Məhkəmə qərarları › İş №2-1(112)-3279/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3279/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3279/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 08 may 2020-ci il tarixdə verilmiş AZ-İİ 074918 saylı ölüm haqqında şəhadətnamədə göstərilən adının ad qrafasında olan yalnışlığın aradan qaldırılması, ad qrafasında atasının adının “Əbilfət” kimi yazılması öhdəliyinin Binəqədi rayon qeydiyyat şöbəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 24 sentyabr 1959-cu il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Bu barədə 04 fevral 1976-cı il tarixdə doğum haqqında şəhadətnamə verilmiş və doğum haqqında şəhadətnamədə atasının adı “Əbilfət” kimi göstərilmişdir. Lakin atasına məxsus ölüm haqqında şəhadətnamədə atasının adı “Əbülfət” kimi yazılmışdır. Həmçinin iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə isə atasının adı “Əbilfət” kimi yazılmışdır. Atasının vəfatından sonra mirasın qəbul edilməsi ilə bağlı 20 saylı Notariat ofisinə müraciət etmiş, müraciəti əsasında bildirmişlər ki, vərəsələrin doğum haqqında şəhadətnamələrində ata adının “Əbülfəz” əvəzinə “Əbilfət” kimi göstərilməsi səbəbindən uyğunsuzluq olduğundan vərəsəlik haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Həmin faktların təsdiq olunması üçün aidiyyəti məhkəməyə müraciət olunması tövsiyə olunur. Daha sonra iddiaçı Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etmiş, 14 oktyabr 2021-ci ildə ona imtina verilmişdir. Məsləhət bilmişlər ki, sənədlərin eyni şəxsə məxsus olması faktı ilə məhkəməyə müraciət edə bilərsiniz. İddiaçı Binəqədi Rayon Məhkəməsinə bununla bağlı müraciət etmişdir. Lakin Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tatrixli, 2(001)-7243/2021 saylı qərardadı ilə ərizəçi İddiaçı doğum haqqında şəhadətnamədə göstərilən “Əbilfət” adının şəxsiyyət vəsiqəsində yazılmış “Əbülfəz” adının eyni şəxsə, yəni X7 məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Bütün sənədlərdə atasının adı “Əbülfəz” kimi səhv göstərilmişdir və bir səhv bir sıra məsələlərin həll edilməsi və sənədləşmə işlərinin həyata keçirilməsində ona maneələr yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etirazını təqdim etmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 13-cü bəndinə əsasən kifayət qədər əsaslar olmadığı üçün vətəndaşın ərizəsini təmin edə bilməmişlər. Bununla bağlı vətəndaşa rəsmi imtina məktubu təqdim edilmişdir. İşin həlli məhkəmənin mülahizəsinə buraxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək X5 180 saylı, 04.05.2020-ci il tarixli ölüm haqqında akt qeydində ad qrafasında Əbülfəz adının dəyişdirilərək Əbilfət yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək idia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Xİİ-ЖГ № 253389 nömrəli, 24.08.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası X8r. İş materiallarına əlavə edilmiş İV-ЖГ № 313511 nömrəli, 04.02.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 24.09.1959-cu ildə Qubadlı rayonunda anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07.10.1959cu ildə 56 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 08.05.2020-ci il tarixdə verilmiş AZ-İİ № 074918 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 28.04.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.05.2020-ci il tarixdə 180 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X13 24.09.1959-cu il təvəllüdlüdür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən 16.11.2021-ci il tarixli, 05/2- 10548/13 nömrəli məktubla təqdim edilmiş 24.09.1959-cu il təvəllüdlü X5 və xx.xx.1986-cı il təvəllüdlü İddiaçı doğumu haqqında akt qeydlərinin surətlərindən görünür ki: - 24.08.1986-cı il tarixli, 2890 nömrəli İddiaçı doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. Ata haqqında məlumat - X12, doğulduğu tarix 24.09.1959-cu il. - 07 oktyabr 1959-cu il tarixli, 55 nömrəli doğum haqqında akt qeydinə əsasən X12 24.09.1959-cu il tarixdə Azərbaycan SSR, Qubadlı rayonu, Milanlı kəndində doğulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin 08.01.2022-ci il tarixli, 42 nömrəli məktubu ilə X5 180 saylı 04.05.2020-ci il tarixli ölüm haqqında akt qeydinin surəti məhkəməyə təqdim edilmişdir: - 04.05.2020-ci il tarixli, 180 nömrəli ölüm haqqında akt qeydinin surətinə əsasən ölən şəxs haqqında məlumat: soyadı Quliyev, adı Əbülfəz, atasının adı Həmzə, doğum tarixi 24.09.1959-cu il, doğulduğu yer Azərbaycan Respublikası Qubadlı, sonuncu yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, ev 78, şəxsiyyətini təsdiq edən sənədi AA0591688, 05.11.2018-ci il, ASAN 1, öldüyü tarix 28.04.2020-ci il, öldüyü yer Bakı şəhəri, Nərimanov rayonu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 20 saylı Notariat ofisinin İddiaçı ünvanladığı 31.08.2021-ci il tarixli, 254 nömrəli məktubunda bildirilmişdir ki, sizin 28.04.2020-ci ildə vəfat etmiş atanız - X5 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizənizə baxılmışdır. Mülki Məcəllənin 1246-1248-ci maddələrinin tələbinə əsasən bildirilir ki, müddətin ötürülməsi və vərəsələrin doğum haqqında şəhadətnamələrində ata adının Əbülfəz əvəzinə Əbilfət kimi göstərilməsi səbəbindən uyğunsuzluq olduğu üçün sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası və qohumluq münasibətlərinin təsdiq olunması ilə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin İddiaçı nümayəndəsi X9 ünvanladığı 14.10.2021-ci il tarixli, 05/Q-2271/13 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş ölüm haqqında akt qeydində uşaq qrafasında ad bəndində “Əbülfəz”-dən “Əbilfət”-ə düzəliş edilməsi barədə müraciətinizə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın birinci bəndinə əsasən kifayət qədər əsas olmadığı üçün ərizəniz təmin edilə bilinmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı 28.04.2020-ci il tarixdə vəfat etmiş X1nun doğum haqqında akt qeydində atasının adının Əbülfəz adının düzəliş edilərək Əbilfət kimi qeyd edilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, cavabdeh qeydlərdə düzəliş edilməsinə kifayət qədər əsasın olmadığını qeyd etməklə müraciətin təminindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etməklə atasının ölüm haqqında aktı qeydinin ad qrafasına düzəliş edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 5-ci bəndinə görə ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. Hazırkı iş üzrə iddiaçı mərhum Ə.H.Quliyevin oğlu olmaqla atasının ölüm haqqında akt qeydinə düzəliş edilməsini mübahisələndirməyə subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən doğum haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -159.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: -1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. -4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. -5-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Sadalanan normalardan görünür ki, vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkündür ki, qeydiyyat aparılarkən məlumat səhv (qeyri-düzgün) daxil edilmiş olsun. Qanunverici vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini təsbit edir. İşin hallarından görünür ki, 07 oktyabr 1959-cu il tarixli, 55 nömrəli doğum haqqında akt qeydinə, İV-ЖГ № 313511 nömrəli, 04.02.1976-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən 24.09.1959-cu ildə Qubadlı rayonunda anadan olmuş X10r. İddiaçı aid Xİİ-ЖГ № 253389 nömrəli, 24.08.1986-cı il tarixli doğum haqqında şəhadətnamə, 24.08.1986-cı il tarixli, 2890 nömrəli doğum haqqında akt qeydində atasının adı X2 qeyd edilmişdir. Həmçinin müəyyən olunur ki, X11 verilmiş AA seriyalı 0591688, 05.11.2018-ci il tarixli yeni nəsil şəxsiyyət vəsiqəsində adı Əbülfəz kimi qeyd edilmişdir. Eyni zamanda sonuncu barəsində tərtib edilmiş 04.05.2020-ci il tarixli, 180 nömrəli ölüm haqqında akt qeydində AA0591688, 05.11.2018-ci il şəxsiyyət vəsiqəsi məlumatları əsas götürülməklə ad qrafasında şəxsin adı Əbilfət yerinə Əbülfəz kimi qeyd edilmişdir. Başqa sözlə, müəyyən olunur ki, 24.09.1959-cu il tarixdə Azərbaycan Respublikası Qubadlı rayonunda doğulmuş X6 adı ölüm haqqında akt qeydində X3 qeyd edilmişdir. Halbuki, mərhuma aid akt qeydlərində, eləcə də oğluna aid (hazırkı iddiaçı) vətəndaşlıq vəziyyəti sənədlərində də mərhumun adı Əbilfət kimi qeyd edilmiş, mərhumun sağlığında adının dəyişdirilməsi halı isə aşkar olunmamışdır. Belə olan halda iddiaçı atasına aid ölüm haqqında akt qeydində düzəliş edilməsini tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X5 adına açılmış 04.05.2020-ci il tarixli, 180 nömrəli ölüm haqqında akt qeydində ad qrafasında Əbülfəz adının dəyişdirilərək Əbilfət yazılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X5 adına açılmış 04.05.2020-ci il tarixli, 180 nömrəli ölüm haqqında akt qeydində ad qrafasında Əbülfəz adının dəyişdirilərək Əbilfət yazılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar