədəuyğundur. Qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 6 saylı Qərarı təqdim edilməmişdir. Həmçinin, obyektin tikintisinə icazə sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməmiş və layihə həmin icra hakimiyyəti ilə razılaşdırılmamışdır. Təqdim edilmiş xx.xx.2015-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 nömrəli Qərarı ilə təsdiq edilmiş vahid formaya uyğun deyildir. Belə ki, istimara icazə sənədində istismara hazırlıq aktının verilmə tarixi, qeydiyyat nömrəsi və tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilən sənədlər qeyri-yaşayış tikilisinə dair olsa da, faktiki olaraq qeyri-yaşayış binasının bir hissəsidir. Həmçinin göstərilən əraziyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin iştirakı və izahatları:

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş (AZ1154/********** №-li teleqram və ********* №-li poçt qəbzi), iddiaçının müraciəti xx.xx.2023-cü ildə cavabdeh inzibati orqana təyinatı üzrə çatdırılmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiçının müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 39.1.-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Hazırda iddiaçı cavabdehə müraciət etmiş, lakin 35 gün keçməsinə baxmayaraq cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab verməmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqanın iddiaçının müraciətinə cavab verməməsi iddiaçının müraciətini təmin etməməsi kimi qəbul edilir. Əlavə olaraq iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar: AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 45 nömrəli, xx.xx.2015-ci il tarixli “Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyektinin sökülərək yenidən tikintisinə dair” sərəncamın surətindən görünür ki, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış obyekti sökülərək arxaya çəkilməklə təsdiq edilmiş layihə əsasında yenidən tikintisinə icazənin verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” 001924 nömrəli şəhadətnamənin surətindən görünür ki, mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə verilir İddiaçı ona görə ki, o həiqətən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən birmərtəbəli bitişik tikintinin 53.01 kv.m qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Alınmış əmlakın tərkibi: 53.1 kv.m qeyri-yaşayış sahəsi. Bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin 53.01 kv.m qeyri-yaşayış sahəsi alıcının toxunulmaz mülkiyyətidir. 002804 №-li “İstismara hazırlıq” aktının surətindən görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 45 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində 2 mərtəbəli qeyri-yaşayış binasının tikintisinə icazə verilmişdir. Tikintinin başlanması xx.xx.2015-ci il tarix, tikintinin qurtarması xx.xx.2016-cı il. Bu Akt, obyektdə tikinti-quraşdırma işlərinin: sifarişçi (İddiaçı) tərəfindən texniki nəzarətin, podratçı (İddiaçı) tərəfindən daxili əməliyyat nəzarətinin, Müfəttişlik (FHN-nin Tikintidə Təhlükəsizliyı Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi) tərəfindən Dövlət nəzarətinin, müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyi təsdiq edir. FHN Tikintidə X1 Agentliyi “Azərdövlətsanayelayihə” DLİ-nin “Bakı şəhəri, Sabunçu rayonu, Gənclik küçəsi və Ruhulla Axundov küçəsinin kəsişməsində qeyri-yaşayış binasının müayinəsi haqqında” Texniki rəydən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Gənclik küçəsi və Ruhulla Axundov küçələrinin kəsişdiyi ərazidə inşa olunmuş, fiziki şəxs İddiaçı Gürzalı oğluna məxsus 2 mərtəbəli qeyri-yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə yekdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirrliyi Tikintidə X1 Agentliyinin nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2019-cu il tarixli, 973 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. “Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının” xx.xx.2015-ci il tarixli aktından görünür ki, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən inşa edilmiş vətəndaş İddiaçı məxsus ümumi sahəsi 143.29 kv.m, 2 mərtəbəli qeyri-yaşayış sahəsinin istismarana icazə verilməsi qərara alınmışdır. Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş 002024 nömrəli, xx.xx.2002ci il tarixli “texniki pasportu”n surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən 53.1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin balans saxlayıcısı və ya mülkiyyətçisi – Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, icarəçisi – İddiaçı Gürəli oğludur. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov Bələdiyyəsinin “Bakıxanov Bələdiyyəsinin ərazisində olan torpaq sahələrinin icarəyə verilməsi haqqında” 226/1 nömrəli, xx.xx.2007ci il tarixli müqavilənin surətindən görünür ki, “icarıyəverən” (Bakıxanov Bələdiyyəsi) Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 6 saylı qərarına əsasən Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən, sənədsiz 111.55 kv.m, ümumi sahəsi 111.55 kv.m olan qeyri-yaşayış sahəsi istifadə məqsədilə “icarəçiyə” (İddiaçı Gülzəli oğlu) müddətli icarəyə verir.

Məhkəmənin mövqeyi.

8. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun - 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: - 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri

11. Azərbaycan Respublikası Prezidentinin “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2016-cı il 19 may tarixli 895 nömrəli Fərmanı,

1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismar təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1. 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında (müraciətə layihəçi tərəfindən tikinti obyekti barəsində tərtib edilmiş memarlıqplanlaşdırma bölməsi əlavə edilir) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlığı, möhkəmliyi və istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından 20 gün müddətində müayinə aparır və müayinənin nəticələri müsbət olduğu halda tikinti obyektinin sahibinə (sifarişçisinə) obyektin istismara hazırlığı barədə rəy verir; 1.2. yerli icra hakimiyyəti orqanı bu Fərmanın 1.1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin sahibinin (sifarişçisinin) müraciəti əsasında ona 5 gün müddətində həmin obyektin istismarına icazə verir və bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tikinti obyektlərinin istismar təyinatının siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin; 2.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin; 2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tikinti obyektləri ilə bağlı görülmüş tədbirlər barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəli Qərarı, “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 895 nömrəli Fərmanının 2.1-ci və 2.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: - “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı” təsdiq edilsin. - “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, qeyriyaşayış binalarının (tikinti obyektlərinin), istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazənin forması” təsdiq edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəli Qərarına 1 nömrəli əlavədə göstərilmiş Siyahı:

1. İstehsal sahələri obyektləri.

2. Sosial təyinatlı obyektlər.

3. İnzibati obyektlər.

4. Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri obyektləri.

14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi - 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. - 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. - 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. - 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; - 75.3.2. tikinti layihəsi; - 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: - 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; - 101.2. tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. - 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.

15. Hazırki iş üzrə iddiaçının tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən ona məxsus qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması”ndan ibarətdir.

16. Cavabdeh inzibati orqan isə iddiaçının iddia tələbinin təmin edilməməsindən imtina əsası kimi 3 halı göstərmişdir. 1-ci hal - qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 6 saylı Qərarının təqdim edilməməsi, 2-ci hal - obyektin tikintisinə icazə sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi və layihənin həmin icra hakimiyyəti ilə razılaşdırılmaması və 3-cü hal isə - təqdim edilmiş xx.xx.2015-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 nömrəli Qərarı ilə təsdiq edilmiş vahid formaya uyğun olmaması (istimara icazə sənədində istismara hazırlıq aktının verilmə tarixi, qeydiyyat nömrəsi və tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməməsi) olmuşdur.

17. Cavabdeh inzibati orqanın imtinasının birinci halı - qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair Bakı şəhəri Bakıxanov Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 6 saylı Qərarının təqdim edilməməsi ilə bağlı məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh inzibati orqan inzibati icraat zamanı mübahisəli halların tam və obyektiv araşdırılması məqsədilə digər orqanlara sorğu verməli və bunun əsasında yekun bir nəticəyə gəlməlidir. Lakin hazırki iş üzrə cavabdeh inzibati orqan göstərilən imtina əsasını araşdırmadan iddiaçının müraciətindən imtina etmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilən və məhkəmə tərəfindən qərarın “faktiki hallar və sübutlar” hissəsində təsvir edilən Bakıxanov Bələdiyyəsi ilə iddiaçı arasında imzalanmış 226/1 №-li, xx.xx.2007-ci il tarixli müqavilə Bakıxanov Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 6 saylı qərarı əsasında bağlanıldığı müəyyən edilmişdir. Belə olan halda sözügedən bələdiyyə qərarı hazırki vəziyyət mübahisəli hal deyildir və bu əsasa görə cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin edilməsindən imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

18. Cavabdeh inzibati orqanın imtinasının ikinci halı - obyektin tikintisinə icazə sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi və layihənin həmin icra hakimiyyəti ilə razılaşdırılmaması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hal-hazırda qeydiyyatdan keçməsini istədiyi qeyri-yaşayış sahəsinə istifadə hüququna malik olmuşdur ki, iddiaçının bu hüququ müvafiq olaraq yerli icra hakimiyyətinin sərəncamı ilə rəsmiləşdirilmişdir. Həmin sərəncam qərarın “faktiki hallar və sübutlar” hissəsində təsvir edilmişdir. Göründüyü kimi yerli icra hakimiyyəti orqanı qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsində öz iradə ifadəsini nümayış etdirmişdir.

19. Cavabdeh inzibati orqanın imtinasının üçüncü halı - təqdim edilmiş xx.xx.2015-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 nömrəli Qərarı ilə təsdiq edilmiş vahid formaya uyğun olmaması (istimara icazə sənədində istismara hazırlıq aktının verilmə tarixi, qeydiyyat nömrəsi və tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd edilməməsi) ilə bağlı məhkəmə diqqətə çatdırmaq istəyir ki, sözügedən istismara icazə sənədi Azərbaycan Respublikası Prezidentinin “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2016-cı il 19 may tarixli 895 nömrəli Fərmanının icrası ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli, 491 nömrəli Qərarına uyğun şəkildə tərtib edilmişdir. Əlavə olaraq cavabdeh tərəfindən göstərilən hal olsa belə, istismara icazə sənədi iddiaçı tərəfindən tərtib edilən və verilən bir sənəd deyil və istismara icazə sənədində texniki yanlışlıqların olması iddiaçının təsqiri təbəbindən baş vermədiyindən, hazırki vəziyyətdə bu hal iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilməz.

20. Göründüyü kimi mülkiyyət hüququnun realizəsini təmin edən şərtlər, eyni zamanda vətəndaşın etimad hüququna istinad etməsini təmin edən şərtlər mövcud olmuş, vətəndaş səlahiyyətli şəxs tərəfindən verilmiş sərəncama, qeyri-yaşayış sahəsi ilə bağlı hüquqa iradə ifadəsinə etibar edərək cavabdehə müraciət etmişdir.

21. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gash Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

22. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, icra hakimiyyəti dövlət orqanı qismində çıxış edərək qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsini öz iradə ifadəsi ilə nümayiş etdirmiş, bununla da iddiaçı dövlət orqanının hərəkətlərinə etimad göstərərək qeyri-yaşayış sahəsinin ona məxsus olduğu və gələcəkdə həmin əmlak üzərində mülkiyyət hüquqlarının reallaşdırmaq hüququna nail ola biləcəyi qənaətinə gəlmişdir. Beləliklə, iddiaçı yerli icra hakimiyyəti orqanının sərəncamına istinad edərək cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir.

23. Məhkəmə nəticə olaraq hesab edir ki, cavabdehin hazırki iş üzrə imtinası qanunazidd olmuşdur. Belə ki, ki, mülkiyyət hüququnun qeydə alınmasında maraqlı olan şəxs də həmin sənədlər əsasında cavabdehə müraciət etmiş, lakin cavabdeh formal hesab ediləcək əsaslarla iddianın təminini həyata keçirməmişdir. Bu və yuxarıda göstərilən digər hallar iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir.

24. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

28. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov və Gənclik küçələrinin kəsişməsində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsi üzərində onun, yəni İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar