Məhkəmə qərarları › İş №2-1(112)-3282/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3282/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3282/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əlavə sahə üzərində mülkiyyət hüququ qeydə alınmaqla mənzilə ümumi çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında aparılmış yenidənqurma və yenidənplanlaşdırma nəzərə alınmaqla əlavə edilmiş 90,93 kv.metr əlavə sahə üzərində mülkiyyət hüququnu qeydə alaraq mənzilə ümumi çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 (yeni qaydalarla: ünvan 2 mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Bakı şəhəri, Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 219 saylı Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 559/560, 63 saylı mənzilində aparılmış yenidənqurma və yenidən planlaşdırma işləri nəzərə alınmaqla mənzil mövcud vəziyyətindəki ölçülərdə, 111,93 kv. metr ümumi sahədən və mənzilə əlavə edilmiş 90,93 kv. metr mansard sahəsindən ibarət olmaqla sənədləşdirilməsi və təkrar qeydiyyatdan keçirilməsi üçün qeyd edilmiş sərəncamın surəti, texniki rəy və lahiyə əlavə edilməklə cavabdehə göndərilmişdir. Bundan sonra iddiaçı yeni çıxarışın alınması üçün cavabdehə müraciət etmiş, lakin ona imtina edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş və ona **********58 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlər toplusuna mənzilin müvafiq mansard sahəsi ilə birlikdə sənədləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qəbul komissiyasının aktı əlavə edilməmişdir. Bundan başqa, təqdim edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 219 nömrəli sərəncamında mənzilin üstündəki dam sahəsinin çardaq tipli damla əvəz edildiyi və mansard tipli yaşayış sahəsi kimi istifadə edildiyi qeyd olunmuşdur. Həmçinin mənzilin faktiki ümumi sahəsi 197,8 kv.m təşkil edir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 559/560-də yerləşən, sahəsi 100 kv.metr olan 63 saylı mənzil (Yeni qaydalarla: AZ 1141, Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehtiyev küçəsi, giriş 40, M9, m2) iddiaçının xüsusi mülkiyyətindədir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 219 nömrəli Sərəncamında göstərilmişdir ki, xx.xx.1996-cı il tarixli, MH seriyalı, 034887 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 vətəndaş N.Ə.Camalova məxsusdur. Mənzildə uzun illər qabaq yenidənqurma və yenidən planlaşdırma işləri aparılmış, mənzilin üstündəki dam sahəsi çardaq tipli damla əvəz edilmiş və sonradan mülkiyyətçi tərəfindən öz vəsaiti hesabına uyğunlaşdırılaraq mansard tipli yaşayış sahəsi kimi istifadə edilir. Yenidənqurma işlərindən sonra mövcud vəziyyətində faktiki sahəsi 111,93 kv.metr olan mənzilin və ümumi sahəsi 90,93 kv.metr olan mansardın texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Qeyd olunanlara əsaslanaraq Yasamal rayonu, Hüseyn Cavid prospekti, 559/560-cı məhəllədə yerləşən, vətəndaş X1 məxsus 63 saylı mənzilində uzun illər qabaq aparılmış yenidənqurma və yenidən planlaşdırma işləri nəzərə alınmaqla mənzil mövcud vəziyyətindəki ölçülərdə, 111,93 kv.metr ümumi sahədən və mənzilə əlavə edilmiş 90,93 kv.metr mansard sahəsindən ibarət olmaqla onun adına sənədləşdirilməsi və mənzilin təkrar qeydiyyatdan keçirilməsi qərara alınmışdır. İş materiallarına iddiaçının mülkiyyətində olan Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 559/560-də yerləşən, 63 saylı mənzilin və mansarda mərtəbəsinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihəsi əlavə edilmişdir. Mərkəzi Ekspertiza Bürosunun 05 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, İddiaçı məxsus Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 559/560, mənzil 63 ünvanındakı mansard sahəsinin tərkibindəki otaqların layihəyə uyğunluğunu müəyyən etmək məqsədilə obyektin daxilinə baxış keçirilmiş, təqdim edilmiş layihə identifikasiya edilərək, təhlillər aparılmışdır. Sualın cavablandırılması məqsədilə mütəxəssislər tərəfindən ünvan 1 ünvanın mansardında ölçmə işləri aparılmışdır. Ölçmə işlərində “SNDWAY” Professional Lazer ölçmə cihazından istifadə edilmişdir. Beləliklə, mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq tikintinin təyinat, mühəndislik, təhlükəsizlik cəhətdən və digər elementləri gözlənilməklə layihəyə uyğun inşa edildiyi təsbit edilmişdir. İşin hərtərəfli araşdırılması məqsədi ilə iddiaçıya məxsus mənzilə və mansarda iddiaçının nümayəndəsinin iştirakı ilə məhkəmə tərəfindən yerində baxış keçirilmişdir. Yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzil 9 mərtəbəi binanın 9-cu mərtəbəsində yerləşir. Mənzil 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir. Mənzilin içindən mansarda birbaşa daxili çıxış pilləkəni vardır. Mansard da mənzilə uyğun inşa edilmişdir. Mansardın hündürlüyü 3 metrdən artıqdır. Mansard bütün kommunal təmintlarla (qaz, elektrik, su) təchiz edilmişdir, tam təmirli və yaşayış üçün tam yararlıdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaya yazılı etirazda qeyd edilmiş əsaslar göstərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində əlavə sahə üzərində mülkiyyət hüququ qeydə alınmaqla mənzilə ümumi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). İdiaçı hazırkı iddiasında mülkiyyətində olan ünvan 1 ünvanında aparılmış yenidənqurma və yenidənplanlaşdırma nəzərə alınmaqla əlavə edilmiş 90,93 kv.metr əlavə sahə üzərində mülkiyyət hüququnu qeydə alaraq mənzilə ümumi çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh isə öz imtinasını onunla əsaslandırmışdır ki, mənzilin müvafiq mansard sahəsi ilə birlikdə sənədləşdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qəbul komissiyasının aktı əlavə edilməmişdir. Mənzil Məcəlləsində həmçinin göstərilmişdir ki, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir (23.1.). Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır (24.1.). Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir (26.1.). Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir (26.2.). İşdən göründüyü kimi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 219 nömrəli Sərəncamı ilə iddiaçıya məxsus mənzildə uzun illər qabaq aparılmış yenidənqurma və yenidən planlaşdırma işləri nəzərə alınmaqla mənzil mövcud vəziyyətindəki ölçülərdə, 111,93 kv.metr ümumi sahədən və mənzilə əlavə edilmiş 90,93 kv.metr mansard sahəsindən ibarət olmaqla onun adına sənədləşdirilməsi və mənzilin təkrar qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Eyni zamanda mənzilin və mansarda mərtəbəsinin eskiz layihəsi müvafiq müstəqil ekspert tərəfindən tərtib edilmiş və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti mansardın mənzilin tərkib hissəsi kimi istifadə edilməsi ilə bağlı öz iradəsini ifadə etmişdir. Bu səbəbdən cavabdehin imtinası yalnız formal əsaslara söykənir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşayış binaları Layihələndirmə normaları”nın 3-cü bəndində göstərilmişdir ki, mansarda - binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Texniki mərtəbə - binanın mühəndis avadanlığının yerləşdirilməsi və kommunikasiyaların çəkilişi üçün mərtəbədir. Bu mərtəbə binanın aşağı hissəsində (yeraltı texniki mərtəbə), yuxarı hissəsində (texniki çardaq) və ya mərtəbələrarası ola bilər. Mərtəbələr arasında hündürlüyü 1,8 m və daha az olan məkan, yalnız kommunikasiyaların çəkilişi üçün istifadə olunur və mərtəbə sayılmır. Göründüyü kimi iddiaçının mənzildə apardığı yenidənqurma işləri nəticəsində mənzlin shəsi artırılmışdır. Əlavə mənzil sahəsi isə binanın mansard hissəsi olmaqla öz quruluşuna və texniki təyinatına görə yaşayış üçün tam yararlıdır və texniki mərtəbə deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında aparılmış yenidənqurma və yenidənplanlaşdırma nəzərə alınmaqla əlavə edilmiş 90,93 kv.metr əlavə sahə üzərində mülkiyyət hüququnu qeydə alaraq mənzilə ümumi çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 (yeni qaydalarla: ünvan 2 ünvanında aparılmış yenidənqurma və yenidənplanlaşdırma işləri nəzərə alınmaqla əlavə edilmiş 90,93 kv.metr əlavə sahə üzərində mülkiyyət hüququnun qeydə alınaraq mənzilə dair ümumi çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar