Məhkəmə qərarları › İş №2-1(112)-3282/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3282/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3282/2021 01.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, onun pensiyaya çıxması ilə əlaqədar olaraq, iş prosesinin və stajının düzgün hesablanmasına köməklik göstərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının cəlb edilməsi və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun güzəştli pensiyaya çıxması ilə əlaqədar olaraq iş prosesinin və stajının düzgün hesablanmasına köməklik göstərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, həmin sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi, qeyd edilən məktub 09.06.2020-ci ildə iddiaçıya ünvanlanmışdır. İddiaçının məhkəməyə verdiyi iddia ərizəsindən göründüyü kimi, qeyd edilən ərizə məhkəməyə 21.12.2020-ci il tarixdə verilməklə İdarənin vermiş olduğu imtina cavabından 6 ay 12 gün sonra verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində göstərilir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. Həmin Qərarının 9-cu bəndində göstərilmişdir ki,” Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdı”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı İdarənin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkünlük şərtlərinə uyğun olaraq verilmiş hesab edilsə belə, iddiaçıya 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında “ qanun tətbiq edilə bilməz. Belə ki, “xxxx” ASC tərəfindən verilmiş 06 sentyabr 2019-cu il tarixli 205-36 saylı arayışda onun işlədiyi peşələrin hal-hazırda qüvvədə olan 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a” bəndində olan peşələrə uyğun olması göstərilmişdir. Qeyd edilən peşələr “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” adlı bölmədə yerləşər. Həmin bölmə hal-hazırda qüvvədən düşən “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü ildə təsdiq edilmiş 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda 21400000 kodu altında yerləşən peşələrə uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvələr güvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Əmək Pensiyaları haqqında” Azərbayvcan Respublikası Qanunun 31.2-ci maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir-2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi) Onu da qeyd etmək istəyirlər ki, şəxsə güzəştli əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edəcək iş yerindən arayışların təqdim edilməsi həmçinin hal hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tədbiq edilməsi müddətində də tələb edilmiş və qüvvədə olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “ Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar (məsələn: isti iş sahələrində, isti işlərdə işləmək, müəyyən təhlükə dərəcəsi olan maddələrlə işləmək, yeraltı işlərdə çalışmaq, müəyyən üsullarla iş aparmaq və s.) barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. Arayışda göstərilməlidir: xüsusi staja daxil olan dövr; peşə və ya vəzifəsi; görülən işin xarakteri, həmin iş dövrünün hansı siyahının bölməsi, hansı yarım bölməsi bəndinə daxil olması, həmin arayışın verilməsinə əsas olan ilkin sənədlər. İdiaçının əmək kitabçasına baxdıqda müəyyən edilir ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən azdır. İddiaçıya hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun da tətbiq edilə bilməz. Belə ki, həmin Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı cavabdeh orqana müraciət etdikdə onun 58 yaşı olmuş, hal-hazırda isə 59 yaşı var. Bu da, qanunda göstərilən 60 yaşdan azdır. Qeyd edilənlərə əsasən iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsi tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli, 322 nömrəli arayışdan görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 27.10.1980-ci il tarixdən 11.12.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan Zərdab rayon İcra Hakimiyyəti Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 08.05.2020-ci il tarixli, 65 nömrəli arxiv arayışından görünür ki, Zərdb rayonu, sabiq Engels adına kolxozun üzvü olmuş İddiaçı həmin kolxozun Zərdab rayon Dövlət Arxivində saxlanılan arxiv sənədlərinə əsasən 1979-cu ildə, 31 adam gününə, 41 rubl əmək haqqı məbləğinə, 1980-ci ildə 31 adam gününə, 205 ..... əmək haqqı məbləğinə çalışmışdır. İşdə olan iddiaçının adına açılmış ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 11.01.1983-cü ildə Zərdab Avtonəqliyyat müəssisəsinə İİİ dərəcəli sürücü götürülmüş, 18.06.1985-ci ildə öz ərizəsinə əsasən sürücü vəzifəsindən azad edilmiş, 01.07.1985-ci ildə “VP-500 kV DRES Abşeron” tikintisinə yüksək gərginlikli hava xətlərinin montajı üzrə 3-cü dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmiş, 20.12.1985-ci ildə işdən azad edilmiş, 03.02.1986-cı il tarixdən, 01.09.2001-ci il tarixədək “Azərbaycan DRES-Mərkəzi Təmir sexi”-də 3,4,5,6-cı dərəcəli qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, 01.09.2001-ci il tarixdən 05.01.2009-cu il tarixədək Qazan və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli qazan avadanlıqları və toz hazırlayan sexin çilingər vəzifəsində işləmiş, 05.01.2009-cu il tarixdən öz xahişi ilə işdən azad edilmiş, 05.01.2009-cu il tarixdə “xxxx” MMC-də X1 Təmir və Sazlama İdarəsinin Q və KAT sexinə 6-cı dərəcəli çilingər qəbul edilmiş, 05.01.2010-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 06.01.2010-cu il tarixdə “xxxx” ASC-də Energetika Avadanlıqlarının Təmiri İdarəsi Q və KAT sexinə 6cı dərəcəli çilingər qəbul edilmiş, 28.12.2012-ci il tarixdə STP-nin Ağır Maşınqayırma Departamentinə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmiş, 29.12.2012-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 30.12.2012-ci il tarixdə X4 Qazan Təmiri sexinin Mingəçevir Qazan avadanlıqlarının təmiri sahəsinə 6cı dərəcəli çilingər peşəsinə təyin edilmiş, 02.02.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, 21.02.2015-ci il tarixdə “xxxx” MMC-də Qazan və Köməkçi Avadanlıqların təmiri sexinə “Alçaq və yüksək təzyiqli armatur və boru kəmərlərinin təmiri briqadalarına” 6-cı dərəcəli qazanxana sex avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, hal-hazırda işləməkdə davam edir. İşdə olan Azərbaycan Respublikası “xxxx” ASC “xxxx” MMC tərəfindən verilmiş 06.09.2019-cu il tarixli “İşin xarakteri haqqında arayış”-dan görünür ki, İddiaçı 03.02.1986-cı il tarixdən 01.09.2001-ci il tarixədək “Azərbaycan DRES-Mərkəzi Təmir sexi”-də 3, 4, 5, 6-cı dərəcəli qazan avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, 01.09.2001-ci il tarixdən 05.01.2009-cu il tarixədək Qazan və Köməkçi Avadanlıqların Təmiri sexində 6-cı dərəcəli qazan avadanlıqları və toz hazırlayan sexin çilingər vəzifəsində işləmiş, 05.01.2009-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. 21.05.2015-ci il tarixdən hal-hazıradək “xxxx” MMC-nin Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinin “Alçaq və yüksək təzyiqli armatur və boru kəmərlərinin təmiri briqadasında” qazanxana sexi avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər vəzifəsində işləyir. İş şəraitində 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mq/m3, təhlükəsizlik sinfi 3-4, səs-küy, havanın cərəyan surəti, iş yerindən havanın tempraturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 03.02.1986-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 21.02.2015-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 03.02.1986-cı il tarixdən 05.01.2009-cu il tarixədək və 21.05.2015-ci il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li Qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. İşdə olan “Azərbaycan DRES” və “xxxx” MMC tərəfindən verilmiş əmək şəraiti üzrə iş yerinin attestasiya xəritələrindən görünür ki, böyük usta, usta, təmirçi çilingərlər, usta və çilingərlər, qazan və köməkçi avadanlıqların təmiri sexində yüksək, orta təzyiqli armaturların təmiri briqadasında ustalara əmək şəraitinə görə 12 % güzəştlər tətbiq olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq 09.06.2020-ci il tarixli, **********8 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixindək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” əndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azəbraycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siiyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim etdiyi 30 yanvar 1984-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 25 il ümumi iş stajının olmadığına istinad edilərək imtina edilmişdir. Halbuki ki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi xidmət haqqında arayış, güzəştli iş stajı barədə arayış, iş stajı barədə arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüddür. Onun 25.01.2019-cu il il tarixdə 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı (“Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının Xİİİ bölməsinin 2140000-cü bəndində – “Elektrik stansiyaları, elektrik enerji qatarları, buxar güc təsərrüfatı”, 2140000a yarımbəndinə əsasən) olmuşdur. Bununla da, o, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş “xxxx” MMC tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Eləcə də, iddiaçı 1979-1980-ci illərdə Zərdab rayonu, sabiq Engels adına kolxozda işləyərək, əmək haqqı almışdır ki, məhkəmə hesab edir ki, həmin dövr də, iddiaçının ümumi əmək stajına daxil edilməlidir. Belə ki, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddiaçı öz tələbinin əsası kimi məhkəməyə onun kolxozdakı əmək fəaliyyətinə dair arxiv arayışı təqdim etmişdir. Həmin arayışdakı məlumatların mötəbərliyini şübhə altına alan sübut işdə yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X3 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə (25.01.2019-cu il tarixdən) əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar