Məhkəmə qərarları › İş №2-1(112)-3277/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3277/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3277/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, 2 yaşayış otağı və yaşayış sahəsi 30 kv.m, ümumi sahə 74.0 kv.m olan 2 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 16 aprel 2024-cü il tarixli 3-21-3-30/2-13525/2024 saylı məktubu ilə bildirilmişdir ki, "ünvan 2 ünvanında yerləşən 2 saylı öz adıma özəlləşdirilmiş mənzilin sənəd üzrə sahəsi ilə faktiki vəziyyət arasında otaq və sahə fərqi mövcuddur. Belə ki, sənəd üzrə 2 yaşayış otağı və yaşayış sahəsi 30 kv.m, ümumi sahə 74.0 kv.m qeyd edilsə də, faktiki mənzil 1 yaşayış otağı və yaşayış sahəsi 9.0 kv.m, ümumi sahəsi 54.8 kv.m təşkil edir. Həmçinin yaşayış evinin daxilində rekonstruksiya işləri aparılmışdır. Belə ki, arxiv sxeminə əsasən sahəsi 21.0 kv.m olan yaşayış otağının dam və döşəməsi sökülmüşdür və hal-hazırda həmin otaq həyət kimi, mətbəx yaşayış otağı kimi istifadə olunur. Həmin mənzilin daxilindəki qapı oyuqlarının yerləri dəyişdirilmiş, sanitar qovşaqlar ləğv edilərək dəhliz düzəldilmişdir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır". Sözü gedən 21 m2 otaq həmin evi iddiaçı aldığı 1984-cü ildən qəzalı vəziyyətdə olmuşdur. Tavan xeyli çökdüyü üçün ilk gündən həmin otağın tavanı otağın daxilində mərkəzdə qoyulmuş müvəqqəti dirəyin hesabına dayanırdı. İllər keçdikcə dirəyin ağırlığı hesabına döşəmə də çökməyə başladı və təhlükəli həddə çatdıqda dam uçub otağın içinə töküldü. Cavabehin yazdığı kimi otağın tavanı və döşəməsi iddiaçı tərəfidən sökülməmiş, özü uçub tökülmüşdür. Eyni zamanda cavabdehin yazdığı kimi həmin otaq yox, iddiaçı evi alanda da mövcud olmuş, lakin köhnə Texpasporta salınmayan 4 m2 sahəsi olan taxta verandadan mətbəx kimi istifadə istifadə edilib. Nəhayət, cavabdehin yazdığı kimi həmin otaq həyət kimi heç istifadə oluna da bilməz, çünki döşəmə damdan tökülən beton və qumla örtülmüşdür. Evin sənədlərinin nəmişlikdən islanaraq tam yararsız hala düşdüyünü gördükdə ASAN Xidmətə Qeydiyyat vəsiqəsinin və Texpasportun yenilənməsi üçün müraciət etmiş, bir müddət sonra 1 saylı Bakı Ərazi idarəsindən mütəxəssis gəlib evə baxış keçirmiş və sonunda 30 kv.m mənzilin cəmi 9 m2 ərazisinə Qeydiyyat vəsiqəsi hazırlanmış, iddiaçı sənədi götürməkdən imtina etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, təqdim edilmiş mənzilin sənəd üzrə sahəsi ilə faktiki vəziyyət arasında otaq və sahə fərqi mövcuddur. Belə ki, sənəd üzrə 2 (iki) yaşayış otağı və yaşayış sahəsi 30.0 kv.m, ümumi sahə 74.0 kv.m qeyd edilsə də, faktiki mənzil 1 (bir) yaşayış otağı və yaşayış sahəsi 9.0 kv.m, ümumi sahəsi 54.8 kv.m təşkil edir. Həmçinin yaşayış evinin daxilində rekonstruksiya işləri aparılmışdır. Belə ki, arxiv sxeminə əsasən sahəsi 21.0 kv.m olan yaşayış otağının damı və döşəməsi sökülmüşdür və hal-hazırda həmin otaq həyət kimi, mətbəx yaşayış otağı kimi istifadə olunur. Həmçinin mənzilin daxilindəki qapı oyuqlarının yerləri dəyişdirilmiş, sanitar qovşaqlar ləğv edilərək dəhliz düzəldilmişdir. Bundan əlavə 220 kv.m torpaq sahəsi ərizəçinin istifadəsindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verdi və idcia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM serialı 000818 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 30 kv.metr olan 2 otaqlı 2 saylı mənzilə iddiaçı X2 mülkiyyət hüququ xx.xx.1999-cu il tarixdə qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-30/2-2179/2025 nömrəli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki yaşayış sahəsi 9.0 kv.m (1 otaq), ümumi sahəsi 54.8 kv.m olmaqla birmərtəbəli binanın bir hissəsində yerləşir. Əlavə olaraq, arxiv sxeminə əsasən sahəsi 21.0 kv.m olan yaşayış otağının damı və döşəməsi sökülmüşdür. Halhazırda həmin otaq həyət kimi istifadə olunur. Mənzilin daxilində qapıların yerləri dəyişdirilmişdir. Belə ki, sanitar qovşaqları ləğv edilərək dəhliz düzəldilmişdir, mətbəx isə yaşayış otağı kimi istifadə olunur. Qeyd olunanlarla yanaşı, 220.0 kv.m torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsində müxtəlif təyinatlı köməkçi tikililər və sanitar qovşaqları tikilmişdir. İşdən görünür ki, iddiaçı ÖM serialı 000818 nömrəli qeydiyyat vəsiqəsində göstərilən əmlaka dair çıxarış verilməsini xahiş etmiş, cavabdeh isə yuxarıda göstərilənlər nəzərə alınaraq yaşayış sahəsi 9 kv.metr olan daşınmaz əmlak dair hüququ qeydə almaqla çıxarış tərtib etmişdir. İddiaçı hazırda bu sənədlə razılaşmayaraq mülkiyyətindəki 7a saylı evin 2 saylı mənzilinin sahəsinin ÖM serialı 000818 nömrəli qeydiyyat vəsiqəsində göstərilənlərə uyğun yaşayış sahəsi 30 kv.metr, ümumi sahəsin 74 kv.metr olmaqla, qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. İstinad olunan normadan görünür ki, qeydiyyat vəsiqəsi mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Lakin bu zaman nəzərə almaq lazımdır ki, hüququn qeydə alınması üçün həmin hüququn aid olduğu əmlak mövcud olmalıdır. Belə ki, əşya hüququna əmlakın izlənməsi xüsusiyyəti xasdır və əmlak yoxdursa, hüquq da mövcud deyil. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin 21 kv.metr hissəsi sökülmüş, cəmi 9 kv.metr sahəsi olan hissəsi qalmış, məhkəmə iclasında iddiaçı özü də bu halı qəbul etmişdir. Belə olan halda aydındır ki, mənzilin hazırda faktiki sahəsi 9 kv.metr olduğu halda mövcud olmayan 30 kv.metr yaşayış sahəsi olan mənzilə iddiaçının hüququnun qeydə alınması cavabdehdən tələb oluna bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçının yaşayış sahəsi 30 kv.metr olan mənzilə hüquqlarının dövlət qeydiyyatı üçün zəruri olan hallar mövcud deyil. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar