Məhkəmə qərarları › İş №2-1(112)-328/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-328/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-328/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X1 Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ƏDV subhesabına qoyulmuş blokun açılması, dəymiş ziyanın və kompensasiyanın ödənilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahibkarlıq fəaliyyətində maneəçilik törədən, köçürmələr zamanı ortaya çıxan “Bu vergi ödəyicisi İddiaçı VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olmağı ehimal edilir.” X3 İdarəsindən silinməsi, İddiaçı ƏDV subuçot hesabına qoyulmuş blokun açılması, ƏDV sub-uçot hesabına qoyulmuş blokun və İnternet Vergi İdarəsində ortaya çıxan “Bu vergi ödəyicisi İddiaçı” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olmağı ehimal edilir.” yazısının yazılmasının qanunsuz hesab edilməsi, Vergilər Nazirliyinin qanunsuz əməlləri nəticəsində İddiaçı MMC-yə malların məhvinə və əldən çıxmış faydaya görə dəymiş 1401104.72 manat ziyanın, işgüzar nüfuzuna dəymiş ziyana görə 200 min manat məbləğində kompensasiyanın müəssisənin bank hesabına köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. Artıq 3 aydır ki, mal satdığı müəssisələr müvafiq olaraq ƏDV depozit hesabına köçürmə edən zaman İnternet Vergi İdarəsində “Bu vergi ödəyicisi “CERAMİC PLAZA Məhdud Məsuliyyətli Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olmağı ehimal edilir.” yazısının qeyd edildiyini iddiaçıya bildirir. Yazı hələ də olduğu kimi sistemdə ortaya çıxır və işgüzar nüfuzuna ciddi ziyan dəyir. Həmçinin, müəssisələr satdığı malın əsas məbləğini köçürsə də, ƏDV hissəsini bu yazıya görə köçürməkdən imtina edirlər və ya birdəfəlik müəssisə ilə mal alqı-satqısı həyata keçirmirlər. Qanunvericiliyə əsasən İnternet Vergi İdarəsinin fəaliyyətini cavabdeh həyata keçirir və cavabdehlik daşıyır. Cavabdeh tərəfindən həyata keçirilən qanunsuz əməllər nəticəsində iddiaçı idxal etdiyi malları sata bilməmiş, 1360295.85 manat dəyərində malı məhv olmuş, həmçinin də 40808.87 manat (3 faiz ticarət əlavəsinə əsasən) məbləğində gəlir əldə edəcəyi halda, bundan məhrum olmuş, ümumilikdə iddiaçıya 1401104.72 manat məbləğində ziyan dəymişdir. Bütün bu ziyanın səbəbkarı cavabdehin qanunsuz müdaxilələri, ƏDV sub-uçot hesabda yaratdıqları və iddiaçı barəsində sistemə yazdıqları böhtan xarakterli məlumatlar olmuşdur. Həmçinin iddiaçının işgüzar nüfuzuna vurduğu ziyana görə əlavə olaraq kompensasiya qismində 200 min manat məbləğində maliyyə vəsaiti iddiaçının hesabına cavabdeh tərəfindən köçürülməlidir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mülki Məcəllənin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. ƏDV sub-hesabına qoyulmuş məhdudiyyət “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli № 219 saylı qərarına ziddir. Belə ki, bununla bağlı qərarın 4.6-cı bəndində “Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından, naməlum sub-uçot hesabından dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına vergilər üzrə ödəniş həyata keçirilə bilər. Bu halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin vəsaitlərin bu Qaydalara uyğun ödəniş tapşırığında əks etdirilməsini təmin etməlidir.” qeyd edilmişdir və cavabdeh qeyd edilən əməliyyatları yerinə yetirməsini təmin etməlidir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin məhkəməyə daxil olmuş etirazında göstərilmişdir ki, iddiaçının ərizəsində irəli sürülən tələblərinə qarşı etiraz edilir. Belə ki, Vergilər Nazirliyi tərəfindən vergidənyayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron vergi hesabfakturası və ya elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajının verilməsi barədə proqram təminatında müvafiq əlavə və dəyişikliklər edilmişdir. Belə ki, texniki tapşırıq əsasında xx.xx.2018-ci il tarixdən etibarən vergi ödəyicisi, İnternet vergi idarəsinin (www.e-taxes.qov.az) “Online kargüzarlıq və e- VHF” və “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölmələrinə daxil olaraq Vergilər Nazirliyi tərəfindən riskli müəyyən edilmiş vergi ödəyicilərindən elektron vergi hesab-fakturası və ya elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesabından onların sub-uçot hesablarına vəsait köçürən zaman, “Bu vergi ödəyicisinin “........” VÖEN “.........” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” kimi siqnal (mesaj) ekranda əks olunur. Eyni zamanda, bildirilmişdir ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən riskli vergi ödəyiciləri qrupuna aid edilmişdir. Belə ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. İddiaçının ƏDV sub-uçot hesabına 3 vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-dən (VÖEN: **********) ümumilikdə 40,1 min manat ƏDV məbləği vəsait daxil olmuş, vəsaitin müqabilində təqdim olunan elektron qaimə fakturalarda “keramik piltələr” göstərilmiş və daxil olan məbləğ tam şəkildə Bakı Baş Gömrük idarəsinə köçürülmüşdür. Lakin təqdim olunan malların həmin müəssisələrin fəaliyyətinə uyğun olmadığı əsas gətirilərək İddiaçı MMC-nin riskli vergi ödəyicisi olması müəyyən edilmişdir. Həmçinin, iddiaçının “Riskli vergi ödəyicisinin, habelə riskli əməliyyatların meyarları”na uyğun olaraq aşağıdakı risk meyarları müəyyən edilmişdir: 1. idxal edilmiş malların çeşidlərinin bir-birindən tamamilə fərqlənməsi (mal çeşidinin 3 dən çox olması); 2. ƏDV-nin depozit hesabına mədaxil olan vəsaitin 90%-dən çoxunun gömrük orqanlarına köçürülməsi; 3. İdxal əməliyyatı olub, bəyannamələrdə satış dövriyyəsinin göstərilməməsi və ya az göstərilməsi; 4. Riskli vergi ödəyiciləri ilə vergidənyayınma sxemi üzrə qarşılıqlı əməliyyatların aparılması; 5. İdxal əməliyyatı olan, qeydiyyat orqanı ilə təsərrüfat subyektinin qeydiyyat rayonu fərqli olan vergi ödəyiciləri; 6. İdxalı olan vergi ödəyicisinin NKA-lı obyekti yoxdur, tətbiq edilən eqaimələr isə bəyannamə üzrə dövriyyənin 80 %-dən aşağıdır. Beləliklə, iddiaçı tərəfindən riskli əməliyyatların aparılması onun riskli vergi ödəyicilər qrupuna aid edilməsinə səbəb olmuş və hazırda iddiaçının riskli vergi ödəyicilərinin qrupundan çıxarılması üçün heç bir hüquqi əsaslar mövcud deyil. İddiaçının ƏDV sub-uçot hesabına blokun qoyulmasına dair dəlilləri ilə bağlı bildirilmişdir ki, iddiaçı ƏDV sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin təmin edilməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını iddia etsə də, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin Vergilər Nazirliyi tərəfindən həyata keçirilməsini təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Digər tərəfdən, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli, 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi haqqında Əsasnaməyə müvafiq olaraq Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd olunan Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Sözügedən məhkəmə mübahisəsinə analoji olan digər bir məhkəmə işində cavabdehin kassasiya şikayətinə Ali Məhkəmədə baxılaraq həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh vergi orqanının kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, yeni apellyasiya baxışı zamanı iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin qeyri-mümkünlüyünün nədən ibarət olması araşdırılmalı, iddiaçının ƏDV depozit hesabı ilə bağlı cavabdeh tərəfindən hansı hərəkətlərin aparılıb-aparılmadığı müəyyən edilməli, onun vergi öhdəliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlərin aparılması müəyyən edilmədiyi halda, iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığı aydınlaşdırılmalıdır. Sonuncu hal müəyyən edildiyi təqdirdə proqram təminatından istifadəyə dair imtinanın əsasları yuxarıda istinad edilmiş elektron xidməti üzrə inzibati reqlamentə uyğun olaraq araşdırılmalıdır. Nəticəsindən asılı olaraq iddiaçının xahiş etdiyi müvəqqəti xarakterli müdafiə tədbihnin tətbiqi məsələsinə qiymət verilməlidir.” Göründüyü kimi, Ali Məhkəmə mübahisənin düzgün həllinə nail olmaq üçün aşağıdakı məsələlərin araşdırılaraq qiymət verilməli olduğunu bildirir: iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin qeyrimümkünlüyünün nədən ibarət olması araşdırılmalı; iddiaçının ƏDV depozit hesabı ilə bağlı cavabdeh tərəfindən hansı hərəkətlərin aparılıb-aparılmadığı müəyyən edilməli; onun vergi öhdəliyi ilə bağlı cavabdeh tərəfindən hər hansı hərəkətlərin aparılması müəyyən edilmədiyi halda, iddiaçının sub-uçot hesabdan istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığı aydınlaşdırılmalıdır. Sonuncu hal müəyyən edildiyi təqdirdə proqram təminatından istifadəyə dair imtinanın əsasları yuxarıda istinad edilmiş elektron xidməti üzrə inzibati reqlamentə uyğun olaraq araşdırılmalıdır. Beləliklə, Ali Məhkəmə iş üzrə yekun qərarın qəbul edilməsinin məhz yuxarıdakı məsələlərin araşdırılaraq nəticəsindən asılı olduğunu, habelə iddianın mümkünlüyünün şərtləri baxımından da mübahisəyə qiymət verilməli olduğunu vurğulamışdır. İddiaçının cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı bildirilmişdir ki, Vergi Məcəlləsinin 61.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 61.2-ci maddəsinə görə vergi ödəyicilərinə bu Məcəllənin 61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir. Həmin Məcəllənin 61.3-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxsləri və digər işçiləri özlərinin hüquqa zidd hərəkətlərinə (qərarlarına) və ya hərəkətsizliyinə, o cümlədən öz xidməti vəzifələrini yerinə yetirmədiyinə və ya lazımınca yerinə yetirmədiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Qeyd olunan maddələrin tələblərindən göründüyü kimi, inzibati orqanların ziyana görə məsuliyyətinin müəyyən edilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Belə ki, Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sözügedən Məcəllənin 1100-cu maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə maddi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin zərərə məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Göründüyü kimi, sadalanan normaların tələblərinə görə maddi ziyanın kompensasiya edilməsi o halda mümkün ola bilər ki, maddi ziyan bilavasitə vergi orqanın qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçıya vurulmuş maddi zərər arasında səbəbli əlaqə mövcud olsun və vergi orqanının təqsirinin mövcudluğu müəyyən edilmiş olsun. Yəni, vergi ödəyicisi öz iddia ərizəsində qeyd etdiyi kimi formal və sübuta yetirilməyən mülahizələrə istinad etməklə uydurma maddi zərərinin vurulmasını tələb edə bilməz. Başqa sözlə, iddiaçı ilk öncə cavabdeh Vergilər Nazirliyinin qanunsuz müdaxilənin olduğunu sübut etməli, daha sonra ona vurulmuş maddi ziyanın bilavasitə həmin qanunsuz müdaxilə nəticəsində baş verdiyi, qanunsuz müdaxilə ilə vurulmuş maddi ziyan arasında səbəbli əlaqənin olduğu və bu cür qanunsuz müdaxilədə cavabdeh orqanın təqsirinin mövcud olduğu təsdiq edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmışdır. - iddiaçı tərəfindən cavabdehə ünvanlanan xx.xx.2019-cu il tarixli müraciətində bildirilmişdir ki, “Sahibkarlıq fəaliyyətində maneəçilik törədən, köçürmələr zamanı ortaya çıxan “Bu vergi ödəyicisi İddiaçı” VÖEN “**********” əmtəəsi maliyyə əməliyyatları və digər risklı əməliyyatlarla məşğul olmağı ehimal edilir.” X3 İdarəsindən silinməsi, ƏDV sub hesabında olan maliyyə vəsaitinin köçürülməsi zamanı yaranmış problemin aradan qaldırılması və bu maneçiliklərin kim tərəfindən, nə zaman həyata keçirilməsi barədə, həmçinin, müvafiq tədbirlər görməsi, məsuliyyətə cəlb edilməsi üçün Dövlət Təhlükəsizlik Xidmətinə məlumat verilməsi və Vergilər Nazirliyinin qanunsuz əməlləri nəticəsində iddiaçıya malların məhvinə və əldən çıxmış faydaya görə dəymiş 1401104,72 manat ziyanın, 200 min manat məbləğində kompensasiyanın müəssisənin bank hesabına köçürülməsi barədə müvafiq göstərişlər verəsiniz”. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2019-cu il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, “Sizin ƏDV-nin depozit hesabında yaranmış nasazlıq barədə müraciətinizə Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamentində baxılmışdır. Aparılan araşdırma zamanı ƏDV-nin sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq müəyyən olunmamışdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün vergi ödəyicilərinə xidmət mərkəzlərinə və Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz”. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2021-ci il tarixli 5/412 saylı və 15 noyabr 2021-ci il tarixli 5/1088 saylı məktubları ilə məhkəmə göndərilmiş xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, 2-1(112)-328/2021 №-li inzibati iş üzrə 18 mart 2021-ci il tarixdə təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının aparılması və rəyin verilməsi mümkün olmamışdır. İddiaçının hazırkı tələbləri sahibkarlıq fəaliyyətində maneəçilik törədən, köçürmələr zamanı ortaya çıxan “Bu vergi ödəyicisi İddiaçı VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olmağı ehimal edilir.” X3 İdarəsində yazılması ilə baglı hərəkətin qanunsuz hesab edilərək silinməsi, ƏDV sub-uçot hesabına qoyulmuş blokun açılması və dəymiş ziyana görə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçının sahibkarlıq fəaliyyətində maneəçilik törədən, köçürmələr zamanı ortaya çıxan “Bu vergi ödəyicisi İddiaçı VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olmağı ehimal edilir.” X3 İdarəsində yazılması ilə baglı hərəkətin qanunsuz hesab edilərək silinməsi tələbi ilə baglı işin araşdırılan halları nəticəsində aşagıdakılar müəyyən edilmişdir. Cavabdehin dəlillərinə görə tərəfindən vergidənyayınma hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsi məqsədi ilə riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparılan zaman (elektron vergi hesab-fakturası və ya elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesablarından vəsait köçürəndə) vergi ödəyicilərinin bu barədə məlumatlandırılması üçün müvafiq xəbərdarlıq mesajının verilməsi barədə proqram təminatında müvafiq əlavə və dəyişikliklər edilmişdir. Belə ki, texniki tapşırıq əsasında xx.xx.2018-ci il tarixdən etibarən vergi ödəyicisi, İnternet vergi idarəsinin (www.etaxes.qov.az) “Online kargüzarlıq və e-VHF” və “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölmələrinə daxil olaraq Vergilər Nazirliyi tərəfindən riskli müəyyən edilmiş vergi ödəyicilərindən elektron vergi hesab-fakturası və ya elektron qaimə-faktura əldə edəndə, həmçinin ƏDV sub-uçot hesabından onların sub-uçot hesablarına vəsait köçürən zaman, “Bu vergi ödəyicisinin “........” VÖEN “.........” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” kimi siqnal (mesaj) ekranda əks olunur. İddiaçı MMC xx.xx.2019-cu il tarixdə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən riskli vergi ödəyiciləri qrupuna aid edilmişdir. Belə ki, ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. İddiaçının ƏDV sub-uçot hesabına 3 vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-dən (VÖEN: **********) ümumilikdə 40,1 min manat ƏDV məbləği vəsait daxil olmuş, vəsaitin müqabilində təqdim olunan elektron qaimə fakturalarda “keramik piltələr” göstərilmiş və daxil olan məbləğ tam şəkildə Bakı Baş Gömrük idarəsinə köçürülmüşdür. Lakin təqdim olunan malların həmin müəssisələrin fəaliyyətinə uyğun olmadığı əsas gətirilərək İddiaçı MMC-nin riskli vergi ödəyicisi olması müəyyən edilmişdir. Həmçinin, iddiaçının “Riskli vergi ödəyicisinin, habelə riskli əməliyyatların meyarları”na uyğun olaraq aşağıdakı risk meyarları müəyyən edilmişdir: 1. idxal edilmiş malların çeşidlərinin birbirindən tamamilə fərqlənməsi (mal çeşidinin 3 dən çox olması); 2. ƏDV-nin depozit hesabına mədaxil olan vəsaitin 90%-dən çoxunun gömrük orqanlarına köçürülməsi; 3. İdxal əməliyyatı olub, bəyannamələrdə satış dövriyyəsinin göstərilməməsi və ya az göstərilməsi; 4. Riskli vergi ödəyiciləri ilə vergidənyayınma sxemi üzrə qarşılıqlı əməliyyatların aparılması; 5. İdxal əməliyyatı olan, qeydiyyat orqanı ilə təsərrüfat subyektinin qeydiyyat rayonu fərqli olan vergi ödəyiciləri; 6. İdxalı olan vergi ödəyicisinin NKA-lı obyekti yoxdur, tətbiq edilən e-qaimələr isə bəyannamə üzrə dövriyyənin 80 %-dən aşağıdır. Beləliklə, iddiaçı tərəfindən riskli əməliyyatların aparılması onun riskli vergi ödəyicilər qrupuna aid edilməsinə səbəb olmuş və hazırda iddiaçının riskli vergi ödəyicilərinin qrupundan çıxarılması üçün heç bir hüquqi əsaslar mövcud deyil. Bununla da, cavabdeh heç bir qərar qəbul edilmədən iddiaçının riskli vergi ödəyicisi kimi göstərilməsini etiraf etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82.-ci maddəsinin tələbindən göründüyü kimi, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. (“Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanın 1.12-ci maddəsinə əsasən, həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, habelə riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. (1.1.) Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. (1.3.) Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. (1.4.). “Riskli vergi ödəyicisinin, habelə riskli əməliyyatların meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edildiyi halda, cavabdeh tərəfindən iddiaçının xx.xx.2019-cu il tarixdə riskli vergi ödəyiciləri qrupuna aid edilməsi barədə cavabdehin hərəkəti qanunsuz olmuşdur. Belə ki, xx.xx.2019cu il tarixdə riskli vergi ödəyicisinin, habelə riskli əməliyyatların meyarları müəyyən edilmədiyi üçün cavabdeh tərəfindən öz mülahizələrinə əsasən iddiaçını riskli vergi ödəyicisi hesab edə bilməzdi. Cavabdeh iddia ərizəsinə qarşı etirazında təsdiq edir ki, iddiaçı tərəfindən yalançı əqd bağlamaqla əmtəəsiz əməliyyatların aparılması və vergidən yayınmaya əsas verilən halların müəyyən edilməsi istiqamətində müvafiq araşdırmalar aparılsa da, hal-hazırda vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilməmişdir. Beləliklə, cavabdehin iddiaçıya münasibətdə mübahisə olunan məzmunda hərəkətinin (fəaliyyətinin) hüquqi əsası olmamışdır. Cavabdehin dəlilləri və həmin dəlillərin əsası kimi etiraza əlavə olunmuş iddiaçının satdığı mallar barədə məlumatlar da vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Belə ki, həmin dəlil və məlumatlar vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərarı əvəz etmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının köçürmələri zamanı ortaya çıxan “Bu vergi ödəyicisi İddiaçı VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olmağı ehimal edilir.” X3 İdarəsində yazılması ilə baglı cavabdehin hərəkəti qanunsuz hesab edilərək silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiaçının tələbi əsaslı oldugundan təmin edilməlidir. İddiaçının ƏDV sub-uçot hesabına qoyulmuş blokun açılması tələbi ilə baglı məhkəmə qeyd edir ki, “ƏDV-nin depozit hesabı” altsistemi ƏDV üzrə yayınmaların qarşısının alınması və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulur. Bu sistem vasitəsilə vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülmə işlərinin yerinə yetirilməsi təmin olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsinə görə ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, əlavə dəyər vergisinin depozit hesabı-ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; ƏDV-nin depozit hesabı X1 (bundan sonra-DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir; ƏDV sub-uçot hesabı - ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Göründüyü kimi, vergi ödəyicisinin ƏDV üzrə iki hesabı - depozit və sub-uçot hesabı mövcuddur. ƏDV sub-uçot hesabına münasibətdə qeyd olunan Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1 -ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər; Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: dövlət büdcəsinə; dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; ƏDV sub-uçot hesablarına. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2012-ci il 24 dekabr tarixli **********004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci yarımbəndinə əsasən xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: - Əlavə dəyər vergisi ödəyicisi olmayan vergi ödəyiciləri müraciət etdikdə; - İstifadəçi kodu, parol və ya şifrəsi səhv olduqda; - Dövlət büdcəsinə borcu olduğu halda digər sub-uçot hesaba ödəniş aparıldıqda; - Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda. Xidmətin həyata keçirilməsindən imtina xidmət istifadəçisinin yenidən müraciət etməsinə mane olmur. Xidmətin istifadəçiləri Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, şifrə, paroldan və ya gücləndirilmiş elektron imzadan istifadə etməklə sistemə daxil olaraq ƏDV depozit hesabı üzrə köçürmə əməliyyatlarının aparılmasını həyata keçirə bilərlər. Sadalanan normalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab fakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməlidir və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətin edilməsində yalnız özü səlahiyyətlidir. Bu halda, cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi və ya texniki əsasları qanunvericlikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatın aparılması səlahiyyəti yalnız vergi ödəyicisinə aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. Göründüyü kimi qanunvericiliklə ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnamə”yə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmədən ƏDV sub-uçot hesabına qoyulmuş blokun açılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, təqdim etdiyi sənədlər üzrə onun ƏDV sub hesabına məhdudiyyətin qoyulub-qoyulmaması, iddiaçı tərəfindən hüquqi şəxs olaraq ümumiyyətlə əməliyyat aparıla bilməməsi ilə müəssisənin fəaliyyətinə hansı maneənin yaradılmasını və ya onun işini dayandırmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ƏDV sub-uçot hesabında hansısa blokun olması cavabdeh inzibati orqanın təqsirliliyi kimi qəbul edilə və cavabdehin üzərinə iddiaçının tələbinin təmin olunması barədə müvafiq öhdəliyin qoyulması üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aiddir və öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının malların məhvinə və əldən çıxmış faydaya görə dəymiş 1401104.72 manat ziyanın, işgüzar nüfuzuna dəymiş ziyana görə 200 min manat məbləğində kompensasiyanın cavabdehdən tutulması hissəsində də iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “İnzibati icraat haqqında” Qanun: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıda göstərildiyi kimi “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinin, Mülki Məcəllənin 1097.1-ci və 1100-cü maddələrinin əlaqəli təhlilinə görə isə, şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi bilavasitə zərəri vuranın və onun təqsirinin müəyyən edilməsi ilə şərtlənir. İşin faktiki hallarından belə nəticəyə gəlmək olur ki, iddiaçı ona vurulmuş maddi zərərin cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə əlaqələndirir ki, bu halda da yuxarıda göstərildiyi kimi iddiaçının hansısa ziyan çəkməsi məhz cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə yaranması sübuta yetməmişdir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının sahibkarlıq fəaliyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, iddiaçının maddi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin ödənilməli olması istisna olunduğundan iddia həmin hissədə də əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı İddiaçı MMC (VÖEN **********) barəsində “Bu vergi ödəyicisi İddiaçı VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olmağı ehimal edilir.” X3 İdarəsindən silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi hissəsində iddia təmin edilməli, iddia tələbləri İddiaçı ƏDV sub-uçot hesabına qoyulmuş blokun açılması, ƏDV sub-uçot hesabına qoyulmuş blokun qanunsuz hesab edilməsi, Vergilər Nazirliyinin qanunsuz əməlləri nəticəsində İddiaçı MMC-yə malların məhvinə və əldən çıxmış faydaya görə dəymiş 1401104.72 manat ziyanın, işgüzar nüfuzuna dəymiş ziyana görə 200 min manat məbləğində kompensasiyanın müəssisənin bank hesabına köçürülməsi barədə qərar qəbul edilməsi” hissəsində təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 36, 52, 58, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC (VÖEN **********) barəsində “Bu vergi ödəyicisi İddiaçı VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olmağı ehimal edilir.” X3 İdarəsindən silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qərar qanuni qüvvəyə minir. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar