Məhkəmə qərarları › İş №2-1(112)-3286/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3286/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3286/2022 07.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X1 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" qapalı səhmdar cəmiyyəti üçüncü şəxs qismində cəlb edilməklə “adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası çərçivəsində ona çatası kompensasiya məbləğinin qanuna müvafiq həcmdə tam hesablanaraq, ona verilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı barəsində müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X2 məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 551 №-li 28.02.2019-cu il tarixli Fərmanının 3-cü bəndinə uyğun olaraq kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və restrukturizasiya olunacaq borclar hesablanaraq ona qaytarılmalıdır. O, 31 mart 2014-cü il tarixdə "xxxx"-dan 18.000 (on səkkiz min) dollar məbləğində kredit götürmüşdür. Həmin məbləğin tam ödənişini 27.12.2016-cı il tarixdə həyata keçirmiş və bankdan kreditin tam şəkildə ödənilməsi barədə təsdiq olunmuş sənəd almışdır. 21 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasında ABŞ dolları iki dəfə devalvasiyaya uğradığından qalmış məbləği 10.000 ABŞ dollarından az olduğundan yuxarıda göstərilən Fərmana uyğun olaraq kompensasiya məbləği hesablanaraq, ona verilməlidir. Lakin uzun müddət keçməsinə baxmayaraq müracəitləri əsassız olmuş və ona bu barədə müsbət cavab verilməmişdir. Təkrar müraciəti əsasında 28 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən № 26- 12037-2021 saylı məktubla cavab verilərək bildirmişdir ki, Prezidentin Fərman çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq. Borclar mərkəzləşdirilmiş kredit reyestrinin Kredit təşkilatının təqdim etdiyi məlumatlar əsasında hasablanır. Göstərilən kredit borclar hamıya ödənilmiş, lakin ona çatası kompensasiya məbləği Mərkəzi Bank tərəfindən hesablanaraq ona edənilməmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 15.11.2021-ci il tarixli qərardadı ilə "xxxx" qapalı səhmdar cəmiyyəti (bundan sonra mətndə "xxxx" QSC) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilmələri tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəməyə təqdim etdiyi iddiaya dair 02.12.2021-ci il tarixli, 16-06880-2021 nömrəli yazılı münasibətində (etirazında) göstərmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli keditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın qeyd edilən məlumat bazalarına əsasən X1 barəsində sistemləşdirilmiş məlumatlar sırasında onunla "xxxx" QSC arasında 31.03.2014cü il tarixində hər hansı kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilməmiş, elektron qaydada sorğulanmış məlumatlar sırasında qeyd edilən müqaviləyə dair hər hansı sənədlər təqdim olunmamışdır. Bu səbəbdən həmin müqavilə Fərman üzrə nəzərdən keçirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" QSC tərəfindən verilmiş 27.12.2016-cı il tarixli “kreditin tam şəkildə geri ödənilməsi” barədə qəbzdən müəyyən olunur ki, Aliev Elman AZ72ACAB******************** İBAN üzrə kredit borcunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2021-ci il tarixli, 26-12037- 2021 №li məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçının müraciətində qeyd olunan kreditinə dair məlumatlar göstərilən məlumat bazasında olmadığından Fərmanın əhatə dairəsinə düşməmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; "xxxx" QSC-nin 2668 nömrəli 25.02.2022-ci il tarixli məktubu ilə 26 fevral 2008-ci tarixli 04L000000995 nömrəli Kredit Xətti Müqaviləsi və ödəniş planı məhkəməyə təqdim edilmişdir. 26 fevral 2008-ci tarixli 04L000000995 nömrəli Kredit Xətti Müqaviləsinin Kredit Razılaşmasının predmetinin: 1.1-ci bəndinə əsasən - bank məbləği 18.000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2,1667% olmaqla 24 ay müddətinə Kredit Alana (Aliev Elman) verir; 1.2-ci bəndinə əsasən - Kredit Alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür; 1.3-cü bəndinə əsasən - Kredit Alana kredit fərdi mikro kredit məqsədi üçün verilir və Kredit Alan kreditdən yalnız bu məqsəd üçün istifadə etməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 22 aprel 2022-ci il tarixli, 01.16-2- 2022-5846 nömrəli məktunundan müəyyən olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın qeyd edilən məlumat bazalarına əsasən X1 barəsində sistemləşdirilmiş məlumatlar sırasında onunla "xxxx" QSC arasında 31.03.2014- cü il tarixində hər hansı kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilməmiş, elektron qaydada sorğulanmış məlumatlar sırasında qeyd edilən müqaviləyə dair hər hansı sənədlər təqdim olunmamışdır. Bu səbəbdən həmin müqavilə Fərman üzrə nəzərdən keçirilməmişdir. Hazırda "xxxx" QSC tərəfindən təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, tərəflər arasında 31.03.2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (21.02.2015-ci il tarixə) 11.683,19 ABŞ dolları, ikinci devalvasiya gününə isə (21.12.2015-ci il tarixə) 3.705,21 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. İddiaçının birinci devalvasiya gününə əsas kredit borcunun ümumi qalıq məbləği 10.000,00 ABŞ dollarından artıq olduğu üçün bu hissədə Fərmanın təsir dairəsinə düşmür. Bununla belə, ikinci devalvasiya tarixinə qalıq qalan kredit borcu kompensasiyanın hesablanması üçün Fərmanın tələblərinə cavab verir. Beləliklə, qeyd edilən sənədlər üzrə məlumatlara əsasən "xxxx" QSC ilə İddiaçı Nüyvər oğlu arasında bağlanmış 31.03.2014cü il tarixli kredit müqaviləsi üzrə Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və 2.223,12 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı ilə "xxxx" QSC arasında 24 aylıq 26 fevral 2008-ci tarixli 04L000000995 nömrəli Kredit Xətti Müqaviləsi bağlanılmış və iddiaçıya 18.000 (ok səkkiz min) ABŞ dolları kredit verilmişdir. Cavabdeh bank tərəfindən məlumatın təqdim edilməməsi əsas gətirilərək, iddiaçının müraciəti təmin edilməmişdir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanının (bundan sonra mətndə - Fərman): 1-ci hissəsinə əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. 2-ci hissəsinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli qərarı ilə təsdiqedilmiş, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.2-ci bəndinə əsasən, kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə: 1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır; 2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. 4.1-ci bəndinə əsasən, kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir; 4.2-ci bəndinə əsasən, Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Qüvvədə olan qanunvericiliyin tələblərindən irəli çıxaraq məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasiya məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (21.02.2015-ci il və 21.12.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. Cavabdehin imtinasının əsasında duran hal odur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasında, iddiaçının kredit müqaviləsi üzrə devalvasiya tarixlərinə əsas kredit borcu barədə bazada məlumatlar mövcud olmamışdır. Məhkəmə bununla bağlı qeyd etmək istəyir ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazalarına məlumatlarının ötürülməsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında Qaydalar” ilə tənzimlənir. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 35.4-cü maddəsinə əsasən, banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Mərkəzləşdirilmiş kredit reyestrində toplanan məlumatlara bank sirrinin bu Qanunla müəyyən olunmuş qorunması qaydaları şamil olunur. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında Qaydalar”ın 2.1-ci, 2.2-ci və 2.5-ci bəndlərinə görə, banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir. Banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Şərh olunan normalarından göründüyü kimi, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına, kredit müqaviləsi üzrə tərəflərin adları, həmçinin hüquqi və fiziki şəxslər qismində çıxış edən borcalanların kreditləri barədə məlumat daxil edilir. Həmin məlumatların düzgün və vaxtında daxil edilməsi isə kreditorlar, yəni müvafiq bankların öhdəliyidir. Borcalanın Fərmanının təsiri altına düşüb-düşməməsi isə, Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılmış məlumat bazasına daxil edilmiş məlumatlar əsasında yoxlanılır. İddiaçı ilə Bank arasında bağlanmış 31.03.2014-ci il tarixli kredit müqaviləsi üzrə müvafiq sorğu verilmiş və müəyyən edilmişdir ki, birinci devalvasiya gününə, yəni iddiaçının 21.02.2015-ci il tarixinə 11.683,19 ABŞ dolları, ikinci devalvasiya gününə, yəni 21.12.2015-ci il tarixinə isə 3.705,21 ABŞ dolları əsas kredit borcu öhdəliyi mövcud olmuşdur. Təqdim edilmiş məlumatları əsas götürdükdə, məhkəmə qeyd edir ki, sözügedən kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixinə 2.223,13 (3.705,21 ABŞ dolları x 0,60 manat) manat kompensasiya hesablanmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsir dairəsinə düşür. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiası əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X1 adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və onunla "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 31.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə 21.12.2015-ci il tarixinə 2.223,13 (iki min iki yüz iyirmi üç manat, on üç qəpik) manat kompensasiyanın hesablanması vəzifəsi Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar