Məhkəmə qərarları › İş №2-1(112)-3283/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3283/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3283/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nizami İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə, 28.04.2016 cı ildə İddiaçı adına verilmiş 50 saylı sərəncamın ləğv edilməsi iddia tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, X4 ilə Azərbaycan Respublikası Dövlət Neft şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində 26.09.2013 cü- il tarixində Azərbaycan Respublikasının 1 ci vitse prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində yaşamış gənclərin sosial şəraitinin yaxşılaşdırılması məqsədilə Nizami rayonu, ünvan 2 ünvanında tikilmiş yaşayış binası istifadəyə verildi. O da həmin binada 13 nömrəli mənzillə təmin olunub. Yaşadığı yaşayış binası ilə bağlı, Bakı Şəhəri icra Hakimiyyəti Başçısının 11.09.2014 cü il tarixli. 434 saylı sərəncamına əsasən ünvan 3 ünvanında yerləşən bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilməsi qərara alınmışdır. Onlara verilən mənzillərə aid bizə heç bir sənəd verilməmişdi. Onların şəxsiyyət təsdiq edən sənədimizdə qeydiyyat ünvanımız oxuduğumuz internat mektəblərinə idi. Onun üçün bizə verilən mənzillərə qeydiyyata düşmək istəyirdik. Lakin yaşadıqları mənzilin ona aid olduğuna dair heç bir sənəd yox idi. Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinə müraciət etdilər. Nizami rayonu İcra Hakimiyyəti 28.04.2016-cı ildə onlara 50 saylı sərəncam təqdim etdi. Həmin sərəncamla qeydiyyata düşüblər. Lakin qeydiyyat məsələsi ASAN xidmət idarələrinə verildikdən sonra, yerdə qalan sakinlər qeydiyyata düşə bilmədi. Səbəbini öyrəndikdə isə həmin sərəncamın heç bir qanuni əsası olmadığını bildirdilər. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinin Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin, 83 saylı Sərəncamına əsasən, ünvan 4 ünvanında yerləşən 60 mənzildən ibarət beşmərtəbəli yaşayış binası xüsusi mülkiyyət kimi vətəndaş X1 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmışdır. F.B.Əliyev şəxsi vəsaiti hesabına inşa etdiyi yaşayış binasında yerləşən mənzilləri valideyinlərini itirmiş və imkansız ailələrə payladığını bildirmişdir. 10.09.2014cü il tarixdə notariat qaydasında təsdiq edilməklə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinə bağışlanmışdır. Hesab edir ki, Bakı şəhəri Cavabdeh tərəfindən ona verilən kirayə muqaviləsi qanunsuzdur. Mənzillərin ona kirayə müqaviləsi kimi verilməsi ilə bağlı heç bir əsas yoxdur. Mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət etdikləri dövlət orqanlarının imtinası qanunsuzdur.

3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdir ki, hazırki iddianı qaldırmaqda məqsədi onu sonradan özəlləşdirməkdir. Belə ki, hesab edir ki, həmin mənzil onun mülkiyyətinə verilməlidir.

II. İddianın mümkünlüyü

4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

5. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

7. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 11.09.2014-cü il tarixli 434 nömrəli sərəncamına əsasən, ünvan 5 Ünvanında yerləşən 3247,5 kv. metr ümumi, 1844,0 kv. metr yaşayış sahəsindən İbarət 60 mənzilli 5 mərtəbəli bina yaşayış sahəsi kimi dövlət mənzil fonduna aid edilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmiş və Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti (Rəfail Mehralıyev) bu sərəncamın l-ci bəndinin icrası ilə bağlı zəruri təşkilati tədbirlərin həyata keçirilməsini təmin etməsi tapşırılmışdır. Sərəncamdan görünür ki, ünvan 5 ünvanında 0,195 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 1844,0 kv. metr, ümumi sahəsi 3247,5 kv. metr olan 60 mənzildən ibarət beşmərtəbəli yaşayış binası xüsusi mülkiyyət kimi Azərbaycan Respublikasının vətəndaşı X1 adma daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmışdır. F.B.Əliyev ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək öz şəxsi vəsaiti hesabına inşa etdiyi yaşayış binasında yerlşən mənzilləri valideyinlərini itirmiş və imkansız ailələrə payladığını nəzərə alaraq qeyd edilən yaşayış binasının balansa qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh qurum tərəfindən məhkəməyə təqdim olunan iddiaya yazılı münasibətdən görünür ki, Nizami rayonu, ünvan 6 ünvanında tikilmiş yaşayış binası X4 ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birgə həyata keçirdiyi layihə çərçivəsində inşa edilmişdir. Bina istismara verildikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 26 noyabr 2015-ci il tarixli, SOCAR/15-1000/29-05-000021 saylı məktubu və ona əlavə edilmiş siyahını Cavabdehnə ünvanlayaraq siyahıda göstərilən şəxslərlə sosialkirayə müqaviləsinin bağlanmasnü (mənzillərin özəlləşdirilməməsi şərtilə) xahiş etmişdir. Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 56.2.2, 59.1, 62.2-ci maddələrinin tələblərini əsas tutaraq və Dövlət Neft Şirkətinin 26 noyabr 2015-ci il tarixli, SOCAR/15-1000/29-05-000021 saylı məktubunu və ona əlavə edilmiş siyahını nəzərə alaraq göstərilən şəxslərlə sosial-kirayə müqaviləsinin bağlanması barədə 28 aprel 2016-cı il tarixli, 50 nömrəli sərəncam vermişdir.

9. Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh başçısının 28.04.2016-cı il tarixli 50№li sərəncamının 2.13-cü bəndinə əsasən, Nizami rayonu, ünvan 8 ünvanı, blok A, mərtəbə 3, sahəsi 40,9 kv.m olan 1 otaqlı 13 saylı mənzilin kirayə müqaviləsi 2 nəfər ailə tərkibi ilə (özü, 1966-cı il təvəllüdlü anası X2) 1987-ci il təvəllüdlü İddiaçı adına (mənzillərin özəlləşdirilməməsi şərtilə) kirayə müqaviləsi bağlanılması və həmin şəxsin müvafiq mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır.

10. Azərbcaycan Respublikasının Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.

11. Beləliklə, məhkəmə müəyyən edir ki, hazırkı iddianın qaldırılmasında məqsəd mənzilin mülkiyyətə verilməsidir. Qeyd edilən mənzil sosial təyinatlı dövlət mənzil fonduna aid olan mənzildir. Həmin mənzillərin özəlləşdirilməsi (mülkiyyətə verilməsi) hüququ qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının mübahisələndirdiyi sərəncam qanuni əlverişli inzibati akt olmaqla dövlətin sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə himayə göstərməsindən irəli gələn pozitiv öhdəliyinin icrasıdır. Dövlətin həmin pozitiv öhdəliyi hansı şəkildə icra etməli olması isə qanunda qeyd edilən şəkildə (sosial kirayə müqaviləsinin bağlanması ilə) nəzərdə tutulmuşdur. Bununla belə, xeyrinə qanuni əlverişli inzibati akt qəbul edilmiş maraqlı şəxsin təşəbbüsü ilə onun ləğv edilməsi hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu, hüquqi dövlətin ümumi prinsipləri və qanunçuluq prinsipindən irəli gəlir.

12. Odur ki, iddiaçının həmin sərəncamın mübahisələndirməyə subyektiv hüququ yoxdur.

13. Digər tərəfdən belə hüquqi imkan mövcud olmuş olsa belə, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər ötürülmüşdür.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar