Məhkəmə qərarları › İş №2-1(112)-3281/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3281/2022

09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3281/2022 09.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsinin bağlanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət 59 saylı mənzilə dair iddiaçı ilə mənzil kirayə müqaviləsini bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixədək müraciətin edilməməsi ilə bağlı mülahizələr irəli sürsə də, bu hal hazırki mərhələdə iddianın mümkünlük şərtlərinin ödənilmədiyinə əsas vermir. Belə ki, hətta, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciəti olmasa da, məhkəmə baxışı zamanı iddianın mümkün sayılmamasına əsas ola biləcək bu hal iddiaçı tərəfindən aradan qaldırılmışdır. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəyir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən inzibati orqana müraciətin edilməsinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-807/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında nümayiş etdirilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır; 51-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; 52-ci maddəsinə əsasən, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir; 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 106-cı maddəsinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. 107-ci maddəsinə əsasən, yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir. 108-ci maddəsinə əsasən, işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş* və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Məhkəmə həmçinin, diqqətə çatdırır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; 51.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir; 51.4-cü maddəsinə əsasən, uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir; 51.5-ci maddəsinə əsasən, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir; 51.6-cı maddəsinə əsasən, uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir; 53.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1 bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2 müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3 bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2-ci maddəsinə əsasən, Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır; 53.3-cü maddəsinə əsasən, uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi istər xx.xx.2009-cu il tarixədək qüvvədə olan, istərsə də xx.xx.2009-cu il tarixdən sonra qüvvədə olan Mənzil Məcəlləsi vətəndaş ilə dövlət və ya ictimai mənzil fondu arasında kirayə müqaviləsinin bağlanılması şərtlərini müəyyən etmişdir ki, bu şərtlərdən biri - vətəndaşın kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hüquqmüəyyənedici sənədin olmasıdır. Nəzərə alınmalıdır ki, yataqxanalardan istifadə edilmə qaydası xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 4-cü fəslində göstərilən maddələrin müddəaları ilə tənzimlənirdi ki, həmin maddələrin tələblərinə görə yataqxanalardan istifadə edilməsinə icazə yalnız xüsusi qrup şəxslərə (fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə) münasibətdə yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilirdi. Hazırki iddia tələbinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı kirayə müqaviləsinin bağlanılmasını iddia etdiyi mənzilə münasibətdə hüquqmüəyyənedici sənədə malik olduğu qənaətindədir. Belə ki, iş materiallarında olan sənədlərdən və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsindəki 3a saylı evdə yerləşən ailələr üçün yataqxananın 3 giriş 5 mərtəbəsindəki yaşayış sahəsi 30 kv.m olan 2 otaqlı 59 №-li mənzilin X2 (ailə tərkibi daxil olmaqala) verilməsi barədə Bakı “Radioquraşdırma” İB tərəfindən xx.xx.2006-cı il tarixli , 0082 №-li order verilmişdir. İddiaçı atası X1 vəfat etməsini və onun vərəsəsi olmasını nəzərə alaraq həmin order əsasında onunla kirayə müqaviləsinin bağlanılmasını arzulayır. Halbuki, iddiaçının mərhum atası X3 orderin ayrıldığı vaxtda ümumiyyətlə “Radioquraşdırma” Zavodunda əmək fəaliyyəti ilə məşğul olmamışdır. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, Bakı “Radio Quraşdırma” İB-nin HİK-nin müdriyyətinin , MMK-nın sədri və MTŞ-nin rəisinin birgə 09 noyabr 2004-cü il tarixli 41 saylı qərarı ilə Xətai rayonu, Məshəti küçəsi bina 3a - giriş 3№, mənzil №59 sahəsi 30 kv.m sahənin X2 verilməsi qərara alınmış, bundan sonra xx.xx.2006-cı il tarixdə ona orderin verilməsi təmin olunmuşdur. X1 əmək kitabçasına nəzər yetirdikdə isə görünür ki, ümumiyyələ şəxsin “Radioquraşdırma” Zavodunda əmək fəaliyyəti xx.xx.1993-xx.xx.1997 dövrləri əhatə edirdi ki, xx.xx.1997-ci il tarixdə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad olunmuşdur. Göründüyü kimi yataqxanadan istifadə edilməsi ilə bağlı iddiaçının mərhum atasına order verilsə də, adı çəkilən şəxsin həmin dövrdə “Radioquraşdırma” Zavodu ilə əmək münasibətləri olmamışdır. Məhkəmə xüsusi ilə “əmək münasibətləri” anlayışına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 4-1 bəndi. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 3-cü maddəsinin 5-ci bəndi. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Bu maddədə əmək qanunvericiliyində istifadə edilən əsas məfhumların leqal anlayışı verilmişdir. Nəzərə alınmalıdır ki, əmək müqaviləsi dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. İşəgötürən ilə işçi arasında əmək münasibətləri əmək müqaviləsi yarandığı andan etibarən yaranır ki, həmin müqavilə tərəflər qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərin tənzimləyir. Məhkəmə hesab edir ki, mübahisəli yaşayış sahəsinə münasibətdə order iddiaçının mərhum atası ilə Bakı “Radioquraşdırma” Zavodu arasında əmək münasibətlərinə xitam verildiyi tarixdən sonra verildiyindən, başqa sözlə desək X1 xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsi əsasında yataqxanın istifadəsi iş dövrünə təsadüf etmədiyindən, nə iddiaçının mərhum atasının, nədə ki iddiaçının mübahisəli yaşayış sahəsinə münasibətdə kirayə müqaviləsinin bağlanılmasını tələb etmək hüququ yaranmamışdır. Digər tərəfdən Məhkəmə, iddiaçının hal-hazırda həmin yaşayış sahəsində yaşamadığını da nəzərə alır. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2-ci bəndinin İİİ hissəsinə əsasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi və qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrıayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir". Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları"nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Məhkəmə qeyd edir ki, hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə dövlət mülkiyyətində olan və müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verilən yataqxanalarda yaşayış sahələrinə dair kirayə müqaviləsinin yalnız orada faktiki yaşayan sakinlərlə bağlanması təsbit edilmişdir, yəni yataqxanada faktiki yaşamayan sakinlərlə kirayə müqaviləsinin bağlanılması mümkünsüz hesab edilmişdir. İş materiallarında olan 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 133 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məktubundan görünür ki, iddiaçı halhazırda faktiki olaraq ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət 59 saylı mənzildə yaşamır. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 133 saylı Mənzil-Kommunal İstismar Sahəsi məktubda iddiaçının qeydiyyatda olduğu ünvanda faktiki yaşamamasını təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəməyə təqdim olunmuş məlumat hər hansı şübhə doğurmur. Belə ki, ümumməlum olan arqumentdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin nəznində olan Mənzil-Kommunal Təsərrüfatı Departamentləri və onun nəznində olan digər qurumlar əhalinin mənzilkommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirir. Belə olan halda məhkəmə Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş məlumatı nəzərə alaraq iddiaçının həqiqətən də iddia etdiyi yaşayış sahəsində faktiki yaşamadığını nəzərə alır. Eyni zamanda, Məhkəmə, “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasmamənin 11.2.10--ci yarımbəni nəzərə alaraq informasiya sistemi ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları və sistemlərinə daxil olmuş məlumatlardan istifadə etmiş, iddiaçının sərhədkeçmə uçotunu araşdırmışdır. Belə ki, Əsasnamənin tələblərinə görə informasiya sisteminin iştirakçıları qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə icraatı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması üçün müvafiq olaraq hakimin sorğusu və ya hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq olunmuş və qanuni qüvvəyə minmiş qərarı əsasında EHİS vasitəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət və istifadə hüquqlarına dair məlumatı əldə edə bilər. Məhkəmə tərəfindən Məhkəmə İşlərinin Elektron İdarəetmə Sisteminə daxil edilmiş məlumat əsasən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazisindən çıxış etmiş, xx.xx.2021-ci il tarixdə Minsk sərhədindən ölkə ərazisinə daxil olmuş və son olaraq xx.xx.2021-ci il tarixdə ölkə ərazisini tərk etmişdir. Göründüyü kimi iddiaçının hal-hazırda faktiki olaraq da Azərbaycan Respublikasının ərazisində olması müəyyən olunmur. Məhkəmə eyni zamanda iddiaçının qeydiyyatı ilə bağlı bildirir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarının da müvafiq müddəalarının qeyd edilməsi zəruridir. Qərardan da göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi yaşayış yeri üzrə şəxsin qeydiyyatı ancaq qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi nəticə yarada bilməsi nəzərdə tutulmuşdur ki, qanunvericiliklə də qeydiyyatın şəxsə hər hansı mülkiyyət hüquq verməsi nəzərdə tutulmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 226/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşaması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır” Beləliklə cavabdeh iddiaçının müraciətinin müsbət icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar