Məhkəmə qərarları › İş №2-1(112)-3282/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3282/2024

19.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3282/2024 19.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən fiziki şəxs İddiaçı barədə çıxarılmış xx.xx.2023-cü il tarixli № **********185900 saylı, 27 oktyabr 2023-cü tarixli № **********816400 saylı, 14 noyabr 2023-cü il tarixli № **********526400 saylı qərarların ləğv edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Son olaraq iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən fiziki şəxs İddiaçı barədə çıxarılmış 27 oktyabr 2023-cü tarixli № **********816400 saylı, 14 noyabr 2023-cü il tarixli № **********526400 saylı və 17 noyabr 2023-cü il tarixli №**********970900 nömrəli qərarların ləğv edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Fiziki şəxsin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. Fiziki şəxsdə 2017-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Fiziki şəxs eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçı şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli № **********185900 qərarla 2023-cü il üçün 57.420,00 AZN (əlli min yeddi yüz doxsan bir, 43 qəpik) manat əlavə dəyər vergisi hesablanmışdır və müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Kameral hesablama barədə xəbərdarlıq məktubu müəssisə tərəfindən alınarkən, vaxtında müvafiq tələb olunan sənədlərin vergi orqanına göndərilməsinə baxmayaraq hesablamalar qanunsuz olaraq aparılmışdır. Belə ki, fiziki şəxs tərəfindən vergi orqanına müvafiq müraciətlər ünvanlanaraq, sənədlər təqdim edilərək obyektiv araşdırmanın aparılması xahiş edilmişdir. Bunlara baxmayaraq, xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilən kameral məbləğ vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmişdir. Fiziki şəxs tərəfindən 2021- 2022-ci illər ərzində "xxxx" MMC (VÖEN: **********) tərəfindən 81.000 AZN və "xxxx" MMC (VÖEN: **********) tərəfindən 238.000 AZN ümumilikdəcəmi olaraq 319.000 AZN məbləğində tikinti materialları və digər uyğun mallar və işlər elektron qaimə faktura əsasında alınıb və bu vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar kimi müəyyənləşdirilib. Müəssisəyə 2023-cü il üçün əlavə dəyər vergisi hesablanmasına səbəb 2021-2022-ci illərdə yuxarıda göstərilən hüquqi şəxslərin riskli vergi ödəyicisi hesab edilməsi olmuşdur. Fiziki şəxs tərəfindən bu əməliyyatları təsdiq edən bütün qaimə faktura və digər ilkin mühasibat sənədləri vergi orqanına təqdim edilmişdir. Yuxarıda qeyd edilən tikinti materialları, digər uyğun sifarişçi tərəfindən qəbul edilmiş və istifadəyə təhvil verilmişdir. Bu işlərin görülməsi əsasında hesablanan bütün vergi öhdəlikləri tərəfimizdən tam ödənilib. Əlbəttə ki, bizim tərəfimizdən mal, iş və xidmətlərin alğı-satqı əməliyyatları aparılarkən, yəni həmin hüquqi şəxslər tərəfindən müəssisəmizə elektron qaimə faktura təqdim edilərkən və müvafiq mal, iş və xidmətlər alınarkən qeyd edilən hüquqi şəxslərin riskli vergi ödəyicisi olması barədə iddiaçının məlumatı olmamışdır, həmçinin həmin hüquqi şəxslərin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki iddiaçı fiziki şəxslər ilə əməliyyat apararkən fiziki şəxslər riskli vergi ödəyicisi siyahısında olmamışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Bu nöqteyi nəzərdən vergi orqanının İddiaçı münasibətdə əlavə dəyər vergisi hesablamasının aparmasını ədalətsiz və qanunsuz hesab edirik. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Qeyd olunmalıdır ki, qeyd edilən sahibkarlarla mal, iş və xidmətlərin alğı-satqı müqaviləsi bağlanarkən və onlardan elektron qaimə faktura alarkən, Dövlət Vergi Xidmətinin təqdim etdiyi, Riskli vergi ödəyicilərinin axtarışı sistemində onların riskli vergi ödəyiciləri olub olmaması barəsində İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı həmin sahibkarların riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların sahibkarların riskli vergi ödəyicisi kimi müəyyən edilməsindən öncə aparılması işin mübahisəsiz halıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi (İddiaçı) tərəfindən 2023-cü ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBP seriyalı 859287 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə 2 əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 2700,0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 2700,0 manat kənarlaşma yaranmışdır. Bildiririk ki, vergi ödəyicisi tərəfindən 2023-cü ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində (01.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBQ seriyalı 199558 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 11880,0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması nəticəsində 11880,0 manat kənarlaşma yaranmışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən 2023-cü ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində (04.2022) əvəzləşmə üçün təqdim edilmiş EBBV seriyalı 421967 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 42840,0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 42840,0 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********335700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 57 420,0 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********185900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən həmin dövr üzrə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi ilə hesablanmış vergi məbləğinin azaldılması nəticəsində həmin dövr üzrə müəyyən edilmiş uyğunsuzluğa əsasən xx.xx.2023-cü il tarixli **********970900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar ilə hesablanmış vergi məbləği bərpa 3 edilmişdir (həmin qərarla əvvəlki, yəni xx.xx.2023-cü il tarixli **********185900 nömrəli qərar ləğv edilmişdir). Bildiririk ki, vergi ödəyicisi tərəfindən 2023-cü ilin sentyabr ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020 - dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1617335.08 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyiniz cəmi bəyannamələrin(301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2. 1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1562648.43 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə -54686.65 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********278800 nömrəli “ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2023-cü ilin sentyabr ayı üçün ƏDV bəyannaməsi üzrə 54 686,6 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********526400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildiririk ki, 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il kassa metodu ilə 2022-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş gəlir vergisi bəyannamələrinə əsasən, 2021-ci ilin sonuna (2022-ci ilin əvvəlinə) göstərilmiş 415 442,8 manat debitor qalıqların gəlirlərə cəlb edilib-edilməməsinə dair ətraflı izahın təqdim edilməsinə zərurət yaranmışdır. Belə ki, 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-faktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022- ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində qeyd olunan "Əsas vəsaitlərin dəyəri" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğindən "Kapitallaşma üçün aktivlər" sətrinin "Təqdim edilmişdir", "Silinmişdir", "Ləğv edilmişdir" məbləğlərinin cəmi 4 çıxılmaqla və "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğinin toplanması nəticəsində yaranan məbləğ arasında 629 808,7 manat fərq yaranmışdır. Qeyd edilənlər hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********544800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Həmçinin, aparılan araşdırma zamanı əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 319000 manat vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Aşkar edilmiş kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********035300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində bəyannamələr üzrə yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı təsdiqedici sənədlər əlavə edilməklə əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi ödəyicisinə kameral vergi yoxlaması ilə 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə əlavə vergi məbləğləri hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********795600 və **********816400 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmin qərardan inzibati qaydada verilmiş şikayətlər və qəbul edilmiş qərarlar da nəzərə alınmaqla məhkəmə hesab edir ki, müddətlə bağlı şərt də pozulmamışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 18 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən satıcı alıcıya tikinti materialları – İri Qum (otsev), X1 daşıyır və satır, alıcı isə həmin malları qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 01 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı hazırki müqavilənin ayrılmaz tərkib hissəsi sayılan hesab fakturada qeyd olunmuş tələb olunan malları alıcıya satır və alıcı da öz növbəsində alınan malların dəyərini əlavədə qeyd olunmuş qiymətlərə əsasən satıcıya ödəyir. “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********816400 nömrəli 27 oktyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı 2022-ci il gəlir vergisi üzrə 63.800 manat əlavə vergi hesablanmışdır. Qərarda qeyd olunmuşdur ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 319.000 manat tərəfinizdən 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********26400 nömrəli 14 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı sentyabr 2023-cü il əlavə dəyər vergisi üzrə 54.686,65 manat əlavə vergi hesablanmışdır. Qərarda qeyd olunmuşdur ki, xx.xx.2020 - dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 1617335.08 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyiniz cəmibəyannamələrin(301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301. 1.2.1+301.1.2.3+301.1.2.5+301.1.2.6+301.1.2.7+301.1.2.8+301.1.5+318-319.1) sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 1562648.43 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə -54686.65 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması” barədə **********970900 nömrəli 17 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı iyul 2023-cü il əlavə dəyər vergisi üzrə 57.420 manat əlavə vergi hesablanmışdır. Qərarda qeyd olunmuşdur ki, təqdim olunmuş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaiməfakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktbundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən vergi ödəyicisi İddiaçı ilə qarşılıqdı əməliyyat aparan "xxxx" MMC, “Vitello Art" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi siyahısında müəyyən edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 23 may 2022-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 23 may 2022-ci il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 15 avqust 2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi “Vitello Art" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə digər sənədlər əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsini arzulayır. Mübahisələndirilən qərarlara nəzər yetirdikdə görünür ki, həmin qərarlar cavabdeh tərəfindən kameral vergi yoxlamasının aparılması nəticəsində qəbul edilmiş, qərarların qəbul edilməsinə əsas olan hallar isə iddiaçının əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş elektron qaimə fakturalar üzrə 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmaması, həmçinin ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunması səbəbindən əvəzləşdirilməyə əsas verməməsi, o cümlədən təqdim olunan bəyannamələr üzrə ümumilikdə -54686.65 manat ƏDV-nin büdcəyə hesablanmaması ilə bağlı olmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan yaranmış vergi məbləğinin iddiaçının riskli vergi ödəyicilər ("xxxx" MMC, “Vitello Art" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) ilə aparılmış əməliyyatlardan meydana gəldiyini bildirmişdir. İddiaçı isə inzibati orqan ilə razılaşmayaraq bildirir ki, iddiaçı ilə həmin şəxslər arasında münasibətlər yarandığı və əməliyyatlar aparıldığı zaman adıçəkilən şəxslər riskli vergi ödəyiciləri hesab olunmamışdır. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən inzibati aktların əsassız olubolmaması istiqamətində qiymətləndirmənin aparılması üçün ilkin olaraq riskli vergi ödəyicisi, riskli vergi ödəyicisinin əməliyyatları termininə nəzər yetirilməli, iddiaçı ilə həmin şəxslər arasında yaranan münasibətlərin hansı tarixə dayandığı, həmin tarixdə adıçəkilən şəxslərin riskli vergi ödəyicisi olub-olmaması istiqamətində araşdırma aparılmalıdır ki, bu hissədə dəyərləndirmənin aparılması aşağıdaki qanunvericiliyin müddəaları ilə həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə diqqətə çatdırır ki, riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-na cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar AR İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində riskli vergi ödəyicisini, vergi ödəyicisinin apardığı hansı əməliyyatların riskli əməliyyat hesab olunmasını anlayışları təsvir olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq qərarlarına əsasən yuxarıda adıçəkilən hüquqi şəxslər riskli vergi ödəyiciləri hesab olunmuş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdirlər. Göründüyü kimi həmin şəxslərin riskli vergi ödəyiciləri olması təkzib olunmaz bir haldır. Nəzərə alınmalıdır ki, baxmayaraq ki həmin şəxslər hal-hazırda riskli vergi ödəyiciləri hesab olunsalar da, iddiaçı ilə onların arasında müqavilə münasibətləri yarandığı dövrdə həmin şəxslər riskli vergi ödəyiciləri olmamışdırlar. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının adıçəkilən hüquqi şəxslər ilə müqavilə münasibətləri yarandığı dövrdə onlar riskli vergi ödəyiciləri hesab olunmamış, ümumiyyətlə iddiaçı tərəfindən həmin şəxslərin riskli əməliyyatlar apardığı və gələcəkdə riskli vergi ödəyiciləri olmasının ehtimal edilməsi mümkün olmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta alqı-satqı müqavilələri qüvvədə olduğu zaman həmin şəxslər riskli vergi ödəyiciləri olsaydılar belə, bu hal hər bir halda iddiaçının ziyanına şərh edilə bilməzdir. Belə ki, iddiaçı həmin şəxslər ilə müqavilə bağlayarkən müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə görə cavabdehlik daşımış, bu müqavilə üzrə öhdəliklərini icra etməməsi səbəbindən digər tərəfə vurduğu zərərə görə qanunvericiliyə əsasən tam məsuliyyət daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə nəzər yetirdikdə görünür ki, həmin maddənin normasına görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən normalarına (Məcəllənin 568.1, 575.1. 575.2. 570.1. 581.1 599.3-cü maddələrinə) əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğısatqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə həmin şəxslər arasında müqavilə münasibətləri yarandığından, iddiaçı həm müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər, həmçinin də Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə cavabdehlik daşımışdır ki, bu da onun müqavilə üzrə öhdəliklərin icra etməməsi, əməliyyatların aparılmaması zamanı əlavə məsuliyyətə cəlb edə bilərdi. Bundan başqa Məhkəmə xüsusi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına (hazırki işdə iddiaçıya) münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2496/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir. Həmçinin qeyd edilməlidir ki, bu əməliyyatlar Vergi Məcəlləsinin 109.9-cu maddəsinin mənasına görə əmtəəsiz olsaydı belə, yenə də malların dəyəri Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. iddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda e-taxes.gov.az saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır. Ali Məhkəmənin 2-1(102)-1651/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. Digər tərəfdən cavabdehin dəlilinə görə iddiaçının hazırkı mübahisə üzrə əməliyyat apardığı müəssisələr məhz iddiaçı ilə aparılan əməliyyatlar nəticəsində riskli vergi ödəyicisi hesab olunmuşlar. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisələrin iddiaçıya satdığı malların onların aldığı və ya idxal etdiyi malların həcmindən artıq olması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisələr ilə aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisələrin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisələrin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. . İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Analoji mövqe 2-1(102)-1234/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarda da təkrarlanmışdır. Analoji mövqe həmçinin Ali Məhkəmənin 2-1(102)-2208/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında da qeyd edilmişdir. Belə ki, həmin qərar ilə kassasiya instansiya məhkəməsi oxşar mövqeyidən çıxış edərək vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapmasının zəruri olduğunu, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas vermədiyini xüsusilə vurğulamışdır. Beləliklə Məhkəmə hesab edir ki, hər bir halda cavabdeh inzibati orqan "xxxx" MMC, “Vitello Art" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri olmasını əsas götürərək, mübahisələndirilən inzibati aktları qəbul etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən fiziki şəxs İddiaçı barədə çıxarılmış 27 oktyabr 2023-cü tarixli № **********816400 saylı, 14 noyabr 2023-cü il tarixli № **********526400 saylı və 17 noyabr 2023-cü il tarixli №**********970900 nömrəli qərarları ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən fiziki şəxs İddiaçı barədə çıxarılmış 27 oktyabr 2023-cü tarixli № **********816400 saylı, 14 noyabr 2023-cü il tarixli № **********526400 saylı və 17 noyabr 2023-cü il tarixli №**********970900 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar