Məhkəmə qərarları › İş №2-1(112)-3283/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3283/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3283/2024 25.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “əlilliyi olan şəxsin güzəştli mənzil uçotuna alınması barədə sərəncam verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “əlilliyi olan şəxsin güzəştli mənzil uçotuna alınması barədə sərəncam verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş imtiyazlı şəxs kimi onun 5 (beş) nəfər (özü, anası, arvadı, oğlu, yetkinlik yaşına çatmayan bacısı) ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və bu barədə ilk dəfə xx.xx.2021-ci il tarixində müraciət etdiyi nəzərə alınmaqla, adının 2022-ci ilin əvvəlindən yaşayış yeri üzrə uçota götürülmüş həmin kateqoriyadan olan imtiyazlı şəxslərin güzəştli mənzil uçot siyahısına daxil edilməsi ilə bağlı sərəncam qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı 3 nəfər (özü, arvadı, oğlu) ilə birlikdə güzəştli mənzil növbəsinə alınması barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin sentyabr ayında ölkənin ərazi bütövlüyünün bərpası uğrunda aparılan əks hücüm əməliyyatları ilə əlaqədar Füzuli, Xocavənd, Cəbrayıl və Şuşanın işğaldan azad edilməsi ilə bağlı döyüşlərdə fəal iştirak etmiş, ağır travma almış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin olunmuşdur. Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş döyüş yoldaşlarının bir çoxu artıq mənzillə təmin oldunduğu halda, Binəqədi RİH-nin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtina etməsi səbəbindən iddiaçı hələ də bu hüququnu reallaşdıra bilməmiş, ailəsilə birgə çətin həyat şəraitində yaşamağa məhkum olunmuşdur. İddiaçı ailə üzvləri ilə birlikdə güzəştli mənzil uçotuna alınması barədə sərəncam verilməsi üçün cavabdehə müraciət etsə də, tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh tərəfindən yazılı münasibət bildirilməmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının yaşayış yeri üzrə daimi qeydiyyatı İmişli rayonunda olmuş, lakin Bakı şəhəri, Binəqədi rayonunda 2021-ci il tarixdən qeydiyyata düşmüşdür. İddiaçıya imtina olunmamış, mənzil növbəsinə götürülməsi üçün qanunvericilikdə gözlənilməsi nəzərdə tutulmuş müddətin keçməli olduğu bildirilmişdir. Qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Sonda iddia tələbinin qeyri-mümkün hesab edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Asan 1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, iddiaçı ailə üzvləri ilə birlikdə Binəqədi rayonu, Əcəmi ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Seriya ÖM, 094149 nömrəli, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Binəqədi rayonu, Əcəmi ünvan 1 X4 xüsusi mülkiyyətindədir. - 1 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının ailə üzvləri – atası X11 (vəfat edib), anası – X7, arvadı - X3, bacısı – X8, oğlu - X2r. - AZ İV seriyalı, 769421 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2022-ci il tarixdə İmişli rayonunda doğulmuş, atası İddiaçı, anası X1r. - XVİİİ – ЖГ seriyalı, 495097 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1995-ci il tarixdə İmişli rayonu, Xəlfəli kəndində doğulmuş, atası X11, anası X6r. - AZ – İİ seriyalı, 462236 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı və X3 25 dekabr 2021-ci il tarixdə nikahlarını bağlamışlar. - AZ – İ seriyalı, 964215 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2007-ci il tarixdə İmişli rayonu, Qaradonlu kəndində doğulmuş, atası X11, anası X6r. - AZ – İ seriyalı, 901247 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən vətəndaş X11 xx.xx.2017-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi, Biləcəri Bələdiyyəsi, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçıya və onun ailə üzvlərinə verilmiş arayışlardan görünür ki, iddiaçı və onun ailə üzvlərinə heç bir torpaq sahəsi ayrılmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X9 haqqında ********** nömrəli, xx.xx.2023-ci il tarixli arayışa əsasən iddiaçıya Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozğunluqlar, Uzvi dissosiativ pozğunluq Barotravma (xx.xx.2020) nəticəsində dissosiativ pozuntu. Baş beynin silkələnməsi, Barotravma (xx.xx.2020) nəticəsində iki tərəfli xroniki koxlear nevrit. ikitərəfli davamlı neyrosensor ağıreşitmə. pıcıltı nitqinin sağ qulaqda 2 (iki) metr sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlillərinə verilən təqaüdü alır. - İş matariallarından görünür ki, iddiaçı “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq məktublarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən iddiaçı və ailə üzvlərinin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müharibə əlili olaraq ailə üzvlərilə birlikdə mənzil növbəsinə götürülməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin məktubu ilə ona imtina verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər (51.2-ci maddə). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir (51.3- cü maddə). Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (51.7-ci maddə). “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009- cu il tarixli Fərmanının: - 2.2-ci bəndinə əsasən, həmin Məcəllənin (...) 51.7-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; - 2.3-cü bəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Lakin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2009-cu il tarixli Fərmanına əsasən 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı Nazirlər Kabineti tərəfındən müvafıq hüquqi aktların forması hal-hazırda təsdiq edilməmişdir. Buna görə də, yeni Mənzil Məcəlləsinin uyğunlaşdırılması və icrası ilə bağlı hüquqi aktların formasının müvafıq icra hakimiyyəti orqanı tərəfındən təsdiqlənməməsi vətəndaşın hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 saylı Sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi qərara alınmışdır. Belə olan halda iddiaçının qüvvədə olan qanunverciliyə əsasən mənzil siyahısına alınmağa hüququ yarandığından, cavabdehin mənzil siyahısına alınmasından imtinası qanunsuz və əsassız olmuşdur. Əlavə olaraq məhkəmə qeyd edir ki, işdə olan cavabdehin imtina məktubu həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.5-ci maddəsinin tələbinə zidd olaraq qərar formasında tərtib olunmamışdır. Halbuki, qanunvericinin uçota alınma və ya uçota almaqdan imtina haqqında məsələ ilə bağlı göstərişi qətidir. Cavabdehin imtinası inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə də zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun: 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.2-ci maddəsinə görə inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır; 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir; 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır; 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Göründüyü kimi, cavabdehin imtinası həm Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA xx/xx/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Məhkəmə hesab edir ki, cavabdehin dəlilləri formal olmaqla hazırkı işin xüsusi hallarına münasibətdə ümumi qaydanın tətbiq edilməsi iddiaçıya münasibətdə mütənasiblik və bərabərlik prinsiplərinin tələblərinin pozulmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinə görə isə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağan edilir. Beləliklə, iddiaçının şəraitinin nəzərə alınmaması iddiaçını qeyri-mütənasib və həddindən artıq yükə məruz qoymuş olar, eləcə də fərdin hüquqları ilə cəmiyyətin maraqları arasındakı ədalətli balansın pozulmasına gətirib çıxarar. Bundan başqa, qeyd edilən xüsusi vəziyyətin nəzərə alınmaması iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna da səbəb ola bilər. Belə ki, ölkəmizdə bütün icra hakimiyyəti orqanları tərəfindən digər müharibə əlili olan hərbi qulluqçulara münasibətdə mənzil növbəsinə götürülməsi hüququ tanındığı halda, iddiaçıya münasibətdə əksi vəziyyəti yaratmış olar. Halbuki, hər iki vəziyyət eyni mühüm faktiki hallara malikdirlər. Eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi isə qadağan edilir. Beləliklə, məhkəmə araşdırması ilə sübut olmuşdur ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3), cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). İnzibati Prosessual Məcəllənin 68.2.-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) birlikdə güzəştli mənzil növbəsinə alınması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) birlikdə güzəştli mənzil növbəsinə alınması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar