Məhkəmə qərarları › İş №2-1(112)-3275/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3275/2023

27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3275/2023 27.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən xx-xx/2467-2468 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyətinin 16 dekabr 1993-cü il tarixli 2022 saylı qərarına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyinin 150 nömrəli orderi ilə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən xx-xx/2467-2468 saylı bağ sahəsi ona ayrılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatının 10 may 2022-ci il tarixli Arxiv arayışından da görünür ki, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən Türkan ərazisindəki 59 nömrəli BTK nəzdində bağ sahəsi İddiaçı ayrılmışdır. Ona ayrılan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmaması onun təqsiri deyil və hüquqlarının qeydiyyata alınmaması onun hüquqlarının məhdudlaşdırılması deməkdir. Cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və həmin Qanunun 15-ci maddəsinə zidd olaraq ona imtina vermişdir. Cavabdeh tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsinin müraciətinə cavab olaraq **********74 saylı xx.xx.2022-ci il tarixli bildirişlə bildirilmişdir ki, idarənin arxivində saxlanılan bağların bölgüsünə dair sxematik xəritədə xx-xx/2467-2468 bağ nömrəsi öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində saxlanılan bağların bölgüsünə dair sxematik xəritədə xx-xx/2467-2468 bağ nömrəsi öz əksini tapmamışdır. Bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. İdarənin arxiv məlumatlarına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2022 nömrəli qərarı ilə İddiaçı Oktay oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 59 nömrəli BTK nəzdində 1874 saylı bağ sahəsinin ayrılmasına dair məlumat İdarənin arxivində mövcuddur. Həmçinin arxiv sənədlərində saxlanılan “X1 və istismarı Birliyinin” sahə mühəndisinin həmin İdarənin direktoruna ünvanladığı ərizəsində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində vətəndaşa verilmiş bağ sahəsi də daxil olmaqla bir neçə bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin qərarı ilə ləğv olunaraq Bilgəh Bələdiyyəsinin balansına verilməsi və bu səbəbdən İddiaçıO (sənəddə olduğu kimi) oğlunun adına başqa bağ massivində torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab edilməsinə dair məlumat mövcuddur. Habelə, İddiaçı Oktay oğlunun adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 249 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 27-28/xx-xx-2468 (sənəddə olduğu kimi) saylı bağ sahəsinin ayrılmasına dair tərtib edilmiş 150 saylı orderin möhürsüz və imzasız nüsxəsi İdarənin arxivində mövcuddur. Qeyd olunanlarla yanaşı göstərilən sahə bağçılıq-yoldaşlıq üçün ayrılmış ərazilər olmaqla, X7 Qaz tikinti bağçılıq yoldaşlığının ayrıc aktı daxilində yerləşir. Belə ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinin müraciətinə cavab olaraq **********90 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2022 nömrəli qərarı ilə İddiaçı Oktay oğlunun adına Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 59 nömrəli BTK nəzdində 1874 saylı bağ sahəsinin ayrılmasına dair məlumat İdarənin arxivində mövcuddur. Həmçinin, arxiv sənədlərində saxlanılan “X1 və İstismarı Birliyi”nin sahə mühəndisinin həmin İdarənin direktoruna ünvanladığı ərizəsində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində vətəndaşa verilmiş bağ sahəsi də daxil olmaqla bir neçə bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin qərarı ilə ləğv olunaraq Bilgəh Bələdiyyəsinin balansına verilməsi və bu səbəbdən İddiaçıO (sənəddə olduğu kimi) oğlunun adına başqa bağ massivində torpaq sahəsinin ayrılmasının məqsədəuyğun hesab edilməsinə dair məlumat mövcuddur. Habelə, İddiaçı Oktay oğlunun adına Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 249 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 27-28/xx-xx-2468 (sənəddə olduğu kimi) saylı bağ sahəsinin ayrılmasına dair tərtib edilmiş 150 saylı orderin möhürsüz və imzasız nüsxəsi İdarənin arxivində mövcuddur. Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatının 7-6251-17 saylı xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 2022 saylı xx.xx.1993cü il tarixli sərəncamından çıxarışa əsasən Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 6/333 saylı xx.xx.1988-ci il tarixli və Azərbaycan SSR Nazirlər Kabinetinin 195 saylı xx.xx.1988-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Oktay oğluna Bilgəh 59 nömrəli BTK tərkibində bağ sahəsi bağ sahəsi ayrılmışdır.(2.2) Cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyəti aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi X3 59 saylı kooperativ tərəfindən İddiaçı Oktay oğluna təqdim edilmiş 150 saylı orderdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 2022 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən ona Bilgəh bağlar sahəsində 59 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1874 saylı bağ ayrılmışdır. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyəti aparatının X1 və X4-Türkan bağlar sahəsindəki 59 saylı kooperativ tərəfindən İddiaçı Oktay oğluna təqdim edilmiş 150 saylı orderdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin 2022 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən ona Bilgəh-Türkan bağlar sahəsində 59 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan xx-xx/2467-2468 saylı bağ ayrılmışdır. Order Birliyin direktoru və texniki şöbənin rəisi tərəfindən imzalanmış və Bakı şəhəri İcra Hakimiyyəti aparatının X1 və İstismarı Birliyinin möhürü ilə təsdiq edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 59 (249) saylı BTK nəzdində xx-xx/2467-2468 və 1874 saylı torpaq sahələrinin sxematik xəritənin surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim olunan sxematik xəritədə 27 və 28 nömrəli bağ sahələri mövcuddur. Bakı şəhəri İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyi tərəfindən İddiaçı Oktay oğluna təqdim edilmiş 640 saylı xx.xx.2007-ci il tarixli məktubdan görünür ki, X1 və İstismarı Birliyi ona Bakı şəhəri İcra Hakimiyyəti aparatının 18/924 saylı xx.xx.1986-cı il tarixli və 6/333 saylı xx.xx.1988-ci il tarixli qərarlarına əsasən icarəsindəki bağ sahəsində təqdim etdiyi layihə əsasında ev hasar tikməyə icazə verilmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. X5 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X5 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. Məhkəmə müəyyən edir ki, iddiaçının ona məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən xx-xx/2467-2468 saylı bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan formada bütün sənədlər mövcuddur, iddiaçının qeyd edilən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var və cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən xx-xx/2467-2468 saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar