Məhkəmə qərarları › İş №2-1(112)-3275/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3275/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3275/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquqşünas, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Cavabdeh2nə qarşı kompensasiya ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Cavabdeh2nə və “xxxxxxxxxxxxxxxxxx” MTK-ya qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Razin qəsəbəsi Kirov küçəsi, 4, 4088-ci məhəllədə yerləşən qarajın sökülməsi ilə əlaqədar cavabdehlər Bakı şəhər İcra Hakimiyyətindən, Sabunçu Rayon İcra Hakimmiyətindən və Cavabdeh3 MTK-dən 90000 manat kompensasiya tutulması və ona ödənilməsi, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2007-ci il tarixli 689 saylı Fərmanında nəzərdə tutulmuş 20 faizi miqdarında satınalma qiymətimə əlavə haqq ödənilməsini nəzərdə tutulduğundan, ona ödənilməli olan 90000 manatın 20 faizi miqdarında, yəni 18000 manatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3440/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadına əsasən iddia mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2856/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadına əsasən İddiaçı həmin qərardaddan verdiyi apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3440/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı qismən - Bakı şəhəri Cavabdeh2nə qarşı iddianın mümkün sayılmaması hissəsində ləğv edilmiş, işin Bakı şəhəri Cavabdeh2nə qarşı qaldırılmış iddia tələbinə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılması, qərardadın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardad üzrə məhkəmə hesab etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının qarajın sökülməsi ilə əlaqədar kompensasiya ödənişi ilə bağlı ərizələr aidiyyəti üzrə baxılması üçün Cavabdeh2nə göndərildiyindən, Cavabdeh2 tərəfindən cavablandırıldığından, o cümlədən Cavabdeh2 iş materiallarına əlavə edilmiş xx.xx.2019cu il tarixli məktubunda Cavabdeh2 tərəfindən Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi, 4, 4088-ci məhəllədə abadlıq işləri aparıldığı qeyd edildiyindən iddiaya cavab verməli olan cavabdeh orqanın Cavabdeh2 olduğu müəyyən olunur. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il tarixdə XDS İcrayyə Komitəsinin 30 nömrəli protokolu ilə Bakı şəhər Razin qəsəbəsi Kirov küçəsi 4, 4088-ci məhəllədə qaraj tikilməsi üçün sahə X2 ayrılmışdır. Həmin il ərzində X4 qaraj inşa etdirmiş, xx.xx.1993-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən həmin qarajı ona satmışdır. 2014-cü ilə kimi həmin qaraj onun mülkiyyətində və istifadəsində olmuşdur. xx.xx.2001-ci il tarixində həmin qaraja qarşı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. 2014-cü ildə cavabdehin əməkdaşları tərəfindən ona məxsus və sahibliyində olan 18 kv.metrdən ibarət olan tikintini qanunsuz olaraq sökülmüş, ona ayrılmış torpaq sahəsi zəbt edilmişdir. Qanunsuz söküntü nəticəsində ona vurulmuş maddi ziyanı (kompensasiya) ödənilməsinə dair ərizə ilə o, cavabdehə müraciət etmişəm. Cavabdeh2 onun mülkiyyət və sahiblik hüquqlarını pozaraq, söküntü işləri aparılması faktından boyun qaçırır. Cavabdeh2 xx.xx.2018-ci il tarixli K-4/2-126 saylı cavab məktubunda göstərilmişdir ki, onun qeyd edilən ünvanda qarajı və ya müvafiq sənəd əsasında istifadəsində torpaq sahəsi olmamışdır.xx.xx.2019-cü il tarixli 1/171 saylı cavab məktubu ilə ona bildirmişlər ki, mübahisə olan ərazidə Cavabdeh2 tərəfindən abadlıq işəri aparılmış, həmin ünvanda onun qarajının olması və həmin qarajın kimin tərəfindən sökülməsi məlumatı yoxdur.Gördüyümüz kimi ona məxsus qaraja və torpaq sahəsinə cavabdehlər tərəfindən bildiriş verilməmiş, 90-180 gün ərzində yox cəmi 1 (bir) gün ərzində mülkiyyətindən məhrum olmuşdur. Cavabdeh onu Konstitusiya və digər qanunlara verilmiş hüquqlardan azad etmiş, ona maddi və mənəvi ziyan vurmuşdur. Hesab edir ki, mülkiyyətində olan 18 kv.metrdən ibarət olan qarajın hər kv.metrinə görə 5000 manat, yəni 90000 manat (18x5000=90000) ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək göstərmişdir ki, ünvan 3 məhəllə 4088 ünvanında İddiaçı qarajının olub-olmaması və onun sökülməsi barədə Cavabdeh2ndə hər hansı məlumat mövcud deyildir. Əgər qeyd edilən ərazidə qaraj sökülübsə, bu söküntü işləri Cavabdeh2 tərəfindən aparılmamışdır. Qeyd edilən ünvan üzrə Cavabdeh2 hər hansı inzibati akt qəbul etməmişdir. İnzibati məhkəmə icraatında məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qətnamə deyil, qərar qəbul edildiyi iddiaçının nümayəndəsi və vəkilini diqqətinə çatdırılaraq həmin hissədə iddia tələbini dəqiqləşdirmək təklif edilsə də, yazılı qaydada ərizə məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili şifahi qaydada məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İzahatında əlavə olaraq göstərdi ki, ünvan 3 məhəllə 4088 ünvanında Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında “xxxxxxxxxxxxxxxxxx” MTK tərəfindən çoxmənzilli yaşayış binası inşa edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İşin hallarından görünür ki, iddiaçı cavabdehin bilavasitə onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsi nəticəsində vurulmuş maddi ziyana görə kompensasiya ödənilməsini cavabdehdən tələb edir. İddiaçı ona məxsus qarajın sökülməsi nəticəsində ona dəymiş zərərə görə kompensasiyanın ödənilməsi barədə cavabdehə müraciət etsə də, lakin müraciətin təmin edilməsindən 1/711 saylı, xx xxx 2019-cu il tarixli məktubla imtina edilmişdir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilmişdir ki, ünvan 3 məhəllə 4088 ünvanında Cavabdeh2 tərəfindən abadlıq işləri aparılmışdır. Lakin həmin ərazidə İddiaçı istifadəsində qarajın olması və həmin qarajın kim tərəfindən sökülməsi barədə Cavabdeh2ndə məlumat yoxdur. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı hazırki iddia tələbi üzrə XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1988-ci il tarixli, 30 nömrəli protokolu əsasında Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi 4, 4088ci məhəllədə qaraj tikilməsi üçün sahənin X3 ayrıldığını, həmin il ərzində sonuncu tərəfindən qaraj inşa edildiyini, xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin qarajı ona satdığını, xx.xx.2001-ci il tarixdə qarajın texniki pasportunun tərtib edildiyini, 2014-cü ilədək qarajın onun mülkiyyətində və istifadəsində olduğunu və həmin tarixdə cavabdehin əməkdaşları tərəfindən sökülərək, ona ayrılmış torpaq sahəsinin zəbt edildiyini göstərmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında sözügedən mübahisə predmeti olan qarajın metal quraşdırma olmaqla, həmin qarajın yerləşdiyi torpaq sahəsinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədinin olması müəyyən edilməmişdir. Belə ki, işdə olan Lenin rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1988-ci il tarixli, 30 nömrəli protokolunun surətindən görünür ki, X3 Bakı şəhəri, Razin qəsəbəsi, Kirov küçəsi 4, 4088-ci məhəllənin həyətindən mövcud qarajların sahəsində dəmir qarajın quraşdırılmasına icazə verilmişdir. İşdə olan xx.xx.1993-cü il tarixli qarajın alqı-satqı müqaviləsindən görünür ki, X5 ona məxsus dəmir qarajı İddiaçı satmışdır. İşdə olan Sabunçu rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 50 saylı protokolu və 1 saylı notariat kontorunun xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2001-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 5 mənzil 84 ünvanının həyətindən yerləşən İddiaçı məxsus metal qarajın ümumi sahəsi 18 kv.metr təşkil edir. İddiaçı qarajın və həmin qarajın yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğunu iddia etsə də, lakin iş materiallarında olan sənədlərdən görünür ki, Lenin rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1988-ci il tarixli, 30 nömrəli qərarına əsasən X3 dəmir qarajın quraşdırılmasına icazə verilmişdir və iddiaçı xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsi əsasında dəmir qarajı almışdır. Həmin qaraj onun sahibliyində olduğundan, o, sahibliyində olan qarajın söküntüsü ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı ona məxsus olmuş qarajın sökülməsinin Bakı şəhəri Cavabdeh2 tərəfindən və ya onun səlahiyyətli şəxslərinin tapşırığı əsasında aparılmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən, işdə olan sənədlər, həmçinin məhkəmə araşdırması zamanı söküntü işlərinin məhz Bakı şəhəri Cavabdeh2 tərəfindən aparılması müəyyən edilmədiyindən, buna görə də iddiaçının cavabdehdən ona məxsus əmlakın sökülməsi ilə bağlı kompensasiya tələbi əsassızdır. Belə ki, işdə olan Bakı şəhəri Cavabdeh2 tərəfindən iddiaçıya ünvanlanmış K- 40/3152 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, onun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Cavabdeh2nə qarşı “qarajla bağlı müvafiq sərəncamın verilməsi” tələbinə dair iddiasına xx xxxxxxx 2018-ci il tarixdə baxılmış, barəsində sərəncam verilməsi iddia edilən qeyri-yaşayış sahəsi ilə (qarajla) bağlı onun iddia irəli sürmək üzrə subyektiv hüquqa və Cavabdeh2 Başçısının müvafiq sərəncam vermək səlahiyyətinə malik olmadığından iddiası mümkün sayılmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona qaraj üçün kompensasiya ödənilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı qarajın cavabdeh tərəfindən sökülməsi ilə bağlı hər hansı mötəbər sübutu istər iddia ərizəsinə, istərsə də məhkəmə araşdırması dövründə məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə məhkəmə araşdırması dövründə ünvan 3 məhəllə 4088 ünvanında Cavabdeh2 tərəfindən abadlıq işlərinin aparılıb-aparılmaması, abadlıq işlərinin aparılması ilə əlaqədar həmin ərazidə yerləşən İddiaçı istifadəsində olan qarajın sökülübsökülməməsi, söküldüyü halda qarajın söküntüsü ilə əlaqədar tərəfinizdən hər hansı kompensasiya ödənilib-ödənilməməsi, ödənildiyi təqdirdə kompensasiyanın məbləği barədə məlumatın və kompensasiya ödənilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhəri Cavabdeh2ndən tələb edilmişdir. Bakı şəhəri Cavabdeh2 tərəfindən 1/684 saylı, xx xxx 2020-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab olaraq göstərilmişdir ki, ünvan 3 məhəllə 4088 ünvanında İddiaçı qarajının olub-olmaması və onun sökülməsi barədə Bakı şəhəri, Cavabdeh2ndə hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilən maddi hüquq normalarının mahiyyətinə görə, zərərin əvəzinin ödənilməsini tələb edən şəxs məhkəməyə müraciət edərkən, əvvəla hüquq pozuntusunun baş verməsini sübut etməli, hüquq pozuntusunun baş verməsi sübuta yetirildikdən sonra zərər vuranın təqsirliliyi və zərər vuranın əməli (hərəkət və ya hərəkətsizliyi) ilə zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Məhkəmə tərəfindən iddiaçıya məxsus metal qarajın sökülməsinin məhz Bakı şəhəri Cavabdeh2 və ya onun səlahiyyətli şəxslərinin tapşırığı əsasında aparılması, bununla bağlı hər hansı inzibati aktın qəbul olunduğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehdən qarajın söküntüsü ilə bağlı kompensasiya ödənilməsi tələbi əsassızdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar