Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3276/2022 11.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Təhməzov Əli Azər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Bakı Hərbi Məhkəməsinə qarşı ərizəyə cavab verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı Hərbi Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə onun 23 iyul 2021-ci il tarixli, SS722058647 AZ №-li ərizəsinə cavab verilməsi vəzifəsinin qoyulmasını və Bakı Hərbi Məhkəməsinin bu iddianın təşviri hissəsində göstərilən və 23 iyul 2021-ci il tarixli, SS722058647 AZ №-li poçt qəbzi ilə göndərilən ərizədə xahiş etdiyi üzləşmə dindirilməsinin protokolunun sürətini təqdim edilməsinin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Hərbi Məhkəməsinə ünvanladığı 23 iyul 2021-ci il tarixli sifarişli məktubla və poçt qəbzinin SS722058647 AZ olan ərizəsi mahiyyəti üzrə cavab verərək tələbini icra etmələrini xahiş edir. Həmin ərizədə o, 24 iyun 2019-cu il tarixdə keçirilən üzləşmə dindirilməsi protokolunun surətini cinayət işindən çıxarış edərək ona göndərilməsini xahiş etmişdir. O, ərizəni göndərən zaman barəsində olan cinayət işi Bakı Hərbi məhkəməsində saxlanılırdı. Ərizəsini göndərilməmişdən 2 ay yaxın vaxt keçməsinə baxmayaraq Bakı Hərbi Məhkəməsi bu günədək ona cavab verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflər xəbərdar edilmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının: - 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. - 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. - 3.2-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətlrəi ilə bağlı mübahisələr üzrə aparılır. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə tələb irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 11.01.2022-ci il tarixli, 1-1(093)-06 №-li məktubdan görünür ki, Bakı Hərbi Məhkəməsində İddiaçı Sücəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqdirləndirilməsinə dair cinayət işinə baxılmış və qeyd edilən cinayət işi üzrə 26 noyabr 2020-ci il tarixdə hökm çıxarılmışdır. Məhkəmənin yekun qərarı elan edildikdən sonra məhkum İddiaçı vəsatəti əsasında məhkum saxlanıldığı Bakı İstintaq təcridxanasından dəfələrlə Bakı hərbi məhkəməsinə gətirilməklə ibtidai istintaq və məhkəmə istintaq protokolları ilə tanış olmuş və zəruri sənədlərin kserosurətləri ona təqdim edilmişdir. Qeyd edilən hökmdən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə Bakı hərbi məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya məhkəməsinin 22 iyul 2021-ci il tarixli sorğusuna əsasən Bakı Apellyasiya məhkəməsinin qeyd edilən qərarından kassasiya şikayəti verildiyindən, həmin cinayət işi 27 iyul 2021-ci il tarixdə, saat 14:55-də yuxarı instansiya məhkəməsinə göndərilmiş və həmin tarixdə saat 16:11-də Bakı Apellyasiya məhkəməsinin icraatına qəbul edilmişdir (həmin məlumatlar elektron məhkəmə sistemində öz əksini tapmışdır). Məhkum İddiaçı 15 iyul 2021-ci il tarixli müraciəti 04 avqust 2021-ci il tarixdə Bakı hərbi məhkəməsinə daxil olmuş və yuxarıda göstərilənlərə əsasən müraciəti cavablandırmaq obyektiv səbəblərdən mümkün olmamışdır (həmin məlumatlar öz əksini elektron məhkəmə sistemində tapmışdır). Məhkum İddiaçı 15 iyul 2021-ci il tarixli müraciəti ilə bağlı məhkumun hüquqlarının müdafiəçisi vəkil Orxan Zeynalovla mobil telefon əlaqəsi saxlanılmış, qeyd edilən cinayət işinin kassasiya instansiyası məhkəməsinin icraatında olması səbəbindən müraciətin cavablandırılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmənin səyi nəticəsində müraciətdə qeyd olunan «protokol» vəkil Orxan Zeynalovdan «email» vasitəsilə götürülmüş və 30 oktyabr 2021-ci il tarixdə məhkum İddiaçı təqdim edilmiş, məhkum tərəfindən protokolun surətinin alınmasına dair qəbzə imza edilmişdir. Həmin məktuba əlavə edilmiş məhkəmə qəbzinin surətindən görünür ki, məhkum İddiaçı üzləşmə aktının surətini 30.10.2021-ci il tarixdə imza etməklə qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquq sahəsində yaranan münasibətlər olmadığından, işin bu cür halında mövcud mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkiblərinə (inzibati orqan olmamasına) və mübahisənin mahiyyətinə görə inzibati məhkəmə icraatına aid olmadığından, həmçinin iddiaçı arzuladığı məqsədə artıq çatdığından, yəni ona verilməsini arzu etdiyi üzləşmə protokolunu 30.10.2021-ci il tarixdə alıdığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3276/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3276/2022
11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver