Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3282/2020 23.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı soyad sonluğunun dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun soyadının “Heydərov”dan “Heydərbəyli”yə dəyişdirilməsi və həmin dəyişdirilmənin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilməsi, əvvəllər verilmiş şəhadətnamənin ləğv edilməsi və onun əvəzində qeydiyyatda dəyişiklilər nəzərə alınmaqla yeni şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. xx.xx.2014-cü il tarixdə X2 ilə nikaha daxil olmuşdur. Həyat yoldaşı ilə birgə soyadlarının dəyişdirilməsini qərara alaraq, soyadının “Heydərov”dan “Heydərbəyli”yə dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubu ilə müraciətindən imtina etmişdir. Bakı şəhəri Cavabdeh imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adına dəyişdirmək ixtiyarı vardır. Həmin Məcəllənin 26.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190cı maddəsi ilə müəyyən edilmiş tələbə görə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci i tarixli 79 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların 6.1-ci bəndi ilə müəyyən olunmuşdur ki, «Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir». Bu Qaydaların 6.2-ci bəndinə əsasən isə «adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir». Göründüyü kimi adın, ata adının və soyadının dəyişdirilməsini müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsində şəxsin soyadını dəyişdirmək hüququ məhdudlaşdırılmamışdır. Şəxsin soyadını və adını dəyişdirmək isə qanunla müəyyən edilmiş hüququdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən iddiaçı 18 yaşdan yuxarı yaş həddinə malik olduğundan “Heydərov”dan “Heydərbəyli”yə dəyişdirilməsini məhkəmədən tələb etməkdə haqlıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Lakin məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, 05/Q-79/68 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarının tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “ov”, “yüv” sonluqlu soyadlarını “lı” (sözün kökündən asılı olaraq “li”, “lu”, “lü”), “zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. İşdə olan AZ-İ № 039284 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X1 arasında 24 yanvar 2004-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra kişiyə Heydərov, qasına Heydərova soyadı verilmişdir. Beləliklə işin hallarından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı soyadı əvvəllər Qubatova olmuş, nikaha daxil olduqdan sonra soyadını Heydərovaya dəyişdirmişdir. Hazırki iddia tələbi üzrə soyadının dəyişdirilməsini tələb etsə də, lakin işin hallarından görünür ki, iddiaçı soyadını deyil, soyad sonluğunun “ov”dan “bəyli”yə dəyişdirilməsini tələb etməkdədir. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarı göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. Həmin Qaydaların 5.10-cu bəndinə əsasən qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 02 fevral 1993-cü il tarixli, 495 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Həmin qərarın 2-ci bəndinə əsasənAzərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər. Hazırki iddia tələbi üzrə iddiaçı soyadının sonluğunun dəyişdirilməsinin onun hüququ olmasına istinad edərək, cavabdehin imtinasının əsassız hesab edilməsini tələb edir. Qanunvericliklə 18 yaşına çatmış şəxsin mövcud soyadının sonluğuna dəyişiklik edilməsinin mümkünlüyü və bununla bağlı qaydaları müəyyən edilsə də, lakin əvəz edə biləcək soyad sonluqları konkret sadalanmış və həmin soyad sonluqları arasında “bəyli” soyad sonluğunun olması müəyyən edilməmişdir. Belə olan halda iddiaçı tərəfindən soyadının sonluğunun “bəyli”yə dəyişdirilməsi barədə tələbi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının soyad sonluğunun “ov” dan “bəyli”yə dəyişdirilməsinə qanunvericiliyin tələbləri yol vermədiyindən, cavabdeh tərəfindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3282/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3282/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver